Azərbaycan cəmiyyəti ölkəmizi inkişafa aparan siyasəti qətiyyətlə dəstəkləyir

 

Əli Əhmədov: Bu gün Azərbaycan müxalifətinin radikal qanadının ideologiyası bundan ibarətdir: qisasçılıq, qəsbkarlıq və bu çağırışlarla insanların küçələrə çıxarılması

 

Müsahibimiz Yeni Azərbaycan Partiyası Sədrinin müavini – İcra katibi, millət vəkili Əli Əhmədovdur:

– Əli müəllim, son vaxtlar radikal müxalifət partiyaları qanunsuz aksiyalar keçirməyə cəhd göstərirlər. Sizcə, müxalifətin bu cəhdləri hansı məqsədlərə xidmət edir? Yeni Azərbaycan Partiyasının bu proseslərə münasibəti necədir?

– Düşünürəm ki, müxalifət partiyaları öz niyyətlərini indiyə qədər iki dəfə keçirməyə cəhd göstərdikləri kütləvi aksiyalarda açıq şəkildə ortaya qoyublar. Doğrudur, onlar öz məqsədlərini tərəfdarlarına kütləvi aksiya keçirmək niyyəti libasında təqdim etməyə çalışırlar. Amma seçdikləri taktika və göstərdikləri cəhdlər tamamilə başqa fikir irəli sürməyə əsaslar yaradır. İstər martın 11–də, istərsə də aprelin 2–də müxalifət tərəfindən mitinq adı altında, əslində polislə toqquşmalar taktikası tətbiq edilib. Bəzi ölkələrdə vaxtilə bu cür taktikalardan istifadə edilib və bunun adını küçə döyüşləri qoyurdular. Həmin ölkələrin siyasi partiyalarının apardığı ardıcıl küçə döyüşləri nəticəsində, təəssüflə qeyd etmək istərdim ki, hadisələrin sonrakı gedişatı tamamilə xoşagəlməyən bir ssenarinin yaranmasına gətirib çıxardı. Küçə döyüşlərinin sonu radikalizm və bunun ardınca isə terror hadisələri ilə müşayiət olunmağa başladı.

Azərbaycanda da bir sıra müxalifət partiyalarının seçdiyi taktikalarda artıq bu əlamətlər özünü aydın şəkildə göstərməyə başlayıb. Əgər biz hər iki "mitinq" cəhdlərinin görüntülərini təhlil etsək və bir sıra digər məsələləri də gözönünə gətirsək, bu fikrin nə qədər ciddi əsaslara söykəndiyini söyləmək mümkündür. Bugünkü Azərbaycan cəmiyyəti, hesab edirəm ki, kifayət qədər dayanıqlı sabitliyə əsaslanır. Və bu sabitlik Azərbaycanın iqtisadi sahədən tutmuş bütün sahələrində surətli inkişafının fundamental əsasını təşkil edir. Buna görə Azərbaycan cəmiyyəti və vətəndaşları ölkəmizdə qərarlaşmış sabitliyi və əminamanlığı yüksək qiymətləndirir. Ölkəmizin bundan sonrakı inkişafının vacib şərtlərindən birinin məhz bu sabitlik və əminamanlıqda olduğunu aydın şəkildə görürlər.

Digər tərəfdən, onu da vurğulamaq istəyirəm ki, Azərbaycanın surətli inkişafı yalnız statistik rəqəmlərdə öz əksini tapmır, həm də Azərbaycan vətəndaşlarının həyat tərzinin yaxşılaşmasında, rifahının yüksəlməsində, həyatın keyfiyyətinin yeniləşməsində ifadə olunur. Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin kökündə ölkəmizin modernləşməsi kimi çox əhəmiyyətli vəzifə dayanır. Bu proses də uğurla həyata keçirilməkdədir.

Beləliklə, ölkə inkişaf edir və inkişaf dinamikası kifayət qədər yüksəkdir. Müşahidə olunan inkişaf öz növbəsində ictimai–siyasi ab–havanı müəyyənləşdirir. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin ölkəmizlə bağlı düşüncələri, insanların əhval–ruhiyyəsini müəyyənləşdirən gerçəkliklər və reallıqlar məhz bundan ibarətdir.

Bütün bunlar ola bilsin ki, hansısa dairələrdə və ya qüvvələrdə narahatlıqlar yaradır. Mən istəməzdim ki, Azərbaycanın daxilində olan bəzi siyasi qüvvələr bu narahatlıqların ifadəsinə çevrilsinlər. Bayaq dediyim fikirlərə onu da əlavə etmək istəyirəm ki, artıq müxalifətin bəzi qanadının hərəkətlərində və cəhdlərində bu narahatlıqları ifadə etmək əlamətləri də açıq şəkildə görsənməyə başlayır. Beləliklə, kütləvi siyasi aksiyalar, mitinqlər keçirmək adı altında müxalifətin bəzi hissəsinin ölkədə ictimai–siyasi sabitliyi pozmaq cəhdləri özünü göstərməkdədir. "Mitinqlərin" keçirilməsi üçün seçilmiş taktikanın da əhəmiyyətli dərəcədə fərqlənməsinin kökündə bu amil dayanır. Onu da bildirmək istərdim ki, nə mart ayının 11–də, nə də aprelin 2–də keçirilməsinə cəhd göstərilən kütləvi aksiyaları sözün həqiqi mənasında mitinq adlandırmaq mümkündür. Çünki bu hər iki cəhdi mitinqlərdən köklü şəkildə fərqləndirən bayaq haqqında qısa şəkildə danışdığım cəhətlər mövcuddur. Beləliklə də, bəzi müxalifət dairələrinin Azərbaycanda ictimai–siyasi sabitliyi pozmaq, daxili gərginliklər yaratmaq cəhdlərində Azərbaycanın sürətli iqtisadi, siyasi inkişafından narahatlıqlar keçirən ayrı–ayrı dairələrin maraqlarının ifadəsi özünü göstərir.

