İnkişaf və müstəqillik
bir yerdə daha gözəldir
Nizami Cəfərov: Müstəqillik bütün hallarda
çox böyük nemətdir, amma Azərbaycanın 20 ildə
keçdiyi böyük inkişaf yolunu gördükdə isə
bu müstəqillik daha dəyərli olur
Məlum olduğu kimi, bu il
Azərbaycanın dövlət müstəqilliyinin əldə
olunmasının 20-ci ildönümü tamam olur. Prezident
İlham Əliyevin Sərəncamına əsasən, bununla
bağlı dövlət səviyyəsində müxtəlif
tədbirlər həyata keçiriləcək. “Yeni Azərbaycan”
qəzeti olaraq, biz də müstəqilliyimizin
ildönümü ilə əlaqədar bir sıra layihələr
icra etməkdəyik. Bu gün start verdiyimiz növbəti
rubrikamız isə “Bu mənim mövqeyimdir” adlanır. Bu
rubrikada Azərbaycanın görkəmli elm adamlarının,
cəmiyyətdə nüfuzu olan ictimai, siyasi xadimlərin
dövlətimizin müstəqillik tarixi, inkişaf yolu ilə
bağlı fikirlərini dərc etdirəcək, bu şərəfli
tarixi fərqli rakurslardan dəyərləndirməyə
çalışacağıq. Rubrikamızın ilk
qonağı isə Azərbaycan Atatürk Mərkəzinin rəhbəri,
AMEA-nın müxbir
üzvü, filologiya elmləri doktoru, professor, millət vəkili
Nizami Cəfərovdur.
- Nizami müəllim, 20 il
öncə dünyada çox böyük tarixi əhəmiyyət
daşıyan, belə demək mümkündürsə, yeni
tarixin əsasını qoyan bir hadisə baş verdi. 70 illik
sovet imperiyası süquta uğradı və
dağıldı. Bugünkü söhbətimizə istərdik
elə bu hadisədən başlayaq. Sizcə, belə
böyük bir imperiyanın dağılmasını zəruri
edən, şərtləndirən amillər hansılar idi və
bu imperiya niyə dağıldı?
- Sovetlər birliyi əslində,
bir imperiya kimi yaranmışdı. Hələ sovetlər
dövründən əvvəl Rusiya imperiyasını “millətlər
həbsxanası” adlandırırdılar. Sovet dövründə
də millətlər arasında məsələləri nə
qədər həll etməyə çalışsalar da,
Rusiya ənənəsi hələ də davam edirdi. SSRİ-yə
rəhbərlik edən insanlarda da müəyyən
şovinizm meyilləri var idi. Nə qədər millətlərin
dostluğundan söhbət getsə də, əslində,
rusların üstünlüyü tam təmin olunmuşdu. Sadəcə
bir faktı xatırlatmaq kifayətdir. Muxtar respublikalarda rus
dili geniş təbliğ olunurdu, yerli dillər isə bu və
başqa formalarda sıxışdırılırdı, arxa
plana keçirilirdi. Eyni zamanda, nə qədər ört -
basdır olunsa da, sovetlərin tərkibindəki respublikalara
bir müstəmləkəçilik münasibəti var idi. Azərbaycana
münasibətdə isə aqressiya başqa respublikalara nisbətən
daha çox idi. Bunun da səbəbləri bəlli idi. Əvvəla,
Azərbaycan bir türk, müsəlman respublikası idi. Azərbaycanla
bağlı məsələlər həll olunanda, Azərbaycanla
bağlı siyasət müəyyənləşdiriləndə
həmişə İran və Türkiyə amili nəzərə
alınırdı. Çünki azərbaycanlıların
böyük əksəriyyəti İranda
yaşayırdı, Türkiyə ilə tarixdən gələn
sıx əlaqələr var di. Odur ki, Azərbaycanı təcrid
etməkdən ötrü çox ciddi addımlar
atılırdı. Bu da əlbəttə ki, böyük gərginlik
yaradırdı. Məsələn, 1930-cu illərdə Azərbaycan
xalqına, ziyalılarımıza qarşı
haqsızlıqlar, tariximizin saxtalaşdırılması istər-istəməz
ümumi ictimai təfəkkürdə müəyyən
etirazlar yaradırdı. Amma nə
qədər çalışsalar da, Azərbaycanda müstəqillik
duyğularını sındırmağa, aradan
qaldırmağa nail olmamışdılar. Sadəcə olaraq,
ordusu olmayan, parçalanmış xalqı idarə etmək
mümkün olmuşdu. Sovetlər birliyi dağılanda
artıq Azərbaycanın müstəqillik potensialı
mövcud idi. Onu da qeyd etmək lazımdır ki, artıq
1960-cı illərdən başlayaraq, SSRİ-də milli məsələlərə
münasibətdə müəyyən yumşalmalar var idi.
