Mədəniyyətlərin dialoqu
cəmiyyətlərin bir araya gəlməsi və
qardaşlaşması üçün etibarlı zəmin
yaradacaq
Artıq dünya mədəni irsinə qayğı sahəsində
uğurlu addımlar ataraq öz üzərinə çox
böyük və məsuliyyətli bir missiya götürən
Azərbaycan bu həftə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu reallaşdırmaqla həmin vəzifənin
öhdəsindən uğurla gəldiyini növbəti dəfə
isbatlayacaq
Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, mədəniyyətimizin
böyük hamisi Mehriban Əliyevanın dəstəyi və
təşkilatçılığı ilə ölkəmizdə
reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət
tədbirlərinin respublikamızı dünyanın mədəniyyət
mərkəzinə çevirdiyi danılmaz həqiqətdir.
Son bir neçə ildə bir-birinin ardınca keçirilən
beynəlxalq əhəmiyyətli mədəniyyət tədbirlərinin-dünyanın
mədəni irsinin araşdırılması və
qorunması sahəsində atılan çox mühüm
addımların neft səltənəti kimi tanınan
respublikamıza baxışların prizmasını dəyişdiyi
də şübhəsizdir. Yeri gəlmişkən, artıq
dünya mədəni irsinə qayğı sahəsində
uğurlu addımlar ataraq öz üzərinə çox
böyük və məsuliyyətli bir missiya götürən
Azərbaycan bu həftə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunu reallaşdırmaqla həmin vəzifənin
öhdəsindən uğurla gəldiyini növbəti dəfə
isbatlayacaq.
Xatırladaq ki, Prezident
İlham Əliyevin təşəbbüsü ilə
reallaşacaq Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu bütün dünya üzrə ilk dəfədir
ki, keçirilir. Əsas məqsədi mədəniyyətlərarası
dialoq sahəsində Azərbaycan tərəfindən
reallaşdırılan təşəbbüsləri regional
müstəvidən çıxararaq qlobal səviyyəyə
qaldırmaq, ölkəmizdə daimi əsasda Beynəlxalq
Forum təsis etmək olan belə bir mötəbər məclisə
respublikamızın ev sahibliyi etməsi isə heç də
təsadüfi hadisə kimi qiymətləndirilə bilməz.
Çünki Azərbaycan son illər dünya xalqları
arasında dialoqun təşviqi və inkişafında
çox mühüm rol oynamaqdadır. Bu, ilk növbədə,
ölkəmizin geosiyasi mövqeyi ilə bağlı olsa da, bu
məsələdə Azərbaycanın mədəni zənginliyinin
də öz yeri və xüsusi əhəmiyyəti var.
Respublikamız Şimal ilə
Cənubun, Şərqlə Qərbin kəsişmə
nöqtəsində yerləşməklə yanaşı,
regionda həm Avropa Şurasına, həm də İSESKO-ya
üzv olan yeganə dövlətdir. Bundan başqa, Azərbaycanın
İslam dövlətləri ilə yanaşı, Qərb
ölkələri ilə də möhkəm dostluq və əməkdaşlıq
münasibətləri var. Amma daha bir vacib məqam var. Bu
sırada xüsusi olaraq vurğulamaq yerinə düşər
ki, nəhəng dövlətlər sırasına aid edilməyən
respublikamız müxtəlif etnosların və millətlərin,
fərqli dinlərə sitayiş edən insanların tarixən
sarsılmaz dostluq və qardaşlıq şəraitində
yaşadığı tolerant bir ölkə kimi
formalaşıb. Azərbaycan hətta dünyada bu sahədə
öz ənənələri olan yeganə məkandır desək
yanılmarıq.