– Bu hadisələrin bir sıra ölkələrdə baş verən proseslərdən qaynaqlandığı bildirilir. Ümumiyyətlə, bu məsələləri bir–biri ilə əlaqələndirmək nə dərəcədə düzgündür?

– Müxalifətin əhəmiyyətli bir hissəsində çox ciddi sifətitirmə prosesi baş verməkdədir. Əslində, müxalifətin həmin hissəsi marginal qruplara çevrilibdir. Onlar ölkə daxilində ictimai maraqları ifadə edən hər hansı bir siyasi qüvvə kimi fəaliyyət göstərmirlər. Müxalifət nədir? Müxalifət ölkə əhalisinin bu və ya digər hissəsinin istəklərini və maraqlarını ifadə edən təşkilatlanmış qrupdur. Onların öz ideologiyaları, proqramları olmalıdır. Amma bu gün küçələrdə polislə toqquşmaq taktikasını seçən Azərbaycan müxalifətinin nə hər hansı bir ideoloji bazası, nə də ölkənin inkişafı ilə bağlı konkret proqramları var. Ortada olan, açıq şəkildə görünən sadəcə, ictimai–siyasi sabitliyin pozulması üçün seçilmiş küçə pozuculuq fəaliyyəti, polislə qarşıdurma cəhdləridir. Bundan başqa onların fəaliyyətində heç bir şey görünmür. Belə olan halda, müxalifət adı altında fəaliyyət göstərən bu qrupların istənilən maraqlı dairələrin mənafelərini ifadə etməyə hazır olması şübhə doğurmur. Bu da tarixən ayrı–ayrı ölkələrin praktikasında özünü göstərən gerçəkliklərdir. Ölkə daxilində hər hansı bir ictimai marağı ifadə etməyən qruplar, istər–istəməz ölkədən xaricdə olan qrupların və dairələrin maraqlarının ifadəçisinə çevrilməyə məhkumdur. Bunun digər tərəfi də ondan ibarətdir ki, ölkə daxilində ictimai dayaqlarını itirən və beləliklə də, ictimai maraqları ifadə edə bilməyən qruplar müxalifət adı altında fəaliyyət göstərirlərsə, daxili proseslərdən daha çox ölkə xaricində cərəyan edən proseslərlə təmaslar qurmağa çalışırlar. Bu gün müxalifətin müəyyən qanadının fəaliyyətində bu meyillər və cəhdlər aydın şəkildə görünür.

Ərəb ölkələrində baş verən proseslərin dərin daxili və heç də daxili olmayan çoxlu kökləri var. Mən bunları təhlil etmək niyətində deyiləm. Çünki bütün bunlar həmin ölkələrin öz işidir. Yəqin ki, o ölkələrin xalqları indi olmasa da, zamanı gələndə həmin proseslərə obyektiv qiymət verə biləcəklər. Başlarına gətirilənləri gec də olsa dərk edəcəklər. Azərbaycan müxalifətinin o ölkələrdə baş verən proseslərdən "ruhlanmasının" həqiqi mənasını isə başa düşmək, zahirən, bəlkə də çətin deyil. Lakin dərindən düşünəndə başqa mənzərə yaranır. O ölkələrdəki hadisələrin Azərbaycanla nə əlaqəsi ola bilər? Həmin ölkələrdəki hadisələrlə Azərbaycanın arasında hər hansı əlaqəni nə görmək mümkündür, nə də bunu axtarmağa cəhd göstərilməsini düzgün hesab edirəm. Ancaq müxalifət haradansa işarə almış kimi həmin ölkələrdə baş verən hadisələrdən ruhlandıqlarını açıq şəkildə bəyan edərək Azərbaycanın daxilində ictimai–siyasi sabitliyi pozmaq istiqamətində hərəkətə keçiblər. Bu fakt onu göstərir ki, müxalifətin göstərdiyi cəhdlər Azərbaycanın vətəndaşlarının maraqları və əhval – ruhiyyəsi ilə əlaqəli deyil. Xatırladım ki, bundan əvvəl də ölkəmizin müxalifətinin Azərbaycandan kənarda olan proseslərdən "ruhlanması" halları olmuşdu. Rəngli inqilablardan ruhlanmışdılar, hətta bəziləri paltarlarının, sifətlərinin rəngini də dəyişmişdilər. Amma hadisələr göstərdi ki, başqa ölkələrdə cərəyan edən proseslərin Azərbaycana köçürülməsi mümkün deyil. Ona görə ki, həmin proseslərin ölkəmizdə baş verməsi üçün daxili səbəblər yoxdur. Azərbaycandakı ictimai–siyasi sabitlik, insanların siyasi düşüncələri hər şeydən əvvəl ölkə daxilində olan proseslərlə bilavasitə əlaqədardır. Deməli, sağlam müxalifət də yalnız Azərbaycanın reallıqlarına söykənərək hərəkət etməli, öz proqramlarını müəyyənləşdirməli və addımlarını atmalıdır. Belə olmayan halda xarici maraqlara qulluq etmək kimi çox qorxulu meyil ortaya çıxır. Bu gün cəmiyyətimizdə açıq şəkildə müxalifətin əhəmiyyətli bir hissəsinin ölkəmizin daxili maraqlarından daha çox Azərbaycana aid olmayan xarici maraqlarla həmahəng hərəkət etməsi barədə fikirlər səslənir. Mən hesab edirəm ki, bu fikirlərin səslənməsi üçün çox ciddi əsaslar var. Özü də bu fikirləri siyasətçilər səsləndirmir. Bu fikirlər Azərbaycan vətəndaşlarının düşüncəsinin və əhval–ruhiyyəsinin tərkib hissəsinə çevrilib. Müxalifətin sosial dayaqlarını itirməsinin çoxlu sayda səbəbləri içərisində hesab edirəm ki, əhəmiyyətli yer tutan amillərdən biri də bununla əlaqədardır. Özünün və ailəsinin taleyini, gələcəyini düşünən heç bir Azərbaycan vətəndaşı xarici maraqlara qulluq edən siyasi qüvvələrə dəstək vermək fikrində deyil, bundan sonra da verməyəcək.