Artıq hiss olunurdu ki, müxtəlif xalqlar, respublikalar
özünəməxsusluqlarını israrla təlqin edirdilər.
Əlbəttə, bu hələ o demək deyildi ki, respubikalar
müstəqillik almışdılar. Amma bununla yanaşı,
hər halda bu müstəqillik maraqları özünü
göstərirdi. Məsələn, Azərbaycanda Novruz
bayramının yenidən qeyd olunmasına
çalışılması, Azərbaycan dilinin dövlət
idarələrində işlənilməsi haqqında Fərmanın
verilməsi kimi irəliləyişlər müşahidə
olunurdu.
- Bu proses Ulu öndər Heydər
Əliyev Azərbaycan SSR-ə rəhbərlik etməyə
başlayandan sonra xüsusi vüsət aldı, elə deyilmi?
- Bəli, dövlət təhlükəsizlik
orqanlarında çalışan, SSRİ-nin mətbəxinə
yaxşı bələd olan Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə gəlməsi ilə milli meyillər xeyli
gücləndi. Azərbaycan dili dərsliklərinə dövlət
mükafatı verilməsi, Azərbaycan dilinin inkişafı
üçün sözün həqiqi mənasında şərait
yaradılması buna bariz misladır. Ulu öndər Heydər
Əliyev bilirdi ki, bəzi məsələləri
açıq-aşkar şəkildə həyata keçirmək
müsbət nəticələr verməyə də bilər.
Ona görə də, tədricən, çox da nümayiş
etmədən bu prosesləri həyata keçirirdi. Heydər Əliyev
böyük dövlət xadimi olduğuna və milli
maraqları müdafiə etməyin texnologiyalarını
yaxşı bildiyinə görə, 1960-cı illərin sonu,
1970-ci illərdə milli inkişaf meyillərinin geniş
miqyasda yayılmasına nail oldu. Bir mühüm məsələ
də ondan ibarət idi ki, Ulu öndər Azərbaycanı
Sovetlər birliyində tanınan bir respublikaya
çevirdi. Azərbaycanın
Sovetlər birliyində tanınması, yüksəlməsi
eyni zamanda, Azərbaycan şəxsiyyətinin yüksəlməsi
demək idi. Heydər Əliyevin səyləri nəticəsində
Azərbaycanın tanınmış ədəbiyyat xadimlərinə,
dövlət adamlarına, ictimai xadimlərə xüsusi
nüfuz qazandırıldı. Həmçinin, təkcə o
dövrdə yaşayanlar deyil, daha əvvəlki tarixlərdə
yaşamış şəxsiyyətlərə xüsusi
nüfuz qazandırıldı, onlarla böyük milli tarixi
şəxsiyyətlərə abidə ucaldıldı. Bu o demək
idi ki, sənin əcdadın, sənin dədə-baban
bunlardır. Bir var ki, milli düşüncə təkcə
ziyalılarda, ictimai xadimlərdə olsun, bir də var ki, milli
düşüncə kütləviləşdirilsin. Heydər
Əliyev bunu həyata keçirdi. Ona görə də, Sovetlər
birliyinin tərkibində türk-müsəlman respublikalar
içərisində ən öndə gedən, müstəqillik
hissiyatları ən güclü olan respublika Azərbaycan idi.
- Nizami müəllim,
imperiyanın dağılması ilə bağlı şərhlərdə
müxtəlif istiqamətlər özünü göstərir.
Bəziləri bunu sırf təbii və labüd proses kimi
qiymətləndirdiyi halda, bir qism siyasilər isə iddia edirlər
ki, imperiyanın dağılmasına ittifaq daxilindəki
respublikaların müstəqillik uğrunda apardığı
mübarizə səbəb oldu. Siz necə hesab edirsiniz, bu təbii
və dünyada baş verən qlobal hadisələrin fonunda
reallaşmış proses idi, yoxsa burada imperiya daxili hərəkatlar
əsas rol oynamışdı?
