Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması başlıca vəzifəmiz
olmalıdır
Beynəlxalq Diaspora Mərkəzi bu istiqamətdə
üzərinə düşən vəzifənin öhdəsindən
layiqincə gəlmək üçün silsilə tədbirlər
keçirməkdədir
Bu bir həqiqətdir ki,
hazırda Azərbaycanın haqq işinin dünyaya
çatdırılması, həmçinin, ermənilərin
xalqımıza qarşı həyata keçirdikləri
işğal və soyqırımları barədə xarici
ölkələrin ictimaiyyətinə ətraflı məlumatların
verilməsi istiqamətində dövlətimiz tərəfindən
ardıcıl və məqsədyönlü siyasət həyata
keçirilir. Öz növbəsində ölkəmizdəki
mövcud demokratik şəraitdə formalaşan və fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarımız
bu işdə dövlətimizə yaxından dəstək
olmağa çalışırlar. Yarandığı vaxtdan
etibarən Prezident İlham Əliyevin xarici siyasət strategiyasını
prioritet istiqamət kimi qəbul edən Beynəlxalq Diaspora Mərkəzi
bu yaxınlarda Türkiyədə təşkil edilən tədbirlərdə
iştirak edib. Bu barədə redaksiyamızın qonaqları
olan BDM-in sədri İsmayıl Ağayev və həmin mərkəzin
Avropa nümayəndəliyinin rəhbəri Azər Kərimov
məlumat veriblər.
Türkiyə səfərinə
toxunan İ.Ağayev bildirib ki, 30 mart-2 aprel 2011-ci il tarixlərində
onun sədrliyi ilə BDM-in nümayəndə heyəti
Türkiyənin İğdır və Qars şəhərlərində
səfərdə olub: “BDM-in Avropa təmsilçisi Azər Kərimov,
Rusiya təmsilçisi Ələmdar Nəbiyev, İtaliya
nümayəndəliyinin rəhbəri Kamran Rəsulzadə və
təşkilatın bir qrup fəalının, həmçinin,
Sultan bəy Sultanovun nəvəsi Rüstəm Paşabəyoğlunun
da təmsil olunduğu nümayəndə heyətimiz öncə
Türkiyənin İğdır şəhərində yerləşən
soyqırım abidəsini ziyarət etdi, abidə önünə
gül çələngi qoydu. Daha sonra Asılsız Erməni
Soyqırımı İddialarıyla Mücadələ Dərnəyinin
(ASİM-DER) başkanı Göksəl Gülbəylə
görüş keçirildi. Səfər müddətində
Ümummilli lider Heydər Əliyevin və Türk
dünyasının böyük oğlu Mustafa Kamal
Atatürkün abidələri ziyarət olunaraq,
çıxışlar edildi və abidələr önünə
gül çələngi qoyuldu”.
İ.Ağayev deyib ki, səfərin
növbəti dayanacağı Qars şəhər olub: “31 mart
Azərbaycan türklərinin soyqırımı ilə
bağlı Qars Qafqaz Universitetində anım mərasimi
keçirildi. Nümayəndə heyətimiz universitetdə
yaradılmış Heydər Əliyev Mərkəzi ilə
Nümayəndə heyətimiz
Qarsdakı türk-erməni dostluq abidəsi adlanan yerdə
etiraz aksiyası keçirərək, ermənilərin bu
günə qədər törətdikləri vəhşilikləri
qınayıb: “Aksiya zamanı biz, həmçinin, bir ay
öncə qətlə yetirilmiş 9 yaşlı Fariz Bədəlovun
timsalında öldürülmüş bütün uşaqların
və günahsız insanların qatilləri olan
sarkisyanların cavab verəcəyi vaxtın gələcəyini
bəyan etdik və şüarlar səsləndirdik. Biz bundan
başqa Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın
bu “abidə”nin sökülməsi ilə bağlı göstərişini
alqışladığımızı bildirdik. Onu da deyim ki,
nümayəndə heyətimiz Azərbaycan
Respublikasının Baş Konsulluğu və Türkiyənin
Milliyətçi Hərəkat Partiyasının (MHP) Qars təşkilatının
rəhbərliyi ilə görüşlər keçirdi. Mən
bu səfər zamanı bizə yaxından dəstək
göstərən Qarsdakı baş konsulumuz Ayxan
Süleymanova və konsulluq əməkdaşlarına təşəkkürümü
bildirirəm”.
