Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən biridir

 

İlham Məmmədzadə: Çünki dövlətin sosial–iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni–mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir

 

AMEA–nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə www.yap.org.az saytına müsahibə verib:

– İlham müəllim, məlum olduğu kimi, ölkəmiz bütün sahələr üzrə inkişaf edir. Azərbaycanın müasirləşməsi, modernləşməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Bu baxımdan, modernləşmə prosesində elmin rolu və əhəmiyyəti nədən ibarətdir?

– Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosiomədəni modernləşmə kursu modernləşən cəmiyyətin problemlərinin dərk edilməsi, azərbaycançılıq fəlsəfəsi və ideologiyasının inkişafı, eləcə də, gənc nəslin təlim–tərbiyəsi, Azərbaycan modernləşməsinin modelinin təbliği işində ölkənin ictimaiyyətçi alimlərindən, ilk növbədə, filosoflarından böyük səy və dəstək tələb edir. Bütün postsovet məkanında, xüsusən də Azərbaycanda modernləşmə iqtisadi inkişafdan və ölkənin texnoloji təchizatından başlayır. Sonra isə modernləşmənin nailiyyətləri zəminində onun növbəti–sosiomədəni modernləşmə mərhələsi formalaşır ki, o da modernləşmənin məqsəd və vasitələrini müəyyənləşdirir və əhalinin aktiv hissəsini modernləşmə proseslərinə cəlb edir. Bu kursun məğzi ondadır ki, zamanın çağırışlarına cavabları keçmişdə deyil, təsiri gələcəyə hesablanmış hal–hazırkı dövrün əsas təmayüllərinin dərk edilməsində axtarmaq lazımdır. Keçmişi, elə əslində, bu məsələdə başqalarının təcrübəsini də, yalnız, cəmiyyətin müəyyən inkişaf mərhələlərində onun ictimai şüurunun özünəməxsusluğunu və xüsusiyyətlərini başa düşüldüyü halda istifadə etmək mümkündür. Aydındır ki, bəziləri üçün müasirlik – bazar iqtisadiyyatı, fərdin tam azadlığı, digərləri üçün isə bazar iqtisadiyyatı, həm də yüksək səviyyəli elm və mədəniyyətə malik məsuliyyətli dövlətdir. Modernləşmə xəttinin lideri olan Prezident İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaq. Bu o deməkdir ki, modernləşmə sosiomədəni mərhələyə malik olmaqla, həm də ayrılmaz surətdə cəmiyyətin şüuru, onun elmə, təhsilə, mədəniyyətə münasibəti ilə bağlıdır. Prinsip etibarilə, artıq hamı tərəfındən qəbul olunmuşdur ki, XXI əsr yüksək elmi–texniki potensiala, kapitala malik, elmə, onun maliyyələşdirilməsinə önəm verən cəmiyyət və dövlətlərin əsridir.

– Bəs rəhbərlik etdiyiniz institut Azərbaycan elminə nə kimi töhfələr verməkdədir?

– Son bir neçə ildir ki, institutumuzun sözün əsl mənasında öz yaradıcılıq və elmi uğurları ilə öyünməyə haqqı vardır. Bildiyimiz kimi, 2009–cu ilin may ayında ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin sənəddə təmsil etdiyim elmi sahənin prioritetləri müəyyənləşdirilməklə, bir sıra problemlərin olduğu da qeyd olunmuşdu. Məhz buna görə 2010–cu il dövlət başçısının göstərişlərinin yerinə yetirilməsi üzrə bizim üçün bir növ sınaq ili olmuşdur. Prezident İlham Əliyevin həyata keçirdiyi modernləşmə xətti digər cəhətlərlə yanaşı, özündə alimlərimizin tədqiqat fəaliyyətindəki ciddi dəyişiklikləri tələb edən sosiomədəni mərhələni də ehtiva edir. Yaddan çıxarmaq lazım deyil ki, fəlsəfə, sosiologiya və hüquq elmi yalnız tədqiq etməklə deyil, fransız filosofu M.Fukonun təbiri ilə desək, həm də şüurları formalaşdıran elmlərdir. Bu isə insanlara kömək etmək istəyən, dünya elminin tərkib hissəsi ola biləcək bir pozitiv fəlsəfənin işidir. Gördüyümüz kimi, qarşımızdakı vəzifələr çox məsuliyyətlidir. Biz çalışırıq ki, tədqiqatları cəmiyyətimizi narahat edən məsələlərin həllinə yönəldək. Əsas məqsədimiz institutumuzda ictimai elmlərin yeniləşməsinə xidmət edə biləcək prioritetləri müəyyənləşdirməkdir. Buna da biz tədricən nail oluruq.

