Leyla Əliyeva: Mən istəyirəm
ki, gənclər öz soy-kökünü unutmasınlar
“Naşa molodyoj” ümumrusiya
gənclər jurnalının mart nömrəsində Heydər
Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər
Təşkilatının sədri Leyla Əliyevanın
müsahibəsi dərc edilib. Rusiyada çox populyar olan bu
jurnalın üz qabığında Leyla xanım Əliyevanın
fotoşəkli verilib. Onun fotoşəkli jurnalın içərisində
də dərc olunub. AzərTAc həmin müsahibəni təqdim
edir.
Bu gün RAGT (Rusiya Azərbaycanlı Gənclər Təşkilatı) Azərbaycan gənclərinin ölkə hüdudlarından kənarda ən fəal və üzvlərinin sayı ən çox olan hərəkatıdır. Bu uğurun sirri nədir? RAGT sədri Leyla Əliyeva bizə bu barədə danışıb. L.Əliyeva - şəxsi həyat ilə ictimai həyatı uzlaşdırmağın və bundan yalnız səmərə əldə etməyin ideal nümunəsidir. Leyla xanım deyib:
- Real işlər, gerçəkləşdirilmiş ideyalar, əldə edilmiş məqsədlər əminliklə söyləməyə imkan verir ki, RAGT uğurlu birlikdir. Keçən il ərzində təşkilatın iştirakçılarının sayı bir neçə dəfə artmışdır. Bölmələrimizin sayı altmışı keçmişdir, regional şöbələr fəallıq baxımından mərkəzdən heç də geri qalmır. Son bir ildə biz təkcə Moskvada və Bakıda deyil, həm də Sankt-Peterburq, Tver, İvanovo, Smolensk, Murmansk və Yekaterinburqda çoxsaylı tədbirlər, görüşlər, aksiyalar keçirmişik. RAGT Azərbaycan gənclərini sıx birləşdirir, onların cəmiyyətdə layiqli yer tutmasına, hətta Azərbaycanın hüdudlarından kənarda da onun üçün faydalı olmasına kömək edir. Gənc azərbaycanlıların yaşadığı, təhsil aldığı, işlədiyi çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiya etməsinə kömək RAGT-nin fəaliyyətinin prioritet istiqamətinə çevrilmişdir. Gənclər təşkilatı ehtiyacı olan hər kəsə, xüsusən uşaqlara və xəstələrə kömək edir. RAGT görüşlər təşkil etməyin, ideyaları və praktiki sahibkarlığı birləşdirməyin tərəfdarıdır, gənc azərbaycanlıların həm Rusiyada, həm də Azərbaycanda məşğulluq səviyyəsini daha da artırmaq üçün şərait yaratmağa çalışır. Təşkilatın vəzifəsi gənclərdə həyata müsbət baxış və düzgün seçim etmək bacarığı formalaşdırmaqdır.
Təşkilatın yaradılması ideyası gözlənilmədən və qəfildən meydana gəlməmişdir. Mən Moskvanın, Sankt-Peterburqun, digər Rusiya şəhərlərinin müxtəlif ali məktəblərində təhsil alan tələbələrimizlə tez-tez görüşürdüm. Onların amalları və problemləri, arzu və istəkləri mənə məlum idi. Bu cür görüşlər zamanı gənclər daha çox və daha sıx ünsiyyət saxlamaq arzusunda olduqlarını bildirirdilər, bu gənclərin hamısını birləşdirəcək, bizim əlaqələrimizin özəyi və stimulu olacaq, mühüm sosial layihələrdə fəal iştirak etməyə imkan verəcək daimi bir təşkilatın yaradılması barədə təkliflər getdikcə daha tez-tez səslənirdi. Biz, gənclər fəal insanlarıq. İstəyirik ki, yaşıdlarımız arasında bizə tələbat, ehtiyac olduğunu dərk etməklə yanaşı, həm də özümüzü cəmiyyətə, ölkəyə, dünyaya faydalı insanlar kimi hiss edək. Bu sözlər bir qədər gurultulu və pafoslu səslənsə də, təşkilatın yaradılması ideyası bu cür əmələ gəlmişdir.
Əvvəlcə Azərbaycandan olan moskvalı tələbələrin klubları yaradıldı. Moskvada azərbaycanlı gənclərdən ibarət ilk tələbə klubu iki il bundan əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) ərsəyə gəldi. Sonra Rusiya paytaxtındakı digər ali məktəblərdə - MDU-da və Rusiya Xalqlar Dostluğu Universitetində, Diplomatik, Tibb və Vergi akademiyalarında, bizim ölkədən olan tələbələrin təhsil aldığı digər ali məktəblərdə də belə klublar yaranmağa başladı. Əvvəlcə bu proses təkcə Moskvada gedirdi, lakin zaman keçdikcə Rusiyanın müxtəlif şəhərlərində bu cür klublar yaranırdı. Gələcək ümumrusiya təşkilatının cizgiləri artıq hiss edilirdi. Eyni zamanda gələcək RAGT-nin fəaliyyət proqramı da hazırlanır, dəqiqləşdirilirdi. Lakin artıq dediyim kimi əsas məqsəd aydın idi və bu məqsəd lap əvvəldən müəyyən edilmişdi.
