Azərbaycan və Polşa arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur

  

Rəsmi Varşava Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir

 

Məlum olduğu kimi, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqil dövlət olaraq digər ölkələrlə ikitərəfli əlaqələr yaratmasında mühüm rol oynadı. Bu gün Avropa məkanının tam hüquqlu üzvünə çevrilən Azərbaycan dövləti qısa zaman ərzində özünün ikitərəfli münasibətlərini normal məcraya yönləndirə bildi. Məhz bu, dövlətimizin beynəlxalq aləmdə tanınmasında, əlaqələrin güclənməsində öz mühüm əhəmiyyətini göstərdi. Bu əlaqələr hazırda demək olar ki, bütün müstəvilərdə daha yüksək səviyyədə inkişaf etdirilir. Belə dövlətlərdən biri də Polşa Respublikasıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Polşa Respublikası ilə müxtəlif sahələr üzrə yaxın əməkdaşlığa malikdir. Bunun nəticəsidir ki, aprelin 8-dən 10-dək Polşanın Vroslav şəhərində Polşa Respublikası Tələbə Parlamentinin təşkilatçılığı ilə “Time for Student Centered Learning in Central and Eastern Europemövzusunda keçirilən beynəlxalq tədbirə Azərbaycan da qatılıb. Polşa ilə yanaşı, Luksemburq, Çexiya, Macarıstan, Slovakiya, Rumıniya, Ukrayna kimi ölkələrdən olan tələbə birlikləri nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizi ATB sədri Elvin Aslanov təmsil edib. Tədbir zamanı mövzu ilə əlaqədar müzakirələr və təqdimatlar keçirilib, ölkəmizi təmsil edən nümayəndə tədbir iştirakçıları və polşalı tələbələr üçün Azərbaycanda Bolonya prosesi və tələbə mərkəzli öyrənmə ilə bağlı təqdimat reallaşdırıb.

Qeyd etdiyimiz kimi, Azərbaycan və Polşa respublikaları arasında əlaqələr 1993-cü ildən daha aktiv forma alıb. İki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 31 sənəd imzalanıb. Bu müstəvidə ilk sənəd 1997-ci ildə imzalanan Azərbaycan Respublikası hökuməti ilə Polşa Respublikası hökuməti arasında iqtisadi əməkdaşlıq və ticarət haqqında saziş olub. Daha sonra iki ölkə arasında ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında konvensiya, Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında Bəyannamə, dövlətlərin mədəni və elmi əməkdaşlığı haqqında sazişi, Azərbaycan Respublikası hökuməti ilə Polşa Respublikası hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Sazişi imzalanıb. Bundan başqa, ölkələr arasında mülki hava daşımaları haqqında, turizm sahəsində əməkdaşlıq haqqında, müdafiə sahəsində əməkdaşlıq haqqında, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, iqtisadi əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və aqrorzaq emalı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Dövlətlərarası əlaqələr dövlət başçılarının qarşılıqlı səfərləri ilə daha da möhkəmləndirilib. Bu mənada 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşaya səfəri xüsusi olaraq vurğulanmalıdır. Səfər çərçivəsində Prezident İlham Əliyev Polşanın keçmiş Prezidenti, mərhum Lex Kaçinski, Polşa Senatının marşalı B.Boruseviç, Baş naziri Donald Tusk ilə görüşüb. Bundan başqa, Prezident İlham Əliyev Polşa RespublikasınınXidmətlərə görə” Böyük Xaç Ordeni ilə də təltif edilib. Öz çıxışında L.Kaçinski bildirib ki, Prezident İlham Əliyevin Polşaya bu səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycanı Polşanın strateji müttəfiqi adlandıran keçmiş dövlət başçısı bu ölkənin Azərbaycanın Avrotlantik strukturlara inteqrasiya olunmasına yardım göstərməsini vacib hesab edib.

Qeyd edək ki, Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini aşkar şəkildə bildirib. 2008-ci ildə keçirilən görüşdə də mərhum Prezident Lex Kaçinski Dağlıq Qarabağ probleminin dinc yolla həll olunmasının vacibliyini dilə gətirib və bununla yanaşı, münaqişənin həllinin beynəlxalq hüquq normalarına əsaslanmasının birinci şərt olduğunu bildirib: “Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və biz bu mövqeyi dəstəkləyirik. Baxmayaraq ki, bizim Ermənistanla da münasibətlərimiz var”.

Polşa tərəfi Azərbaycanla enerji sahəsində də yaxın əməkdaşlıq etmək istədiyini bildirib. Qeyd olunub ki, Azərbaycanın təbii qaz yataqlarındakı potensialı Polşa üçün olduqca vacibdir və hər iki dövlət bu sahədə əməkdaşlığı müzakirə edir.

