“Biz dünyadan ədalətli
mövqe istəyirik”
Novruz Məmmədov: Qərbin Azərbaycana qarşı
mövqeyində obyektivlik yoxdur, həqiqi ədalət prinsipi
görünmür
Prezident
Administrasiyasının Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədovun “Amerikanın Səsi” radiosuna
müsahibəsi:
- Azərbaycan-Ermənistan
danışıqlarında hazırda çətin anlar nədir?
Danışıqların yubanmasına əsas səbəb nədir?
- Mənim fikrimcə, Azərbaycanla
Ermənistan arasında münaqişənin həlli istiqamətində
gedən danışıqlarda, bu gün, diqqəti cəlb edən
əsas məqam ondan ibarətdir ki, dünya birliyi, beynəlxalq
təşkilatlar, başda ABŞ və Avropa İttifaqı
olmaqla bütün dövlətlər Azərbaycanın ərazi
bütövlüyünü tanıdıqlarını bəyan
etsələr də, bunu vaxtaşırı təkrar etsələr
də, Azərbaycanın ərazilərinin işğalına
müəyyən mənada göz yumurlar. Bununla bağlı,
beynəlxalq hüququn normaları çərçivəsində
konkret münasibət bildirmirlər. Münaqişənin həlli
ilə bağlı Ermənistana təzyiq göstərmirlər.
Bəzən isə, əksinə, bütün bunlarla bərabər,
Ermənistana hətta yardımlar edilir, kreditlər verilir və
s. Bunlar bu gün münaqişənin həllində əsas məsələdir.
Kimin üçünsə, bu görünə bilər, kimin
üçünsə görünməyə bilər, amma
mahiyyət bundan ibarətdir. Eyni zamanda, buna paralel olaraq bu
gün danışıqlar prosesində
- Danışıqlarda Azərbaycanın
ərazi bütövlüyü, Ermənistan
qoşunlarının Azərbaycan ərazilərindən
çıxarılması və Dağlıq Qarabağın
statusu ilə bağlı razılıq əldə edilibmi?
- Ümumilikdə, hələ
bununla bağlı razılaşma əldə edilməyib. Belə
razılaşma əldə edilsə idi, onda heç bir problem
olmazdı. Baxmayaraq ki, bütün bunlar həll edilməlidir
və danışıqlar prosesində gündəlikdə
olmalıdır, amma Ermənistan tərəfi, Ermənistan rəhbərləri
məsələ ilə bağlı nə həmsədrlərin,
nə də beynəlxalq birliyin, beynəlxalq təşkilatların
onlara təzyiqini, tələbini görmür. Belə olan
halda, onlar vəziyyəti saxlamaqla, danışıqlar
prosesini uzatmaqla məşğul olur.
Bununla da vaxt gedir.
- Danışıqları
hansı bəhanələrlə uzadırlar?
- Onların əlində bəhanələr
çoxdur. Bu erməni dövləti də, xalqı da öz
tarixini saxta sənədlər üzərində qurub. Bununla
bağlı, Avropada da, Amerikada da, bizim regionda da həddindən
artıq ciddi mənbələr,
yazılar var. Bu mənbələri, yazıları azərbaycanlılar
yazmayıb. 19-cu əsrdə də, 20-ci əsrin əvvəllərində
də amerikalı, rusiyalı, avropalı tədqiqatçılar
yazır ki, tarix ermənilərin
dediyi kimi olmayıb. Lakin, buna baxmayaraq onlar bu gün, müəyyən
bəhanələri ortaya qoyur. Görün necə vəziyyət
yaranır ki, Dağlıq Qarabağın müstəqillik
statusunu bəhanə edərək həm Azərbaycanın 7
rayonunu əllərində saxlayırlar və bu rayonlardan guya
ki, bufer zonası kimi uzun müddət istifadə etməyə
çalışırlar. Bu, beynəlxalq hüquqda olmayan bir
istəkdir. Söhbət ondan gedir ki, əgər bu gün
dünyanın aparıcı dövlətləri - həm
Amerika Birləşmiş Ştatları, həm Avropa
İttifaqı, onların əsas qurumu olan NATO bu məsələlərə
belə laqeyd yanaşdıqları halda, necə ola bilir ki,
Liviyaya qarşı bir gündə həm yekdilliklə olmayan
qətnamə qəbul edilir, həm də sanki hər bir
şey hazırmış kimi, o gün də qətnamənin
icrasına başlanır. Axı, Azərbaycanla bağlı
da 20 il əvvəl, özü də yekdilliklə qətnamələr
qəbul edilib. Nə üçün NATO Avropa ərazisində
baş vermiş işğalla bağlı müəyyən
söz demir, demək istəmir, amma Afrikada bunu edir, yaxud deyir?