– Sizcə, bu qanunsuz aksiyalar ölkəmizin nüfuzuna xələl gətirməyə xidmət etmirmi?

– Ölkəmizdə ictimai–siyasi sabitliyi pozmaq cəhdləri göstərərkən müxaliflər bunun səbəbi kimi guya Azərbaycanda sərbəst toplaşmaq hüququnun pozulmasını bəhanə gətirir və çalışırlar ki, ölkəmizin belə bir imicini formalaşdırsın. Polisin qanuni addımlarını təhrif etmək isə onların təxribat fəaliyyətinin əslində astar üzüdür. Bununla müxalifət beynəlxalq təşkilatlara göstərmək istəyir ki, icazəsiz aksiyanın qarşısını alarkən guya polislər həddindən artıq sərtlik edirlər. Mən istərdim ki, həmin icazəsiz aksiyalar keçirilən zaman müxalifət partiyalarının radikal qanadını təmsil edən insanların hərəkətlərinə diqqətlə fikir verilsin və bunlar təhlil edilsin. Öz qəzetlərində yerləşdirdikləri şəkillərin bəzilərində açıq şəkildə müşahidə etmək mümkündür ki, onların əsas məqsədi heç də aksiya vasitəsilə hər hansı bir fikri və ya etirazı cəmiyyətə bildirmək deyil. Həmin qüvvələr daha çox Azərbaycanda guya kütləvi aksiyalara və sərbəst toplaşmaq hüququna bir qadağanın qoyulması mənzərəsini yaratmaq niyyəti güdürlər. Öz qəzetlərində verdikləri şəkillərdə müxalifətin funksionerlərindən olan Arif Hacılını polis qanuni əsasda hadisə yerindən kənarlaşdırdığı məqamlar da yer alıb. Şəkildən aydın görünür ki, polis Arif Hacılını hadisə yerindən ədəb–ərkanla kənarlaşdırmağa çalışır, o isə özü öz yaxasını cırır. Bunu ona görə edir ki, jurnalistlər onun belə görüntülərini çəkib yaysınlar. Bununla da, müxalifətçi guya polis tərəfindən ona qarşı hər hansı bir sərt təzyiq göstərildiyi mənzərəsini ortaya qoymaq istəyir. Amma deyəsən, Arif Hacılı bunu ustalıqla edə bilməyib, kadrda tamam başqa mənzərə alınıb. Bundan başqa, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində bir neçə dəfə nümayiş etdirilmiş digər bir şəklə diqqət yetirək. Həmin şəkildə polisin hadisə yerindən kənarlaşdırdığı müxalifət nümayəndəsi qurşaqdan yuxarı tamamilə lütdür. Belə təsəvvür edək ki, polisə müqavimət göstərən zaman onun üst paltarı əynindən çıxıb. Bəs necə olub ki, bütünlüklə çılpaqdır? Həmin mənzərəni müşahidə edən jurnalistlər də, bizim nümayəndələrimiz də bildirirlər ki, polislər həmin adama yaxınlaşmaq istəyəndə o, əynini qurşaqdan yuxarı tam soyunub. Məqsəd isə ondan ibarətdir ki, kameralar onu çəkəndə paltarsız görünsün ki, guya Azərbaycanda aksiyaya çıxan insanlara qarşı necə təzyiqlər edilir. Bu cür siyasi "fırıldaqlarla" radikal müxalifət Azərbaycandakı ictimai–siyasi və demokratik mühit haqqında reallığı təhrif edən bir mənzərə formalaşdırmağa çalışır. Özləri, heç bir kənar müdaxilə və ya təzyiq olmadan, üzr istəyirəm, lütlənib, yaxud yaxalarını cırıb bu vəziyyətdə çəkilmiş kadr və şəkilləri beynəlxalq mətbuat səhifələrinə çıxarıb Azərbaycan haqqında düzgün olmayan rəy formalaşdırmaq istəyirlər. Buna Azərbaycanı ləkələmək, ona qara yaxmaq cəhdindən başqa nə ad vermək olar? Nəzərə almaq lazımdır ki, Azərbaycandan kənarda, düşmənlərimiz tərəfindən belə cəhdlər, onsuz da az edilmir.

