Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın böyük perspektivləri var

  

Hülya İncekara: Türkiyə digər sahələrdə olduğu kimi,  Azərbaycanın təhsil sektorunun inkişafına da hər zaman dəstək verməyə hazırdır

 

Ötən həftəsonu Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçirildi. Türkiyənin “Akare International Education Fairs” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə qardaş ölkənin ali təhsil ocaqları ilə yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, İsveçrə, Litva və digər ölkələrin, ümumilikdə isə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunurdu. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələr üçün nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı ətraflı məlumatlar verirdilər. Sərgidə ən böyük milli pavilyonlardan biri də Türkiyə Cümhuriyyətinə məxsus idi. Qardaş ölkənin stendlərində 10-dan artıq nüfuzlu universitet öz xidmətlərini ziyarətçilərə təqdim edirdi. Bunların arasında özünün səliqə-sahmanı ilə seçilən, eləcə də, ziyarətçilərin böyük marağına səbəb olan ali təhsil müəssisələrindən biri də İzmir İqtisad Universitetidir. Universitetin beynəlxalq əlaqələr ofisinin aparıcı mütəxəssisi Hülya İncekara və təbliğat şöbəsinin müdiri Barış Keser ziyarətçiləri böyük həvəslə bu ali təhsil ocağının özəllikləri barədə məlumatlandırırdılar. Fürsətdən istifadə edib, onlardan sərgi haqda təəssüratlarını “Yeni Azərbaycan”la da bölüşməyi xahiş etdik.

- İzmir İqtisad Universiteti, ənənəvi olaraq, Bakıda keçirilən digər təhsil sərgilərinin də iştirakçısı olduğu üçün, bu təhsil ocağı haqda ölkəmizdə müəyyən qədər məlumat var. Bəs, bu dəfə azərbaycanlı tələbələri hansı yeniliklərlə tanış etdiniz?

Hülya İncekara: -Doğrudur, əvvəlki illərdə Bakıda keçirilən təhsil sərgilərində İzmir İqtisad Universiteti (İİU) olaraq mütəmadi iştirak etmişik. Təkcə ötən il İİU-nun təhsil məsələləri üzrə müdiri Nərgiz Filiz iki dəfə Azərbaycanda olub. Oktyabr ayında isə Bakıda keçirilən “Təhsil və Karyera” sərgisində universitetimiz geniş heyətlə təmsil olundu. Həmin vaxt İİU-nun qurulmasında yaxından iştirak edənlərdən biri- sizin həmyerliniz, Fənn-ədəbiyyat fakültəsinin dekanı İsmixan Bayramoğlu da Nərgiz xanımla birlikdə Bakıya gəlmişdi. Ötən ilin aprelində keçirilmiş analoji sərgi ilə müqayisədə budəfəki sərgi daha möhtəşəm, iştirakçıların sayı daha artıq olduğu üçün rəhbərlik tərəfindən belə qərara alındı ki, sərgidə yenə də böyük nümayəndə heyəti ilə təmsil olunaq.

Məlumat üçün qeyd edim ki, İzmir İqtisad Universiteti 2001-ci ildə İzmir Ticarət Palatasının (İTP) Təhsil və Səhiyyə Fondu tərəfindən təsis edilib. İTP isə Türkiyədə çox nüfuzlu bir təşkilatdır. Bütün Ege bölgəsinin iri sənaye müəssisələri, o cümlədən, Azərbaycanın da səhmdarı olduğu “Petkim” şirkəti bu palatanın üzvləridir.

Yeri gəlmişkən, qeyd edim ki, Türkiyədə Azərbaycanda olduğu kimi özəl universitetlər yoxdur. Burada, məsələn, hansısa bir imkanlı şəxs, yaxud təsisçilər qrupu tərəfindən universitet açıla bilər. Orada isə ölkədə tanınmış, nüfuzlu fondlar təhsil ocaqlarının təsisçisi ola bilərlər. Digər tərəfdən isə, fond yaratmaq heç də asan məsələ deyil, bunun üçün böyük, eləcə də sabit maliyyə qaynaqlarına malik şirkətlərin, təşkilatların olması vacib şərtdir.

Bundan əlavə, fondlar universitet açarkən, dövlət universitetlərindən hər hansı biri ona zamin durmalıdır ki, sabah hansısa bir səbəbdən bu təhsil ocağının fəaliyyəti dayanarsa, buradakı tələbələr öz təhsillərini həmin ali məktəbdə davam etdirə bilsinlər. Bu mənada, dövlət statuslu Ege Universiteti İzmir İqtisad Universitetinin (İİU) qarantı rolunda çıxış edir.

Həmçinin, yeni yaradılan universitetin sənədləri Türkiyə Böyük Millət Məclisi və Nazirlər Kabineti tərəfindən təsdiq edildiyindən onun statusu demək olar ki, dövlət universitetləri ilə eyni olur.