Bütün bunların hamısı, bizim tərəfimizdən
çox təəssüflə qarşılanır, bizdə
təəccüb doğurur. Azərbaycan belə münasibətə
layiq deyil. Azərbaycan postsovet məkanında ABŞ və
Avropa ilə ən uğurlu layihələr həyata
keçirən yeganə dövlətdir, siyasi islahatlar da
aparıb, inteqrasiya prosesində də ciddi addımlar atıb,
beynəlxalq terrorizmə qarşı mübarizədə
çox ciddi fəaliyyət göstərib. Lakin, çox təəssüflər
olsun ki, hansı səbəblərdənsə, - onların bəziləri
haqqında bizdə məlumatlar da var, - bunu bu gün,
görüb qiymətləndirmək istəmirlər.
- Amerika-Azərbaycan
münasibətlərinin bu günki səviyyəsini və
perspektivlərini necə görürsünüz? Problemlər
nədir?
- Amerika-Azərbaycan
münasibətlərində də, mənim bayaq dediyim elementlər
özünü göstərir. Biz müstəqillik qazanandan
sonra ən güclü və hərtərəfli əməkdaşlıq
etdiyimiz dövlət ABŞ olub. Məhz, ABŞ ilə birgə
böyük layihələri həyata keçirmişik.
Çox mürəkkəb bir geosiyasi məkanda böyük
uğurlar əldə etmişik. Bunun haqqında geniş
danışmağa ehtiyac yoxdur. Bu layihələrin həyata
keçirilməsində ən böyük maraq ABŞ və
Avropa İttifaqının idi. Belə maraqların da
reallaşmasına qısqanclıqla yanaşanlar çoxdur.
İkinci tərəfdən isə, biz bu, böyük layihələrin
ardınca Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata
keçirmək istədik, bu, şərqlə-qərbi, Mərkəzi
Asiya ilə Avropanı birləşdirmək üçün
yeganə dəmiryol idi. Birdə-birə həmin o tərəflərdən
bizə mesaj gəldi ki, bu layihədə
maraqlı deyilik, biz bunu istəmirik. Bu, bizi çox təəccübləndirdi.
Nə üçün belə olmalıdır? Yaxud, Türkiyənin
rəhbərləri 1992-ci ildən bu günədək
durmadan, ardıcıl surətdə, sistemli halda bəyanat
verirlər ki, onlar Ermənistanla sərhədləri ona
görə bağlayıb ki, Ermənistan Azərbaycanın
rayonlarını işğal edib. Lakin, Qərbdə
bütün bunları bilə-bilə, birdən mövqe
nümayiş etdirirlər, bəyan edirlər ki, bu
düzgün deyil, məsələlər bir-biri ilə əlaqədar
deyil, münaqişə ilə sərhəd məsələsini
əlaqələndirməyək, sərhədlərin
açılması məsləhət görülür. Bu
cür standartlara heç cür normal münasibət bildirmək
mümkün deyil. Biz dünyadan ədalətli mövqe istəyirik.
Necə olur ki, böyük ərazini
yerlə-yeksan edirlər, ona münasibət bildirilmir. Bu
yaxınlarda bu məsələ ATƏT-in sahə qiymətləndirmə
missiyasının hesabatında da əksini tapıb.
Bütün ərazi tamamilə dağıdılıb. Orada
760 min insanın hüquqları tamamilə pozulub,
qaçqın və köçkün vəziyyətinə
düşüblər. Lakin, onlar haqqında bir dəfə belə,
güclü, qətiyyətli, beynəlxalq hüquq çərçivəsində
bəyanat verilməyib. Amma, 250-300 nəfərin şəhərin
izdihamlı, insanların toplaşdığı yerlərə
provokasiya xarakterli addımlarla çıxmasına, o dəqiqə
Avropa İttifaqı ilə ATƏT birləşib bəyanat
verir. Bu məsələlər bizi çox
düşündürür, çox təəssüfləndirir
və çox təəccübləndirir. Mərdi qova-qova,
namərd etməzlər. Bu, çox mühüm məsələdir.
Amma, çox təəssüf ki, bu gün bir çox
addımlara hərtərəfli qiymət verəndə,
onların nə qədər ədalətsiz olduğu göz
qabağına gəlir. Belə olan halda, münasibətləri
daha da genişləndirmək, daha da dərinləşdirmək,
strateji tərəfdaşlığı daha yüksək səviyyəyə
qaldırmaq çətin olur. Bizim dünyadan, ABŞ da
başda olmaqla, beynəlxalq birlikdən bircə istəyimiz
var idi. Bu münaqişənin həlli istiqamətində bizə,
bir qədər normal kömək etsinlər. Mən şəxsən,
öz mövqeyimi deyirəm, 20 ildir bunların heç birini
etmirlər. Bundan sonra, məmur Novruz Məmmədov olmasın,
Azərbaycanın küçələrində taksi sürən
bir sürücü, ya bir fəhlə, ya bir müəllim, həkim,
mühəndis olsun. Axı, burada böyük biliklərə
malik olmaq lazım deyil, böyük təhlillər aparmaq
lazım deyil. Bunların hamısı göz qabağında
olan bir haldır. Zəngilanlı, ağdamlı,
qubadlılı, kəlbəcərli, füzulili bilir ki, bu onun
torpağıdır. Buraya Ermənistanın heç bir
iddiası yoxdur, ola da bilməz. Amma, dünya birliyi bu
insanların hüquqlarını müdafiə etmək
üçün heç nə demir.