– Bəs müxalifətin kütləvi aksiyalarının keçirilməsi üçün seçdiyi metodlar haqqında nə deyə bilərsiniz? Bu taktika vətəndaşların mütləq əksəriyyətinin hüququnu pozmurmu?

– Qeyd etdiyim kimi, Azərbaycan Konstitusiyasında insanların sərbəst toplaşmaq hüququ ilə yanaşı digər hüquqları da təsbit olunub. Göründüyü kimi, Azərbaycan müxalifətinin radikal qanadı hər həftənin istirahət günlərini özlərinin mitinqləri üçün seçiblər, hər şənbə gününə mitinq təyin edirlər. Prinsip etibarı ilə onlar hər həftənin şənbə günü mitinq keçirə bilərlər. Amma Azərbaycanın Konstitusiyasında qeyd olunmayıb ki, mitinqlər mütləq şəhərin mərkəzi küçələrində, insanların istirahət etdikləri yerlərdə keçirilməlidir. Bu barədə Azərbaycanın qanunlarında heç bir müddəa yoxdur. Eyni zamanda, ayrıca bir konstitusion maddə də mövcud deyil ki, müxalifətçilərin sərbəst toplaşmaq hüququ Azərbaycan vətəndaşlarının digər hüquqlarından üstün qüvvəyə malikdir. Yəni, bu hüquq insanların istirahət etmək, təhlükəsiz yaşamaq hüquqlarından üstün deyil. Konstitusiyada təsbit olunmuş bütün hüquqlar–istər, sərbəst toplaşmaq, istərsə də, insanların istirahət hüquqları hamısı eyni hüquqi qüvvəyə malikdir. Belə olan halda, sərbəst toplaşmaq istəyini ortaya qoyan insanların hüquqları istirahət etmək, xüsusilə də həftənin sonunda istirahət yerlərində dincəlmək istəyənlərin hüquqları ilə toqquşmamalıdır. Ona görə də, istər–istəməz dövlət bütün insanların hüquqlarının təminatçısı rolunda çıxış edərək hər iki tərəfin öz hüquqlarını bir–birinə maneə törətmədən reallaşdırması üçün tədbirlər görməlidir. Əgər müxalifətçilər hər həftənin şənbə günü mitinq keçirmək istəyirlərsə, istər–istəməz müvafiq icra hakimiyyəti orqanı elə variantlar təklif etməlidir və bununla da müxalifət təmsilçiləri razılaşmalıdırlar ki, keçirmək istədikləri kütləvi aksiyalar istirahətlərini mənalı keçirmək istəyənlərin hüquqlarını pozmağa gətirib çıxarmasın. Nəzərə alınmalıdır ki, Azərbaycanda mitinq keçirmək istəyənlərin sayı mitinq keçirmək istəməyən, həftənin sonunda istirahət etmək istəyən insanların sayından min dəfələrlə azdır. Göründüyü kimi, hər dəfə müxaliflərin aksiyalarında iştirak etmək istəyənlərin sayı cəmisi bir neçə yüz nəfərdir. Amma Bakı şəhərinin 3 milyon əhalisi var və bu əhali mitinq yox, həftənin sonunu maraqlı keçirmək, parklarda gəzintiyə çıxmaq istəyir. Onu da ayrıca vurğulamaq istəyirəm ki, son zamanlar parklar, bağçalar, dənizkənarı bulvar çox gözəlləşib, indi insanlar böyük məmnuniyyətlə kütləvi şəkildə həmin yerlərdə istirahət etməyə üstünlük verir. Beləliklə, Azərbaycan hakimiyyətinin vəzifəsi hər iki tərəfin hüququnu təmin etməkdən ibarətdir. Əgər hər həftənin şənbə günü müxalifətçilər "Fəvvarələr" meydanında mitinq təşkil etmək istəyirsə, bu, ən azı onlar tərəfindən həftəsonunu uşaqları ilə birlikdə həmin parkda keçirmək istəyən Azərbaycan vətəndaşlarına qarşı hörmətsizlikdir. Çünki bu hərəkətləri ilə onlar parka istirahətə gələn və ya gəlmək istəyənlərin hüquqlarını pozurlar. Bununla bağlı məqbul variant ondan ibarətdir ki, elə yer təklif edilməlidir ki, orada keçirilən aksiyalar insanların böyük hissəsinin hüquqlarının pozulmasına gətirib çıxarmasın, onlara rahatsızlıq yaratmasın. Əgər müxalifətin fikirlərində qaranlıq məqamlar yoxdursa, onda onları qayğılandıran əsas məsələ o olmalıdır ki, mitinq keçirmək, öz fikirlərini tərəfdalarına çatdırmaq üçün lazımi şərait olsun. Birdəfəlik razılaşmaq lazımdır ki, yüksək səviyyədə təmir olunmuş müasir istirahət parkı mitinqlər üçün heç də ən yaxşı variant deyil. Amma müxalifət nədənsə kütləvi aksiyaları keçirmək üçün ayrılan daha yararlı yerlərə getmir və qanunsuz aksiyalara cəhd göstərməklə insanların rahatlığını pozmaq yoluna üstünlük verir. Bunun səbəblərini araşdırarkən məlum olur ki: birincisi, müxalifətin kütləvi aksiya keçirmək üçün yetərli sosial dayağı mövcud deyil və bu çatışmazlığını insanları istirahət üçün toplaşdığı parklarda "mitinq təşkil etməklə" ört–basdır etməyə çalışır; ikincisi, onların mitinq keçirməkdən başqa hansısa digər gizli niyyətləri var ki, o barədə açıq danışmaq istəmirlər. Deyilənlərin hamısının ümumiləşdirilərək vurğulanması radikal müxalifətin hazırda seçdiyi mitinq taktikasının həqiqi sifətini ortaya qoymuş olur.