Bunlar:

1) fənlərarası metodologiyanın inkişafı və fəlsəfə tarixi;

2) modernləşmə modelinin azərbaycançılıq ideologiyasını və informasiya cəmiyyətinin dəyərlərinin öyrənilməsi işinə sosial fəlsəfənin, sosiologiyanın, siyasi sosiologiyanın və hüquq elminin cəlb edilməsi;

3) mənəvi vətənpərvərlik və estetik tərbiyə işinin yaxşılaşdırılması üçün tətbiqi etika və estetikanın əsaslarının qoyulması. Bu prioritet istiqamətləri həyata keçirmək üçün hüquq elminin imkanlarından da geniş istifadə etmək fikrindəyik, xüsusən fəlsəfə, sosiologiya və hüquq elmlərinin qovşağında tədqiqatların aparılması, zənnimizcə səmərəli nəticə verə bilər. Hüquq elminin ölkəmizin modernləşmə, informasiyalaşma və vətəndaş şüurunun tərbiyəsi işində rolu danılmazdır. Düzdür, bu istiqamətdə işlər gedir, lakin bir çox hallarda onlar postsovet anlamı qəlibindən çıxa bilmir, milli şüur və əxlaqın xüsusiyyətlərindən yararlana bilmirlər. Qeyd edək ki, yuxarıda göstərilən üç prioritet istiqamət bir–birilə sıx əlaqəlidirlər və onlar filosofların ictimai və digər elmlərin nümayəndələrilə əməkdaşlığın əsasını qoya bilərlər. İnstitutumuz nüfuzlu beynəlxalq elmi tədbirlərdə iştirakı, yüksək reytinqli elmi jurnallarda məqalələr nəşr etdirməsi, dünya elmi mərkəzləri ilə əlaqə yaradılması işində xeyli fəallaşmışdır. Məsələyə konkret yanaşsaq, deyə bilərik ki, 2010–cu il institut üçün olduqca uğurlu olmuşdur. Xaricdə 100–dən, ölkə daxili isə 400–dən çox məqaləmiz və 50–yə yaxın kitabımız dərc olunmuşdur. Bunların içərisində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı əlaqəsi" adlı kitabı xüsusi qeyd etmək istərdim.

Yaxın günlərdə biz həmin konfransın Bakı Forumunun (2010) materialları əsasında 2–ci kitabın da nəşrini səbrsizliklə gözləyirik. Bu zənnimizcə, əsas göstəricidir. Lakin aydındır ki, nəşr etdiyimiz bütün kitablar keyfiyyət baxımdan heç də eyni deyil, zəif olanı da var. Bunun üçün biz nəşr ediləcək əsərləri təkrar ekspertizadan keçiririk. Bundan başqa, institutda redaksiya heyətinin tərkibində xarici ölkələrin aparıcı alimlərinin üzv olduğu beynəlxalq statuslu "Şərq fəlsəfəsi problemləri" "Elmi əsərlər", "Fəlsəfə" kimi jurnallar da nəşr edilir.

– İlham müəllim, bu gün Azərbaycan elminin beynəlxalq inteqrasiyası hansı səviyyədədir?

– Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 4 may 2009–cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda Azərbaycan elminin beynəlxalq elmi məkanına inteqrasiyasına son dərəcə yüksək diqqət yetirilmişdir ki, bu da Azərbaycan elmini müasir cəmiyyətimizin inkişafının əsas amilə çevirmək baxımından olduqca zəruridir. Etiraf edək ki, bu gün Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası istənilən səviyyədə deyil. Azərbaycan elminin müasir səviyyədə inkişafı qabaqcıl ölkələrin elmi mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsindən, yeni biliklərə yiyələnməklə yanaşı, elmi fəaliyyətin təşkilində təcrübə mübadiləsindən, xaricdə kadr hazırlığından bilavasitə asılı olan bir prosesdir. Bu prosesin uğurlu getməsi üçün aşağıda göstərilən məqamlara xüsusi diqqət yetirilməlidir:

1. Dünya elminin nailiyyətlərinin öyrənilməsi və onların ölkənin sosial–iqtisadi sahələrində geniş tətbiqi.

2. Ortaq elmi–tədqiqat layihələrinin işlənməsi və səmərəli koordinasiyası.

3. Dünya elminin inkişafı kontekstində Azərbaycan elminin problem və vəzifələrinin öyrənilməsi.

4. Gənc tədqiqatçıların qabaqcıl ölkələrin elmi mərkəzlərində hazırlanması.

5. Dünya elm məkanına inteqrasiya etmək üçün dil səddinin aradan qaldırılması və s.

Son illər institutumuzun da beynəlxalq əlaqələri və əməkdaşlığı ciddi surətdə genişlənmişdir. Ötən il institutumuzun Rusiya EA–nın Fəlsəfə, Etnologiya və Antropologiya, Avropa İnstitutları və Rusiya Strateji Araşdırmalar İnstitutu ilə birgə keçirdiyi beynəlxalq elmi konfransları önəmli kimi qiymətləndirmək olar. İnstitutumuzun Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyi və REA–nın Fəlsəfə İnstitutu ilə birgə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qloballaşma şəraitində mədəniyyətin qarşılıqlı əlaqəsi" (Moskva və Bakı Forumları) mövzusunda keçirdiyi beynəlxalq elmi konfrans Rusiya, eləcə də, postsovet məkanında böyük əks–sədaya səbəb olmuşdur. Rusiya tərəfinin xahişi ilə bu konfransın ənənəvi olaraq hər il keçirilməsi təklif olunmuşdu. Həmin konfransın materialları əsasında 42,0 ç.v. həcmində kitab nəşr olunmuşdur, tezliklə Bakı Forumunun da materialları işıq üzü görəcəkdir.

– Ötən il Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mətbuatda çıxış edərək humanitar və ictimai elmlərlə bağlı çatışmazlıqları tənqid etmişdi. Hazırda qeyd olunan həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində hansı addımlar atılır?

– Ölkə Prezidenti İlham Əliyevin göstərişi əsasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkədə ictimai və humanitar elmlərin vəziyyətilə bağlı keçirilmiş müşavirədəki çıxışı elmi ictimaiyyət də böyük əks–sədaya səbəb olmuşdur. Həmin çıxışda və sonradan "Azərbaycan" qəzetində dərc edilmiş çıxışın tam mətnində bu sahədə olan bütün müsbət və mənfi cəhətlər hərtərəfli işıqlandırılaraq onların aradan qaldırılması yolları və inkişafımızın ümumi istiqamətləri göstərilmişdir. Bu çıxışın əsas strateji mahiyyət daşıyan tezislərinə diqqət yetirmək istərdik: ilk növbədə, ölkəmizin sürətli iqtisadi inkişafı və dövlətçiliyimizin əsaslarının formalaşması iqtisadi sahədə keçid dövrünün başa çatmasını təmin etmişdir. İndi artıq başlıca məqsəd bilik iqtisadiyyatına, sosial kapitala əsaslanan dövlət və cəmiyyət sisteminin qurulmasıdır. Bu isə ictimai sərvət və dəyərlərə, prioritet və meyarlara keyfiyyətcə yeni münasibət bəsləməyi nəzərdə tutur. Müasir şəraitdə buna seçilmiş prioritet və dəyərlərin köməyilə, başqa sözlə, qloballaşmanın texniki imkanlarını milli səylərlə birləşdirərək elmin inkişafına impuls verməklə nail olmaq olar.

