Hamımız bir Tanrıya dua edirik, yaxud, Bakı sivilizasiyalararası dialoqun mərkəzidir

 

Mehriban xanım Əliyeva: Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir

 

Müstəqil Azərbaycan müxtəlif dinlərin və etnosların nümayəndələrinin mehriban şəraitdə yaşadığı tarixi məkan olaraq, bu gün dünyanın ən tolerant ölkəsi kimi tanınır. Dini və etnik çoxluğu Azərbaycan dövləti və xalqı üçün problem deyil, əksinə, bir zəngin xəzinədir ki, onu da insanlarımız bu günədək qoruyub saxlayıblar. Tarix boyu baş vermiş müharibələrdə, mürəkkəb siyasi situasiyalarda Azərbaycanda yaşayan müxtəlif dinlərin daşıyıcıları və etnosların nümayəndələri bir-birinə dəstək verib, ümumi düşmənə qarşı bir səngərdə vuruşublar. Məhz bu özəlliyilə Azərbaycan sözün həqiqi mənasında dünyanın digər çoxkonfessiyalı və polietnik ölkələri üçün nümunə təşkil edir. Bu məqamlar ötən həftə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışlar zamanı bir daha vurğulanıb.

 

Bakıda müxtəlif sivilizasiyalar qovuşur

 

Məlumat üçün bildirək ki, ümumiyyətlə, mədəniyyətlərarası və dinlərəarası dialoq müstəqil Azərbaycanın hər zaman üstünlük verdiyi başlıca amillərdən biri olub. Daha doğrusu, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin xüsusi diqqət ayırdığı sahələrdən biri də məhz bu idi. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin, həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın apardığı məqsədyönlü fəaliyyət nəticəsində ölkəmiz sivilizasiyalararası dialoqda təşəbbüskar və aparıcı tərəf kimi çıxış edir. Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan olundu. Şərqlə Qərbi birləşdirən İpək yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, paytaxtımız “Şərq-Qərb” mövzusunda kino festivalları, incəsənət bayramları, beynəlxalq elmi konfranslar üçün də mədəni-mənəvi məbədə çevrildi.

Əksər ekspertlərin də qeyd etdikləri kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiyasındakı çıxışı, xüsusilə, yadda qalan olub. Mehriban xanım Əliyeva çıxışı zamanı tədbirin həqiqətən də real dialoqun inkişafına öz layiqli töhfəsini verəcəyinə və Forumun yekunları əsasında konkret işlər, konkret tədbirlər həyata keçiriləcəyinə ümidvar olduğunu bəyan edib: “Son illər Bakı əsl dialoq məkanına çevrilmişdir. Yaxın keçmişə nəzər salaraq, bir sıra beynəlxalq tədbirləri sadalaya bilərik. Keçən il ölkəmizdə dünya dini liderlərinin Bakı sammiti keçirilmişdir. 2009-cu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Həmin il İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. 2008-ci ildə bu salonda bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilmiş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir”.

Əslində, belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm güclü zəmin, həm də əlverişli mühitin mövcud olduğunu deyən Mehriban xanım Əliyevanın sözlərinə görə, qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür: “Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir”.

 

Dünya üçün Azərbaycan nümunəsi

 

Ekspertlərin fikrincə, əslində, Mehriban xanım Əliyevanın xüsusi olaraq qeyd etdiyi bu məqam, yəni, Azərbaycanda hökm sürən yüksək tolerantlıq mühiti dünyada müxtəlif sivilizasiyaların mehribancasına yaşamasına çalışan beynəlxalq qurumlar və bu sahəyə cavabdehlik daşıyan şəxslər üçün bir çağırış rolunu oynayır. O mənada ki, hazırda doğrudan da, dinlərin və mədəniyyətlərin dialoqunu arzulayanlar üçün bir Azərbaycan nümunəsi var.

Daha dəqiq desək, bu gün artıq Azərbaycan dünyada hüquqi, dünyəvi, demokratik, insan hüquq və azadlıqlarının tam təmin olunduğu bir dövlət kimi qəbul edilir. Ölkəmizdə Konstitusiya səviyyəsində dini etiqad və vicdan azadlığına təminat verilib, eyni zamanda, beynəlxalq standartlara uyğun mövcud qanunvericilik çərçivəsində dini fəaliyyətə heç bir məhdudiyyət tətbiq olunmur. Son illər Azərbaycanda onlarla məscidin, ibadətgahın dövlət vəsaiti hesabına təmir edilməsi və ya yenidən qurulması dövlətin dindar vətəndaşlarına olan münasibətini bir daha sübut edir. Bununla yanaşı, çoxsaylı dini icmaların fəaliyyətinə şərait yaradılır, insanların öz dini ehtiyaclarını yerinə yetirməsi üçün zəruri tədbirlər görülür.

Bir sözlə, indiki məqamda, yəni, bütün dünyanın mədəniyyətlərarası savaş deyil, mədəniyyətlərarası barış, daha dəqiq desək, sivilizasiyalararası dialoqun baş tutması üçün çaba göstərdiyi bir ərəfədə ortaq məxrəc tapılmalıdır. “Məhz Azərbaycanın nümunəsi həmin ortaq məxrəc ola bilər” deməyə isə kifayət qədər əsaslarımız var. Bunun üçün sadəcə yaxın keçmişə nəzər salmaq yetərlidir.