– Məlumdur ki, müxalifət partiyaları indiyə qədər dövlətimizin, cəmiyyətimizin inkişafı üçün ciddi bir alternativ proqram təqdim edə bilməyiblər. Belə olan halda, cəmiyyətdən dəstək gözləmək nə dərəcə də məntiqlidir?

– Azərbaycan müxalifətinin insanları cəlb edəcək bir proqram ortaya qoymaması nəticə etibarı ilə buna gətirib çıxardı ki, artıq ictimai dayaqlarını tamamilə itiriblər. Müxalifət öz ictimai dayaqlarını itirdiyini gördükcə, özünün mövcudluğunu sübut etməkdən ötrü heç də düzgün olmayan istiqamət və taktika seçməyə üstünlük verdi. Onlar radikallaşma yolunu seçdilər. Müxalifətin radikallaşması onun ictimai dayaqlarının daha da zəifləməsinə gətirib çıxarıb. Nəticə etibarı ilə, bayaq qeyd etdiyim kimi, artıq müxalifət marginal, hər hansı bir ideologiyası, proqramı olmayan və perspektivlərini tamamilə itirmiş bir qrupa çevrilib. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi inkişaf strategiyasının vüsəti, Azərbaycan vətəndaşlarının maraqlarını tam ifadə etməsi dövlətimizin qüdrətinin daha da yüksəlməsinə əsas yaradır. Prezident proqramının digər sferalarda da sürətli inkişafı təmin etməsi müxalifətin insanları maraqlandıra biləcək cəlbedici ideyalar irəli sürmək imkanlarını obyektiv olaraq əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Belə olan halda, müxalifət daha çox sağlam ideyalar axtarışında olmaq əvəzinə, öz aləmlərində, daha asan yol saydıqları ictimai–siyasi gərginliyi artırmaq taktikasına üstünlük verib. Eyni zamanda, öz tərəfdarlarının radikallıq və qisasçılıq əhval–ruhiyyəsini möhkəmləndirmək üçün bəzi ideyaları ortaya atmaqdan da çəkinmirlər. Məsələn, aprelin 2–də müxalifət tərəfindən mitinq cəhdi göstərilərkən bütün bu prosesləri təhlil edən Rusiyanın "Nezavisimaya qazeta"sında maraqlı bir yazı dərc olunmuşdu. Həmin yazının müəllifi "mitinq" keçirmək istəyən iştirakçıların birindən "siz nə üçün mitinq edirsiniz" sualını verəndə, bu suala cavab verən gənc cəlbedici görünüşü olan bir fərdi evi göstərib "yaxın zamanda o ev mənim olmalıdır" söyləyib.

Görürsünüzmü, bu gün Azərbaycan müxalifətinin radikal qanadının ideologiyası bundan ibarətdir: qisasçılıq, qəsbkarlıq və bu çağırışlarla insanların küçələrə çıxarılması. Hesab edirəm ki, bu təhlükəli meyillər müxalifətin radikal qanadının ideologiyasına çevrilməkdədir. Ancaq xoşbəxtlikdən radikalizmi Azərbaycan cəmiyyəti qəbul etmir. Onun heç bir təzahürünü məqbul saymır.

– Bildiyimiz kimi, hökumət tərəfindən çoxsaylı dövlət proqramları həyata keçirilir ki, bütün bunların əsasında ölkəmiz inkişaf edir, əhalinin rifahı yüksəlir. Müxalifətin iqtidarın həyata keçirdiyi bu proqramların əhəmiyyətinə şübhə ilə yanaşmasını necə izah etmək olar?

