Novruz Məmmədov: Xankəndində
hava limanının inşası Dağlıq Qarabağ
münaqişəsinin həllinə çox güclü zərbə
vurur
Prezident
Administrasiyasının xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədovun SİA-ya müsahibəsi:
- Dağlıq
Qarabağdakı separatçı rejim ilə Ermənistanın
hakimiyyət dairələrinin Xankəndində hava limanı
inşa etməsi münaqişə bölgəsindəki
situasiyaya necə təsir edəcək?
- Bütün aspektlərdə
bu məsələnin dəyərləndirilməsi lazım gələrsə,
bu, Cənubi Qafqazda gedən proseslərə çox mənfi
təsir göstərir. Belə ki, ilk növbədə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə
çox güclü zərbə vurur. Azərbaycan 1992-ci ildən
Birləşmiş Millətlər Təşkilatının
üzvüdür və onun ərazi bütövlüyü
dünyanın bütün dövlətləri tərəfindən
tanınıb. Bununla yanaşı dünya birliyi Azərbaycan ərazilərinin
bir hissəsinin, Dağlıq Qarabağ və onun ətrafındakı
yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edildiyini və bu günə qədər
işğal altında saxlanıldığını qəbul
edir. Bu gün də, beynəlxalq birliyin, bir sıra beynəlxalq
təşkilatların köməyi və iştirakı ilə
bu münaqişənin sülh və danışıqlar yolu
ilə həlli istiqamətində proses gedir.
Eyni zamanda Azərbaycan və
Ermənistan prezidentlərinin görüşlərində ATƏT-in
Minsk qrupunun həmsədrlərilə bərabər Rusiya
Federasiyasının prezidenti də fəal iştirak edir.
Münaqişə bu gün də həll olunmayıb.
Baxmayaraq ki, bu istiqamətdə müəyyən addımlar
atılıb. Belə olan halda Ermənistan tərəfinin
münaqişənin sülh və danışıqlar yolu ilə,
beynəlxalq hüquq normaları çərçivəsində
həlli ilə bağlı bəyanatları nə deməkdir?
Guya ki, Ermənistan münaqişənin tənzimlənməsi
ilə bağlı addımlar atmaq və bu sahədə
öz səylərini ortaya qoymaq istəyir. Digər tərəfdən
isə beynəlxalq hüququn birbaşa pozulması ilə nəticələnən
addımlar atır.
Dağlıq Qarabağ bu
gün Azərbaycanın ərazisidir. Ermənilər nə qədər
iddia etsələr də, nə qədər cəhdlər
göstərsələr də, heç bir ölkə tərəfindən
bu qondarma qurumun tanınması faktı yoxdur və bu heç
vaxt olmayacaq. Belə olan halda, Ermənistan və Dağlıq
Qarabağın qondarma qurumu birbaşa beynəlxalq hüququ
pozur. Bu, münaqişəyə sivil, beynəlxalq hüquq
normaları çərçivəsində yanaşma deyil.
Ermənistanın bu addımları Azərbaycan tərəfindən
qəbul edilə bilməz. Ermənistan tərəfinin
münaqişənin həlli ilə bağlı mövqeyinin
dəyişməyinə gəlincə, mən
düşünürəm ki, dəyişmə prosesi hələ
davam edəcək.
- Xankəndində hava
limanının açılışına hazırlıqlar
və separatçıların son davranışlarına
dünya birliyinin reaksiyası çox qəribədir. Sizcə,
bu beynəlxalq hüquq anlayışının yalnız
söz olduğuna dəlalət etmirmi?
- Biz bununla bağlı
müəyyən bəyanatlar veririk. Bugünkü beynəlxalq
hüququ İkinci Dünya müharibəsindən sonra
dünyanın aparıcı dövlətləri yaradıblar.
Onlar 200-ə yaxın dövlətə bu beynəlxalq
hüquq normaları çərçivəsində bir-biri ilə
əlaqələr və münasibətlərin bütün
sahələrdə qurmaq təklifini veriblər. Amma təəssüflər
olsun ki, bu gün həmin təkliflər və beynəlxalq
hüquq prinsiplərinin həyata keçməsi məsələsində
problemlər mövcuddur. Məhz dünyanın əsas
aparıcı dövlətlərinin fəaliyyətində biz
bu gün beynəlxalq hüquq normaları və prinsiplərinə
tam səmimi və ədalətli yanaşma görə
bilmirik. Çox zaman bu dövlətlərin fəaliyyətini
dərindən, ətraflı sürətdə, arqumentlərlə
təhlil etdikdə, görürük ki, onların özləri
də buna çox birtərəfli yanaşırlar. İngilis
siyasətçisi və filosofu belə bir fikir söyləyib:
Beynəlxalq hüququ böyük dövlətlər
yalnız özləri üçün yaradıblar. Onlar
özlərinə lazım olanda adını çəkib onu
tətbiq etmək üçün bütün səyləri
ortaya qoyurlar. Başqalarına lazım olanda bunu etmirlər.