Barış Keser: - Ümumiyyətlə götürdükdə isə, Türkiyədə özəl universitetlər nəinki dövlət ali təhsil ocaqları ilə eyni statusludur, hətta bəzi cəhətləri ilə onlardan üstündür. Məsələn, Türkiyədə özəl ali məktəblər, dövlət statuslu universitetlərin, həm təmizlik, səliqə-sahman, həm də tədrisin keyfiyyəti, burada çalışan professor-müəllim heyətinin daha professional olması ilə fərqlənir. İlk növbədə, təhsil sistemini dərindən bilən, beynəlxalq miqyasda tanınan pedaqoqlar-alimlər tədris prosesinə cəlb olunur. Məsələn, bizim universitetdə dünyanın müxtəlif qitələrindən, müxtəlif universitetlərindən dəvət olunmuş professorlar çalışır. Eyni zamanda, burada tədris ingilis dilində aparıldığı üçün, universiteti bitirən tələbələr dünyanın istənilən ölkəsində çalışmaq şansı əldə edirlər.

Digər tərəfdən isə, dünya universitetlərinin reytinqi burada çalışan pedaqoqların elmi araşdırmalarının sayına və keyfiyyətinə əsasən müəyyən edilir. Bu göstərici baxımından İİU, deyərdim ki, dövlət universitetlərini qabaqlayır.Universitetimizin alimləri müxtəlif ölkələrdə keçirilən elmi konfranslarda məruzə ilə çıxış edir, elmi araşdırmalarını həmkarları ilə paylaşır, nüfuzlu jurnallarda öz elmi məqalərini dərc edirlər.

Daha önəmli məqam isə sözsüz ki, təhsildir. İzmir İqtisad Universiteti Türkiyədə 54 özəl universitet arasında Avropa Komissiyasının keyfiyyət sertifikatını almış sayca üçüncü universitetdir. Bundan əvvəl isə Türkiyə özəl universitetlərindən yalnız Bilkənd və Sabançı universitetlərinə belə sertifikatlar verilib.

Bundan əlavə, İİU Avropa Universitetlər Birliyinin üzvüdür. Mərkəzi qərargahı Belçikada yerləşən bu təşkilat Avropanın ən nüfuzlu universitetlərini, eləcə də Asiyanın bəzi aparıcı universitetlərini birləşdirir. Təşkilat tərəfindən yaradılan komissiya, hansı ki, buraya təqaüddə olan alimlər daxildir, ilboyu bütün ölkələri gəzərək özəl universitetlərdə təhsilin səviyyəsini dəyərləndirir. Eyni zamanda, müəllim-tələbə heyəti ilə ayrı-ayrılıqda görüşlər keçirir, məlumat toplayır.

Ali təhsil ocağının master və doktor proqramları, eləcə də, tələbələrin gələcəkdə hansı sahələrdə çalışacaqlarına dair proqnozları dəyərləndirirlər. Bunun nəticəsi olaraq universitetdə tədrisin keyfiyyətini, onun strateji planlarını və hədəflərini qiymətləndirir.

Sərgidə iştirakımızın əsas məqsədi də elə bütün bunlar barədə Azərbaycandakı bacı-qardaşlarımızı məlumatlandırmaq, universitetimizə daha çox azərbaycanlı tələbə cəlb etməkdir.

- Ümumiyyətlə götürsək, indiyədək nə qədər azərbaycanlı tələbə İİU-da təhsil alıb?

H.İ: - Təəssüflər olsun ki, bunların sayı bir o qədər də çox deyil. Amma biz çox arzu edirik ki, onların sayı daha da artsın. Çünki Ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin də dediyi kimi Türkiyə və Azərbaycan canıbir-qanıbir olan bir millətin iki dövlətidir. Türkiyə hər zaman Azərbaycanın kədərinə kədərlənib, sevincinə sevinib. İndi Türkiyədə təhsil sistemi çox güclü inkişaf edib. Həm dövlət, həm də özəl universitetlərimiz dünya universitetlərinin üstün təcrübələrinə yiyələniblər.

Bizim təhsil sistemimiz dünyanın ən qabaqcıl ölkələri ilə rəqabət aparmaq qabiliyyətindədir. Və biz əldə etdiyimiz bu uğurları qardaş Azərbaycanla hər zaman paylaşmağa hazırıq. Azərbaycanda təhsil sektorunun inkişafına dəstək verməyə çalışırıq.

Universitetimizin rəhbərliyi, o cümlədən, İsmixan müəllim də çox çalışır ki, Azərbaycanlı gənclər gəlib Türkiyənin ali təhsil ocaqlarının imkanlarından yararlansınlar, öz bilik və bacarıqlarını artırsınlar. Hətta deyim ki, universitet rəhbərliyi tərəfindən azərbaycanlı tələbələr üçün müəyyən güzəştlər də tətbiq edilir. Hazırda İzmir İqtisad Universitetində 15-dən artıq azərbaycanlı gənc təhsil alır. Onlar əsasən, beynəlxalq ticarət, maliyyə, iqtisadi, işlətmələr və mühəndislik ixtisasları üzrə təhsil alırlar. Arzu edirik ki, qarşıdakı illərdə Azərbaycandan olan tələbələrin sayı daha da artıq olsun.

