Azərbaycanla Yunanıstan arasında dərin təməllər üzərində qurulmuş siyasi-iqtisadi əlaqələr mövcuddur

 

Ölkələr arasında imzalanan sazişlər əməkdaşlığın yeni sahələri üzrə geniş perspektivlər açır

 

Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın səviyyəsi təxminən 17 il əvvəl tərəflər arasında qarşılıqlı münasibətlərin yaranmasına dair səylərin gücləndirilməsindən sonra hər il yüksəlməyə başlayıb. Hər iki ölkə hazırda siyasi və iqtisadi sahələrdə sıx münasibətlərə malikdir. 2003-cü ildə ölkələr arasında yaradılmış hökumətlərarası komissiyanın intensiv fəaliyyəti bu iki dövlətin siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementlərinin əlavə edilməsinə səbəb olub. Son illərdə möhkəm təməllər üzərində dərinləşən Azərbaycan-Yunanıstan əlaqələri ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fazasına qədəm qoyub. Tərəflər əməkdaşlığın çox geniş olan komponentləri üzrə razılaşma əldə etməklə, uzunmüddətli əlaqələrin möhkəmlənməsinə dərin əsaslar yaradıb.

Azərbaycanda səfərdə olan Yunanıstan Prezidenti Karolos Papulyasın Prezident İlham Əliyevlə müzakirə etdiyi əsas məsələlər də məhz ikitərəfli münasibətlərin inkişafını daha da sürətləndirmək və əməkdaşlığın yeni sahələrində intensivliyi artırmaqdan ibarət olub. İki ölkənin nüfuzlu biznes dairələri arasında keçirilən səmərəli görüşlər və biznes-forumda irəli sürülən təşəbbüslər də məhz dövlətlərarası münasibətlərin dinamikliyinə öz töhfəsini vermək məqsədini daşıyır. Yunanıstan Prezidenti Karolos Papulyasın qeyd etdiyi kimi, ölkələr arasında təmaslar çox yüksəkdir və ildən-ilə dinamik xarakteri artır.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələr sürətlə inkişaf edir. Siyasi əlaqələrin inkişafı üçün gözəl perspektivlər var, iqtisadi sahədə qarşılıqlı maraqlar kifayət qədər çoxdur. Əlaqələrin vacib sahəsi olan enerji sahəsində əməkdaşlıq da uğurla inkişaf edir. Qeyd edək ki, Yunanıstanla səmərəli, qarşılıqlı əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın dövlət başçısı region ölkələrinin geniş əməkdaşlıq dəhlizinin yaradılmasında rəsmi Afinanın strateji mövqeyini nəzərə alaraq bu ölkə ilə intensiv əməkdaşlığın inkişafını diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyevin Yunanıstana səfərləri və bu ölkədə bir çox sahələr üzrə sıx təmaslara səbəb olan sazişlərin imzalanması rəsmi Afinanın respublikamız üçün mühüm əhəmiyyətə malik dövlət olduğunu göstərir. Azərbaycan və Yunanıstan arasında turizm, bərpa olunan enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Ölkələr, həmçinin, fövqəladə hallar, ətraf mühitin mühafizəsi, dəniz nəqliyyatı kimi sahələrdə də əməkdaşlıq imkanlarını genişləndirmək barədə təklifləri nəzərdən keçirir.

 

Yunanıstan respublikamızın Avroatlantik strukturlara inteqrasiyasına öz dəstəyini artıracaq...