- Mən hesab etmirəm ki,
burada əsas rolu imperiyanın tərkibindəki respublikalarda
başlamış hərəkatlar oynayıb. Hətta
inanmıram ki, imperiyanın süqutu muxtar respublikalarda
gözlənilən bir hadisə idi. Düşünürəm
ki, bu proseslərə impulsu Moskva verdi. Bu o demək deyil ki,
Moskva imperiyanın dağılmasını istədi. Xeyr, sadəcə
olaraq, onlar bu təbii tarixi proseslərin
qarşısını ala bilmədi. Bundan sonra muxtar
respublikalarda hərəkatlar başlandı.
- Qeyd etdiniz ki, SSRİ-nin
dağılması sırf təbii, tarixi proses idi. Amma niyə
Sovet imperiyasının tərkibində olan heç bir ölkə
Azərbaycan qədər bu təbii prosesi itkilərlə,
ağır keçirmədi?
- Burada bir neçə səbəb
göstərmək lazımdır. Birincisi, elə əvvəllər
də, xüsusən, XIX əsrin sonu, XX əsrdən
başlayaraq regionda Azərbaycana irticaçı maraq həmişə
böyük olub. Çünki Azərbaycan xalqı Cənubi
Qafqazın aparıcı xalqıdır və proseslərdə
həmişə fəallıq göstərib. Azərbaycanın
coğrafiyasına həmişə müxtəlif iddialar olub.
Bu iddialar da regionda yaşayan müxtəlif xalqlar vasitəsilə
irəli sürülüb. Təbii ki, burada da aparıcı
işi Moskva görüb ki, regionda Rusiyanı qoruyacaq xristian
mühiti yaratsınlar. İkincisi, 1980-ci illərin sonu,
1990-cı illərin əvvəllərində Azərbaycanda
siyasi qüvvələr arasında ortaq mövqenin olmaması,
nəticə etibarilə prosesləri daha da gərginləşdirmişdi.
Eyni zamanda, Heydər Əliyev kimi, Ümummilli liderimiz
adını qazanmış böyük şəxsiyyətin də
fəaliyyəti məhdudlaşdırılmışdı.
Ona görə də, istər-istəməz eyni gücə
sahib olan çoxlu sayda qüvvələr toqquşmalı
oldu. Xüsusi nüfuzu olan bir qüvvə yox idi ki, siyasətin
məqbul bildiyi hər hansı bir formula ilə Azərbaycanda
mərkəzləşmə yaratsın.
Üçüncü səbəb isə o idi ki, Sovetlər
birliyinin dağılma ərəfəsində Moskva heç
bir respublikanı əlindən buraxmamaq üçün
müxtəlif təxribatlara əl atırdı. Moskvanın
son müqaviməti Azərbaycanda daha çox tətbiq olundu.
Çünki Moskva üçün Azərbaycan daha
böyük strateji əhəmiyyətə malik idi. Yəni
sadalanan bu səbəblər Azərbaycanın bu prosesləri
daha böyük itkilərlə başa vurmasına səbəb
oldu.
- 1991-ci il oktyabrın 18-də
Azərbaycan müstəqilliyini elan etsə də, problemlər,
çətin dövr geridə qalmadı. Əksinə,
müstəqilliyin ilk illəri daha ağır böhranla,
mürəkkəb proseslərlə müşayiət olundu...