Biz fəaliyyətə başlayanda lap əvvəldən öz işimizi elə qurmağa çalışırdıq ki, o, mümkün qədər çoxlu və müxtəlif sahələri və istiqamətləri əhatə etsin. Mədəniyyətlərarası dialoqun tənzimlənməsi, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ edilməsi, müasir Azərbaycan reallıqlarının Rusiya cəmiyyətinə çatdırılması, humanitar və sosial, həmçinin elm və təhsil sahələri bizim işimizin prioritet istiqamətləridir. Bir də, əlbəttə, Rusiya Federasiyasında yaşayan və təhsil alan vətəndaşlarımıza, bizim tələbələrə və gənclərə qayğı göstərmək.
Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyanı çox vacib sayıram. Keçən il bu kampaniya çərçivəsində 1992-ci ilin fevral hadisələri haqqında məlumatı bütün qitələrin sakinlərinə çatdırmaq üçün 70-dən çox aksiya keçirilmişdir. Məqsədimiz Azərbaycanın bu yerlə-yeksan edilmiş Xocalı şəhəri haqqında həqiqəti bütün dünyaya bildirməkdir. Xocalı - Azərbaycanın ağrılı yeridir və RAGT bu barədə sadəcə olaraq susa bilməzdi. Biz istəyirik ki, dünya birliyi bu faciədən, eləcə də Ermənistan-Azərbaycan münaqişəsindən xəbərdar olsun. Biz bu istiqamətdə işimizi gələcəkdə də, münaqişə ədalətlə həll edilənə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər davam etdirəcəyik.
Mənim fikrimcə, mədəniyyət, hər bir dialoqun universal açarıdır. Biz Moskvada və Rusiyanın digər şəhərlərində Azərbaycan mədəniyyəti günləri və həftələri keçirmişik. Musiqi gecələri, fotosərgilər, kinolara baxışlar təşkil etmişik və bu istiqamətdə işimizi davam etdirəcək, Azərbaycanın zəngin mədəniyyətini layiqincə təmsil edəcəyik. Azərbaycan mədəniyyəti haqqında danışmaqla qurtarmaz. Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı 2003-cü ildən YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi elan edilmişdir. Muğam müəyyən mənada bizim genetik kodumuzdur. Qarabağdan olan muğam ifaçılarının yaradıcılığı simfonik muğam, muğam operası, caz-muğam kimi yeni bənzərsiz musiqi janrlarının yaranmasına kömək etmişdir. Azərbaycan bəstəkarları Qara Qarayevin, Arif Məlikovun, Fikrət Əmirovun baletləri dünyanın aparıcı teatrlarının səhnələrində tamaşaya qoyulur. Həm estrada mahnılarını, həm də klassik operalardan partiyaları bənzərsiz ifa edən Müslüm Maqomayevin ecazkar səsi hələ də dinləyiciləri valeh edir. Dünyanın 20-dən çox rəssamlıq akademiyası fəxr edir ki, görkəmli Azərbaycan rəngkarı Tahir Salahov həmin akademiyaların üzvləri sırasındadır. Müxtəlif dövrlərdə Bakı, Qarabağ, Şamaxı xalça ustaları tərəfindən toxunmuş Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərində saxlanılır. Azərbaycanın dünya mədəniyyət xəzinəsinə töhfəsi çox böyükdür və bizim fəxr etməyə haqqımız vardır.
Təşkilatımız humanitar və sosial sahələrdə də çox iş görmüş, ehtiyacı olanların hamısına konkret yardım edilmiş, o cümlədən uşaq evlərində və xəstəxanalarda olan balacalara böyük qayğı göstərilmişdir. Xəstə uşaqlar üçün qanvermə üzrə dərin rəmzi məna daşıyan “Qanın milləti yoxdur” layihəsini xüsusi qeyd etmək istəyirəm. Bu, onu göstərir ki, Azərbaycan və Rusiya gənclərinin həyati dəyərləri eynidir. RAGT-nin təşəbbüsü ilə tütünün və alkoqolun insan orqanizminə təsiri haqqında reklam-maarifçilik kampaniyası keçirilmişdir. “Yəqin et ki, sən sağlamsan” və “Xəstəliyə yox de” proqramları çərçivəsində Azərbaycandan olan yüzlərlə insan Moskvada pulsuz müayinə olunmuşdur. Biz öz humanitar fəaliyyətimizi gələcəkdə daha da genişləndirməyi, onu daha dolğun etməyi planlaşdırırıq.