– Azərbaycan müxalifətinin inkarçılıq psixologiyası yeni məsələ deyil və bu, hər kəsə məlumdur. Son illər ərzində Azərbaycanın sürətli inkişafı göz önündədir. İnkişafın bütün parametrləri Azərbaycan vətəndaşlarına məlumdur. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox artması, insanların rifahının yaxşılaşması, həyat tərzinin yeniləşməsi, həyat keyfiyyətinin dəyişməsi, Azərbaycan dövlətinin dünyada mövqelərinin möhkəmlənməsi, hərbi qüdrətinin artması həyatımızın reallıqlarıdır. Nəzərə almaq lazımdır ki, bu uğurlara son illərdə nail olunub və Azərbaycanın simasını kökündən dəyişib. Bu yeniliklər, istər paytaxtımızda, istərsə də Azərbaycanın digər bölgələrində baş verir. Ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın bu sürətli inkişafını xüsusi qeyd edib yüksək qiymətləndirirlər. Əlbəttə ki, bütün bunları görməmək mümkün deyil. Azərbaycan ayrıca adada yerləşmir, bizi əhatə edən digər dövlətlər var. Həmin dövlətlərdən gələn insanlar öz dövlətləri ilə Azərbaycan arasındakı fərqli mənzərəni açıq şəkildə müqayisə edə bilirlər və Azərbaycanın inkişafının vüsətini etiraf etmək zorundadırlar. Azərbaycan vətəndaşları da başqa ölkələrə səfərlər edirlər və müqayisə əsasında ölkəmizin inkişaf dinamikasının vüsətini görürlər. Kiminsə bunu inkar etməsi, onun qərəzli olmasından başqa heç nəyi ifadə etmir. Yalnız qərəzli və Azərbaycanın inkişafını görmək istəməyən insanlar ölkəmizdəki gerçəkliyi inkar etmək yolunu tuturlar. Amma Azərbaycan vətəndaşlarının bu inkişaf nəticəsində həyatları dəyişib, bu inkişaf onların həyatının keyfiyyətini yüksəldib. Belə olan halda, müxalifətin inkarçılığı, sadəcə olaraq onların ideologiya məsələsi olaraq qalmır. Heç də təsadüfi deyil ki, Azərbaycanda öz ölkəsinin inkişafından qürur duyan adamlar bu inkişafı görməyənləri nankor və bəzi hallarda gözləri kor olan insanlar kimi qiymətləndirirlər. Hesab edirəm ki, bu ədalətli yanaşmadır. Hər hansı siyasi təşkilatın fərqli baxışlarının mövcud olması normal haldır. Bütün demokratik cəmiyyətlərdə siyasi partiyalar hökumətin həyata keçirdiyi proqramlardan fərqli proqramları insanlara bəyan edirlər. Amma Azərbaycanda bəzi partiyalar hər hansı fərqli proqram bəyan etmədən sadəcə olaraq, inkişafı nəinki görməmək, hətta kobud şəkildə təhrif etmək zəminində insanlarda fərqli düşüncə və təəssüratlar yaratmağa çalışırlar. Hesab edirəm ki, bu, nəinki həmin insanların nankorluğundan xəbər verir, eyni zamanda, anti–Azərbaycan mövqeyini ortaya qoymuş olur. Biz Azərbaycan müxalifətinin radikal qanadının fəaliyyətində inkarçılıqla yanaşı, bütövlükdə, Azərbaycana qarşı bir qarayaxma kampaniyası aparmaq cəhdlərini görməkdəyik.

– Aqressivləşməkdə olan müxalifətin cəmiyyət üçün yaratdığı təhlükə nədən ibarətdir?

– Əlbəttə, cəmiyyətdə aqressivlik arzuolunan hal deyil. Xüsusilə də, siyasi aqressivlik ikiqat arzuolunmazdır. Mən yuxarıda qeyd etdim ki, Azərbaycan cəmiyyəti aqressivliyi və radikalizmi sevmir. Amma müxalifətin şüurlu şəkildə belə bir yol seçməsi aydın görünür. Cəmiyyətə yararlı bir proqram təqdim edə bilməyən müxalifətin radikalizm və aqressivlik yolunu seçməsi əlbəttə ki, təhlükəli meyildir. Mən bunu ona görə demirəm ki, müxalifətin radikal qanadının seçdiyi aqressivlik ölkəmiz üçün hər hansı bir təhlükə mənbəyidir. Xeyr, sadəcə, bu meyilin özünün təhlükəli parametrlərə malik olduğunu qeyd etmək istəyirəm. Belə meyillərin qarşısı qətiyyətlə alınmalıdır. Aqressivlik cəmiyyətdəki sabitliyi və dincliyi pozmaq məqsədi güdür. Aqressivlik insanlar arasında normal münasibətlərin ümumi axarını və ahəngini ciddi şəkildə pozmaq cəhdidir. Bu baxımdan, mən qətiyyətlə Azərbaycan cəmiyyətində aqressivliyin, xüsusilə də, siyasi aqressivliyin əleyhinəyəm. Hesab edirəm ki, cəmiyyətimiz də aqressivliyə qarşıdır. YAP olaraq hesab edirik ki, siyasi təşkilatlarda aqressivlik həmin təşkilatların nəinki sıralarını seyrəldir, dayaqlarını zəiflədir, daha çox, aqressivlik həmin təşkilatların mənəvi və psixoloji aşınmasına gətirib çıxarır. Beləliklə də, hər hansı bir normal prinsip və dəyərlərdən məhrum olmuş insanlar aqressiv kütləyə çevrilir. Bayaq Rusiya mətbuatından çəkdiyim misal aqressivliyin bariz nümunəsidir. Aqressivlik cəmiyyəti içəridən yeyir, onu çürüdür, ən qorxunc ssenarilərə meydan açır.

– Azərbaycan cəmiyyəti radikal müxalifətin ölkədə sabitliyi pozmaq cəhdlərinə kəskin etirazını bildirməkdədir. Sizcə, bu amil müxalifətin bundan sonrakı davranışlarında dönüş yarada bilərmi?

