Azərbaycanda inkişaf prosesləri
davamlı və dönməz xarakter daşıyır
“Azərkontrakt” Səhmdar Cəmiyyətinin
sədri Miri Qəmbərov www.yap.org.az saytına müsahibə
verib:
- Miri müəllim,
hazırda dünyada qlobal böhranın hələ də
davam etdiyi bir dövrdə Azərbaycandakı sosial-iqtisadi vəziyyəti
necə qiymətləndirmək olar?
- Bildiyiniz kimi, müstəqil
Azərbaycan dövləti Ümummilli liderimiz Heydər Əliyev
tərəfindən müəyyənləşdirilmiş
strategiyaya uyğun olaraq inkişaf etməkdədir. Bu gün
ölkəmizdə inkişaf proseslərinin dönməz
xarakter alması birmənalı şəkildə Azərbaycanda
Heydər Əliyev siyasətinin alternativi
olmadığını sübut edir. Ulu öndərimizin əsasını
qoyduğu mükəmməl iqtisadi inkişaf
strategiyasının Prezident İlham Əliyev tərəfindən
yeni tərəqqi erasının tələblərinə
uyğun olaraq davam etdirilməsi respublikamızın yüksək
sıçrayışlı inkişafını təmin etməkdədir.
Ölkəmizin hazırkı inkişafını təmin edən
iqtisadi strategiya, inkişaf modeli mövcuddur.
İqtisadiyyatın dinamik inkişafını davam etdirmək,
maliyyə sisteminin möhkəmlənməsini təmin etmək,
kompleks tədbirləri nəzərdə tutan proqramları
icra etmək çoxmülkiyyətli iqtisadiyyat və azad rəqabət
şəraitində mümkün olur. Prezident İlham Əliyev
iqtisadi inkişafın Azərbaycan modelini yaradıb.
İqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində
Azərbaycan keçid iqtisadiyyatını arxada qoyub. Cənab
Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan artıq
postsovet ölkəsi deyil, respublikamız yüksək
inkişaf etmiş, keçid iqtisadiyyatını arxada
qoymuş dünya iqtisadiyyatına sıx inteqrasiya etmiş və
müasir bazar iqtisadiyyatına malik dövlətdir.
Mən bir iqtisadçı
kimi deyə bilərəm ki, Azərbaycanda uğurlu,
davamlı islahatların həyata keçirilməsi son illər
daha da sürətlənib. Hazırda ölkəmizin
bütün iqtisadi sahələrində əhəmiyyətli
dərəcədə artım meyilləri hiss olunur.
- Azərbaycanın
inkişafı ilk növbədə, vətəndaşların
sosial rifahının yüksəlməsi ilə müşayiət
olunur. Bu mənada sosial sahədə həyata keçirilən
proqramların üstünlükləri nədən ibarətdir?
- İqtisadi siyasətin
inamla həyata keçirilməsi sayəsində Azərbaycanda
davamlı olaraq əməkhaqqı və pensiyalar
artırılır. Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə əmək pensiyaçılarının sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı
tədbirlər həyata keçirilib və bu, öz
mühüm nəticələrini göstərib. Ümumiyyətlə,
sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində
başlıca prioritetlərdən birini təşkil edir və
ötən bir il ərzində dövlətin kapital
resurslarının böyük bir hissəsinin bu sahəyə
yönəldilməsi bu strategiyanın uğurlarını
şərtləndirmiş olur. Ötən müddətdə
dövlətin gəlirləri ilk növbədə, sosial
kateqoriyaların maddi rifahının yüksəlməsinə
və sosial infrastrukturların
yaxşılaşdırılmasına yönəlib.
Respublikamızda yüz minlərlə
insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının
artırılması ilə bağlı dövlət siyasəti
hökumətin vətəndaşlara olan yüksək diqqət
və qayğısının nəticəsidir. Son 7 il ərzində
Azərbaycanda əməkhaqqı və pensiyalar orta hesabla 5 dəfə
artıb.