- ABŞ-ın Azərbaycandakı
səfiri Metyu Brayzanın Xankəndində aeroportun
açılması və oraya aviareyslərin təşkili
barədə açıqlamasına münasibətiniz necədir?
- Mənim buna münasibətim
əlbəttə mənfidir. Belə addımları atmaq
lazım deyil. Bu gün beynəlxalq hüquqa müəyyən
mənada saymazyana yanaşarıqsa, bundan yalnız bir sıra
dövlətlər zərər çəkə bilər. Əslində
həqiqi strateji düşüncəli siyasətçi,
ölkəsinin gələcəyini yalnız bir-iki il
üçün yox, uzun illər üçün görmək
istəyən siyasətçi anlamalıdır ki, bu cür
addımlar son nəticədə strateji baxımından, uzun
müddətlilik baxımından həmin dövlətin elə
özünə təsir göstərər. Çünki,
dünyada proseslər sabit qalmır, daim dəyişir və
onun bir ildən yox, iyirmi, otuz, yüz, iki yüz ildən sonra
nə cür olacağına heç kəs təminat verə
bilmir. Ona görə də bu cür addımlar atmaq lazım
deyil. Məhz bu gün dünyada hüquqi, ədalətli
yanaşmanı başda Amerika Birləşmiş
Ştatları olmaqla aparıcı dövlətlərdən
gözləyirlər. Onlar da buna bəzən etinasızlıq
göstərəndə, bəzən proseslərə özləri
istədiyi kimi yanaşanda, o zaman bu, elə-belə uzunmüddətli
düşüncə çərçivəsində nəticəsiz
qalmaz. Çox təəssüflər olsun ki, bir sıra Qərb
dövlətləri müəyyən vəziyyətdə bir
az yumşaq desək, bizim gördüyümüz məsələlərə
müəyyən maraqlar çərçivəsində
yanaşırlar. Yəni, Ermənistanın maraqlarından
tutmuş öz maraqlarına qədər və ya öz
maraqlarından tutmuş Ermənistan maraqlarına qədər.
Bu da düzgün deyil. Bütünlükdə, ikili standart
yanaşmanı təkcə Azərbaycan üçün yox,
bütün beynəlxalq qayda-qanun üçün zərərli
bir proses, mövqe hesab etmək lazımdır.
- ATƏT-in Minsk qrupu həmsədrləri
gələn həftə bölgəyə səfər edəcəklər.
Fikrinizcə, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona
növbəti səfəri konkret nəticələr verə
bilərmi?
- Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri
müəyyən səylər göstərirlər, lakin bu gün
gedən danışıqlar prosesi çox mürəkkəb
xarakterlidir. Rusiya Federasiyasının prezidenti bu istiqamətdə
fəal iştirak edir, münaqişənin həllində
maraqlı olduğunu bəyan edir. Amma bu gün beynəlxalq
hüququn həyata keçirilməsi və
reallaşdırılması ən vacib məsələdir. Əslində,
Ermənistana beynəlxalq hüquq baxımından təzyiq
olsaydı, onun qarşısında bu məsələlərlə
bağlı konkret mövqe qoyulsaydı, Ermənistan heç
bir şey edə bilməzdi. Çox təəssüflər
olsun ki, bu gün Ermənistana heç bir təzyiq olunmur. Məhz
buna görə Ermənistan özünü müəyyən
mənada rahat hiss edir, məkrli planlarını tez-tez ortaya
qoyur və münaqişənin həllində vaxtı uzatmaq
üçün bütün imkanlardan istifadə etməyə
çalışır. Buna görə də sizin
sualınıza konkret cavab vermək çətindir.