– Müxalifətin radikal qanadının aqressivliyi nə qədər arzuolunmazdırsa, bu aqressivlik o qədər də müxalifətin özünə zərbə vurur. Dediyim kimi, Azərbaycan cəmiyyəti nə radikalizmi, nə də aqressivliyi qəbul edir. Belə olan halda, radikalçılıq və aqressivlik yolu seçmiş müxalifət də ictimai dəstəkdən məhrum olmalıdır və olur. Müxalifətin aqressivliyi artdıqca, onun tərəfdarları azalır, sosial dayaqları zəifləyərək indiki vəziyyətinə gəlib çatıb. Bilirsiniz ki, müxalifətin sıralarındakı reallığı obyektiv qiymətləndirən insanlar həmin partiyaların sıralarından çıxmaq haqqında bəyanatlar verirlər. Bu proses yəqin ki, bundan sonra da davam edəcəkdir. Mən bu fikri ona görə səsləndirirəm ki, bundan əvvəlki illər ərzində də aqressivlik nümayiş etdirən müxalifətin sıralarını çox sayda insanlar tərk etmişdilər. Bu gün müxalifətin sıralarında kimlər qalıb? Müxalifətin sıralarında aqressivliyi və radikalizmi qəbul etməyən insanların kütləvi surətdə o partiyaların sıralarını tərk etməsinin ardından onların yerinin doldurulması üçün bəzi gənclərin aldadılaraq bu düşərgəyə cəlb olunmasını müşahidə edirik. Doğrudur, az sayda olsa da, bu gəncləri öz sıralarına cəlb edə bilirlər. Mart ayının 11–də və aprelin 2–də baş verən hadisələrdə iştirak edənlərin çox hissəsini həmin azsaylı gənclər təşkil edirdi. Bu, ondan xəbər verir ki, müxalifət rəhbərləri həyat təcrübəsi olmayan gəncləri aldadaraq öz sıralarına cəlb edib onlardan bir vasitə kimi istifadə etməyə çalışırlar. Düşünürəm ki, o gənclər də gec–tez aldandıqlarını dərk edərək həmin partiyaların sıralarını tərk edəcəklər. Amma əsas demək istədiyim fikir ondan ibarətdir ki, həmin partiyaların sıralarını tərk edən həyat təcrübəsi olan insanların yerini aldadılmış gənclər tutub. Radikalçılıq və aqressivlik azarına tutulmuş partiyalar mövcudluğunu sübut etməyin yolunu indi gəncləri aldadaraq öz sıralarına cəlb etməkdə görürlər. Bununla belə, sağlam ruhlu gənclər radikallara kəskin etiraz edirlər, onlar öz fikirlərini müxtəlif formalarda ifadə edirlər. Hesab edirəm ki, sağlam düşüncəli insanların mövqeyi, onların apardığı təbliğat radikal müxalifətə qoşulmuş bəzi gəncləri də səhv yoldan çəkindirəcək.

– Əli müəllim, aprelin 2–də baş verən hadisələrlə bağlı bəzi beynəlxalq təşkilatlar, o cümlədən, ABŞ–ın ölkəmizdəki səfirliyi bəyanatla çıxış edib. Bu bəyanatlara münasibətiniz necədir?

– Azərbaycan dünya birliyinin üzvüdür və bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Eyni zamanda, həmin təşkilatların üzvü olaraq Azərbaycan öz üzərinə müəyyən öhdəliklər götürüb və həmin öhdəlikləri də yerinə yetirir. Azərbaycan dünyanın bir parçasıdır və dünyada baş verən hadisələr hər bir ölkəyə olduğu kimi Azərbaycana da təsir göstərir. Həmçinin, zaman dəyişir, həyat inkişaf edir, yeni–yeni dəyərlər meydana gəlir və hər bir ölkə kimi Azərbaycan da bu dəyişikliklərə uyğunlaşmalıdır. Bunlar həyatımızın gerçəklikləridir. Bu reallıqlardan kənarda yaşamaq, bunları inkar etmək mümkün deyil. Son zamanlara qədər beynəlxalq münasibətlərdə hər bir dövlətin və hər kəsin hörmətlə yanaşdığı suverenlik, müstəqillik, bir dövlətin başqa dövlətin daxili işlərinə qarışmaması prinsipləri üstünlük təşkil edirdi. Və bu, bütövlükdə beynəlxalq aləmdə çox vacib ahəngdarlığı yaratmaq mexanizmi kimi fəaliyyət göstərirdi. Amma son vaxtların hadisələri göstərir ki, haqqında söhbət gedən dəyərlər ciddi şəkildə aşınmaqdadır. Dövlətlərin daxili işlərinə qarışmamaq, suverenlik və müstəqillik artıq beynəlxalq münasibətlərin pozulmayan dəyəri kimi fəaliyyət göstərməkdə çox ciddi çətinliklərlə üzləşib. Məsələn, bu və ya digər ölkələrin daxili işlərinə qarışmaqdan ötrü insan haqları, demokratiya kimi ümumbəşəri dəyərlərdən sui–istifadə edilir. Ayrı–ayrı xalqların müstəqil şəkildə öz iradələrini ifadə etməsinə əngəllər törədilir. Bunun üçün isə müxtəlif bəhanələr axtarılıb tapılır. Müxtəlif bəhanələrdən istifadə edərək ayrı–ayrı dövlətlərin daxili işlərinə müdaxilə edilir və onların bəzi hallarda zorla siyasi quruluşlarının dəyişdirilməsi istiqamətində addımlar atılır. Mən bu barədə müasir dünya tarixindən kifayət qədər nümunələr gətirə bilərəm. Fikrimcə, bunu xüsusi izah etməyə elə bir ehtiyac yoxdur.

