Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasından 19 il keçir

 

Moskva, 5 aprel (AzərTAc). Bu günlərdə Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 19 ili tamam olur. Hər iki ölkənin dövlət başçıları haqlı olaraq Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri kimi qiymətləndirir.

Ekspertlərin fikrincə, son illərdə Azərbaycan ilə Rusiya arasında bütün istiqamətlər üzrə əməkdaşlıq intensivləşmiş və fəal inkişaf etmişdir. 2010-cu il sentyabrın 2-3-də RF prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri, 2009-cu ilin iyununda və 2010-cu ilin noyabrında ölkəmizə işgüzar səfərləri, habelə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin iyun, iyul və noyabr, 2010-cu ilin yanvar, may, iyun, oktyabr və dekabr aylarında Rusiyaya işgüzar səfərlərinin gedişində əldə edilmiş razılaşmalar iki ölkənin münasibətlərinin inkişafına, onların dostluq və mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsinə güclü təkan vermişdir. 2010-cu ilin sentyabrında iki ölkənin prezidentləri tərəfindən Bakıda Azərbaycan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası haqqında tarixi müqavilə imzalanması mühüm hadisə olmuşdur.

Əməkdaşlıq haqqında əvvəllər imzalanmış sazişlərə uyğun olaraq son illərdə konkret layihələr həyata keçirilmiş, humanitar sahədə qarşılıqlı fəaliyyətin möhkəmlənməsi prosesi güclənmiş, dövlətlərarası əməkdaşlığın fəallaşmasına, siyasətçilər, alimlər, mədəniyyət xadimləri və işgüzar dairələr arasında əlaqələrin genişlənməsinə kömək edən çoxsaylı tədbirlər keçirilmişdir.

İki ölkə arasında əməkdaşlığın ticari-iqtisadi sahəsində müsbət nəticələr əldə edilmişdir. Məsələn, 2009-cu ildə dünya maliyyə böhranı ilə əlaqədar əmtəə dövriyyəsinin həcminin azalmasına baxmayaraq, 2010-cu ildə Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafında sabitliyə nail olunmuşdur. Belə ki, keçən il əmtəə dövriyyəsi 9,4 faiz artaraq 1947,9 milyon ABŞ dollarına bərabər olmuşdur. Azərbaycan Respublikası ilə RF subyektlərinin əlaqələrinin inkişafı, müştərək müəssisələr yaradılması, təsərrüfat subyektlərinin nümayəndəliklərinin və filiallarının açılması, onların fəaliyyətinin tənzimlənməsi və səmərəsinin artırılması üzrə tədbirlər görülməsi mühüm addım olmuşdur. Enerji təchizatı sahəsində əməkdaşlıq uğurla inkişaf etmişdir. 2010-cu ildə Azərbaycandan Rusiyaya 0,8 milyard kubmetr qaz nəql edilmiş və 2011-ci ildə bu rəqəmi 2 milyard kubmetrə qədər artırmaq barədə razılıq əldə edilmişdir. 2010-cu ildə “Bakı-Novorossiysk” neft kəməri vasitəsilə RF ərazisindən tranzit yolla nəql edilmiş Azərbaycan neftinin həcmi 2,3 milyon ton olmuşdur. Azərbaycan və Rusiyanın enerji sisteminin paralel iş rejimində elektrik enerjisinin qarşılıqlı satışı da davam edir: 2010-cu ildə Rusiyadan Azərbaycana 17,8 milyon kilovat-saat enerji ixrac edilmiş, Azərbaycan enerji sistemindən Rusiyaya idxalın həcmi isə 202,6 milyon kilovat-saat təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, RF subyektləri ilə Azərbaycan hökuməti arasında 30-dan çox ikitərəfli sənəd, o cümlədən ticari-iqtisadi, elmi və mədəni əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Rusiya-Azərbaycan əlaqələrinin sərhədyanı formatı bütövlükdə dövlətlərarası münasibətlər kompleksində mühüm rol oynayır. Dağıstan və Tatarıstan Respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Voloqda və Çelyabinsk vilayətləri, Moskva və Sankt-Peterburq şəhərləri ölkəmizlə daha fəal əməkdaşlıq edir.

Azərbaycan ilə Rusiya arasında humanitar sahədə böyük iş aparılır. Mütəmadi olaraq mədəniyyət günləri və həftələri, fotosərgilər və bədii sərgilər, konfranslar və “dəyirmi masa”lar keçirilir, birgə elmi, təhsil və humanitar layihələr reallaşdırılır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və RF Prezidenti Administrasiyasının başçısı Sergey Narışkinin iştirakı ilə Bakıda Birinci Rusiya-Azərbaycan humanitar forumunun keçirilməsi ölkələrimizin ictimaiyyətinin həyatında mühüm hadisələrdən biri olmuşdur.

Bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsi müsbət qiymətləndirilir, hərçənd həmişə irəliyə can atmaq mümkündür. Hər iki ölkədə əmindirlər ki, ikitərəfli əlaqələrin zəngin potensialından daha geniş istifadə edilə bilər. Rusiya ATƏT-in həmsədri olmaqla son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində nəzərəçarpacaq fəallıq göstərir. Lakin Azərbaycan ümid edir ki, çox böyük siyasi və sülhyaratma potensialına malik olan Rusiya bu məsələdə daha sanballı və həlledici rol oynaya bilər.

 

 

Yeni Azərbaycan.- 2011.- 7 aprel.- S.6.