Bu yaxınlarda Minsk qrupu həmsədrlərinin
rəhbərlik etdiyi faktaraşdırıcı missiya
işğal olunan ərazilərdə monitorinq həyata
keçirdi. Orada beynəlxalq təşkilatların nümayəndələri
də var idi. Açıq göstərirlər ki, bu gün
iyirmi il əvvəl işğal olunan ərazilərdə vəziyyət
necədir. Həmin mətndə hər şey yazılıb. Əslində
beynəlxalq təşkilatlar, həmin dövlətlər,
regional təşkilatlar, qeyri hökumət təşkilatları
Azərbaycan haqqında balaca bir hadisə olan kimi
dünyanın hər yerinə müxtəlif xarakterli
informasiyalar yayan qurumlar heç olmasa ədalət naminə,
haqq naminə, onunla bağlı da yazsınlar. Həmsədrlərin
sahə qiymətləndirmə missiyasının mətnini
oxuyandan sonra onlar mütləq buna qarşı bir mövqe
bildirməli idilər. İyirmi ildir ki, ərazilər
darmadağın edilir, dağıdılır və vəziyyət
çox pisdir. Onlar da bunu görürlər. Heç buna
normal, konkret, operativ, ədalətli mövqe nümayiş
bildirmək istəmirlər. Bu bizim bugünkü beynəlxalq
münasibətlər sütununun böyük bir problemidir və
bu problemin belə qalması ümumiyyətlə, çox təhlükəlidir.
- Dağlıq Qarabağ məsələsində
Ermənistanın radikal siyasəti bölgədə yeni
müharibəyə səbəb ola bilərmi?
- Biz belə
düşünürük ki, hələlik sülh və
danışıqlar yolu ilə münaqişənin həlli
üçün imkanlar var. Yəni, bunun üçün
resurslar tükənməyib. Baxmayaraq ki, Ermənistan tərəfi
qeyri-konstruktiv mövqe tutur və vaxtı daim uzatmağa
çalışır. Amma bu, əslində, onların faciəsidir,
ağıllı və uzaqgörən olmaları demək
deyil. Bu, onların məkrli olması, həyatlarını
yalnız saxta, riyakar, belə məkrli proseslər üzərində
qurması deməkdir. Onlar bu illər ərzində keçən
dövrü yaxşı təhlil edib nəticələr
çıxarmağı bacarsaydılar, görərdilər
ki, keçən iyirmi ildə onlar nə qədər geriyə
düşüblər. Əslində onlar dərindən
düşünə bilsəydilər, bu iyirmi il ərzində
Azərbaycanın hesabına Cənubi Qafqazda inkişaf
etmiş dövlətlərdən biri olardılar.
Hətta sovet dövründəki
o illər ərzində Ermənistan Azərbaycanın
hesabına firavan yaşayıb. Yəni, Azərbaycanın
resursları hesabına yaşayıb. Bu faktdır və
göz qabağındadır. Lakin ermənilərin rəhbərlərinin
yüz illərlə qalan bir xəstəliyi var ki, hazırda
da bu xəstəlikdən sağala bilmirlər. Onlar
bütün maraqları özlərinin maraqlarına qurban verərək
yalan, saxta sənədlər, fikirlər üzərində
özlərinin tarixini yaradaraq bütün xalqı ona girov
edirlər və düşünmürlər ki, belə davam etdikcə
Cənubi Qafqazda yaranan situasiya Ermənistanla Azərbaycan
arasında olan fərqi onlar üçün daha pis, faciəvi
bir vəziyyətə gətirib çıxaracaq. Amma fikir
verin, Gürcüstanla Azərbaycan arasında necə gözəl
əməkdaşlıq var. Məgər Qafqaz ölkələri
bir-biri ilə sıx münasibətdə mehriban yaşaya bilməz?
Sovet dövründə yaşaya biliblərsə, demokratiya
dövründə azadlıq dövründə niyə
yaşamasınlar? Birgə uğurlar əldə etməklə
yaşaya bilərlər və bundan da Ermənistan tərəfi
yalnız on qat artıq qazanardı. Ermənilər Bakıda və
Azərbaycanlın digər rayonlarda yaxşı
yaşayırdılar. Dağlıq Qarabağda onların
muxtariyyətini kim almışdı ki? Lakin bunu başa
düşüb qiymətləndirə bilmirlər. Bir daha
deyirəm ki, Ermənistanın hakim dairələri öz
maraqlarını millətin maraqlarından üstün tutur və
xalqı öz maraqlarının girovuna çevirir.
