Son illər Bakı əsl dialoq məkanına
çevrilib
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu çərçivəsində "Qadınlar – mədəniyyətlərarası
dialoqun əsas təmsilçiləri" mövzusunda sessiya
keçirilib
AzərTAc xəbər verir
ki, dünən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu öz işini davam etdirib. Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
Forumun "Qadınlar – mədəniyyətlərarası
dialoqun əsas təmsilçiləri" mövzusunda
üçüncü sessiyasında iştirak edib.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın həmsədr olduğu
sessiyada qadınların mədəniyyətlərarası
dialoqun əsas təmsilçiləri kimi cəmiyyət
haqqında oynadığı rolun təşviq edilməsi məqsədi
ilə nəzəri və praktiki çərçivənin
müəyyən edilməsi məsələləri
müzakirə olunub.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva sessiyada çıxış
edib: "Xanımlar və cənablar! Hörmətli qonaqlar!
İlk növbədə, Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun bütün iştirakçılarını
salamlayıram. Forumda iştirak etmək üçün
ölkəmizə gələn bütün qonaqlara "Azərbaycana
xoş gəlmisiniz!" deyirəm. Ümidvaram ki, bu Forum həqiqətən
də real dialoqun inkişafına öz layiqli töhfəsini
verəcək və Forumun yekunları əsasında konkret
işlər, konkret tədbirlər həyata keçiriləcəkdir.
Son illər Bakı əsl
dialoq məkanına çevrilmişdir. Yaxın
keçmişə nəzər salaraq, bir sıra beynəlxalq
tədbirləri sadalaya bilərik. Keçən il ölkəmizdə
dünya dini liderlərinin Bakı sammiti keçirilmişdir.
2009–cu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan
olunmuşdu. Həmin il İslam Konfransı Təşkilatına
üzv olan ölkələrin və həm də Avropa
dövlətlərinin mədəniyyət nazirlərinin
toplantısı keçirilmişdir. 2008–ci ildə bu salonda
bütün qitələri əhatə edən beynəlxalq
qadın konfransı keçirilmiş və mədəniyyətlərarası
dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul
edilmişdir.
Əslində, belə tədbirlərin
keçirilməsi üçün Azərbaycanda həm
güclü zəmin, həm də əlverişli mühit
mövcuddur. Qədim dövrdən bu günə qədər
Azərbaycan bütün dünyaya açıq olan bir diyar
kimi tanınır və ölkəmizdə hökm sürən
yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan
hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən
müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi
sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir.
Bu gün mən bu Forumun təşkilində
əməyi olan hər bir insana öz dərin minnətdarlığımı
bildirirəm. Forumu dəstəkləyən bütün beynəlxalq
təşkilatlara təşəkkürümü bildirirəm
və ümidvaram ki, Forum xalqlar, millətlər, dövlətlər
arasında formalaşan sağlam münasibətlərə
xidmət edən növbəti bir addım olacaqdır.
Əziz dostlar, mədəniyyətlərarası
və sivilizasiyalararası dialoq indi dünyada ən aktual və
ən populyar mövzulardan biridir. Bu gün dünyanın
müxtəlif ölkələrində bu problemə həsr
olunmuş "dəyirmi masa"lar, konfranslar, forumlar
keçirilir. Şübhəsiz ki, hər bir belə
görüş alqışlanmalı və dəstəklənməlidir.
Ən azı ona görə ki, hər bir belə
görüş özlüyündə bir növ dialoqdur.
Ancaq bu mövzu tez–tez
gündəmə gətirilsə də, əfsuslar ki,
mövcud vəziyyətə onun təsiri olduqca azdır. Bu
fikri təsdiqləmək üçün heç bir
araşdırma aparmaq lazım deyil. Sadəcə, istənilən
televiziya kanalına, yaxud internetə müraciət etmək
kifayətdir və hər bir informasiya agentliyinin xəbərləri
bu fikri təsdiqləyəcəkdir.
Düşmənçilik,
dözümsüzlük, etnik təmizləmələr,
soyqırımı, müharibələr bugünkü
dünyanın reallığıdır. Bu gün dünyada
qarşıdurmaların və münaqişələrin
sayı azalmır, əfsuslar olsun ki, artır. Əlbəttə,
belə olan halda dialoq mövzusuna qatılan insanların – siyasətçilərin,
dini və ictimai xadimlərin, alimlərin, sadə
insanların, vətəndaşların sayı ildən–ilə
artır. Bu da öz növbəsində gündəmə
müxtəlif fərziyyələr, təkliflər, ssenarilər
gətirir. Misal üçün, bir qrup alim əmindir ki,
sivilizasiyalararası mövcud olan ziddiyyətlər mütləq
qarşıdurma və münaqişə ilə bitəcək,
dialoq imkanları artıq tükənməkdədir və belə
bir multikulturoloji cəmiyyətin perspektivləri yoxdur.