- Bunun da səbəbləri
müxtəlifdir. İlk olaraq, Azərbaycan məcburi
Dağlıq Qarabağ münaqişəsinə cəlb
olunmuşdu və müstəqilliyini yenicə qazanmış
bir ölkə üçün münaqişə şəraitində
yaşamaq heç də asan deyildi. Ölkənin bütün
imkanları müharibəyə yönləndirilmişdi,
faktiki olaraq, bu, ölkənin mərkəzləşdirilməsinə
imkan vermirdi. İkincisi, Azərbaycanda həmişə o
adamlar dövlət rəhbərliyinə gətirilirdi ki, o
adamlar Moskva ilə bu və ya başqa formada əməkdaşlıq
edirdi. Moskva ilə işləməyən bir dövlət
başçısının Azərbaycanda hakimiyyət
başına gəlməsi mümkün deyildi. Nəhayət
bu proseslər elə getdi ki, milli düşüncəsinə,
milli heysiyyatına heç bir şübhə olmayan Əblüfəz
Elçibəy hakimiyyətə gətirildi. Burada da mənə
elə gəlir ki, Moskva artıq Əbdürrəhman Vəzirovun,
Ayaz Mütəllibovun gedişlərindən sonra təhlil
apardı ki, hər halda Əbülfəz Elçibəyin
xalq arasında müəyyən nüfuzu olmasına baxmayaraq,
hakimiyyətə gəlməsi Azərbaycan üçün o
qədər də uğurlu olmayacaq. Moskvada Elçibəyin
milli ruhda olmasına baxmayaraq, onun idarəçilik qabiliyyətinin
aşağı olmasını yaxşı bilirdilər.
- Bunu necə başa
düşmək olar - Əbülfəz Elçibəyin
hakimiyyətə gəlməsi ilə Moskva
razılaşdı, yoxsa onun hakimiyyətə gəlməsində
Kreml birbaşa rol oynadı?
- Mən
düşünmürəm ki, Əbülfəz Elçibəyi
Moskva hakimiyyətə gətirdi, amma buna mane də olmadı.
Çünki Əbülfəz Elçibəyin idarəçilik
təcrübəsi və Azərbaycana ayağa qaldırmaq
gücü yox idi. Rusiya yalnız Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə gəlməsindən narahat idi və Onun
hakimiyyətə gəlməsinin qarşısını almaq
üçün istənilən adama dəstək verməyə
hazır idi. Çünki Heydər Əliyevi ruslar
yaxşı tanıyırdı və bilirdilər ki, Heydər
Əliyev üçün Azərbaycanda mərkəzləşmiş
hakimiyyət yaratmağa qısa vaxt lazımdır.
Bununla yanaşı,
Moskvanın Azərbaycana təzyiq etməsinə stimul verən,
şərait yaradan səbəblərdən biri də ölkəmizdə
müxtəlif millətlərin yaşaması idi. Buna görə
də, milli azlıqlardan kifayət qədər istifadə
olunurdu. Ən vacibi isə qeyd etmək istəyirəm ki, Əbülfəz
Elçibəyin ətrafındakı qüvvələr
bir-biriləri ilə normal münasibətdə deyildilər və
onlar arasında bəzən gizli, bəzən açıq
mübarizə gedirdi. Bu da hakimiyyətin möhkəmlənməsinə
imkan vermirdi. Elçibəy isə bu problemləri həll etmək
iqtidarında deyildi. Yəni, bir var ki, istək olsun, bir də
var ki, o istəyi həyata keçirmək üçün
iradə olsun. Dövlət başçısı
üçün təcrübənin olması çox
mühüm məsələdir ki, bu təcrübə də
nə Elçibəydə, nə də onun ətrafındakılarda
var idi. Bu da istər-istəməz, vəziyyəti daha da
ağırlaşdırdı.
- 1993-cu ildən sonra Azərbaycanda
hər şey dəyişdi. İstər siyasi, istər
iqtisadi, sosial sferalarda böyük inqilabi dəyişikliklər
yarandı. Amma istərdik sizə daha yaxın olan bir sahədə
müşahidə olunmuş dəyişikliklər, qəbul
olunmuş böyük qərarlar haqqında danışaq. Ulu
öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə
rəhbərlik etməyə başlamasından sonra ölkədə
yeni ideoloji əsaslar yaranmağa və yeni ideologiya
formalaşmağa başlandı. Sizcə, azərbaycançılıq
ideologiyasının dövlətin əsas ideoloji istiqaməti
olaraq müəyyənləşdirilməsi hansı məntiqə
söykənirdi və özündə hansı məqsədləri
ifadə edirdi?