Bu da kimsəyə sirr deyil
ki, müxtəlif qitələrin kəsişməsində
yerləşən Azərbaycan həm də müxtəlif mədəniyyətlərin
mövcud olduğu və qovuşduğu müqəddəs bir
torpaqdır. Necə deyərlər, həm geosiyasi vəziyyəti,
həm də mədəni zənginliyi, üstəlik
formalaşmış və əsrlərin sınağından
çıxmış ənənələri baxımından
respublikamız dünya mədəniyyətlərini bir araya
toplamaq haqqını qazanıb. Ona görə də, mədəniyyətlər
və sivilizasiyalararası dialoq sahəsində
keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin
statistikasına və coğrafiyasına diqqət yetirəndə
bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin
Azərbaycanda reallaşdırıldığının təsadüfi
olmadığını görürük.
“Bakı Prosesi - sivilizasiyalar arasında dialoqa yeni
çağırış”
Qeyd etdiyimiz kimi, bu həftə
baş tutacaq Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu zamanı da Azərbaycan mərkəz
missiyasının öhdəsindən uğurla gəldiyini
isbatlamaqla yanaşı, bütün dünyada ilk olan daha bir
layihəyə-barış, sülh, mehribanlıq və
qardaşlıq proqramına imza atacaq. Sözügedən layihəni
gerçəkləşdirmək üçün artıq son
üç ildə respublikamız böyük hazırlıq
işləri həyata keçirib. Həmin hazırlıq
tarixinə qısa bir baxış isə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsinin dünya mədəniyyətinə
hansı töhfələri verəcəyini sərgiləyir.
Məlum olduğu kimi, 2008-ci
ilin dekabrında Bakıda Avropa və qonşu regionların mədəniyyət
nazirlərinin konfransı keçirildi. Həmin konfransda
çıxış edən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev müxtəlif mədəniyyətlər
və sivilizasiyalar arasında mədəniyyətlərarası
dialoqun inkişafını nəzərdə tutan “Bakı
Prosesi” təşəbbüsünü irəli sürdü.
Azərbaycan paytaxtının bu yöndə ev sahibliyi etdiyi
daha bir mötəbər beynəlxalq məclisdə - 2009-cu il
oktyabrın 13-dən 15-dək davam etmiş İslam ölkələri
mədəniyyət nazirlərinin konfransı çərçivəsində
“Mədəniyyətlərarası dialoq” mövzusunda
keçirilən “dəyirmi masa”da isə “Bakı Prosesi -
sivilizasiyalar arasında dialoqa yeni çağırış”
adlı rəsmi sənəd qəbul edildi.
Eyni zamanda, TÜRKSOY-un Daimi
Şurasının 2009-cu il oktyabrın 16-17-də Bakıda
düzənlənən 26-cı toplantısında qəbul
olunmuş sənədlərdə də Azərbaycan Prezidenti
İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi”nin
davam etdirilməsinin vacibliyi öz əksini tapdı. Bu da səbəbsiz
deyil. Çünki dünyanı birləşdirəcək və
xilas edəcək, xalqların qardaşlığını və
dostluğunu təmin edəcək mədəniyyətlərin
dialoqu qloballaşan dünyanın vacib tələbinə
çevrilib. Beləliklə, Azərbaycan mədəniyyətlərin
qovuşduğu məkan kimi öz təcrübəsini həyata
keçirmək və nümunə olmaq fürsətini dəyərləndirərək
bu missiyanı öz üzərinə götürür.
2010-cu il mayın 20-də Bakıda YUNESKO-nun “Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviqinə dair Konvensiya”sının təqdimat mərasimində
2011-ci ilin aprelində “Bakı Prosesi”nin davamı olaraq Azərbaycan
Prezidentinin təşəbbüsü ilə Bakıda
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun keçiriləcəyi və tədbir çərçivəsində
Bakı şəhərinin “Dünya Dialoq Paytaxtı” elan ediləcəyinin
gözlənildiyi bildirilib.