Hazırda ölkəmizdə
orta pensiya məbləği 150 dollar təşkil edir ki, bu da
respublikamızın həmin göstərici üzrə MDB
ölkələrinin əksəriyyətini üstələdiyini
təsdiqləyir.
Ümumiyyətlə, 2010-cu
ildə dövlətimizin başçısının
imzaladığı müvafiq sərəncamlara əsasən,
bütün güc strukturlarında, dövlət idarəetmə
sistemində və digər dövlət təşkilatlarında
çalışan insanların maaşlarında artım
baş verib. Bütün büdcə təşkilatlarında
çalışan vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə davamlı tədbirlər
görülüb, onların aylıq vəzifə
maaşları artırılıb. 2010-cu ildə aztəminatlı
əhali qruplarına göstərilən qayğı daha da
gücləndirilib, məcburi köçkünlərə və
ünvanlı yardım alan ailələrə verilən
aylıq müavinətin məbləği
artırılıb. Hesab edirəm ki, gələcəkdə də
hökumətin əhalinin sosial rifahının gücləndirilməsi
istiqamətində tədbirləri davam edəcək.
- Bildiyimiz kimi, hazırda
inkişaf məsələləri ilə bağlı ölkəmizdə
mühüm proqramlar qəbul olunub. Bu baxımdan,
respublikamızın qarşıdakı dövrdə
sosial-iqtisadi vəziyyəti barədə qənaətiniz necədir?
- Qeyd etdiyim kimi, dövlət
başçısının müəyyənləşdirdiyi
iqtisadi siyasətin başlıca hədəfləri
makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı
inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə
fəallığın təmin edilməsi, maliyyə
bazarının canlandırılması, investisiya
qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial
şəraitinin yaxşılaşması və digər
iqtisadi ssenariləri əhatə edir və bu hədəflərin
yerinə yetirilməsi respublikamızın
uğurlarını daha da artıracaq.
Azərbaycan yeni sosial-iqtisadi
inkişaf mərhələsinə daxil olur və
qarşıdakı mərhələdə islahatların dərinləşdirilməsi
zəruridir. Azərbaycan bazar iqtisadiyyatının ən yeni
modellərini tətbiq etməyə hazırlaşır.
Sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi
bütün sahələrdə şəffaflığın
tam təmin edilməsini zəruri edir. Yəni, azad, liberal iqtisadiyyatın
tələbləri budur ki, sosial-iqtisadi inkişafa mane olan
neqativ hallar, o cümlədən, korrupsiya halları,
sahibkarlığın fəaliyyətinə süni maneə
yaradan yoxlamalar aradan qaldırılmalı, dövlət
orqanlarının fəaliyyətində şəffaflıq təmin
olunmalıdır.
Məlum olduğu kimi,
yanvarın 14-də Nazirlər Kabinetinin ölkəmizin 2010-cu
ildəki sosial-iqtisadi inkişafının nəticələrinə
dair keçirilən iclasında Prezident İlham Əliyev Azərbaycanı
inkişaf etmiş ölkəyə çevirmək
üçün siyasi, iqtisadi islahatların davam etdiriləcəyini
bəyan edib. Sosial ədalət prinsiplərinin bərqərar
olması, dövlət orqanlarında şəffaflığın
təmin edilməsi, ictimai nəzarət, demokratiya - inkişaf
etmiş ölkələrin ölçü
meyarlarıdır. Cənab Prezident iqtisadiyyatın davamlı
inkişafını təmin etmək məqsədilə qiymətlərin
süni şəkildə qaldırılmasının
qarşısının alınması, azad rəqabətin təmin
edilməsi, inhisarçılıq meyillərinin, əsassız
yoxlamaların, vergidən yayınma hallarının aradan
qaldırılması, biznes mühitinin
yaxşılaşdırılması, korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsi və şəffaflığın
artırılması istiqamətində tədbirlərin
gücləndirilməsi barədə ciddi
tapşırıqlar verib. Bu istiqamətdə son dövrlər
kompleks və sistemli şəkildə aparılan tədbirlər
artıq öz mühüm bəhrələrini verməkdədir.