- Bu həqiqətən də
çox mürəkkəb bir məsələ idi. 1980-ci illərin
ortalarından başlayaraq, Azərbaycanda vaxtilə nəzəri
şəkildə mövcud olmuş azərbaycançılıq
ideologiyası dirçəldildi. Azərbaycan Xalq Cümhuriyyətinin
tarixinə maraq artdı, Cümhuriyyət dövründə
mövcud olmuş bayrağımız yenidən gündəmə
gəldi və s. Amma bununla yanaşı, azərbaycançılıq
ideologiyasında daha çox türkçülük əsas
götürülürdü. Bu da müəyyən qədər
emosional mühit yaradırdı. Yəni elmi, ciddi siyasi,
ideoloji yox, emosional düşüncə tipi
formalaşırdı. Xüsusilə, Azərbaycan Xalq Cəbhəsi
vaxtında, ondan sonra Müsavat partiyası səviyyəsində
emosionallıq çox güclü idi. Və bu
emosionallıqla çox da irəli getmək mümkün
deyildi. Eyni zamanda, bu məsələ Azərbaycanda yaşayan
qeyri-türk xalqlarında da hakimiyyətə qarşı
inamsızlıq yaradırdı. 1993-cü ildə Ulu öndər
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vahid
ideologiya ilə bağlı geniş düşüncələrini
ortaya qoydu. Burada da əsas prinsip ondan ibarət idi ki, Azərbaycan
dövlətinin coğrafiyası qorunsun. Eyni zamanda, Azərbaycan
xalqının mütəşəkkiliyi bərpa olunsun. Heydər
Əliyev sadəcə bir nəzəriyyəçi, ideoloq
deyildi. Heydər Əliyev dövlət
başçısı, millət başçısı idi.
O, bu işin praktikasını dərindən bilən bir insan
idi. Heydər Əliyev bilirdi ki, çox gözəl və
maraqlı ideyalar irəli sürülə bilər. Amma
dövlət xadimi üçün xalq, dövlət
üçün əhəmiyyətli ideyaları həyata
keçirmək vacibdir. Heydər Əliyevin əsas
böyüklüyü, əsas gücü onda idi ki, O, azərbaycançılıq
ideologiyasını klassik məzmunda qəbul etdi və onu
müasir şəraitə və milli mənafeyimizə
uyğunlaşdıraraq tədricən tətbiq etməyə
və qısa müddət ərzində mükəmməlləşdirməyə
başladı.
Qeyd etdiyimiz kimi, 80-ci illərin
sonu, 90-cı illərin əvvəllərində
türçülük ideologiyası xeyli emosional şəkildə
tətbiq olunurdu. Azərbaycançılıq ideologiyası
isə Heydər Əliyevin təcrübəsində həddindən
artıq emosionallıq xarakterindən yeni bir sferaya keçdi və
hisslərin yox, ağlın, zəkanın faktoruna
çevrildi. Həmçinin, müstəqilliyin ilk illərində
ortaya çıxmış müəyyən
dağıdıcı proseslərin qarşısını
aldı və ölkəni parçalayacaq ideyalar aradan
götürüldü. Eyni zamanda, azərbaycançılıq
ideologiyasının mühüm cəhətlərindən
biri də o idi ki, beynəlxalq münasibətlərə Azərbaycanın
müstəqilliyini itirmədən qoşulması təmin
olundu. Yəni, dünya ilə müasir standartlara cavab verən
əlaqələrin yaranması əhəmiyyətli idi.
AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın
beynəlxalq inteqrasiyası xeyli dərəcədə konyuktur
şəkildə baş tuturdu. Yəni, bizə yaxın
ölkələr, bizə düşmən olan ölkələr,
feodal dövlət idarəçiliyi səviyyəsində
elan olunurdu ki, bu ölkə bizə dostdur, bu ölkə bizə
düşməndir və s. Bu da aradan qaldırıldı.
Ümumilikdə isə bu cəhətlər Azərbaycanın
həqiqi, müstəqil dövlət olmasını təmin
etdi.
- Nizami müəllim,
xalqın və dilimizin adlandırılması məsələləri
də o zaman çox ciddi müzakirə olunmuşdu. Siz bu
müzakirələrdə iştirak etmiş bir şəxs
kimi bu prosesləri necə xatırlayır və qiymətləndirirsiniz?