Eyni zamanda, BMT Baş Məclisinin
65-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev
2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçiriləcəyini rəsmən bəyan
etdi. Azərbaycan tərəfinin dünya üzrə ilk belə
mötəbər məclisin Bakıda keçirilməsi təşəbbüsünü,
eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar, həmçinin,
YUNESKO, Avropa Şurası və onun Şimal-Cənub Mərkəzi,
BMT-nin Sivilizasiyalar Alyansı yekdilliklə dəstəklədilər.
Bir sözlə, Avstriya,
Çexiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Səudiyyə Ərəbistanı,
Bəhreyn, İordaniya, Tailand, Gürcüstan, Bruney, Əfqanıstan,
Kuba, Efiopiya, Qırğızıstan, Makedoniya, Qətər,
Toqo, Ukrayna, Latviya mədəniyyət nazirlərinin, daha bir
neçə ölkənin nazir müavinlərinin,
aparıcı beynəlxalq təşkilatlardan YUNESKO-nun baş
katibinin, İSESKO-nun baş direktorunun, Avropa
Şurasının baş katibinin, Avropa Şurası Parlament
Assambleyası prezidentinin, bir sıra dünya şəhərlərinin
merlərinin, dünyanın nüfuzlu mədəniyyət və
incəsənət xadimlərinin iştirak edəcəklərinin
rəsmən təsdiqləndiyi bu layihənin həyata
keçirilməsinə artıq bir neçə gün
qalıb. Əksər ekspertlərin qənaətinə görə,
dünyada sülhün və əmin-amanlığın bərqərar
olması üçün bütün səylərini səfərbər
edən bir ölkə kimi Azərbaycanın belə bir tədbirə
ev sahibliyi etməsi beynəlxalq qurumlar arasında əməkdaşlığın
güclənməsi ilə yanaşı, mədəniyyətlərarası
dialoqun inkişafı və təbliğinə də dəyərli
töhfə verəcək. Respublikamızın Şimalla Cənub,
eyni zamanda, Şərqlə Qərbin kəsişməsində
yerləşən bir ölkə olması isə bu
imkanların genişlənməsinə daha geniş
üfüqlər açır.
“Bakı Prosesi”nin həyata
keçirildiyi tarixdə dünyanın ən nüfuzlu
televiziya kanallarının ölkəmizdən silsilə
reportajlar verməyə hazırlaşması isə tədbirin
möhtəşəmliyi ilə yanaşı, ona göstərilən
beynəlxalq marağın yüksək səviyyəsinin
göstəricisidir.
Gəlin, dünyanı bölüşməyək
“Bakı Prosesi”
dünyanı bəşəriyyətin ən qədim tarixindən
qaynaqlanan bilgilərin-insan tarixini özündə əks etdirən
bir dəfinənin işığına toplayacaq. Bu
işığa yığışanlara Azərbaycanın Mədəniyyət
və Turizm, Avstriyanın Federal Təhsil, İncəsənət
və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı
ilə “Yəhudi, xristian və müsəlmanlar: mədəniyyətlərarası
dialoq ən qədim yazılarda” mövzusunda sərgi təqdim
ediləcək. Sərgidə ən qədim əlyazmalar
nümayiş etdiriləcək.
“Sərhədsiz dünyaya
doğru”, “Dünyanın davamlı inkişaf gündəliyində
mədəniyyətlərarası dialoqun bərqərar edilməsi”,
“Mədəniyyətlərarası dialoqu mənalı etmək:
mədəniyyət, incəsənət və irs” mövzularını
əhatə edən sessiyalar isə dünya mədəni irsinə
töhfələrin əsasını təşkil edəcək.
“Qadınlar mədəniyyətlərarası dialoqun vacib
iştirakçıları kimi”, “Texnologiya, sosial media və
jurnalistikanın mədəniyyətlərarası əlaqələrə
təsiri”, “Dünya dinləri arasında mədəniyyətlərarası
dialoq” mövzularının müzakirəyə
çıxarılması cəmiyyətin müxtəlif təbəqələrinin
mədəniyyətlərarası dialoq proseslərinə cəlb
edilməsi məqsədini daşıyır.