Digər fikir ondan ibarətdir
ki, qarşıdurmaların qabağını almaq
üçün dünyanın bütün ölkələri
Qərb modelini özünə örnək götürməlidir.
Şübhəsiz ki, Qərbin demokratiya və azadlıq
ideyaları, inkişafı və yüksək yaşam səviyyəsi
təqdirəlayiqdir və bu, bu gün dünyada mövcud olan
mütərəqqi bir modeldir. Lakin biz hamımız
yaxşı anlayırıq ki, bütün bəşəriyyətin
belə yaşaması mümkün deyildir. Buna, ilk növbədə,
bu gün dünyada mövcud olan resurslar imkan verməz və hətta
biz geosiyasi, tarixi, mədəni amilləri də
unutmamalıyıq.
Üçüncü bir nəzər
ondan ibarətdir ki, bu gün Qərbin bütün
uğurları, o cümlədən elm, texnologiya, inkişaf
sahəsindəki uğurları uzunmüddətli, tarix boyu
müstəmləkəçilik siyasətinin nəticəsidir.
Əlbəttə, belə yanaşma ilə də
razılaşmaq mümkün deyil, belə fikirlər bizi gələcəyə
yox, yalnız keçmişə aparır.
Fikrimcə, bütün bu
yanaşmalar dialoqun qurulmasına xidmət etmir. Əskinə,
yeni münaqişələrə, yeni qarşıdurmalara zəmin
yaradır. Bu gün heç kim üçün sirr deyil ki, hər
bir belə konsepsiyanın arxasında müəyyən siyasət,
müəyyən siyasi qüvvələr və siyasi
ambisiyalar durur. Fikrimcə, bu meyil müasir dünyada bir
çox ciddi çağırışlar və təhlükələr
yaradır.
Biz elə bir dövrdə
yaşayırıq ki, hətta insanların ən müqəddəs,
ən ülvi hissləri ilə oynamaq istəyənlər də
tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq
və bu dinlərin dəyər sistemləri olduqca
yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya
dua edirik və dualarımızın mahiyyəti də eynidir.
Lakin biz bu gün insanlıqdan kənar və
ağlasığmaz bir faktla üzləşirik.
Özünü din xadimi adlandıran biri müqəddəs
kitabı – "Qurani–Kərim"i oda atıb yandırır.
Nədir belə hərəkətin adı? Nədir onun məqsədi?
Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə
insanlar nəyə və kimə xidmət edirlər? Ancaq biz
belə bir dəhşətli halın, hadisənin dünya
ictimaiyyəti tərəfindən qəti şəkildə
pislənməsi ilə də rastlaşmadıq. Nəticədə
cəzasız qəddarlıq bir az da, daha da dəhşətli
qəddarlıqla nəticələndi və biz bunun da
şahidi olduq.
Hesab edirəm ki, zəmanəmizin
ən böyük təhlükələrindən biri dinin
siyasiləşdirilməsidir. Müxtəlif ekstremist qüvvələr
və şüarlar din şüarları altında gündəmə
gətirilməməlidir. Tamamilə aydındır ki, belə
hərəkətlər, belə hallar dialoqa, normal münasibətlərə
zidd olan hərəkətlərdir və yalnız yeni
qarşıdurmalar üçün zəmin yaradır.
Əziz qonaqlar,
bugünkü mövzuda suallar cavablardan çoxdur. Ancaq bir
şey tamamilə aydındır ki, artıq mədəniyyətlərarası
dialoq sırf kulturoloji problem çərçivəsindən
çıxıb, böyük siyasətin probleminə
çevrilibdir. Bu gün qloballaşan dünya artıq
reallıqdır. Kimsə bunu alqışlayır, kimsə
böyük bəla hesab edir. Lakin hər birimiz bu dəyişiklikləri
öz həyatımızda hiss edirik. Xüsusilə də məkan
və zaman anlayışında, gec–tez, yaxın–uzaq
anlayışlarımızda biz bunu hiss edirik.
Fikrimcə, bu gün hər
birimiz çox yaxşı dərk etməliyik ki, biz öz
ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət
adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər
birimizi böyük və ümumi bir məkanın sakinlərinə
çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası,
xalqlararası dialoq məhz etik normal, haqq–ədalət prinsipləri
əsasında qurulmalıdır.