İkincisi, biliyin iqtisadiyyatına və sosial kapitala əsaslanmış sistemin qurulması yaxın keçmişdə geniş vüsət almış hər növ ideologiyasızlaşmadan əl çəkmək deməkdir. Yeni şərait, prioritet və məqsədlər azərbaycançılıq ideologiyasının inkişafını və yayılmasını tələb edir. Bunun üçün isə o, müasir fəlsəfi metodologiyaya əsaslanaraq müasirliyin ortaya çıxarmış olduğu ən mühüm suallara və çağırışlara cavab verə bilməli, mentalitetimizin və milli xüsusiyyətlərimizin ən gözəl tərəflərini əks etdirməklə onu gələcək nəsillərə ötürə bilməlidir. Bu ideologiyanın əsasını Ümummilli lider Heydər Əliyev qoymuşdur. Biz, filosof və ictimaiyyətçi alimlərin üzərinə həmin ideologiyanı inkişaf etdirmək və yaymaq məsuliyyəti düşür. Başqa sözlə, modernləşmə ideologiyası və fəlsəfəsi azərbaycançılıq ideologiyasının mərkəzində durmaqla, eyni zamanda, bizim dünya ilə dialoqumuza zəmin yarada biləcək bir amilə çevrilməlidir. Keçmişə ehtiramla yanaşmaq, onu dərindən bilmək və onun ən gözəl nümunələrini gənclərin mənəvi, estetik və vətənpərvərlik ruhunda tərbiyə işində istifadə etmək günümüzün əsas vəzifələrindən biridir. Keçmişimiz haqqında bu biliklər ölkəmizin müasir inkişaf məqsədlərinə xidmət etməli və gələcəyə yönəlməlidir. Üçüncüsü, ölkənin modernləşməsi və biliklərin iqtisadiyyatına yol təhsil sahəsində yüksək səviyyənin təmin olunmasını tələb edir. Gənclər ən yüksək keyfiyyətli bilik almağa, öz tarixi ilə qürurlanmağa, vətənpərvərlik ruhunda tərbiyə almağa layiq olmaqla informasiya cəmiyyəti şəraitində yaşamağı bacarmalıdırlar. Müasir informasiya cəmiyyətinə keçid yalnız müasir texnologiyadan istifadə etmək demək deyildir. Eyni zamanda, onu, informasiyanı, bir strateji resurs kimi, sərvətin yeni növü kimi anlamaqdır, başqa sözlə bilik iqtisadiyyatında izafı dəyər zəhmət sayəsində deyil, bilik sahəsində əldə edilir, bilik iqtisadiyyatında fərdlərlə qarşılıqlı əlaqə uğur gətirir, ona görə də cəmiyyətdə milli ideologiyanın və qarşılıqlı etimadın, vətənpərvərlik və milli dəyərlərin olması olduqca vacibdir, eyni zamanda, ənənə və yenilik arasındakı ölçü də gözlənilməlidir. Qeyd etmək istərdik ki, Sovet dönəmində ictimai elmlər cəmiyyətdə etimad, müxtəlif düşüncələrin konsensusu, hakim düşüncə ilə digərlərinin qarşılıqlı təsiri problemləri kimi kateqoriyalara lazımınca diqqət yetirilmirdi. Bundan başqa, həmin illərdə ictimai elmlərə təbiət elmlərin əlavəsi kimi baxmaq ənənəsi formalaşmışdı.