Biz idmanda parlaq nəticələr əldə etmişik. 2009-cu ildən Moskvada Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət 16 komandanın iştirakı ilə daimi çempionat keçirilir. Çox şadam ki, regionlar bu ideyanı dəstəkləmişlər. Builki çempionatda 24 komanda iştirak etmişdir. Bu, gənclərimizin idmana böyük marağını nümayiş etdirir. Bu yaxınlarda RAGT-nin rəsmi saytı yenilənmişdir, indi bizim gənclər bir-biri ilə ünsiyyət saxlamaq, maraqlı məlumatları müzakirə etmək, müsabiqələrdə iştirak etmək imkanına malikdir. Qeyd etmək istəyirəm ki, bizim özümüzün mətbu orqanımız - RAGT-nin yeni jurnalı yaradılmışdır. Biz müxtəlif istiqamətlərdə fəaliyyətimizi genişləndiririk.
Mən istəyirəm ki, Rusiyadakı Azərbaycan gəncləri öz soy-kökünü unutmasınlar, öz doğma diyarını sevsinlər və Vətənə faydalı olmağa çalışsınlar. İstəyirəm ki, gənclər Azərbaycan mədəniyyətini irəli aparsın və populyarlaşdırsın. İnanın ki, bizim fəxr etməyə, dünyaya göstərməyə layiq dəyərlərimiz çoxdur. RAGT bizim Rusiyadakı həmvətənlərimizə burada özlərini tənha hiss etməməkdə kömək edəcək, onların çoxmillətli Rusiya cəmiyyətinə inteqrasiyasına yardım edəcəkdir. Əminəm ki, burada böyük problem yaranmamalıdır. Nə üçün buna əmin olduğumu izah edim: Azərbaycanı sovet dövründə də SSRİ-də ən beynəlmiləlçi respublika adlandırırdılar. Burada müxtəlif millətlərin və xalqların nümayəndələri dinc və mehriban yaşayırdı. Onlardan heç biri özünü yad hiss etmirdi. Belə vəziyyət yalnız bu torpağın yerli xalqı olan azərbaycanlılara xas təbii tolerantlıq sayəsində mümkün idi. Buna görə də əminəm ki, öz qonşularının mədəniyyətinə və adətlərinə hörmət ənənələri əsasında tərbiyə olunmuş Azərbaycan gəncləri Rusiyada öz yerini asanlıqla tapa biləcəkdir.
Əminəm ki, RAGT Azərbaycan gənclərini sıx birləşdirəcək, onların cəmiyyətdə layiqli yer tutmasına, hətta Azərbaycanın hüdudlarından kənarda da ona faydalı olmasına kömək edəcəkdir. Lakin qeyd etmək istəyirəm ki, mən bizim mədəniyyətin Rusiyada yayılmasına kömək etməyə hazır olan, RAGT-yə daxil olmayan başqa təşkilatlara da hörmətlə yanaşıram. Onların seçiminə hörmət edirəm və onlarla əməkdaşlıq etməyə, onları dəstəkləməyə hazıram.
Bu gün biz öz vətənimizi Rusiyada təmsil edirik. Bizim ölkələrimizi bağlayan cəhətlər çoxdur - tarixi və mədəni köklər, ortaq keçmişimiz. Azərbaycanda zəngin rus mədəniyyətinə, böyük rus dilinə qayğı ilə yanaşırlar. Qeyd etmək lazımdır ki, müstəqillik dövründə Azərbaycanda heç bir rus məktəbi bağlanmamışdır, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir, başlıcası isə bizim insanlar arasında, xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. Biz burada özümüzü rahat hiss etməyimizə və dünyada ən yaxşı təhsillərdən birini almağımıza görə Rusiyaya minnətdarıq.
Biz, Azərbaycanın gənc nəsli dünyaya geniş nəzərlərlə baxmaq və həmişə öz Vətənimizi yadda saxlamaq, köklərimizi və ənənələrimizi sevmək və qorumaq istəyirik, biz eşitmək və eşidilmək istəyirik. RAGT-də milliyyətindən, yaşından, dini əqidəsindən və digər fərqli cəhətlərdən asılı olmayaraq, hər kəs üçün yer vardır. Qarşıda hələ görülməli işimiz çoxdur, bizim ümumi uğurumuz bu işlərin gerçəkləşməsindən asılıdır.
Yeni Azərbaycan.- 2011.- 1 aprel.-
S.4.