Azərbaycan-Türkiyə hərbi
əməkdaşlığı inkişaf edir
Ekspertlərin fikrincə iki qardaş ölkə
arasında hərbi sahədə əməkdaşlıq, eyni
zamanda, bölgədə sülh və təhlükəsizliyin
təmini baxımından mühüm əhəmiyyət kəsb
edir
Məlum olduğu kimi, Azərbaycanın
müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin rəhbərlik
etdiyi nümayəndə heyəti bu günlərdə
Türkiyə Cümhuriyyətinə rəsmi səfər
edib. Səfər çərçivəsində Türkiyə
Cümhuriyyətinin Prezidenti Abdullah Gül tərəfindən
qəbul edilən nümayəndə heyəti, eyni zamanda,
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının
rəisi, ordu generalı İşık Koşaner və
qardaş ölkənin müdafiə naziri Vecdi Gönüllə
də görüşüb. Görüşlərdə
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə,
o cümlədən, hərbi sahədə əməkdaşlığın
yüksək səviyyəsindən məmnunluq ifadə olunub,
bu əlaqələrin gələcəkdə də uğurla
davam edəcəyi vurğulanıb, həmçinin,
Dağlıq Qarabağ problemi müzakirə edilib.
Müdafiə naziri Səfər
Əbiyev Türkiyənin bütün məsələlərdə
Azərbaycanı dəstəklədiyini vurğulayıb və
qardaş ölkə xalqına bunun üçün təşəkkürünü
bildirib. Torpaqlarımızın 20 faizinin Ermənistanın
işğalı altında olduğunu xatırladan müdafiə
naziri deyib ki, biz torpaqlarımızın bir
qarışını da kimsəyə verməyəcəyik.
Azərbaycan bütün gücünü səfərbər
edərək, Silahlı Qüvvələri gücləndirərək
lazım olan anda öz torpaqlarını azad edəcək.
Bizim mövqeyimiz qətidir. Ermənistan
torpaqlarımızı qeyd-şərtsiz azad etməlidir.
Azərbaycan-Türkiyə əməkdaşlığı
günü-gündən inkişaf edir
Beləliklə, əksər
ekspertlərin də vurğuladıqları kimi, sözügedən
səfər Türkiyə ilə Azərbaycan arasında
bütün sahələrdə, o cümlədən, hərbi
əməkdaşlıq sahəsində çoxtərəfli əlaqələrin
olduğunu bir daha təsdiqləyir. Qeyd etmək yerinə
düşər ki, Azərbaycanın dövlət müstəqilliyini
qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və
mədəni əlaqələr əsasında çoxistiqamətli
həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan
münasibətləri sürətlə inkişaf edərək
bir tərəfdaşlıq səviyyəsinə
çatıb. Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli
bir strateji tərəfdaş olaraq görür və müxtəlif
sahələrdə möhkəm təməllərə əsaslanan
əhatəli əməkdaşlığın daha da
inkişaf etdirilməsi üçün səy göstərir.
Bu mənada “Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında” müqavilə
iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni,
elmi sahədə əlaqələrin bütün istiqamətlərini
əhatə edən bir çərçivəyə malikdir. Əksər
ekspertlərin vurğuladıqları kimi, bu müqavilə iki
ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığına
da müsbət töhfələr verəcək.
Ümumiyyətlə, indiyə
qədər tərəflər arasında
qarşılıqlı səfərlər və tədbirlər
çərçivəsində hərbi və müdafiə
sənayəsi sahələrini əhatə edən 20-dən
çox görüş olub. Eyni zamanda, Azərbaycanın və
Türkiyənin hökumətləri, o cümlədən,
müdafiə nazirlirlikləri arasında təmənnasız hərbi
yardım, maliyyə yardımı, müdafiə sənayesi, təlim-tədris
və maddi-texniki təminat sahələrində əməkdaşlıq
haqqında, Azərbaycan Respublikası Hökuməti ilə
Turkiyə Respublikası Hökuməti arasında Kosovo
Türk Taburu Görev Küvveti tərkibində Kosovoya gedəcək
Azərbaycan taqımının fəaliyyətinə dair
saziş, həmçinin, digər çoxsaylı protokol,
saziş və müqavilələr imzalanıb.
Konkret olaraq, 2010-cu ildə
iki ölkə arasında hərbi əməkdaşlığın
vəziyyətinə dair aparılan araşdırmanın nəticələrinə
görə isə, tərəflər 100-dən artıq birgə
hərbi tədbirlərdə iştirak ediblər. Onlardan 70-dən
çoxu (bura seminarlar, kurslar, təlimlər, mübadilələr,
sərgilər və s. daxildir) ikitərəfli əməkdaşlıq
planına əsasən həyata keçirilib. 30-a yaxın
qarşılıqlı səfərlər
reallaşdırılıb. Ümumilikdə isə, 2005-ci ildən
sonra Türkiyə-Azərbaycan hərbi əməkdaşlığında
yeni sıçrayış gözə dəyir. Müstəqil
ekspertlər isə Azərbaycan-Türkiyə hərbi əlaqələrinin
perspektivinin vacibliyini qeyd edir.