Məqsədimiz ondan ibarət olmalıdır ki, müasir dünyanın və beynəlxalq icmanın tərkib hissəsi kimi Azərbaycan sivil norma və qaydaları qəbul edib ardıcıl surətdə bundan sonra da həyata keçirmək yoluna davam etsin. Şübhə yoxdur ki, belə də edəcəkdir. Kimin necə bəyanat səsləndirməsindən asılı olmayaraq bu, belədir. Digər tərəfdən, beynəlxalq icma, o cümlədən, bütün dövlətlər və bütün xalqlar, həm də ona çalışmalıdırlar ki, ayrı–ayrı beynəlxalq güclər dövlətlərin daxili işlərinə qarışmaq imkanlarına malik olmasınlar. Beynəlxalq icma, ilk növbədə, BMT bu və ya digər dövlətin başqa bir ölkənin işlərinə qarışmaq imkanlarının qarşısını qətiyyətlə almalıdır. Əgər bu imkandan istifadə edilməsə, beynəlxalq güclərin dövlətlərin daxili işlərinə kobud surətdə qarışması davam etsə, dünyada sabitliyi qoruyub saxlamaq çətin olacaq. İndi dünya çox ağrılı dəyişikliklər mərhələsini yaşamaqdadır. Hər şeydən əvvəl, dediyim kimi, dəyərlər dəyişir, bunun ardınca isə hərəkətlər gəlir. Bu günə qədər mövcud olan dəyərlər xoşagəlməz hərəkətlərin qarşısını müəyyən qədər alırdı. İndi dəyərlər dəyişəndən sonra artıq müdaxilələr, zor tətbiq etmək, bu və ya digər dövlətlərə və onun xalqına ayrı–ayrı iradələrin qəbul etdirilməsi cəhdləri genişlənəcək. Bu mənada hesab edirəm ki, dünya birliyi, bütün dövlətlər və onların xalqları ayıq–sayıq olmalı, öz taleyini, öz siyasi seçimini etmək hüququna sahib olmalıdır, bu hüquqları həyata keçirmək mexanizmini əllərində saxlamalıdırlar.

Azərbaycanda baş verən proseslərlə əlaqədar bəzi beynəlxalq təşkilatların, o cümlədən, ABŞ səfirinin fikirlərini də bu kontekstdə qiymətləndirirəm. Azərbaycan suveren dövlətdir, beynəlxalq təşkilatların üzvü olmasına baxmayaraq, ölkəmizin daxilində baş verən proseslərə hər şeydən əvvəl xalqımız və dövlətimiz cavabdehdir. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, normal, sabit həyatının qorunub saxlanılması məsuliyyəti Azərbaycan dövlətinin və hakimiyyətinin üzərindədir. Bu gün mövcud sabitlik ölkəmizin inkişafını təmin edir. Sabitlik pozulduqda isə, onun ağrı–acılarını hər hansı dövlətin səfiri, təşkilatların nümayəndələri yox, Azərbaycan vətəndaşları çəkəcək. Deməli, biz özümüz ölkəmizdəki sabitliyin, əmin–amanlığın keşiyində dayanmalıyıq ki, bu sabitlik pozulanda onun əziyyətini çəkməyək. Mən istərdim ki, hər bir Azərbaycan vətəndaşı göz önünə gətirsin, görsün ki, sabitliyin pozulduğu ölkələrdə əziyyət çəkən kimdir. Orada da əziyyət çəkən səfirlər yox, həmin xalqlardır, tökülən qanlar da həmin ölkələrin vətəndaşlarınındır. Ona görə də, hər bir vətəndaşın haqqı var ki, öz ölkəsində sabitliyi, əmin–amanlığı qorusun. Təbii ki, biz verilən bəyanatlara diqqətlə yanaşırıq. Amma kimin hansı bəyanat səsləndirməsindən asılı olmayaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məsuliyyəti, ilk növbədə, Azərbaycan xalqının üzərinə düşür, bu xalqın yaratdığı dövlətin və seçdiyi hakimiyyətin çiyinlərinin üzərində dayanır.

Son olaraq onu da bildirmək istəyirəm ki, M.Brayza Azərbaycana səfir təyin olunmazdan əvvəl ABŞ–ı Minsk qrupunda təmsil edib, lakin Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, təcavüzkarın öz adı ilə çağırılması yönündə yaddaqalan bir bəyanat səsləndirə bilməyib. Azərbaycanı, onun müasir tarixini və indisini gözəl bilən bir insan kimi indi onun nə qədər mənəvi haqqı var ki, Azərbaycanın daxili işləri ilə bağlı qərəzli bəyanatlar səsləndirir? Qoy bu suala özü öz vicdanı qarşısında cavab versin.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2011.- 9 aprel.- S.9.