Yeri gəlmişkən, xatırladım ki, İzmir İqtisad Universitetinin qərarı ilə, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin ardınca, Azərbaycan Prezidenti İlham Əliyev universitetimizin Fəxri doktoru adına layiq görülüb. Hesab edirəm ki, bu faktın özü universitetimizin Azərbaycana, onun dövlət başçısına, buradakı bacı və qardaşlarımıza nə qədər dəyər verdiyini bariz şəkildə göstərir.

B.K: Qeyd edim ki, əvvəlki illərdə Türkiyədə təhsil almaq üçün Azərbaycanda ümumi sınaq imtahanları keçirilirdi. Burada 40 baldan yuxarı nəticə göstərənlər Türkiyə ali məktəblərinə oxumağa göndərilirdi. Artıq yeni qaydalara əsasən, Türkiyə ali məktəblərinə daxil olmaq istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda iştirak etməlidirlər. İmtahanlarda 400-dən artıq nəticə göstərən abituriyentlər Türkiyənin ali məktəblərində təhsil almaq hüququ qazanırlar. Amma burada daha bir məsələ var- Yüksək Öyrətim Kurulunun təsdiq etdiyi qaydalara əsasən, bundan belə tələbələri universitetlər özləri seçəcəklər.

Bizim universitetdə təhsil ingilis dilində olduğundan Azərbaycandan olan tələbələrə güzəşt olaraq, bir il müddətində ingilis dili öyrədiləcək. Əgər onlar dili mükəmməl səviyyədə qavraya bilsələr, universitet rəhbərliyinin qərarına əsasən, onlar üçün illik təhsilhaqqı 50 faizə endirilir. Xatırladım ki, universitetdə illik təhsil haqqı 8500 ABŞ dollarıdır. Bundan əlavə, təhsil zamanı bütün tələbələr universitetin xidmətindən yararlana bilir, eləcə də, yataqxana ilə təmin olunurlar.

- Son olaraq, Türkiyədə təhsil almaq istəyən azərbaycanlı tələbələrə nə demək istərdiniz?

H.İ: Hesab edirik ki, Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük perspektivlər vardır və universitetimizin rəhbərliyi də mövcud imkanlardan istifadə etməklə daha çox Azərbaycanlı gəncin universitetimizin imkanlarından yararlanmasına, özünün bilik və bacarıqlarının artırılmasına çalışır. Çünki bu günün tələbəsi gələcəyin dövlət idarəçisidir. Onlar nə qədər yetənəkli olarlarsa, bu qardaş Azərbaycan dövləti üçün bir o qədər faydalı olar.

Digər tərəfdən isə, mətbuatdan aldığımız bilgilərə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən uğurlu islahatlar heç şübhəsiz ki, təhsil sisteminin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Heç şübhə yoxdur ki, qarşıdakı illərdə Azərbaycanın təhsil sistemi də güclü inkişaf edəcəkdir. Dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq daha da güclənəcəkdir, onların üstün təcrübələrindən Azərbaycan universitetləri də yararlana biləcəkdir. Amma bununla belə, xaricdə təhsil almaq hər zaman yüksək qiymətləndirilir və düşünürəm ki, bu, bundan sonra da belə olacaqdır. Odur ki, azərbaycanlı tələbələri qardaş ölkəyə-Tukiyəyə dəvət edirik. Onlar əmin ola bilərlər ki, İzmir İqtisad Universitetində aldıqları təhsil onların gələcək həyatlarının təmin olunması üçün “yaşıl işıq” yandırmış olacaqdır.

B.K: -Yeri gəlmişkən, mən də bir məsələyə toxunmaq istərdim. Mətbuatdan öyrəndiyimiz kimi, dövlət başçısı İlham Əliyev cənablarının müvafiq Sərəncamına uyğun olaraq hər il yüzlərlə azərbaycanlı gənc xarici ölkələrə təhsil almağa göndərilir. Çox istərdik ki, həmin ölkələrin siyahısında Türkiyə universitetlərinin sayı çox olsun. Çünki bu gün Türkiyənin universitetlərində təhsilin səviyyəsi beynəlxalq səviyyədədir. Və bu ali məktəblərdə təhsil alacaq gənclər sabah qardaş Azərbaycanın daha da inkişafına öz töhfələrini vermiş olacaqlar.

- Səmimi söhbət üçün təşəkkür edirik.

B.K: Biz də qəzetiniz vasitəsilə bütün Azərbaycan xalqına səmimi salamlarımızı yetirir, eləcə də, rifah və xoş güzaran arzulayırıq.

 

 

Səlim Loğmanoğlu

 

Yeni Azərbaycan.- 2011.- 13 aprel.- S.8.