Məlum olduğu kimi, 2003-cü ilin oktyabr ayında mədəniyyət məsələlərinə məsul olan Avropa ölkələri nazirləri Opatjia Bəyannaməsini qəbul etdilər. Beləliklə, mədəniyyətlərarası dialoqun inkişafı vəzifə olaraq Avropada mədəniyyət siyasətini formalaşdıran şəxslər qarşısında ilk dəfə gündəmə gətirildi. Bu öhdəlik 2005-ci ildə nazirlərin görüşü zamanı bir daha təsdiqləndi. Nəticə etibarilə qəbul edilən Faro Bəyannaməsində hökumətlərarası və regional əməkdaşlıq, həmçinin mədəniyyətlərarası dialoqa rəvac vermək üçün müvafiq strategiyaların yaranmasına olan ehtiyac xüsusilə vurğulandı.

Paralel olaraq İSESKO-ya üzv dövlətlər Mədəni müxtəliflik haqqında bəyannamə (2004) də qəbul etdilər. Burada “zorakılıq və başqalarının sıxışdırılması”nın qarşısının alınması üzrə yeganə alternativ vasitə kimi mədəniyyətlərarası dialoq xüsusi olaraq qeyd edilir və mədəni müxtəliflik prinsipinə əsaslanan konstruktiv əməkdaşlıq və dialoqa çağırışlar səsləndirilirdi. Həqiqətən də İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) əsas mədəniyyət və əlaqə proqramlarından biri olan “Mədəniyyətlər arasında mədəni plüralizm və dialoq: Nəzəriyyədən təcrübəyə” İslam mədəniyyətinin “birliyi və müxtəlifliyinə”, müsəlmanlar arasında dialoq və həmrəyliklə yanaşı, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və müttəfiqliyin inkişafı üçün mədəni mübadiləyə çağırışlar səsləndirildi.

Məhz bunların fonunda 2008-ci ilin sonlarında Azərbaycan paytaxtında baş tutan “Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın təməli kimi” adlı Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı da bu problemə həsr edilmişdi. Tədbirdə təkcə Avropa dövlətləri deyil, eyni zamanda, TÜRKSOY, İSESKO, ALESKO, İRSİKA kimi İslam dünyasını təmsil edən beynəlxalq təşkilatların rəhbərləri də iştirak edirdi. Bu da səbəbsiz deyildi. Çünki Azərbaycan Avropa Şurası və İSESKO-ya üzv olan yeganə dövlətdir.

 

Azərbaycanda heç bir dinin təmsilçisi təqib olunmur

 

Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan müxtəlif dinlərin daşıyıcılarının sakit və mehriban şəraitdə yaşadıqları ölkə kimi dünyaya bir örnəkdir. Ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda heç bir dinin təmsilçisi təqib olunmur və heç bir dinin müqəddəs kitablarına qarşı qeyri-insani davranışlar həyata keçirilmir. Halbuki bunu demokratiyanın beşiyi sayılan ABŞ, həmçinin, bəzi digər Qərb ölkələri  üçün demək mümkün deyil. Məlum olduğu kimi, bir müddət öncə ABŞ-dakı bir keşiş müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”i yandırıb. Ən təəssüfdoğuran hal isə ondan ibarətdir ki, bu gün sivilzasiyalar arasında dialoqun yaranması üçün çalışdıqlarını iddia edən, həmçinin, hansısa kiçik bir məsələni bəhanə edərək bəzi ölkələrə qarşı təzyiqlər göstərən dövlətlər bu məsələdə sadəcə susdular. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Forumdakı çıxışı zamanı bu məsələnin də üzərində dayanması isə eyni zamanda, həmin dövlətlər üçün bir çağırış rolunu oynadı: “Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - “Qurani-Kərim”i oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar nəyə və kimə xidmət edirlər? Ancaq biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq. Hesab edirəm ki, zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. Müxtəlif ekstremist qüvvələr və şüarlar din şüarları altında gündəmə gətirilməməlidir. Tamamilə aydındır ki, belə hərəkətlər, belə hallar dialoqa, normal münasibətlərə zidd olan hərəkətlərdir və yalnız yeni qarşıdurmalar üçün zəmin yaradır”.

Beləliklə, reallıq ondan ibarətdir ki, bəşəriyyət bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşir. Dünyadakı əsas dinlərdən birinin daşıyıcıları üçün müqəddəs olan kitab yandırılır və bu dəhşətli hadisə dünya ictimaiyəti, daha dəqiq desək, Qərb tərəfindən pislənmir. Fikrimizcə, bunun bir səbəbi proseslərə ikili standartlardan yanaşma ilə bağlıdırsa, digər səbəbi də Qərbin dini və milli bərabarliyi qəbul edə bilməmək böhranı ilə baş-başa qalmasıyla əlaqədardır. Qərbin bu böhranla üzləşdiyi bir vaxtda isə Azərbaycanda müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birlikdə yaşadığı cəmiyyətin yaradılmasına nail olunub. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri heç bir təzyiq hiss etmədən öz inanclarını yaşatmaqda və dini ritualları sərbəst şəkildə icra etməkdədir. Bu isə o deməkdir ki, ölkəmizdə müsəlman çoxluqla yanaşı, başqa konfessiyaların nümayəndələri də vicdan azadlığı və hüquq bərabərliyi mühitindən yararlanırlar.

 

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2011.- 14 aprel.- S.3.