Forum çərçivəsində
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı
ilə “Müasir dünyada dialoq fəlsəfəsi və mədəni
müxtəliflik” mövzusunda beynəlxalq konfransla
yanaşı, Avropa Şurasının təşkilatçılığı
ilə “Mədəniyyətlərarası şəhərlər”
layihəsinə üzv şəhərlərin merlərinin və
nümayəndələrinin iştirakı ilə keçiriləcək
tədbirlər isə sakinlərin də maariflənməsi
üçün nəzərdə tutulub.
Yeri gəlmişkən,
“Bakı Prosesi” gəncləri də unutmayıb. Bu da bir həqiqətdir
ki, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin
bu işə cəlb olunması dünyanın gələcəyi
üçün böyük önəm daşıyır.
“Gəlin, dünyanı
bölüşdürməyək” devizi isə forumun əsas
mövzularından biri olacaq. Mədəniyyətlərin
dialoqu cəmiyyətlərin bir araya gəlməsi və
qardaşlaşması üçün etibarlı zəmin
yaradacaq.
Məlumatlara görə, Azərbaycan
cəmiyyətinin böyük marağını nəzərə
alaraq mədəniyyətlərarası dialoq mövzusu çərçivəsində
milli fotomüsabiqə də keçiriləcək. “Layihə
və təşəbbüslərin təqdimatı”
mövzusunda tədbirin təşkilində isə Avropa
Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO,
AŞ-ın Şimal-Cənub Mərkəzi və Azərbaycan
tərəfi özlərinin layihə və təşəbbüslərini
nümayiş etdirəcəklər. Bütün layihələr
bilavasitə mədəniyyətlərarası dialoqun təbliğinə
həsr olunduğundan ölkələrin imkanları və
töhfələri araşdırılacaq.
Bir sözlə, müxtəlif
mədəniyyətlərin qovuşduğu məkan statusuna
malik olan ölkəmizdə bu istiqamətdə real nəticələrə
söykənən yeni bir platforma formalaşacaq.
Azərbaycanın təşəbbüsü
bütün dünyanı əhatə edəcək
İş planından da
göründüyü kimi, bu nəhəng və
çağdaş zamanımızın zərurətinə
çevrilmiş tədbir-Bakı forumu öz miqyasına və
əhatə dairəsinə görə ilk ümumdünya mədəniyyət
məclisidir. Mədəni irslərin bir araya gətirilməsi,
insanların-müxtəlif irqlərin və dinlərin bir amal
ətrafında birləşdirilməsi-Azərbaycanın mədəniyyətlər
və sivilizasiyalararası dialoqa dair təşəbbüsü
tezliklə bütün dünyanı əhatə edəcək.
Eyni zamanda, Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə həyata keçirilməsi Şərq və Qərb mədəniyyətini özündə ehtiva edən milli irsimizin beynəlxalq səviyyədə təbliğ olunmasına, ölkəmizin nüfuzunun, imicinin yüksəldilməsinə və beynəlxalq proseslərdə əhəmiyyətinin artırılmasına da səbəb olacaq. Azərbaycan Respublikasının qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunması, həmçinin, respublikamızın dünya mədəniyyətinə inteqrasiyası məsələlərində “Bakı Prosesi”nin önəmli rol oynayacağı şəksizdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gələcəkdə davamlılığı və inkişafı Azərbaycan Respublikasının rolu olmadan mümkün olmayacaq. Bu sahədə fəaliyyət göstərən beynəlxalq qurumlar arasında Azərbaycan vasitəsilə qlobal şəbəkə formalaşdıracaq.
Çünki artıq start götürməkdə olan “Bakı Prosesi” mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.
KƏBUTƏR
Yeni Azərbaycan.- 2011.- 5 aprel.- S.7.