Azərbaycanda turizm sektoru dövlətimizin
xüsusi diqqət yetirdiyi sahələrdən biridir
Azərbaycan Turizm
İnstitutunun rektoru Cəfər Cəfərov www.yap.org.az
saytına müsahibə verib:
- Cəfər müəllim,
2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi dövlətimizin
turizm sahəsinə göstərdiyi xüsusi diqqətin
nümunəsidir. Azərbaycan Turizm İnstitutu bu sahənin
inkişafında nə dərəcədə rol oynayır?
- Azərbaycanın turizm
potensialı olduqca yüksəkdir. Ölkəmizin həm təbii-coğrafi,
həm də müasir dünyada tutduğu mövqe Azərbaycanı
turistlər üçün maraqlı bir məkana
çevirib. Amma Tanrı tərəfindən Azərbaycana bəxş
olunan bu gözəllikləri, bu nemətləri turizm məhsuluna
çevirmək lazımdır. Dövlətimiz turizmin
inkişafı istiqamətində vacib addımlar atmaqdadır.
Bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi
üçün mütəxəssislərin olması da vacib
şərtlərdən biridir. Hazırda turizm mütəxəssislərinin
yetişdirilməsinə ehtiyac, tələbat mövcuddur. Bu
ehtiyacı dəyərləndirərək ölkə rəhbərliyi
müstəqil Azərbaycanda Turizm İnstitutunun yaradılmasına
qərar verdi. Dövlət rəhbərliyinin qərarı əsasında
2006-cı ildə Azərbaycan Turizm İnstitutu
açıldı.
Həmin dövrdən də
institutun fəaliyyəti başlanıb. Yaranan zaman bir
fakültə iki kafedra strukturu ilə işə
başladıq. O zaman ilk olaraq 200 tələbə 3 ixtisas
üzrə bu təhsil ocağına qəbul olunmuşdu.
Sonrakı dövrlərdə bu say səkkizə, doqquza
çatdırıldı və onların sırasında ilk dəfə
turizm və otelçilik ixtisası üzrə qəbul həyata
keçirildi. Hazırda 1300 tələbə 14 ixtisas üzrə
bakalavr təhsili alır. Bu ildən etibarən biz magistr pilləsi
üzrə də qəbul elan etdik. 30-a yaxın tələbə
magistratura təhsili alır. Bununla yanaşı, institutumuzda
doktorantura təhsili ilə bağlı işlər
aparırıq və payızda doktoranturaya da qəbul elan edəcəyik.
Bildiyiniz kimi, ötən il Turizm
İnstitutunun ilk buraxılışını etdik və 74 nəfər
məzunumuz oldu. Onlardan 14 nəfəri Azərbaycanda ilk dəfə
ikili diplom aldı. Həmin tələbələr bizim partnyor
universitet- Avstriyanın bir ali məktəbinin də diplomunu
aldılar. Hesab edirəm ki, bizim məzunlarımız peşələrinə
uyğun uğurlu fəaliyyət göstərə biləcəklər.
- Necə hesab edirsiniz, Azərbaycan
Turizm İnstitutu bu sahədə mütəxəssis
boşluğunu doldura biləcəkmi?
- Təbii ki, turizm sahəsində
ayrıca bir ali təhsil müəssisəsinin
yaradılması bu istiqamətdə mütəxəssis
boşluğunu doldurmaq ehtiyacını ödəmək məqsədinə
xidmət edir. Bu, yeni və Azərbaycan üçün
çox önəmli bir sahədir. Turizm sahəsi qeyri-neft
sektorunun ən önəmli sahələrindən biridir. Nəticə
etibarı ilə bir müddətdən sonra turizm dövlət
büdcəsinin əhəmiyyətli bir hissəsini doldurmaq
qabiliyyətində olan bir sektordur. Turizmin özü də əhəmiyyətli
dərəcədə insanlarla işləmək məsələsi
olduğu üçün burada kadr amili də çox önəmlidir.