İndi dünyada həm
siyasətdə, həm iqtisadiyyatda hökm sürən
qanunlar, əfsuslar olsun ki, ədalətdən və etik
normalardan çox uzaqdır. Əgər bu gün biz qlobal
etika fərziyyəsi təklif ediriksə, – bu, bəlkə də
bu gün bir növ utopiya kimi səslənir. Lakin gəlin
xatırlayaq ki, bəşəriyyətin bugünkü bir
çox nailiyyətləri əsasını vaxtilə məhz
utopiya kimi qiymətləndirilən hərəkətlərdən
və fikirlərdən götürür. Vaxtilə qadın hərəkatı,
genderlik, bərabərlik hərəkatını başlayanda,
çoxları bunu perspektivsiz utopiya kimi qiymətləndirirdi.
Lakin bu gün bu sahədə əldə edilən nailiyyətlər
belə yanaşmanın yanlış olduğunu sübut edir.
Əziz dostlar, biz bu gün
qlobal etikadan danışırıqsa, bu, yenə də elmi bir
fərziyyə ola bilər və yenə də burada suallar
cavablardan çoxdur. Lakin mən əminəm ki, əgər
biz sabahı düşünürüksə, gələcək
nəsillər qarşısında öz məsuliyyətimizi
dərk ediriksə, biz xalqlararası, millətlərarası
münasibətləri məhz etika və ədalət
platformasında qurmağa çalışmalıyıq. Bu,
uzunmüddətli və ağır prosesdir. Lakin hər bir
uzun yol ilk addımdan başlayır. Fikrimcə, hər birimiz
öz əməllərimizlə kiçik də olsa, bu
addımı atmalıyıq. Bunun üçün yalnız həmrəylik
və xoş niyyət lazımdır. Mən əminəm ki,
məhz bu halda humanizm və ədalət əsasında
konstruktiv dialoqun qurulması mümkündür. Diqqətinizə
görə çox sağ olun".
Sonra sessiyanın digər həmsədri,
YUNESKO–nun mədəniyyət və mədəniyyətlərarası
dialoq şöbəsinin direktoru Katerina Stenou
çıxış edərək YUNESKO–nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevaya səmərəli fəaliyyətinə
görə minnətdarlıq edib. "Mədəniyyətlərarası
dialoqa bir çox hallarda ümumiləşdirilmiş ideya sistemi
kimi baxılır",– deyən Katerina Stenou bildirib ki, mədəniyyət
sırf homogen məfhum deyil və ümumi mədəniyyətin
tərkibində çoxsaylı fərqlərlə də
rastlaşmaq mümkündür. Bu məsələdə
qadınların roluna diqqət çəkən YUNESKO–nun rəsmisi
vurğulayıb ki, keçmişi qoruyan qadınlar yenilikləri
və dəyişiklikləri də aramıza gətirən
şəxslərdir. Odur ki, qadınlar mühafizəkar
mövqelərdən uzaq olaraq hər zaman dəyişikliyə
can atırlar. "Mədəniyyət insan
hüquqlarının pozulmasına görə də məsuliyyət
daşıyır",– deyən Katerina Stenou bu Forum çərçivəsində
yeni elementlərin tapılmasına yardım etməyin vacib
olduğunu deyib.
Rusiya Federasiyası Federasiya
Şurasının sədr müavini Svetlana Orlova tam əmin
olduğunu bildirib ki, Bakıdan başlanan bu yol dünya
miqyaslı platformaya çevriləcək.
Bu məsələdə
qadınların roluna gəlincə S.Orlova qeyd edib ki, Azərbaycan
bu sahədə öncül sıradadır. Çünki hələ
90 il əvvəl Şərqdə ilk dəfə
qadınların seçki hüququ Azərbaycanda
tanınıb. "Mədəni müxtəlifliyin özü
də bir çağırışdır",– deyən
S.Orlova bildirib ki, müxtəlif risklərin və ziddiyyətlərin
mövcud olduğu dünyada mədəniyyətlərarası
dialoqun təmin edilməsi vacibdir. Bu məsələdə
tolerantlığın da diqqətdə saxlanılması, mədəni
dəyərlərin daha çox gündəmə gətirilməsi
zəruri xarakter daşıyır. Dünyada sülhün bərqərar
olmasında qadınlarla yanaşı, təhsil və elm də
mühüm rol oynayır.