- O zaman bu məsələlər
çox geniş müzakirə olundu. Xüsusilə, 1995-ci
ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul
olunanda xalqın və dilin adı ayrıca müzakirə
edildi. O dövrdə bununla bağlı müxtəlif fikirlər
səsləndi. Doğrudur, bəzi düşüncə
adamları, elm adamları deyirdilər ki, dilin adı türk
dili olsun. Təbii ki, bunun ardınca da Azərbaycan
xalqının türk xalqı adlandırılması məsələsi
gündəmə gələcəkdi. Bunun mənfi tərəflərini
biz artıq 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində
görmüşdük. Və hələ də bunun ziyanlarını
çəkməkdə idik. Yenə də müxtəlif
iddialar baş qaldırırdı, qondarma “Talış
muğan respublikası”, “sadvalçılıq” kimi
separatçı iddialar müəyyən təhlükə
olaraq qalırdı. Bütün bu məsələləri dərindən
bilən Ümummilli liderimiz ən doğru qərarı qəbul
edərək bütün mübahisələrə son qoydu.
Burada yenə də ən dərin və güclü səbəb
millətin mütəşəkkilliyinin təmin olunması məsələsi
idi. Burada bir müqayisə aparmaq istəyirəm. Əgər
1992-ci ildə sadəcə parlament səviyyəsində məhdud
bir çərçivədə Azərbaycan dilinin türk dili
elan olunması məsələsi qəbul olundusa, 1995-ci ildə
Ulu öndər Heydər Əliyev bu məsələni bir
qrupun müzakirə predmeti olmağından kənara
çıxardı. Bu məsələ bir neçə mərhələdə,
alimlərin, ziyalıların iştirakı ilə müzakirə
olundu və Konstitusiyada dilin adı Azərbaycan dili kimi qəbul
olundu. Digər tərəfdən, bəzi hallarda Azərbaycan
- Türkiyə münasibətlərindən konyukturcasına
istifadə cəhdləri də olurdu. Hətta bəzən belə
çağırışlar olurdu ki, Azərbaycanla Türkiyə
bir dövlətin tərkibində birləşsinlər. Təbii
ki, bu yolverilməz idi. Heydər Əliyevin gəldiyi qənaət
ən doğru və düzgün seçim idi.
- Bu gün artıq ölkəmiz
20 ildir ki, müstəqildir və həqiqətən bu
dövr ərzində çox böyük hadisələr
yaşanıb. İstərdik, bu 20 ildə ölkəmizin əldə
etdiyi nailiyyətlərə qısaca nəzər salaq,
onların dövlət müstəqilliyinin möhkəmlənməsində
yerindən danışaq...
- İstər biz bu
dövrü bir tarixçi düşüncəsi ilə az
hesab edək, istər başqa bir tarixçi düşüncəsi
ilə çox hesab edək, bütün hallarda heç bir
insan bu 20 il ərzində Azərbaycanın keçdiyi
böyük inkişaf yolunu inkar edə bilməz. Müstəqilliyimiz
bizə sadəcə o baxımdan dəyərli deyil ki, biz
müstəqilik. Bütün hallarda müstəqillik çox
böyük nemətdir, amma Azərbaycanın 20 ildə
keçdiyi böyük inkişaf yolunu gördükdə isə
bu müstəqillik daha dəyərli olur. İnkişaf və
müstəqillik bir yerdə daha gözəldir. Həm iqtisadi
sahə çox böyük layihələr həyata
keçirilib, Azərbaycan öz sərvətlərinə,
neftinə sahib ola bildi. Böyük layihələr həyata
keçirməsəydi, bu gün Azərbaycan heç neftini
ixrac edə də bilməzdi, dünya bazarlarına
çıxara da bilməzdi, özünü təmin edə də
bilməzdi. Məlum olduğu kimi, hətta bu günün
özündə də çox dövlətlər var ki, onun
təbii sərvətlərindən başqaları istifadə
edirlər. Azərbaycan çox böyük uğurla təbii
sərvətlərinin yaratdığı imkanlardan istifadə
edə bildi. Bunun üçün də böyük güc,
iradə sərf olundu, böyük mübarizələr
yaşandı. Heydər Əliyev bu məsələlərin
reallaşmasında həqiqətən çox böyük əmək
sərf etdi, ortaya iradə qoydu. Bu gün isə bu işləri
Prezident İlham Əliyev uğurla davam etdirir. Doğrudur, XX əsrin
sonlarında və XXI əsrin əvvəllərində Azərbaycan
hələ təşkilatlanma dövrü keçirdi və
ölkədə iqtisadi səviyyə o qədər də
yüksək deyildi. Amma son illər bu təşkilatlanma
dövrü də başa çatıb və Azərbaycan
artıq yüksək səviyyədə inkişaf yoluna qədəm
qoyub. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın
dövlət büdcəsi 1 milyard manatdan 14-15 milyard manata qədər
yüksəlib. Əhalinin milli gəlirləri xeyli artıb və
vətəndaşların sosial rifah halı əvvəlki
dövrlərlə müqayisə olunmayacaq qədər
yüksəkdir. Təbii ki, qazanılan bu uğurlar
bütün sferalarda özünü göstərir.