Çünki burada xidmət, işin təşkili məsələləri
və s. vacib məqamlar mövcuddur. Biz, ali məktəb olaraq
menecer hazırlayırıq, amma turizmin birbaşa insanlarla
ünsiyyətdə olan əhəmiyyətli hissəsi xidmət
personalıdır ki, bu da peşə məktəbləri səviyyəsində
hazırlanmalıdır. Təəssüf ki, belə təcrübə
ölkəmizdə yox səviyyəsindədir. Amma məsələ
ilə bağlı Turizm İnstitutunun nəzdində peşə
məktəblərinin yaradılması nəzərdə
tutulub və artıq bu istiqamətdə işlərə
başlanılıb. Fəaliyyətə başlayandan sonra həmin
məktəblərin regionlarda da şəbəkələrin
yaradılması və beləliklə də, xidmət
personalının peşəkar hazırlığına
kömək etməyi düşünürük. Amma bu,
bir-iki ilin içində baş verə biləcək bir proses
deyil. Bu, böyük və artmaqda olan sənaye sahəsidir və
müəyyən vaxtdan sonra ciddi nəticələrini verməyə
başlayacaq. Burada ənənəvi üsullarla yanaşı,
modern fəaliyyət də ortaya qoyulmalıdır. Bu sahədə
çalışan sahibkarların özləri də bu
işdə maraqlı olmalıdırlar, kadrların
hazırlanması məsələsi dəstəklənməlidir.
Buna görə də, bu istiqamətdə dövlət-özəl
sektor əməkdaşlığı güclənməlidir.
Biz həmin peşə məktəblərində bu əməkdaşlıqdan
da istifadə etməyi planlaşdırırıq.
- Ümumiyyətlə, turizm
şirkətləri ilə institut arasında əlaqələr
necədir? Şirkətlər bu ali məktəbin
imkanlarından səmərəli istifadə edə bilirmi?
- İldə iki dəfə
institutda böyük əmək yarmarkası keçirilir. Məşğulluq
mərkəzləri və ayrı-ayrı şirkətlər
bu yarmarkalarda iştirak edirlər. Bundan başqa, fərdi surətdə
böyük turizm qurumları öz təqdimatlarını
edirlər, bizim tələbələrimiz həmin şirkətlərə
təcrübə keçməyə gedirlər. Bizim bu
şirkətlərin hamısı ilə əlaqələrimiz
var. Digər tərəfdən, bu əlaqələr işəgötürənlərlə
iş axtaranlar arasında körpülər yaradır. Əvvəllər
bu məsələyə şirkətlər tərəfindən
bir az biganə yanaşma halları var idi. Bu da şirkətlərin
azlığı ucbatından idi. Turistlər
üçün, istirahət etmək istəyən insanlar
üçün seçim imkanı o qədər də
çox deyildi. Tədricən turizm şirkətlərinin,
istirahət mərkəzlərinin sayı çoxalır. Bu
isə ciddi rəqabətə əsas yaradır. Demək,
artıq bazarda nə iləsə fərqlənməlisən.
Bunu isə keyfiyyətli xidmətin təşkili ilə həyata
keçirmək olar. Ona görə də, turizm şirkətlərinin
rəhbərliyi bu məqama ciddi diqqət yetirməkdədirlər.
Digər tərəfdən də,
dövlət məcburiyyət mexanizmlərini də işə
salır. Belə ki, turizm obyektləri üçün
lisenziya şərtləri arasında peşəkar
kadrların sayının müəyyən dərəcədə
olması şərt olaraq göstərilir. Bu dərəcənin
də ildən-ilə artırılması nəzərdə
tutulur. Hazırda peşəkar kadrların az olması bu məsələdə
bir az çərçivə yaradır. Amma görülən
işlərin yekunu olaraq bu sahədə işləyənlərin
hamısı peşəkar kadrlardan ibarət olacaq.
- Bəs bu sahədə beynəlxalq
təcrübənin öyrənilməsi işi hansı səviyyədədir?
Başqa ölkələrin müvafiq ali məktəbləri
ilə əlaqələr qurulurmu?
- Turizmin inkişafına nail
olmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi
olduqca vacibdir. Bu sahə qapalı bir sahə deyil və
hansısa bir coğrafi çərçivə ilə əhatə
oluna bilməz. Bu sənaye sahəsində dünya
standartları özünü daha açıq şəkildə
göstərir. Daxili turistlərlə yanaşı xaricdən
gələn turistlərin də cəlb olunması
üçün bu standartları yaratmaq lazımdır.
Başqa bir məsələyə diqqət yetirək.
