Avropa Şurası - Azərbaycan
münasibətləri yeni müstəvidə
Təşkilatın Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı qəbul etdiyi sənədlər
ölkəmizin maraqlarına uyğundur
Məlum olduğu kimi,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi
Azərbaycanın xarici siyasətində əsas yer tutur. Bu
istiqamətdə ölkəmiz bir çox dövlətlərlə
yanaşı beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq
edir. Uğurlu diplomatiya nəticəsində bir sıra beynəlxalq
təşkilatlar Ermənistanın
işğalçılıq siyasətini pisləyən, Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyən
qətnamələr qəbul edib. Bunlardan biri də Avropa
Şurası Parlament Assambleyası tərəfindən 2005-ci
ildə qəbul olunmuş 1416 saylı Qətnamədir.
Ümumiyyətlə,
adıçəkilən qurumun məsələ ilə
bağlı mövqeyi yalnız həmin sənədlə məhdudlaşmır
və ölkəmizlə Avropa Şurası arasında sıx
əməkdaşlıq mövcuddur. Bunun nəticəsində
bəzi millət vəkillərimizin də Ermənistanın təcavüzkar
siyasəti ilə bağlı hazırladığı sənədlər
AŞ PA-da Avropa parlamentariləri arasında yayılıb. Nəzərə
alsaq ki, bu il ölkəmizin Avropa Şurasına üzv qəbul
edilməsinin 10 ili tamam oldu, bu illər ərzində əməkdaşlığın
tarixinə nəzər yetirmək yaxşı olardı. Qeyd
edək ki, ötən 10 il ərzində ölkəmizlə
bu nüfuzlu təşkilat arasında geniş münasibətlər
qurulub. Ölkəmizin bu təşkilata üzv olmaq tarixini xatırlasaq
çox maraqlı faktlarla rastlaşmaq mümkündür.
Qeyd edək ki, Azərbaycan parlamenti 24 yanvar 1992-ci ildə
Avropa Şurasına “xüsusi dəvət edilmiş qonaq”
statusu almaq üçün müraciət etsə də, 3
fevral 1995-ci ildə AŞPA Bürosu ölkəmizin “xüsusi
dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin
nəzərdən keçirilməsi təşəbbüsü
ilə çıxış edib. 28 iyun 1996-cı ildə isə
Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycana
“xüsusi dəvət edilmiş qonaq” statusu”nun verilməsi barədə
qərar qəbul edib.
O zaman Ulu öndər Heydər
Əliyevin gərgin zəhməti sayəsində görülən
işlər öz bəhrəsini verməyə
başladı. Belə ki, 15 may 2000-ci ildə Avropa
Şurası Siyasi Komitəsinin Dublində keçirilmiş
iclasında Azərbaycan üzrə məruzəçi
J.Bomelin hesabatı dinlənilib və ölkəmizin Avropa
Şurasına tam hüquqlu üzv qəbul edilməsi ilə
bağlı müsbət rəy verilib. Həmin il mayın
22-də isə Avropa Şurası Hüquq Məsələləri
və İnsan Hüquqları Komitəsinin Limasolda (Kipr)
keçirilmiş iclasında Azərbaycanın Avropa
Şurasına tam hüquqlu üzv qəbul edilməsi
üçün müəyyən şərtlər irəli
sürülüb. Bunun ardınca isə 12-13 iyun 2000-ci ildə
AŞ Siyasi Komitəsinin Romada növbəti iclası
keçirilib və Azərbaycanın Avropa Şurasına tam
hüquqlu üzv qəbul edilməsi ilə bağlı
müsbət rəy verilib. 7-9 noyabr 2000-ci ildə Avropa
Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın
Avropa Şurasına üzv olmağa dəvət edilməsi
adlı 14 saylı Qətnamə qəbul edilib. Bu sənəddə
Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndələrinin
sayının 6 nəfər həddində müəyyənləşdirilməsi,
eləcə də, ölkədə demokratiyanın
inkişafı, qanunvericiliyin Avropa standartlarına
uyğunlaşdırılması və s. məsələlər
əksini tapmışdı.
3-4 yanvar 2001-ci ildə isə
Avropa Şurası Nazirlər Komitəsinin sədri,
Latviyanın Xarici İşlər naziri İ.Berzinş Latviya,
Almaniya, Niderland və İsveçin həmin təşkilat
yanında səfirləri ilə birlikdə Bakıda səfərdə
olaraq Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin
sədri, xarici işlər naziri, Konstitusiya Məhkəməsinin
sədri və digər şəxslərlə
görüşlər keçirib. Nəhayət, 2001-ci il
yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin
nümayəndələr səviyyəsində
keçirilmiş iclasında Azərbaycan Respublikasının
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə
dair qərar qəbul edilib. Həmin il yanvarın 25-də Strasburqda
Azərbaycan Respublikasının Avropa Şurasına
tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş
rəsmi mərasim keçirilib. Mərasimdə Ümummilli
liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi geniş
nümayəndə heyəti iştirak edib.