Bölgə üçün mühüm əhəmiyyət
kəsb edən əməkdaşlıq
Ekspertlərin qeyd etdikləri
kimi, Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə
əməkdaşlıq, eyni zamanda, bölgədə sülh
və təhlükəsizliyin təmini baxımından
mühüm əhəmiyyət kəsb edir. 2010-cu ilin
sentyabrında imzalanmış “Azərbaycan və Türkiyənin
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının yaradılması” haqqında Birgə Bəyannamə
isə əlaqələrin inkişafında yeni mərhələnin
əsasını qoyub.
Məlum olduğu kimi, Azərbaycan
Türkiyənin hərbi təhsil sahəsində ən
sıx əməkdaşlıq etdiyi və Türkiyə
Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin
təmin edildiyi ölkələr arasında ön
sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi
təhsil sahəsində əməkdaşlıq haqqında”
müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış
“Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq
razılaşması” çərçivəsində Türkiyə
ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq
edir.
Bu günə qədər
Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində
5000-ə yaxın azərbaycanlı hərbçi təhsil
alıb. Hazırda azərbaycanlı hərbçilərin bir
qrupu Türkiyənin təhsil müəssisələrində
təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin
yenidən təşkilinə kömək etmək məqsədilə
hər il müəyyən kvotalar daxilində Türkiyədə
azərbaycanlı hərbi qulluqçular təhsil alırlar.
Bundan başqa, Azərbaycan
Silahlı Qüvvələrinin şəxsi heyəti
Türkiyənin keçirdiyi hərbi təlimlərə
müşahidəçi qismində dəvət olunur, həmçinin,
iki ölkə arasında ikitərəfli əsasda xüsusi təlimlər
də icra edilir.
Müdafiə sənayesi sahəsində
qarşılıqlı əməkdaşlıq
Bu sırada onu da
vurğulamaq yerinə düşər ki, iki ölkə
arasında müdafiə sənayesi sahəsində də
yüksək səviyyəli əməkdaşlıq qurulub. Bu
fikir Türkiyə Cümhuriyyətinin müdafiə naziri
Vecdi Gönülün ötən ilin noyabrında Bakıya səfəri
çərçivəsində onun Azərbaycanın
müdafiə sənayesi naziri Yavər Camalovla
görüşündə də vurğulanıb.
Qeyd olunub ki, müdafiə sənayesi
sahəsində əməkdaşlıq əlaqədar şirkətlər
arasında, beynəlxalq müqavilələr çərçivəsində
həyata keçirilir. Türkiyə və Azərbaycan
arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın
hüquqi təməldə həyata keçirilməsini təmin
etmək məqsədilə iki ölkə arasında 20
sentyabr 2000-ci ildə “Müdafiə sənayesi sahəsində
əməkdaşlıq haqqında” müqavilə
imzalanıb.
Eyni zamanda, Türkiyə ilə
bir sıra layihələr - atıcı silahların
istehsalı, döyüş sursatlarının, mühəndis
texniki vasitələrinin, onların ehtiyat hissələrinin
idxalı, maskalanma torlarının istehsalı
üçün xammalın alınması, 60 və 82 mm
çaplı minaatanlar üçün
yarımfabrikatların Azərbaycana gətirilməsi
üçün müqavilələr imzalanıb.
Bir sözlə, Türkiyə
və Azərbaycanın müdafiə sənayesi sahəsində
əməkdaşlığı yüksək səviyyədə
aparılan hərbi dialoq çərçivəsində həyata
keçirilir.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın
istiqamətləri
Ekspertlərin fikrincə, iki
ölkə arasında hərbi əməkdaşlığın
bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
Birincisi, NATO ilə əməkdaşlıq
sənədləri. Bu çərçivədə NATO-nun
aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan
Silahlı Qüvvələrinin modernləşdirilməsinə
kömək göstərir;
İkincisi, Azərbaycanın
təhlükəsizlik sənədləri və iki ölkə
arasında imzalanmış strateji müqavilələr. Nəzərə
alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik
Konsepsiyası və Hərbi Doktrinasında Türkiyənin
adı Azərbaycanın milli təhlükəsizliyinin təminatçısı
rolunda göstərilməsə də Azərbaycan ərazisində
xarici hərbi iştirakın mümkünlüyünə
dair məqamlar öz əksini tapıb. Xüsusilə də
iki ölkənin prezidentləri tərəfindən ötən
il Bakıda imzalanmış “Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında” müqavilədə
nəzərdə tutulanlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının
güclənməsinə təkan verir;
Üçüncüsü,
Türkiyənin milli regional maraqları və həmçinin,
qardaş ölkənin milli təhlükəsizlik sənədləri
ilə bağlıdır. Nəzərə
alınmalıdır ki, 2009-cu ildən etibarən Türkiyənin
milli təhlükəsizlik sənədlərində dəyişiklik
prosesi başlayıb. Bu sənədlər dünyada və
bölgədə mövcud olan reallıqlara
uyğunlaşdırılır. Sözügedən sənədlərdə
Cənubi Qafqaz bölgəsi də Ankara üçün
strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi
Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla
hərbi əməkdaşlığın dərinləşdirilməsi
Türkiyənin dövlət və milli maraqlarından irəli
gəlir.