- Bu nailiyyətlər, əldə
olunan uğurlar Azərbaycanın beynəlxalq əlaqələrinə
hansı formada təsir göstərir? Xüsusilə, Azərbaycanın
Türk dünyası ölkələri ilə son əlaqələrindəki
mövcud durumu necə qiymətləndirirsiniz?
- Təbii ki, ölkə
daxilində qazanılan uğurlar, eyni zamanda, ölkənin
beynəlxalq əlaqələrinin güclənməsi
üçün də əsaslı zəmin yaradır və
son dövrlər Azərbaycanın beynəlxalq əlaqələrində
xeyli irəliləyişlər müşahidə
olunmaqdadır. Bunu Türk dünyası ilə əlaqələrdə
də müşahidə etmək mümkündür. Bu həm
neft faktoru, həm də ölkədə yaşayış səviyyəsinin
yüksəlməsi, əmin-amanlığın təmin
olunması ilə bağlıdır. Tam əminliklə
söyləmək olar ki, əhalinin yaşayış səviyyəsinə
görə, Azərbaycan istənilən türkdilli ölkə
ilə müqayisə oluna bilər və hətta mən deyərdim
ki, onları qabaqlayır. Xatırlayırsınızsa, AXC
hakimiyyəti dövründə müəyyən türk
dövlətləri ilə əlaqələrimizdə
böhran yaşanırdı. Məsələn, Türkmənistanla,
Özbəkistanla müəyyən problemlər yaşanmışdı
və əlaqələr demək olar ki, yox idi. Amma Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra Onun tarixi
nüfuzu, iradəsi ilə Türk dünyasında çox
böyük birləşdirici işlər görülməyə
başlandı. Türkdilli dövlət
başçılarının zirvə görüşlərinə
nəzər salsaq, Heydər Əliyevin hansı nüfuza sahib
olduğu daha yaxşı xatırlaya bilərik. Ulu öndər
deyirdi ki, türk xalqlarının mədəni, mənəvi
birliyini onların siyasi birliyi tamamlamalıdır. Və
türk xalqları arasında siyasi əlaqələrin
genişlənməsində Heydər Əliyevin liderlik
gücü hiss olunurdu. Bu gün isə Prezident İlham Əliyev
əsas türk dövlətlərinin rəhbərləri ilə
çox sıx münasibətdədir və heç də təsadüfi
deyil ki, Onu Türk dünyasının yeni lideri hesab edirlər.
Prezident İlham Əliyev də türk dövlətləri
arasında qarşılıqlı münasibətlərin
inkişaf etməsi, Azərbaycanın Türk dünyasında
nüfuzunun güclənməsi istiqamətində çox
böyük işlər görür.
- Nizami müəllim, sizin də
qeyd etdiyiniz kimi, Azərbaycan 20 ildə çox böyük
inkişaf yolu keçib və bu gün ölkəmiz
inkişaf tempinə görə dünyanın qabaqcıl
ölkələrini də qabaqlayır. Azərbaycan dövləti
bütün məsələlərdə yalnız milli
maraqlara söykənən müstəqil siyasət həyata
keçirir. Amma çox təəssüflər olsun ki, bəzi
beynəlxalq maraqlı qüvvələr bundan narahatlıq
hissi keçirir və bu inkişafın qarşısını
almaq üçün ölkəmizdəki əlaltıları
vasitəsilə müxtəlif təxribatlar törətməyə
çalışırlar. Xüsusilə, bir sıra Ərəb
ölkələrində baş verən hadisələrdən
sonra bəzi radikal müxalifət partiyalarının son
dövrlər paytaxtımızda keçirməyə
çalışdığı icazəsiz aksiyalar da bunu deməyə
əsas verir. Ümumiyyətlə, sizin bu son hadisələrə
münasibətini bilmək maraqlı olardı...