Azərbaycan Prezidenti də öz çıxışında bildirib ki, dövlətlər arasında çox güclü siyasi dialoq aparılır, müzakirə olunan məsələlərdə mövqelər üststə düşür. Dövlət başçıları arasında imzalanan Bəyannaməni gələcək əməkdaşlıq üçün çox gözəl sənəd adlandıran Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə aid olan məsələlərdə Polşanın mövqeyindən xüsusi məmnunluq hissi duyduğumuzu qeyd edib: “Polşa bütün dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olmuşdur. Bu, münaqişənin həlli üçün çox əhəmiyyətlidir. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, danışıqlar predmeti olmayıb və olmayacaqdır”.

Dövlətlər arasında geniş enerji dialoqunun aparıldığını söyləyən Prezident İlham Əliyev 2007-ci ildə Krakovda keçirilən birinci enerji sammitinin nəticələrini ümidverici adlandırıb: “Bizim aramızda olan münasibətlər çoxşaxəlidir. Həm iqtisadi, həm energetika, həm siyasi, həm də humanitar sahədə çox gözəl perspektivlərimiz var. Biz dost ölkələrik, strateji tərəfdaşlıq çərçivəsində öz münasibətlərimizi qururuq və bundan sonra da çalışacağıq ki, bu münasibətləri yüksək səviyyədə saxlayaq. Mən aparılan danışıqlardan çox razıyam. Onlar çox uğurlu olmuşdur. Əminəm ki, bu danışıqlar və gələcək görüşlərimiz ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm vasitə olacaq və Polşa-Azərbaycan dostluğu davam edəcəkdir”.

Bununla yanaşı, 2008-ci ilin noyabrında Bakıda keçirilən 4-cü Enerji Sammitinin işində iştirak edən Polşanın dövlət başçısı Prezident İlham Əliyevlə görüşüb.

2009-cu ildə mərhum Prezident Lex Kaçinskinin də Bakıya rəsmi səfəri dövlətlərarası münasibətlərin inkişafında mühüm mərhələ sayıla bilər. Səfərlə bağlı Prezident İlham Əliyev bildirib ki, Polşa dövlətinin başçısının 2006-2009-cu illərdə beş dəfə Azərbaycana səfər etməsi dövlətlər arasında münasibətlərin çox yüksək səviyyədə olmasından, intensiv xarakter daşımasından xəbər verir. Hər iki dövlətin qarşılıqlı yüksək iqtisadi-siyasi əlaqələrə malik olduğunu bildirən Prezident İlham Əliyev energetika sahəsində Polşa-Azərbaycan əlaqələrinin inkişafının müşahidə olunduğunu söyləyib: “Bu sahə həm bizim üçün, həm sizin üçün, Avropa üçün çox önəmlidir, çox vacibdir. Azərbaycanın çox böyük və zəngin neft-qaz yataqları vardır. Polşa-Azərbaycan əlaqələri bu istiqamətdə əlbəttə ki, həm ikitərəfli, həm geniş formatda həyata keçirilir. Əminəm ki, bu vaxta qədər əldə edilmiş nəticələr əsasında biz növbəti illərdə yeni addımlar atmalıyıq. Artıq bu sahədə vacib tədbirlər görülür, Odessa-Brodı-Qdansk neft kəmərinin texniki-iqtisadi əsaslandırılması hazırlanıbdır və bu da çox önəmli hadisədir. Ümid edirəm ki, gələcək illərdə regional əməkdaşlıq məsələləri həll edildikcə biz istədiyimizə nail olacağıq”.

Prezident daha sonra bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi işində Polşanın çox mühüm və təsirli imkanları var və Polşa bu imkanlardan istifadə edir: “Şərq tərəfdaşlığı” Proqramının başlanması, hesab edirəm, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılması deməkdir və biz buna hazırıq. Biz enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəmizi verməyə hazırıq”.

Polşanın keçmiş dövlət başçısı da öz növbəsində dövlətlər arasında əməkdaşlıq üçün imkanların böyük olduğunu söyləyib: “Cənab Prezidentin burada qeyd etdiyi kimi, əməkdaşlıq məsələləri çox əhəmiyyətlidir və hesab edirik ki, Azərbaycanın Xəzər dənizində zəngin ehtiyatları bizim ümumi əməkdaşlığımıza xidmət edir. Mən hesab edirəm ki, Sizin ölkəniz artıq Avropanın enerji təhlükəsizliyinə çox böyük təsir göstərən ölkəyə çevrilibdir və biz bunu görürük. Biz bunu son illər ərzində müşahidə etmişik, biz bunun şahidi olmuşuq. Mən hətta belə deyərdim ki, Siz Avropaya bu cür töhfə verməklə qitənin daha mühüm bir hissəsinə çevrilirsiniz. Burada mən hamıya müraciət edərək demək istəyirəm, fakt ondan ibarətdir ki, nəinki mənim vətənimdə - Polşada, bütün Avropa İttifaqında, o cümlədən Avropa İttifaqına üzv olmayan dövlətlərdə də bir çox şəxslər, bir çox dairələr anlayırlar ki, burada, məhz bu məkanda ən vacib açarlar vardır. Nəinki Polşanın uğurunun, bütün Avropa İttifaqının uğurunun açarı buradadır. Bu, bizim enerji müstəqilliyimizdir”.