Burada bir məsələyə
də toxunmaq istərdim. Məlum olduğu kimi, bəzi ərəb
dövlətlərində baş verən hadisələrdən
sonra Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr
də fəallaşmağa çalışırlar. Fikrimcə,
Ermənistanın Azərbaycana qarşı təcavüzü,
torpaqlarımızın işğalının davam etdiyi bir
şəraitdə belə hərəkətlər yolverilməzdir.
Ölkəmizdə iqtidar və ya müxalifət mövqeyində
olmasına baxmayaraq bütün qüvvələr həmrəy
olmalı, milli maraqlarımıza zidd addımlar
atılmamalıdır. Məqsədimiz Azərbaycanın
dinamik inkişafını davam etdirmək, ən ağır
problemimizi milli həmrəylik nəticəsində həll etməkdən
ibarət olmalıdır.
- Bəs Heydər Əliyev
Fondunun həyata keçirdiyi layihələr Azərbaycanın
dünyada tanınması, xalqımızın adət-ənənələrinin
təbliğ olunması işinə nə dərəcədə
töhfələr verməkdədir?
- Respublikamızda
genişmiqyaslı proqramların həyata keçirilməsində
Heydər Əliyev Fondunun fəaliyyəti daha çox nəzərə
çarpır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət,
incəsənət, ekologiya və digər sahələrdə
mühüm layihələr həyata keçirilməkdədir.
Fondun dəstəyi ilə paytaxt və regionlarda yeni məktəb
binaları tikilib, əsaslı təmir olunub, təhsil
ocaqları ən müasir avadanlıqlarla təchiz edilib.
Bundan başqa, onlarla səhiyyə müəssisəsi əsaslı
şəkildə təmir olunub. Azərbaycanda səhiyyənin
inkişafı və onun maddi-texniki bazasının gücləndirilməsi
daim diqqət mərkəzində saxlanılır. Səhiyyə
müəssisələrinin yenidən qurulması, əhalinin
sağlamlığının daha yaxşı təşkili,
bu sahədə qabaqcıl texnologiyaların tətbiqi Heydər
Əliyev Fondunun fəaliyyətinin mühüm istiqamətlərindəndir.
Fondun təşəbbüsü
ilə ölkəmizdə mədəniyyətin
inkişafı ilə bağlı mühüm tədbirlər
görülür, mədəniyyət və incəsənət
xadimlərinə dövlət səviyyəsində yüksək
qayğı göstərilir. Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən
layihələr mədəniyyətimizin inkişafı, onun
dünyada təbliği, Azərbaycanın zəngin mədəni
irsinin, musiqisinin qorunmasında mühüm rol oynayır.
Muğamın, aşıq sənətinin təbliği, bu sahələrə
böyük dəstəyin göstərilməsi ölkəmizin
milli-mənəvi dəyərlərinə verilən ən
böyük qiymət sayıla bilər. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə həyata keçirilən
regional layihələrin miqyası da artmaqdadır. Fond
dünya xalqları arasında dialoqun təşviqi və
inkişafında mühüm rol oynamaqdadır.
- Miri müəllim, rəhbərlik
etdiyiniz təşkilatın fəaliyyəti barədə nə
deyə bilərsiniz? “Azərkontrakt” SC bu gün ölkəmizin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdə
necə iştirak edir?
- Cənab Prezidentin
müvafiq tapşırıqlarına uyğun olaraq
respublikamızda həyata keçirilən tədbirlərdən
kənarda qalmırıq və biz öz səylərimizi daha
da artırmışıq. İqtisadiyyatın inkişafı,
iş yerlərinin yaradılması, biznes fəaliyyətinin
genişləndirilməsi və iqtisadiyyata sərmayə
qoyuluşlarını həyata keçirmək hər bir
şirkətin başlıca məqsədlərindən
biridir. Ona görə də, təşkilatımız
hökumətin həyata keçirdiyi tədbirlər
planına uyğun olaraq üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirməyə çalışır.
Yeni Azərbaycan.- 2011.- 5 aprel.-
S.3.