- Əvvəla, onu deyim ki, Ərəb
dövlətlərində baş verən hadisələrin Azərbaycanda
da baş vermə ehtimalı sıfıra bərabərdir. Bunun
da səbəbləri müxtəlifdir. Birincisi, son illərdə
ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində
həqiqətən çox böyük inkişaf baş
verib. Bu gün Azərbaycan dövləti dünyada ildən -
ilə imkanlarını artıran, güclənən, dinamik
inkişaf edən ölkə kimi xarakterizə olunur. Azərbaycanın
müəllifi olduğu böyük iqtisadi layihələr təkcə
ölkəmizin vətəndaşlarının deyil,
bütöv bir regionun əhalisinin həyatını təmin
edir, Azərbaycan sabitliyin və təhlükəsizliyin
qarantı kimi çıxış edir. Prezident İlham Əliyevin
həyata keçirdiyi düşünülmüş siyasət
nəticəsində Azərbaycan problemlərinin böyük əksəriyyətini
qısa müddət ərzində həll etmiş ölkəyə
çevrilib. Respublikamızda möhkəm sosial-iqtisadi
tarazlıq mövcuddur və cəmiyyətdə demokratik təsisatların
yüksək effektiv fəaliyyəti üçün hər
cür şərait yaradılıb, onların
funksionallığı tam təmin olunub. Azərbaycanda
geniş vətəndaş azadlıqları, insan
hüquqları, söz və məlumat, azadlığı
hökm sürür. Vətəndaşların bütün
sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş
proqramlar icra olunmaqdadır və artıq bunun real nəticələrini
hər bir vətəndaş öz həyatında hiss edir. Bütün
regionların inkişafı, qəsəbə, kəndlərimizdə
yaşayan əhalinin yüksək sosial həyatının təmin
olunması, onların problemlərinin həllinə nail
olunması üçün Dövlət proqramları
uğurla icra olunmaqdadır. Bu çərçivədə
son illərdə regionlarda böyük infrastruktur layihələri
həyata keçirilib, yüzminlərlə yeni iş yerləri
yaradılıb. Vətəndaşların əməkhaqqları,
pensiyalar, müxtəlif sosial müavinətlər davamlı
şəkildə artırılır, insanların həyat səviyyəsi
yüksəlir. Buna paralel olaraq, müxtəlif problemlərin,
neqativ halların da aradan qaldırılmasına yönəlmiş
tədbirlər reallaşdırılmaqdadır. O cümlədən,
ölkəmizdə korrupsiya, rüşvətxorluq,
inhisarçılıq, süründürməçilik kimi,
hətta dünyanın ən inkişaf etmiş ölkələrin
də belə mövcud olan mənfi tendensiyaların aradan
qaldırılması üçün dövlət tərəfindən
ciddi iradə ortaya qoyulub və buna uyğun olaraq, təxirəsalınmaz,
sərt tədbirlər görülməkdədir. Bu istiqamətdə
aparılan barışmaz mübarizənin müsbət nəticələrini,
gözlənilən effektini artıq vətəndaşlarımız
öz həyatlarında hiss edirlər. Bəli, sirr deyil ki, bəzi
neqativ hallar hələ də qalmaqdadır və bunu heç
kəs inkar etmir. Amma onların da həlli üçün yetərli
iradə ortaya qoyulub və inanıram ki, yaxın vaxtlarda
artıq bu problemlərin də həllinə nail olunacaq. Yəni,
vətəndaşların ciddi narazılığına şərait
yaradan səbəblər yoxdur. İkinci mühüm səbəb
isə odur ki, Azərbaycan xalqı, vətəndaşlarımız
bu günki iqtidarın fəaliyyətindən razıdır və
öz əməlləri ilə bu razılığı ifadə
edir. Nəhayət, seçkilər də göstərdi ki,
müxalifətin heç bir ciddi sosial dayağı yoxdur. Onların
iddia olunduğu kimi, beynəlxalq aləmdən ciddi dəstək
aldıqlarını da düşünmürəm. Ona görə
də, mən bu hadisələri təxribatçı səylər
kimi qiymətləndirirəm və hesab edirəm ki, bu hadisələrin
heç bir perspektivi yoxdur.
- Maraqlı söhbətə
görə, çox sağ olun!
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2011.- 7 aprel.- S.6.