Ekspertlərin qənaətinə
görə, iki ölkə arasında hərbi əməkdaşlıq
baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi
kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən
tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə
əməkdaşlığa qədər məsələlər
daxildir. Məhz bu baxımdan tərəflər o fikri
bölüşürlər ki, perspektivdə iki ölkə
arasında hərtərəfli hərbi əməkdaşlığın
gücləndirilməsi istiqamətində yeni imkanlar
mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji
dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
Eyni zamanda, Ermənistanın
işğalı nəticəsində nəzarətdən kənar
qalmış Azərbaycan sərhədlərindən
qeyri-qanuni məqsədlərlə istifadə məsələsi
Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı
üçün mühüm istiqamətlərdən hesab
olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə
bu istiqamətdə ayrı-ayrılıqda və birgə
mübarizənin bu günü və perspektivlərini həmişə
diqqət mərkəzində saxlayır.
Azərbaycanda sərhəd təhlükəsizliyi
sisteminin təşkili, əməliyyat şəraiti və bu
istiqamətdə Türkiyənin göstərə biləcəyi
dəstək də mühüm hesab edilir.
Və nəhayət, iki
ölkə arasında hərbi təhsil, kadrların
hazırlanması sahəsində əməkdaşlığın
inkişafı prioritet sahələrdən biridir. Bu istiqamətdə
ciddi planların olduğu bildirilir.
Müdafiə sahəsində əməkdaşlıq
bundan sonra da möhkəmlənəcək
Yuxarıda da
vurğuladığımız kimi, Türkiyə ilə Azərbaycan
arasındakı hərbi əməkdaşlıq məsələləri
qardaş ölkənin müdafiə naziri Vecdi
Gönülün ötən ilin noyabrında Bakıya baş
tutan rəsmi səfəri zamanı da əsas müzakirə
mövzusu olub. Türkiyənin müdafiə nazirini qəbul
edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində
əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə
əminəm” - deyə, bəyan edib.
Həmin vaxt iki ölkənin
müdafiə nazirləri arasında keçirilən
görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil
sahəsində əməkdaşlıq məsələləri
müzakirə edilib. “Azərbaycanla Türkiyə arasında hərbi,
hərbi-texniki və hərbi təhsil sahəsində əlaqələr
inkişaf etməkdədir və gələcəkdə də
həmin prinsiplər əməkdaşlığın
prioritetlərini təşkil edəcək” - deyə, Azərbaycan
müdafiə naziri Səfər Əbiyev vurğulayıb.
Səfər Əbiyev bildirib
ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birilərinə
arxa olmaqla yanaşı, sınaq günlərində də
birlikdə olublar, Azərbaycan erməni işğalına məruz
qaldığı ilk vaxtlarda da bunu yaxından hiss edib. Səfər
Əbiyev deyib ki, iki ölkə arasında hərbi, hərbi-texniki
və hərbi təhsil sahəsində əlaqələr
inkişaf etməkdədir, gələcəkdə də həmin
prinsiplər əməkdaşlığın prioritetlərini
təşkil edəcək. Nazir sözünə davam edərək
söyləyib ki, ikitərəfli görüşlər,
aparılan danışıqlar dostluq və əməkdaşlığın
genişlənməsinə yeni töhfələr verəcək.
Öz növbəsində,
Vecdi Gönül də Azərbaycanla Türkiyənin müxtəlif
istiqamətlər üzrə, o cümlədən, müdafiə
sahəsində geniş əməkdaşlıq məsələlərindən
söhbət açaraq perspektivdə də bu əlaqələrin
dərinləşdirilməsinin zəruriliyini
vurğulayıb. “Bu əlaqələrin dərinləşdirilməsini
zəruri hesab edirəm”, - deyə, o, əlavə edib.
Bir sözlə,
qarşılıqlı yüksək səviyyəli səfərlərdə
ifadə edildiyi kimi, iki ölkə arasındakı hərbi əməkdaşlığın
daha da inkişaf etdirilməsi mümkündür. Azərbaycanın
hərbi baxımdan və müxtəlif sahələrdə
inkişafı, coğrafi mövqeyini gücləndirməsi,
eyni zamanda, Türkiyənin güclənməsi deməkdir. İki
dövlət arasında hərbi sahədəki əməkdaşlıq
regional təhlükəsizlik ehtiyacları nəzərə
alınmaqla, inkişaf etdirilməlidir. Azərbaycan və
Türkiyə hər sahədə tam bir müttəfiqdirlər.
Bu mənada həm ikitərəfli səviyyədə, həm
də NATO ilə əməkdaşlıq çərçivəsində
hərbi sahədə əməkdaşlığın
davamlı inkişafı isə bu müttəfiqliyin
ayrılmaz hissəsidir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.2011.- 14 aprel.- S.7.