Əksinə, bura göndərdiyi
beynəlxalq qeyri hökumət təşkilatları, burada
başqa maraqlar uğrunda çarpışır, hesabatlar
yazır və sair. Sualınıza mən sualla cavab verirəm.
Belə olan halda biz, necə etməliyik ki, yenə də bu
münasibətlər daha da inkişaf etsin? Bu münasibətlərin
inkişaf etməsi üçün Azərbaycanın
gördüyü işləri düzgün qiymətləndirmək
lazımdır. Təbii ki, nöqsanları tənqid etmək
lazımdır. Nöqsanlar var, biz bunu da etiraf edirik.
Amma, nöqsanları da aradan
qaldırmaq üçün xoş məram, normal münasibət,
ədalətli mövqe olmalıdır. Görülən
işlərin üzərində təməl qurmaq
lazımdır. Yoxsa, onların üzərindən xətt
çəkib, onları görməməzliyə vurub,
hansı tərəfdənsə qarışdırmaq lazım
deyil. Yenə də deyirəm, onlar da bilir, burada olan diplomatik
korpus da çox yaxşı bilir, biz də yaxşı bilirik
ki, küçənin ortasında 200-300 adam, özü də
müxtəlif yerlərdə yığışıb. Məsələ
burasındadır ki, əgər mövqe bildirmək istəyirsən,
bir qurum kimi, palata kimi, partiya kimi, yığ tərəfdarlarını
bir yerə, hamısı yığışsın,
mövqeyini orada bildir. Görünsün ki, kim arxandadır,
kim nə deyir və sən nə deyirsən. Amma, şəhərin
müxtəlif yerlərində 10-15 nəfərlə
provokasiya etmək, insanları bir yerə toplamaq əvəzində
yaymaq, buna nə cür aksiya
adı vermək olar? Sənə verilən yerə də
getmirsən, pis yer olsa da, yaxşı yer olsa da. Bunun əvəzində,
buradakı diplomatik korpusun nümayəndələrinin, bundan
bir gün sonra yığışıb söhbət
aparması, danışıqlar aparması, şəffaflıq
deyilən yerdə nədən
danışdıqlarının bilinməməsi birmənalı
qəbul edilə bilməz. Mən çox təəssüf
edirəm ki, bu qədər görülən işlərin
fövqündə, ümumiyyətlə qərbin Azərbaycana
qarşı mövqeyində obyektivlik yoxdur və həqiqi ədalət
prinsipi görünmür.
- Qərb və Amerika
institutları Azərbaycanda demokratiya, insan hüquqları,
azad seçki, toplaşmaq, mətbuat, fikir azadlığı
barədə tənqidlər səsləndirir. Bu
çağırışlara münasibətiniz necədir? Təbii
ki, Azərbaycan iqtisadi və biznes
çağırışları ilə bağlı
münasibət bildirib.
- Birincisi qərb alimləri,
siyasətçiləri, mütəxəssisləri bilməlidir
ki, hər bir dövlətin, xalqın özünün
demokratik inkişaf yolu olmalıdır. Bunu xalqın
özünəməxsus xüsusiyyətlərini, öz tarixi
identikliyini saxlaması ilə həyata keçirmək ən
düzgün yoldur. Yəni, bu bir qəlib deyil ki, hamı
Avropanın, Amerikanın getdiyi yolu tam təqlid etsin. Bunu
düşünənlər səhv düşünürlər.
İkincisi, demokratiya deyəndə, burada söhbət
fundamental dəyərlərdən gedirsə, dünyada tarixən,
hələ min il bundan qabaq demokratiya sözü olmayanda belə,
ədalət prinsipi olub. Ədalət fundamental dəyərlərdən
biridir və birincisidir. Bu gün bütün dünya
üçün də, demokratiyadan daha birinci ədalət
prinsipidir. Lakin, əgər bu institutlar, bu təşkilatlar ən
mühüm dəyərin üstündən xətt çəkib,
tapdalaya-tapdalaya, başqa dəyərləri siyasi maraqları
üçün istifadə edirsə, bunu başa düşmək
olmur. Çox təəssüf ki, bu gün həmin o, sizin
dediyiniz dəyərlər haqqında söhbət açanda,
onları bir siyasi instrumentə çevirmək meylləri daha
güclü görünür. Bu indi də görünür,
gələcəkdə də görünəcək və
buna qiymət veriləcək. Bu gün bunun qabarıq şəkildə
nümayiş etdirilməsinə, mənim özüm çox
qabarıq şəkildə təəccüb edirəm.
Yeni Azərbaycan.- 2011.- 15 aprel.-
S.3.