Xüsusi maraq turizmi deyilən bir məsələ var ki, məsələn,
turistlər hansısa bir kənddə olan yaşam tərzinə
baxmağa gəlirlər. Hətta o halda da ekoturizm dediyimiz bu
anlayışla tanış olmaq üçün də müəyyən
infrastrukturlar yaxşı olmalıdır-yollar rahat
olmalıdır, xidmətlər normal olmalıdır və s.
Fikrimcə, yekun olaraq bu işlərin kökündə həm
əhalinin maariflənməsi, həm də peşəkar
kadrların olması vacibdir. Biz bu işə başlayanda tədris
standartlarımız da yox idi. Bir sıra vasitələrlə
biz Avropa təhsil standartlarını öyrəndik və
hazırda tətbiq edirik. Bu baza əsasında yeni turizm və
otelçilik ixtisasının proqramını
hazırladıq. Digər tərəfdən də, ali məktəbimizdə
dərs deyəcək müəllimlərin
çatışmazlığı problemi var idi. Hazırda xaricdən
müəllimlər dəvət edirik, ikili təhsil
proqramı həyata keçirilən qruplarda tələbələr
təhsillərini ingilis dilində keçirlər. Həmin dərsləri
tədris edən müəllimlərin bəziləri
qardaş Türkiyədən gəlir, eləcə də,
institutumuza xarici mütəxəssisləri dəvət edirik.
Hazırda dünyanın 16 universiteti ilə əlaqələrimiz
var və həmin ali məktəblərdə də təcrübələr
keçirik. Yay dövründə tələbələrimiz
ölkə daxilində və xaricində təcrübələr
keçirlər. Biz yerli özəllikləri saxlamaqla beynəlxalq
təcrübələri öyrənməyə üstünlük
veririk.
- Cəfər müəllim,
institutda “Turizm ili” ilə əlaqədar hansı tədbirlər
həyata keçiriləcək?
- İnstitutumuz tərəfindən
“Turizm ili” çərçivəsində bir çox işlərin
görülməsi nəzərdə tutulur. Prezident İlham Əliyev
2011-ci ili ölkəmizdə “Turizm ili” elan etdikdən sonra
institutda işçi qrupu şəklində toplandıq və
biz görəcəyimiz işlərlə bağlı tədbirlər
planı hazırladıq. Bu barədə
hazırladığımız təklifləri Mədəniyyət
və Turizm Nazirliyinə təqdim etdik. Nazirliyin nəzdində
yaradılmış işçi qrupu bu təklifləri nəzərdən
keçirdi və yekun olaraq Nazirlər Kabinetinə təqdim
olunası bir əhəmiyyətli sənəd
hazırlandı. Ümumiyyətlə, bu istiqamətdə
görəcəyimiz işlər çoxdur. Biz bu məsələ
ilə bağlı institutumuzda bir sıra tədbirləri də
həyata keçirməyi nəzərdə tuturuq. 2011-ci ilin
“Turizm ili” elan olunması məsuliyyətimizin
artırılması ilə yanaşı bizim işimizə də
bir dəstək deməkdir. Hazırda bütün ölkə
öz diqqətini bu məsələyə
fokuslaşdırır. Yeri gəlmişkən, biz turizm sahəsində
çoxsaylı layihələr həyata keçiririk. Bu layihələrdən
biri Gədəbəy rayonunun digital xəritəsinin
yaradılması ilə bağlıdır. Bundan başqa, həmin
rayonda vaxtilə mövcud olan Simenslərin mis mədənlərinin
bərpası və həmin ərazilərin turustik məqsədlə
istifadəsi nəzərdə tutulur. Biz bu məsələyə
lSimens» şirkətini də cəlb etmək fikrindəyik. Bu
yaxınlarda Almaniyadan böyük bir nümayəndə heyəti
də paytaxtımıza gələcək. Onlarla bəzi məsələlər
müzakirə ediləcək. Bu da həmin müzakirə
olunan məsələlərdən biri olacaq. Bundan başqa,
“Turizm ili” çərçivəsində regionlara da diqqət
daha da artacaq. Onu da qeyd etmək istəyirəm ki, “Turizm ili”
bizə həm tədris planlarımızın təkmilləşdirilməsi,
həm də turizmin inkişafı ilə bağlı
planların həyata keçirilməsinə kömək edəcək.
Yeni Azərbaycan.- 2011.- 13 aprel.-
S.5.