Paris şəhərinin 7–ci
rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati
Bakıda gedən inkişaf proseslərindən
danışıb. O deyib ki, Bakıda gedən müsbət dəyişikliklər
bu şəhərin dəyərini başa düşən
insanların əməyinin bəhrəsidir. Qonaq bu müsbət
dəyişikliklərin dünyanın bir çox şəhərlərində
də həyata keçirməyin mümkünlüyünə
toxunub, Azərbaycan paytaxtının qazandığı nailiyyətlər
münasibətilə Mehriban xanım Əliyevanı təbrik
edib. "Bakıda müxtəlif sivilizasiyalar qovuşur",–
deyən R.Dati bildirib ki, Azərbaycan bu cür tədbirləri
keçirməklə prosesə olan sadiqliyini göstərir.
R.Dati böyük ictimai fəaliyyətlə məşğul
olan Azərbaycanın birinci xanımının ölkəmizin
mədəni dəyərlərinin təbliğindəki fəaliyyətindən
xəbərdar olduqlarını və bunun beynəlxalq miqyasda
təqdir edildiyini bildirib.
Mərakeş parlamentinin
üzvü Mbarka Buayda ölkəsindəki qadın hərəkatı
barədə danışıb, qadınların Mərakeş
parlamentindəki səmərəli fəaliyyətindən bəhs
edib. M.Buayda müasir cəmiyyətin qurulmasında
qadınların rolunun daha da gücləndirilməsinin
vacibliyini vurğulayıb.
Rusiyanın İqtisadi
Strategiyalar İnstitutunun direktoru Aleksandr Ageev deyib ki,
qadınlar hər zaman kişilərin rəyinə
güclü təsir göstərib və bu baxımdan onlar
böyük hakim qüvvədir.
Qadınların iqtisadi
proseslərə təsiri barədə fikirlərini Forum
iştirakçıları ilə bölüşən
Aleksandr Ageev bildirib ki, dünya qloballaşdıqca cəmiyyətlərdə
qadınların da rolu artır. Bununla belə,
qadınların karyera qurulmasında kişilərin
yardımçı rolu daha da artırılmalı, tərəqqini
daha da gücləndirmək üçün qadın amili
mütləq nəzərə alınmalıdır.
ABŞ–ın Mədəniyyətlərarası
Dialoq Mərkəzinin direktoru Vendi Lids–Hurvits vurğulayıb
ki, mədəniyyətlərarası dialoq hələ də
mühüm araşdırma mövzusuna çevrilməyib. Bu
sahədə mühüm irəliləyişlərə nail
olmaq üçün qadınlar böyük qüvvə və
tərəfdaş ola bilərlər.
Vendi Lids–Hurvits deyib ki, mədəniyyətlərarası
dialoqda diqqət müxtəlif mədəniyyətlərin
üzvlərinin bir–biriləri ilə hansı formada ünsiyyət
qurmasına yönəlməlidir və bu dialoqun qurulması
üçün elmi əsaslar olmalıdır.
Minillik layihəsinin Meksika
Qovşağının rəhbəri Konsepsiyon Olavarieta
qadının cəmiyyətdə rolu məsələsinə
fəlsəfi aspektdən yanaşıb. O, bu mötəbər
tədbirin yüksək səviyyədə təşkilinə
görə Azərbaycan dövlətinə təşəkkürünü
bildirib.
"Mədəniyyətlərarası
dialoq sahəsində nailiyyətlərin əldə edilməsi
gender problemləri həll olunmadan mümkün deyil və
gender bərabərliyi bu dialoqa mühüm istiqamət
verir", – deyən Azərbaycan Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, mədəniyyətlərarası
dialoq çərçivəsində qadınların ən
mühüm rolu ondadır ki, onlar münaqişələrin
qarşısının alınmasına və sülh
prosesinin yaranmasına böyük töhfə verə bilərlər.
Bu baxımdan qadınların ortaq istəyi münaqişələrin
təsirinin mümkün qədər azaldılmasıdır.
Azərbaycan
qadınlarının mədəniyyətlərarası dialoqa
töhfə verdiklərini qeyd edən H.Hüseynova bunu 2008–ci
ildə Bakıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
təşəbbüsü ilə keçirilmiş
qadınlarla bağlı beynəlxalq tədbirin də təsdiqlədiyini
vurğulayıb.
H.Hüseynova Azərbaycanda
qadın hüquqlarının qorunması ilə bağlı
mükəmməl qanunvericilik bazasının
yaradıldığını, ölkədə seçkili
orqanlarda qadınların sayının çoxaldılması
ilə bağlı mühüm addımların
atıldığını diqqətə
çatdırıb.
Sonda sessiya
iştirakçıları xatirə şəkli çəkdiriblər.
Yeni Azərbaycan.-
2011.- 9 aprel.- S.2.