BDM-in Avropa nümayəndəliyinin
rəhbəri Azər Kərimov isə ölkəmizlə
bağlı həqiqətlərin Avropa ölkələrində
təbliği istiqamətində BDM tərəfindən
görülən işlər barədə məlumat verdi: “Məlum
olduğu kimi, 26 Fevral-Xocalı soyqırımı ilə
bağlı BDM tərəfindən də Avropanın bir
sıra ölkələrində, o cümlədən,
Çexiyada silsilə tədbirlər keçirilib. Bu il millət
vəkilimiz, BDM-in Məşvərət Məclisinin sədri
Gülər Əhmədovanın və Azərbaycandan
getmiş digər nümayəndələrin iştirakı ilə
Çexiyadakı müxtəlif universitet və təşkilatlarda
“Xocalıya ədalət” kampaniyası çərçivəsində
keçirilən tədbirlər isə xüsusi olaraq fərqlənirdi.
Çünki həmin tədbirlərdə məruzəçilər
artıq azərbaycanlılar deyil, tanınmış çex
alimləri idi. Bu isə Azərbaycan həqiqətlərinin
avropalılara məhz onların öz dilindən
çatdırılmasında mühüm rol oynayır.
Xocalı soyqırımı ilə bağlı əsl
gerçəklikləri eşidən Çexiyanın müəllim
və tələbə heyəti göz yaşlarını
saxlaya bilmirdilər. Onu da deyim ki, istər Çexiyada, istərsə
də digər Avropa dövlətlərində olan alimlər
ölkəmiz barədə, ermənilərin xalqımıza
qarşı həyata keçirdikləri işğal və
soyqırımı siyasəti haqqında daha çox
maraqlanmağa başlayıblar. BDM olaraq avropalı alimlərin,
tanınmış şəxslərin Azərbaycana səfərini,
bu səfərlər zamanı onların qaçqın və
məcburi köçkün soydaşlarımızla
görüşlərini təşkil edirik ki, bu da təbliğat
baxımdan mühüm əhəmiyyət kəsb edir”.
Onu da vurğulamaq yerinə
düşər ki, qonaqlarımız son vaxtlar Azərbaycanda
baş verən bəzi xoşagəlməz olaylara da
münasibət bildiriblər. “Biz həm Milli QHT Forumunun
üzvü kimi, həm də ayrılıqda beynəlxalq
yönümlü qeyri-hökumət təşkilatı olaraq əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən siyasəti birmənalı olaraq dəstəkləyir,
Azərbaycanın haqq səsinin bütün dünyaya
çatdırılması istiqamətində dövlətimizin
həyata keçirdiyi siyasətə dəstək olmaq
üçün üzərimizə düşən vəzifənin
öhdəsindən layiqincə gəlməyə
çalışırıq”, - deyən İ.Ağayev, eyni
zamanda, ölkədə baş verən bəzi hadisələrin
onlarda qəzəb və təəssüf hissi
oyatdığını əlavə edib: “Bu gün ölkəmiz
öz inkişaf tempinə görə, Cənubi Qafqazın
lider dövlətinə çevrilib. Azərbaycanda
reallaşdırılan uğurlu siyasət bütün sahələrin
inkişafına təkan verməklə yanaşı, əhalinin
sosial-rifah halının daha da yaxşılaşmasına səbəb
olub. Məhz həyata keçirilən
balanslaşdırılmış xarici siyasət kursunun
uğurlu nəticəsidir ki, hazırda regionda
reallaşdırılan bütün qlobal əhəmiyyətli
layihələr zamanı ölkəmizin mövqeyi mütləq
şəkildə nəzərə alınır. İstər
ölkəmizdə, istərsə də Vətəndən kənarda
yaşayan hər bir azərbaycanlının yeganə məqsədi
isə bir nömrəli problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli, həmçinin,
ermənilərin xalqımıza qarşı həyata
keçirdikləri bəşəri cinayətlərin
dünya miqyasında ifşa edilməsi istiqamətində
dövlətimizin, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətə dəstək olmaq, bu istiqamətdə
üzərimizə düşən vəzifənin öhdəsindən
layiqincə gəlməkdən ibarətdir. Biz də BDM olaraq
bu istiqamətdə bir sıra addımlar atmaqdayıq. Bununla
belə, təəssüflə qeyd edim ki, bizlər ermənilərin,
şəxsən Serj Sarkisyanın cinayətkar əməllərinin
lənətlənməsi üçün xarici ölkələrdə,
sonuncu dəfə isə Türkiyənin İğdır və
Qars şəhərlərində aksiyalar keçirdiyimiz halda
Bakıda bəzi radikal qüvvələr icazəsiz etiraz
aksiyaları keçirməklə, ölkəmizdəki
sabitliyi pozmağa cəhd göstərirlər. Lakin bu gün
Azərbaycanda stabilliyi pozmaq düşmənlərimizdən
başqa kimsəyə xeyir gətirməz. Daha doğrusu,
hazırda ölkəmizin inkişafından narahatlıq
keçirən ermənilərin və onların xarici
havadarlarının Azərbaycanda xaos və anarxiyanın
yaranmasını arzuladıqları kimsəyə sirr deyil.
