Azərbaycan beynəlxalq miqyaslı tədbirlərin mərkəzi nöqtəsinə çevrilir

 

Bakıda keçiriləcək Beynəlxalq İqtisadi Siyasət Forumunda dünya iqtisadiyyatının inkişafı yolları və ölkələr arasında çoxtərəfli əməkdaşlıq meyillərinin gücləndirilməsi məsələləri müzakirə olunacaq

 

Azərbaycanda yaxın vaxtlarda Beynəlxalq İqtisadi Siyasət Forumu keçiriləcək. Dünyanın nüfuzlu maliyyə institutları, bank strukturları, elmi-iqtisadi tədqiqat mərkəzləri, reytinq agentlikləri və tanınmış iri holdinqlərin nümayəndələrinin iştirak edəcəyi tədbirdə qlobal iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı geniş müzakirələr aparılacaq, ölkələr arasında maliyyə-iqtisadi əməkdaşlığın artırılması barədə təkliflər nəzərdən keçiriləcək. Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef Ouen bildirib ki, beynəlxalq foruma hazırlıq işləri gedir və iştirakçı dövlətlərin hökumət üzvləri bir sıra detalları aydınlaşdırırlar. Cənab Ouen tədbirdə qlobal böhrandan çıxış yollarına dair çoxsaylı təkliflərin səsləndiriləcəyini bəyan etsə də, forumda iqtisadiyyatın inkişafı, diversifikasiyası, əmək bazarı, işsizlik, maliyyə-bank bazarı və digər bölmələrlə bağlı məsələlərin də əsas diqqət mərkəzində olacağını istisna etməyib.

Bir çox maliyyə institutlarının nümayəndələri və biznes dairələrinin üzvləri Beynəlxalq İqtisadi Siyasət Forumunu ümumdünya antiböhran sammiti də adlandırırlar. Dünyanın nüfuzlu “Finmarket” agentliyinin ekspertlərinin qənaətinə görə, forumda dünyanın inkişaf etmiş ölkələri Bakıda bir araya gələrək iqtisadiyyatın sağlamlaşdırılması, həmçinin, qlobal maliyyə böhranı ilə bağlı qabaqlayıcı sərt tədbirlərin həyata keçirilməsi barədə öz təkliflərini irəli sürəcəklər. Agentlik hesab edir ki, antiböhranla bağlı son illər bir neçə ssenari hazırlansa da, yenə də dünya iqtisadiyyatını canlandırmaq mümkün olmayıb, buna görə də, yeni ssenarilərin hazırlanması olduqca vacibdir. “Finmarket” Bakı Forumunda maliyyə böhranının aradan qaldırılması yolları ilə yanaşı, iqlim dəyişiklikləri, qlobal istiləşmə, bu cür problemlərin yaranmasında ətraf mühitə buraxılan reaktiv maddələrin təsiri kimi amilləri də nəzərdən keçirəcəklər.

Dünyanın nüfuzlu iqtisadçılarından hesab olunan Stiven Rouç isə bu arada bir sıra ölkələrin, o cümlədən, Azərbaycanın böhran illərində belə inkişaf etməsinə diqqət çəkərək iri dövlətlərin - supergüclərin hələ də ağır tənəzzülə məruz qaldığını açıqlayıb. İqtisadçının fikrincə, dünya birjalarında indekslərin ümumi enişi onu təsdiqləyir ki, investorlar bu il də dünya iqtisadiyyatında tənəzzülə hazırlaşırlar. S.Rouc bu məsələdə dünya iqtisadiyyatındakı inhisarçılığın və spekulyasiyaların təsirinin az olmadığını söyləyir. Onun fikrincə, bu gün dünya ticarəti açıq-aşkar iki nəhəng qütbün - qlobafillərin və qlobafobların mövqeləri əsasında idarə olunur. Cənab Rouç hesab edir ki, dünyanın inkişaf etmiş dövlətləri bu il də iqtisadi və siyasi risklərlə üzləşməli olacaq.        

İstər Stiven Rouç, istərsə də digər iqtisadi tədqiqat mərkəzlərinin ekspertləri Azərbaycanın inkişafına diqqət çəkərək respublikamızda həyata keçirilən uğurlu islahatların mühüm effektiv nəticələr verməsinə də toxunublar. Xarici ekspertlərin ümumi fikirləri bundan ibarətdir ki, Azərbaycan böhrana qarşı mükəmməl iqtisadi konsepsiya hazırlayaraq həyata keçirməklə makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasına və real sektorda iqtisadi dinamizmin artmasına nail olub. Respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir və böhranın növbəti fazasının ölkəmizə mənfi təsirlərinin qarşısını alıb. Maliyyə sisteminin möhkəmliyinin qorunub saxlanması, həyata keçirilən pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər öz müsbət səmərəsini verib. Bütün ölkələrin valyuta bazarı böhran tsiklinin qarşısında tab gətirə bilməyib və milli valyutalar devalvasiyaya uğrayıb, amma Azərbaycan hökumətinin  valyuta sistemi üzrə həyata keçirdiyi monetar siyasət nəticəsində milli valyutanın bazarda aktiv pul aləti kimi çəkisi artıb. Azərbaycan manatının məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənib və bölgədə ikinci dəyər aləti kimi çıxış edir.

Beynəlxalq maliyyə institutlarının ekspertləri digər iqtisadi bölmələrdə və investisiya bazarında da Azərbaycanın aktiv iştirakına diqqət çəkirlər və respublikamızın həyata keçirdiyi düşünülmüş iqtisadi siyasətini təqdir edirlər. Azərbaycanın inkişaf modelinin uğurlu olduğu və bu modelin bir sıra elementlərinin öyrənilməsinin əhəmiyyətliliyi vurğulanır. Bu tendensiya bir daha onu təsdiq edir ki, Avropa İttifaqı dövlətləri ümumdünya problemləri, qlobal layihələr barədə məsləhətləşmələrdə Azərbaycanın mövqeyinə ehtiyac duyurlar. Onlar beynəlxalq iqtisadi əməkdaşlıqda və yanacaq-enerji resurslarının dünya iqtisadi bölgüsündə Azərbaycanın mühüm əhəmiyyətini nəzərə alaraq vacib qərarların qəbul olunmasında ölkəmizlə razılaşdıqlarını nümayiş etdirirlər. Respublikamızın dünyada artan nüfuzu və etibarlı tərəfdaş olması iqtisadi güclər tərəfindən qəbul olunur və ümumdünya masştablı müzakirələrdə ölkəmizin, təklifləri müstəsna əhəmiyyəti ilə fərqlənir.

Göründüyü kimi, respublikamızda keçirilməsi planlaşdırılan Beynəlxalq İqtisadi Siyasət Forumu bir daha Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin mərkəzi nöqtəsinə çevrildiyini ehtiva edir. Azərbaycanda beynəlxalq sammitlərin keçirilməsi təşəbbüsləri bir daha Azərbaycanın regionda lider dövlət olması qənaətinin əyani şəkildə təsdiqidir. Bu tendensiya ölkəmizin iqtisadi inkişafının təntənəsi və dünya üçün ən potensial təchizatçı olmasına verilən qiymətdir. Bakı İqtisadi Forumu dünyada azad ticarətin, ölkələr arasında ikitərəfli əməkdaşlığın güclənməsi, qlobal iqtisadiyyatın inkişaf etdirilməsi, maliyyə-bank sektorunda çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi və digər faktorlar baxımından mühüm əhəmiyyət daşıyacaq.

 

 

ELBRUS CƏFƏRLİ

 

Yeni Azərbaycan.- 2011.- 7 aprel.- S.4.