İctimai elmlərə tələbat o deməkdir ki, ölkə alimləri, ilk növbədə, filosof, sosioloq, iqtisadçı və hüquqşünaslar müasir dünyanın, o cümlədən, Azərbaycanın bu dünyadakı problemlərinin dərindən dərk edilməsinə hazır olmalıdırlar. Bunun üçün isə müəyyən islahatların aparılması, ilk növbədə, alimlərin öz işlərinə münasibətini dəyişdirməsi – elmi diskussiyaların keçirilməsi, elmi işlərə keyfiyyətli rəylərin yazılması, müxtəlif beynəlxalq tədbirlərdə çıxışlar edərək dünyanın elmi həyatında fəal iştirak etməsi, yüksək elmi reytinqi olan elmi dərgilərdə yazılar dərc etdirilməsi – bu qəbildən olan işlərdir. Azərbaycanda da nüfuzlu elmi jurnalların təsis edilməsi və maliyyələşdirilməsi, iri beynəlxalq elmi konfransların, simpoziumların keçirilməsi bu işdə yardımçı ola bilər. Bu istiqamətdə artıq işlər görülməkdədir. Misal üçün, ötən ildə Heydər Əliyev Fondunun dəstəyi ilə AMEA–nın keçirdiyi bir sıra nüfuzlu beynəlxalq tədbirləri göstərmək olar. AMEA–nın bir çox institutlarında nüfuzlu elmi dərgilərdə məqalələrin nəşrinə böyük diqqət yetirilir. Bu da qabaqcıl dünya elmi, onların nümayəndələri ilə birbaşa əlaqələr yaratmaq deməkdir. Daha önəmlisi isə, bir tərəfdən dünya elmi ictimaiyyətinin ölkəmizin əldə etdiyi elmi uğurlardan xəbərdar olması, digər tərəfdən isə, elmimizin ən yeni tədqiqat metodologiyası və metodikasına yiyələnməsidir. Bu işdə Azərbaycan elminin mərkəzi sayılan Milli Elmlər Akademiyasının dövlət dəstəyinə böyük ehtiyacı vardır. Aydındır ki, akademik Ramiz Mehdiyevin çıxışı və məqaləsindən irəli gələn vəzifələri yerinə yetirmək üçün xüsusi yaradıcı mühit, elmi diskussiyaların bərpası, elmi işlərə və özümüzə tələbatın artırılması vacibdir. Çalışacağıq ki, bizim elmi və ixtisaslaşdırılmış şuraların işi daima əsl yaradıcı atmosferində keçsin, gənc alimlərə, xüsusən onların yerinə yetirdikləri işlərə sözdə deyil, əməli köməklik göstərmək istiqamətində işlər görülsün.

– Məlum olduğu kimi, Milli Məclisdə "Elm siyasəti haqqında" qanun layihəsi hazırlanır. Sizcə, bu sənədin qəbul edilməsi Azərbaycan elminin inkişafına necə təsir edəcək?

– Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin tərkib hissələrindən biridir, çünki dövlətin sosial–iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni–mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Cəmiyyətin inkişafında elmin fəal iştirakının təmin olunması elmin özünün təkmilləşdirilmiş təşkilati strukturunun yaradılmasını zəruri edir.

Son illər dinamik inkişaf yolunda olan Azərbaycan Respublikası regionun lider dövlətinə çevrilmişdir. Azərbaycanın uğurlu sosial–iqtisadi və mədəni–mənəvi inkişafı mükəmməl elmi–təşkilati struktur formalaşdırılmasını ön plana çıxarmışdır. Həmin struktur yeni elmi biliklərin əldə olunmasına və onların cəmiyyətin növbəti inkişaf mərhələsinə qədəm qoyması üçün daha əlverişli şərait yaratmalıdır. Qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşması Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin, o cümlədən "Elm siyasəti haqqında" qanunun qəbul edilməsi zərurətini meydana çıxarır.

Düşünürəm ki, Milli Məclis tərəfindən qəbul ediləcək bu qanun Azərbaycanda elmi tədqiqatların prioritetlərini ölkənin mühüm sosial–iqtisadi və ictimai–mədəni problemlərinin həllinə istiqamətləndirəcəkdir.

 

 

Məmmədzadə İlham

 

Yeni Azərbaycan.- 2011.- 9 aprel.- S.9.