 

Yunanıstanla respublikamız arasında əlaqələrin ana xəttini qarşılıqlı səmimiyyətə əsaslanan ikitərəfli münasibətlər təşkil etsə də, tərəflər Avroatlantik strukturlarda çox geniş təmaslara malikdir. Avropa İttifaqının aparıcı dövlətlərindən biri olan Yunanıstan ölkəmizin siyasi, iqtisadi, sosial, humantiar, ekoloji, enerji, infrastruktur və digər sahələr üzrə Avroatlantik strukturlara inteqrasiyasına öz dəstəyini həmişə açıq şəkildə nümayiş etdirib. Hər iki dövlət TransAvropa enerji şəbəkəsinin formalaşmasında həlledici rola malik olmaqla strateji əhəmiyyət kəsb etməyə başlayıb. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında əsas güc mərkəzlərindən biri olan Yunanıstan bu regional qurumun imkanlarının səfərbər olunaraq bölgədə geniş sülh və təhlükəsizlik, əməkdaşlıq tellərinin inkişafına yönəldilməsi üçün də səylər göstərir. Respublikamızın da üzv olduğu bu təşkilatda bölgə ölkələri ilə çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi və birgə layihələrin reallaşdırılması barədə təkliflər son illər daha da artıb.

Bu gün Yunanıstan geniş dəniz limanları şəbəkəsinə malik ölkə kimi dünyada yük daşınmalarının həyata keçirilməsində nəhənglərdən hesab olunur. Azərbaycanla dəniz nəqliyyatı sahəsində əməkdaşlıq bu mənada hər iki tərəf üçün mühüm fayda verə bilər. Dəniz nəqliyyatı sahəsində imzalanan saziş ölkələrimiz arasında malların dəniz yolu ilə Avropanın və Asiyanın müxtəlif ərazilərinə daşınmasına imkan verəcək.

Yunanıstanla Azərbaycan arasında iqtisadi münasibətlərin əsas prioriteti neft və qaz sahəsində əməkdaşlıqla bağlıdır. Azərbaycanın enerji ehtiyatlarının şaxələndirilməsi ilə bağlı siyasətindən faydalanan əsas ölkələrdən biri də məhz Yunanıstandır. Rəsmi Afina ölkəmizin enerji resurslarının ixracının şaxələndirilməsinə mühüm əhəmiyyət verir və özünün enerji təhlükəsizliyinin təmin olunmasında respublikamızın imkanlarından faydalanmağa çalışır. Cənab İlham Əliyevin də bəyan etdiyi kimi, ölkəmizin həyata keçirdiyi irimiqyaslı neft-qaz layihələri etibarlı tərəfdaş olduğumuzu sübut edir.

 

Azərbaycan Yunanıstan vasitəsilə Avropaya yanacaq nəql edəcək...

 

Yunanıstan, eyni zamanda, 2007-ci ildə yeni əməkdaşlıq formatının yaranmasının əsasını qoymaqla respublikamızla strateji müttəfiqlik səviyyəsində münasibətləri dərinləşdirmək istəyən dövlət kimi səciyyələndirilə bilər. Belə ki, 2007-ci ilin noyabr ayında Türkiyə-Yunanıstan qaz kəməri xətti vasitəsilə Yunanıstana Azərbaycan qazının nəql olunması rəsmi Afinanın ölkəmizlə ən yaxın təmaslar qurmaq maraqlarını ehtiva etmiş oldu. Ötən müddət ərzində qaz ixracı ikitərəfli saziş əsasında həyata keçirilməsə də, yunan hökuməti respublikamızdan “mavi yanacağı” əldə etməklə özünün ən təhlükəsiz yanacaq nəqli marşrutu ilə təmin edilməsinin ilkin mərhələsini reallaşdırmış olub. Xatırladaq ki, mövcud kəmərlə Yunanıstan qazı Azərbaycanın Türkiyəyə satdığı yanacaq payından əldə edir. Yəni, qaz Azərbaycan və Yunanıstan arasında birbaşa alqı-satqı müqaviləsi əsasında həyata keçirilmir, respublikamızın qardaş ölkəyə verdiyi yanacağın müəyyən hissəsi Afinaya çatdırılır. Amma bununla belə, Aİ bazarına çıxarılan yanacaq ölkəmizə məxsus olduğundan bu siyasət Azərbaycanın artıq üçüncü ildir ki, potensial qaz ixracatçısı olmasını şərtləndirmiş olur.