Polşa Prezidenti Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ərazi bütövlüyü prinsipinin pozulmasının qəbuledilməz və yolverilməz olduğunu bildirib: “Ərazi bütövlüyü prinsipinə əməl edilməli, hörmətlə yanaşılmalıdır. Biz ərazi bütövlüyünə əməl edilməsini istəyirik. Azlıqların hüquqlarına da hörmətlə yanaşılmalıdır, amma bu, ərazi bütövlüyü çərçivəsində baş verməlidir”.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2010-cu ilin 12 aprelində Polşa Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskinin, Polşa Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar Prezident İlham Əliyev bu ölkənin rəsmilərinə, vətəndaşlarına başsağlığı verib. Aprelin 18-də isə Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin başçılıq etdiyi nümayəndə heyəti Polşa Prezidenti Lex Kaçinskinin Krakov şəhərində keçirilən dəfn mərasimində iştirak etmək məqsədilə Polşaya səfər ediblər.

Vurğulamaq lazımdır ki, dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün hökumətlər səviyyəsində də müxtəlif tədbir keçirilir. 2009-cu ilin martında Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev Krakov şəhərində NATO ölkələri və Əfqanıstana töhfə verən tərəfdaş dövlətlərin müdafiə nazirlərinin görüşündə iştirak edib, bununla yanaşı, Polşanın milli müdafiə naziri B.Klix və Baş Qərargah rəisi F.Qaqora ilə görüşlər keçirib, tərəflər arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 2009-cu ilin mayında isə Polşa-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın üçüncü iclası Varşavada keçirilib. İclas çərçivəsində 100-dək şirkət, yerli ictimaiyyətinin iştirakı ilə Biznes-seminar təşkil olunub. Ötən ilin yanvarında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti iki ölkə arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə Polşaya rəsmi səfər edib. Danışıqlarda əməkdaşlığa dair müvafiq razılıq əldə edilib və istiqamətlər müəyyənləşdirilib. Səfər çərçivəsində nümayəndə heyəti Polşanın müdafiə sənayesi müəssisələrinin istehsal prosesi və bu sahədə maraq doğuran yeni texnologiyalarla yaxından tanış olub. 2010-cu ilin fevralında isə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlo Azərbaycana səfər edib və Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşüb. Ötən ilin martında isə Azərbaycan Respublikasının Baş naziri A.Rasizadənin dəvəti ilə Polşa Respublikasının Baş naziri Donald Tusk Azərbaycana səfər edib. D.Tusk “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanı dəstəkləməkdən söhbət açaraq, bunun, ölkəmizə, o cümlədən, Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsi sahəsində böyük səmərə verəcəyini qeyd edib. O, ölkəsinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Avropa strukturlarına inteqrasiya etmək səylərini dəstəkləyəcəyini bəyan edib.

Ötən ilin noyabrında isə Bakıda Azərbaycan-Polşa biznes-forumu keçirilib. Tədbirin ardınca forum çərçivəsində iki sənədin imzalanma mərasimi baş tutub. Bunlardan biri Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Polşa İşəgötürənlər Assosiasiyası arasında, digəri isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”) Polşa İnvestisiyaların Təşviqi Fondu (PALİLZ) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədləri Azərbaycan tərəfdən ASK prezidenti Məmməd Musayev və “Azpromo”nun prezidenti Adil Məmmədov, Polşa tərəfdən isə İnformasiya və Xarici İnvestisiyalar Agentliyinin direktoru Slabomir Majman imzalayıb.

Dövlətlərarası əlaqələr bu gün də yüksələn xətlə inkişaf etdirilir. Bu ilin yanvarında Davos İqtisadi Forumu çərçivəsində İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovski ilə görüşüb. Bu görüşə böyük əhəmiyyət verdiklərini deyən Azərbaycan və Polşa prezidentləri ölkələrimiz arasında uğurlu əməkdaşlığın davam etdiyini vurğulayıblar. Görüşdə ikitərəfli münasibətlər və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan ilə Avropa İttifaqı arasında, xüsusilə də “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyəti, o cümlədən, Polşanın bu istiqamətdə dəstəyi qeyd olunub. Dövlətimizin başçısı Azərbaycan ilə Polşa arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Polşa siyasi, iqtisadi və müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 13 aprel.- S.7.