- Radikal müxalifətin son
aksiya cəhdlərini necə qiymətləndirirsiniz?
- Azərbaycan bu gün təkcə Cənubi Qafqazın yox, dünya dövlətləri arasında son illər ərzində ən dinamik inkişaf edən, sabitliyi və təhlükəsizlik şəraitini təmin edən bir dövlətdir. Bu bir ilin hadisəsi deyil. On beş il ərzində dinamik inkişafı təmin edən bir dövlət bu gün də inkişaf etməkdə davam edir. Əlbəttə, bu həm ölkə daxili, həm də xaric üçün gözəl bir misaldır. Bunu hamı görür və qiymətləndirir. Elə buna görə də müəyyən mənada bu proses həm ölkə daxilində, həm də xaricdə müəyyən dairələrin qısqanclığı özünü göstərir. Bu qısqanclıq indi də var, həmişə olub və olacaq. Amma digər tərəfdən bu gün iyirmi ildən artıq bir dövrdə hərəsi bir partiyanın rəhbəri, sədri və yaxud başqanı olub. Bunlar özlərinin artıq siyasi cəsəd olduqlarını çox yaxşı başa düşürlər, anlayırlar. 20 ildir ki, bir partiyanın rəhbəri olaraq heç bir iş görməyiblər və bu uğursuzluqlarını gözəl anlayırlar. Bundan sonra da on il, on beş il partiyanın rəhbəri olaraq qalmaq üçün nə etmək lazımdır? Ona görə də onlar bu gün sanki pusquda dayanaraq bu proseslər üstündə nəyinsə intizarındadırlar, nəyisə gözləyirlər. Özləri heç bir şey edə bilməyəcəklərini bildikləri üçün, bəlkə burada bir vəziyyət yarandı, bəlkə xaricdən bir təklif oldu, bəlkə qonşuda hansısa bir hadisə oldu və bunun bizə hər hansı bir köməyi oldu xəyalları ilə yaşayırlar. Bu birinci cəhd deyil. Elə bu son on illikdə rəngli inqilabları dəfələrlə görmüşük. Başqa bir ölkədə baş verən hadisədən bir növ havalanaraq nəyəsə nail olmağa çalışırlar.
Son vaxtlarda ərəb
dövlətlərində baş verən hadisələr
müəyyən mənada radikal müxalifətə ümid
verib. Bəlkə, birdən bu variant oldu? Amma onların faciəsi
bundan ibarətdir ki, güclü siyasi təhlil edib nəticə
çıxara bilmirlər. Ərəb dövlətlərində
gedən proseslər Azərbaycanda 20 il əvvəl olub və
keçib. Yəni bu proseslərin önündə
dayanmışıq. Bir neçə gün ərzində
bütün xalq meydana çıxıb öz
hüquqlarını tələb edib, öz arzu istəyini və
iradəsini bildirib. Yəni bu gün artıq Azərbaycan
xalqı bu arzusuna çatıb. Buna çatmaq
üçün də xalqa dahi rəhbər, Ümummilli lider
Heydər Əliyev yardım göstərib. İndi isə həmin
yolu bütün mənalarda, bütün səyləri ilə
Prezident İlham Əliyev davam etdirir. Ona görə də xalq
bu gün bir qrup radikal müxalifətçinin ardınca gedən
deyil. Heç vaxt da getməyəcək. Ona görə də
müxalifətdə parçalanma prosesləri baş verir. Bu
bir prosesdir. Çünki onlar bilirlər ki, onların
boş-boş ideyaları ilə insanları harasa aparıb
çıxarmaq mümkün deyil. Yenə deyirəm bu mürəkkəb
prosesdir. Bəzi insanlar müəyyən vədlərə
aldanaraq onlara qoşulur. Ölkə xaricində müəyyən
dairələr var ki, qızışdırırlar. Hay-küyə
getməyi də bəziləri sevir. Amma bir şeyi başa
düşməlidirlər ki boş xülyalar dalınca
çox getmək mümkün deyil. Tez bir zamanda onların
hamısına aydın olacaq və ondan sonra,
düşünürəm ki, həqiqi mənada özlərində
məsuliyyət hiss edəcəklər. Onların
hamısı gərək papaqlarını çıxarıb
qoysunlar qabaqlarına ki, biz heç nəyi doğurdan da
bacarmırıq və çıxıb gedirik.
Yeni Azərbaycan.- 2011.- 8 aprel.- S.4.