Xatırlatdığımız kimi, Azərbaycan qazı bir neçə ildir ki, Yunanıstana nəql olunur. Təxminən 3 ildir ki, ölkəmizin yanacaq resursları Türkiyə vasitəsilə Yunanıstana çatdırılır. Belə ki, yunanlar ölkəmizdən qaz alsa da, bu, Türkiyənin vasitəsilə həyata keçirilən tranzit əməkdaşlığı sayəsində mümkün olub. Yəni, Azərbaycanın Türkiyəyə satdığı qazın bir hissəsi qardaş ölkə tərəfindən yunanlara verilib. Bu isə birbaşa Azərbaycanla Yunanıstan arasında qaz mübadiləsi sayılmır. Prezident Karolos Papulyasın Azərbaycana səfəri çərçivəsində Yunanıstanın DEPA şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında imzalanan anlaşma memorandumu enerji əməkdaşlığının ikitərəfli şəkildə aparılmasını özündə əks etdirir. Anlaşma memorandumunun imzalanmasından sonra Azərbaycan qazı ikitərəfli alqı-satqı üzrə yunan hökumətinə təhvil veriləcək. Yunanıstana nəql olunan qaz yenə də Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə çatdırılacaq.

Beləliklə, rəsmi Afina yanacağı Türkiyə-Yunanıstan qaz kəməri xətti vasitəsilə əldə edəcək. Azərbaycan qazı Avropa İttifaqı bazarlarına yeni çıxış imkanları qazanmış olacaq. Yunan hökuməti hələlik ildə təxminən 2 milyard kubmetr yanacaq əldə etsə də, sonradan yanacağın həcmi 2 dəfədən çox artırılacaq. Yunanıstan bunun üçün “Şahdəniz” qazının ikinci fazasının işə düşməsini gözləyir. “Şahdəniz”in Faza-2 çərçivəsində hasilat ən pik həddə çatacaq və bu dövrdə yunanlar daha çox qaz almaqla öz yanacaq təminatının böyük bir hissəsini Azərbaycan vasitəsilə həll etməyi düşünür. “Mavi yanacağ”ın Türkiyə-Yunanıstan kəməri vasitəsilə həcminin artırılması üçün bu ölkənin DEPA şirkəti tranzit xəttində texniki işləri həyata keçirməyə hazır olduğunu da bəyan edib.

 

Azərbaycan-Türkiyə-Yunanıstan qaz kəməri bölgədə ən iri tranzit dəhlizinə çevriləcək...

 

Respublikamızın Yunanıstana qaz ixracına başlaması bölgədə çoxşəbəkəli tranzit dəhlizlərinin daha da genişlənməsinə səbəb olacaq. Bakı-Tbilisi-Ərzurum kəmərinin 296 km-lik Türkiyə-Yunanıstan qaz kəməri ilə birləşməsi bölgədə ən nəhəng enerji marşrutunun rentabelliliyini artıracaq. Yaxın illərdə illik nəqletmə gücü 12 milyard kubmetr olan Türkiyə-Yunanıstan kəmərinin genişləndirilməsi nəzərdə tutulur. Yəni, Azərbaycan-Türkiyə-Yunanıstan üçtərəfli enerji əməkdaşlığı formatı daha geniş coğrafi miqyas alacaq. Yunanıstan və Türkiyə arasında imzalanmış sazişə əsasən, bu kəmərin Ankaradan Komotiniyə qədər uzadılması da qərara alınıb. Bu isə o deməkdir ki, Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Ərzurum kəmərinin coğrafiyası daha da genişlənəcək. Hətta Yunanıstandan Balkanlara uzanan qaz xəttinin birləşdirilməsi nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi yaranmış olacaq. Türkiyədən Yunanıstana, oradan isə İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixrac etmək üçün yaxın vaxtlarda həmin layihənin ikinci mərhələsinə start veriləcək. 2013-cü ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirəcək daha bir kəmərin inşası planlaşdırılır ki, bu da Türkiyə-Yunanıstan qaz kəmərinin davamı olacaq. Beləliklə, Azərbaycanın yanacaq ehtiyatlarının Türkiyə və Yunanıstan vasitəsilə İtaliya limanlarına, oradan isə müxtəlif dövlətlərə daşınması hüquqi cəhətdən beynəlxalq status alacaq. Bu enerji sistemi şaxələnərək Mərkəzi Avropanın bir çox dövlətlərini əhatə edəcək.