Bununla belə, hər kəs bilməlidir ki, bu qüvvələrin
arzuları ürəklərində qalacaq. Əvvəla, ona
görə ki, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur və
xalqımız birmənalı şəkildə Prezident
İlham Əliyevi dəstəkləyir. Digər bir tərəfdən,
demokratik ölkə olaraq Azərbaycanda bütün
addımlar qanunlar çərçivəsində
atılmalıdır”.
İ.Ağayev onu da əlavə
edib ki, bu gün ölkəmizin hərtərəfli
inkişafı istiqamətində lazımi göstərişlər
verən, mühüm sənədlər imzalayan dövlət
başçısı, eyni zamanda, mövcud problemlərin həlli
istiqamətində də qətiyyətli addımlar atır:
“Mən Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa
qarşı aparılan qətiyyətli mübarizə, həmçinin,
vətəndaşların sosial rifah halının daha da
yaxşılaşdırılması istiqamətində
görülən işlərə görə, BDM adından
möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına
dərin minnətdarlığımı bildirirəm. Dövlət
başçısı, problemlərin həlli istiqamətdə
atılan addımların daha da effektli olması
üçün xalqın da fəal olmasını istəyir.
Yəni, cənab Prezident bu istiqamətdə öz mövqeyini
ortaya qoyub. Bizlər isə bu mövqeyi müdafiə etməli,
Prezidentimizə dəstək verməliyik. Təəssüflər
olsun ki, bəzi vətəndaşlarımız bu mövqeyi
müdafiə etmək əvəzinə ölkədə
kütləvi iğtişaşlar törətməyə,
anarxiya və xaos yaratmağa cəhd göstərirlər. Bu
birmənalı şəkildə qəbulolunmazdır və
BDM olaraq biz möhtərəm Prezidentimizin mövqeyini
müdafiə edirik”.
“Mən də birmənalı
olaraq bəyan edirəm ki, xalqımız Prezident İlham Əliyevi
dəstəkləyir”, - deyən Azər Kərimovun sözlərinə
görə, dünya azərbaycanlıları vahid Vətənimiz
olan Azərbaycanda hər hansı qarşıdurmanı qətiyyətlə
pisləyir: “Biz xaricdə yaşayan azərbaycanlılar Ulu
öndər Heydər Əliyevin dünya azərbaycanlılarına
ünvanlanmış “heç bir zaman unutmayın ki, sizin Azərbaycan
adlı müstəqil dövlətiniz var” müraciətini hər
zaman özümüzün fəaliyyət prinsipi hesab edir,
eyni zamanda, dövlətimiz uğrunda
çalışırıq. Amma son günlər Azərbaycanda
baş verən bəzi xoşagəlməz olaylar, ölkəmizdə
sabitliyin pozulmasına yönəlmiş cəhdlər bizi -
xaricdə yaşayan azərbaycanlıları da çox hiddətləndirir.
Biz işğal altındakı torpaqlarımızın azad
edilməsinə nail olmaq üçün birlikdə addım
atmalıyıq və indiki halda Azərbaycanda hər hansı
qanunsuz hərəkətlərə, xaos və anarxiyaya qəti
surətdə yol vermək olmaz”.
Uzun illərdir xaricdə
yaşan bir azərbaycanlı kimi Prezident İlham Əliyevin
ölkəmiz və xalqımız üçün həyata
keçirdiyi siyasətin onda böyük qürur hissi
yaratdığını deyən A.Kərimov, həmçinin,
aşağıdakıları da əlavə edib: “Bu gün Azərbaycan
yüksək inkişaf mərhələsini yaşayır. Mənim
xaricdəki həmkarlarım, Avropada yaşayan ziyalılar Azərbaycana
səfərlərdən olduqca müsbət, pozitiv təəssüratlarla
qayıdırlar. Ölkəmizdəki bu inkişaf onları
heyran edir. Bütün bunların fonunda Azərbaycanın bu
inkişafına sevinməkdənsə, ona mane olmağa cəhd
göstərmək isə, sadəcə olaraq, düşmən
dəyirmanına su tökmədir. Bu gün bizlər ölkəmizdə
qarışıqlıq yaradan radikal qüvvələrə birmənalı olaraq “yox” deməklə
yanaşı, bir bayraq altında və möhtərəm
Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməliyik”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2011.- 7 aprel.- S.6.