Göründüyü kimi, Yunanıstan Azərbaycan qazını əldə etməklə, həm özünün enerji təhlükəsizliyini təmin edəcək, həm də yanacağın Avropa bazarlarına nəql olunmasında tranzit ölkə kimi də mühüm rol oynayacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, Yunanıstanla enerji sahəsində əməkdaşlığın güclənməsi ümumilikdə Avropa İttifaqı ölkələri arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına səbəb olacaq: “Hər iki ölkənin birgə təşəbbüsləri Azərbaycanla Avropa ölkələri arasında qaz sahəsində əməkdaşlığa da çox ciddi təkan verəcəkdir. Bildiyiniz kimi, hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan danışıqlar qaz sahəsində əməkdaşlığın inkişafına gətirib çıxarmalıdır. Biz bunda maraqlıyıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün səylərini göstərir və gələcəkdə bu əməkdaşlıq daha da genişmiqyaslı olacaqdır. Biz buna şübhə etmirik. Cənub qaz dəhlizi ilə bağlı bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Bəyannamə icra olunur. Bəyannamədə nəzərdə tutulmuş vəzifələrin icra olunması ilə, əlbəttə ki, Azərbaycan Avropa üçün etibarlı, qazla təmin edən ölkəyə çevriləcəkdir”.

 

Qazaxıstan və Türkmənistan da Bakı-Tbilisi-Ərzuruma qoşula bilər...

 

Yaxın illərdə bölgədə ən rentabelli və iqtisadi baxımdan sərfəli hesab olunan Azərbaycan-Türkiyə-Yunanıstan qaz kəməri vasitəsilə Bolqarıstan, Rumıniya, Sloveniya, hətta Suriya və İordaniya kimi dövlətlər ölkəmizə məxsus yanacaq resurslarını əldə etmək imkanı qazanacaq. Ümumiyyətlə, Xəzər hövzəsindən, Yaxın Şərqdən və Mərkəzi Asiyadan qazın Yunanıstan ərazisi ilə Avropaya çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan qazının İtaliya limanları vasitəsilə müxtəlif Asiya, Aregion dövlətlərinə nəqli planlaşdırılır. Bakı-Tbilisi-Ərzurum-Yunanıstan-Balkan qaz marşrutları sistemi ilə ildə 20 milyard kubmetrdən çox yanacaq nəqli nəzərdə tutulur. Azərbaycan təkcə “Şahdəniz” yatağından ildə 15 milyard kubmetr qaz ixrac edəcək. Digər yataqlardan, məsələn, “Bahar”, “İnam”, “Alov”, “Ümid” kimi perspektiv yataqlardan çıxarılan qazın nəqli isə ölkəmizin ildə 20-30 milyard kubmetrdən çox yanacaq ixrac etməsinə imkan verəcək. Azərbaycan 2012-2015-ci illərdə Avropanın 10-a yaxın dövlətinə qaz ixrac edəcək. Gələcəkdə, həmçinin, Qazaxıstanın və Türkmənistanın da qaz resurslarının bu dəhlizlə nəqli mümkün sayılır. Xatırladaq ki, rəsmi Astana artıq həmin nəql sisteminə qoşulmağın əlverişli olmasını istisna etməyib.

 

 

ELBRUS CƏFƏRLİ

 

Yeni Azərbaycan.- 2011.- 8 aprel.- S.3.