24-27 aprel 2001-ci ildə isə
Avropa Şurası Parlament Assambleyasının plenar
sessiyası keçirilib. Azərbaycan Respublikasının
AŞPA-da nümayəndə heyəti ilk dəfə olaraq bu
qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib. Sessiya
zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən
5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən
imzalanmış “Ermənilər tərəfindən Azərbaycanlı
əhaliyə qarşı törədilmiş
soyqırımın tanınması” adlı yazılı bəyanat
və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən
imzalanmış “Ermənistan və Dağlıq Qarabağda
saxlanılan müharibə əsirləri və girovları”
adlı tövsiyə üçün təklif
AŞPA-nın rəsmi sənədləri qismində
yayıldı. Göstərilən sənədlərdə ermənilər
tərəfindən Xocalı əhalisinin qətlə yetirilməsi,
Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20
faizinin işğal edilməsi, Ermənistan və işğal
edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və
yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı
girovun saxlanılması faktı və digər vacib məsələlər
xüsusi vurğulanırdı.
Ümumiyyətlə, Azərbaycan
bu nüfuzlu təşkilatın imkanlarından istifadə edərək
Ermənistanın işğalçılıq siyasətinin
ifşa edilməsi istiqamətində ciddi səylər
göstərib. Görülən işlərin nəticəsində
bu təşkilat Ermənistanın təcavüzünü
pisləyən sənəd qəbul edib. 25 yanvar 2005-ci ildə
Avropa Şurası Parlament Assambleyasının yanvar
sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul
olduğu Dağlıq Qarabağ bölgəsi üzərində
münaqişə” adlı 1416(2005) saylı qətnamə və
1690(2005) saylı tövsiyə qəbul olunub. Həmçinin,
nümayəndə heyətimizin üzvləri ardıcıl
olaraq bu yöndə sənədlər hazırlayaraq Avropa parlamentariləri
arasında yayıblar. Qeyd etdiyimiz kimi, 1416 saylı qətnamə
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Azərbaycana diplomatik üstünlük verən
vacib beynəlxalq sənəddir. Azərbaycan Prezidenti İlham
Əliyev də çıxışlarında dəfələrlə
bu sənədin əhəmiyyətini vurğulayıb.
Qətnamədə bildirilir
ki, Avropa Şurası Parlament Assambleyası silahlı əməliyyatların
başlamasından illərlə vaxt keçməsinə
baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində
münaqişənin həll olunmamış qalmasından təəssüflənir.
“Yüz minlərlə insan hələ də
köçkündür və acınacaqlı şəraitdə
yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli
hissələri hələ də Erməni qüvvələri
tərəfindən işğal altındadır və
separatist qüvvələr hələ də Dağlıq
Qarabağ bölgəsinə nəzarət edirlər.
Assambleya hərbi əməliyyatların
və bundan əvvəl başlamış kütləvi etnik
düşmənçiliyin qorxunc etnik təmizləmə
anlayışını xatırladan genişmiqyaslı etnik
qovulmaya və mono-etnik ərazilərin yaranmasına gətirib
çıxarması ilə bağlı öz
narahatlığını ifadə edir. Assambleya bir daha təsdiq
edir ki, bir dövlətin ərazisindən regional ərazinin
ayrılması və müstəqilliyi etnik qovulmaya və bu
cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə
gətirib çıxaran silahlı münaqişə yolu ilə
deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə
əsaslanan qanuni və dinc proses vasitəsilə əldə
oluna bilər. Assambleya üzv dövlət tərəfindən
xarici ərazinin işğalının həmin dövlətin
Avropa Şurasının üzvü kimi öz üzərinə
götürdüyü öhdəliklərin ciddi şəkildə
pozulması demək olduğunu xatırladır və
münaqişə ərazisindən köçkün
düşmüş şəxslərin öz evlərinə
təhlükəsiz və ləyaqətlə qayıtması
hüququnu bir daha təsdiq edir.
Assambleya Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993)
saylı Qətnamələrini xatırladır və əlaqədar
tərəflərin, xüsusilə silahlı əməliyyatlardan
çəkinməklə və istənilən işğal
olunmuş ərazilərdən silahlı qüvvələri
çıxarmaqla, onlara riayət etməsini təkid edir.
Assambleya Birləşmiş Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsində
ifadə olunmuş tələbə tərəfdar
çıxır və beləliklə, bütün üzv
dövlətlərin münaqişənin intensivləşdirilməsinə
və ya ərazinin işğalının davam etməsinə
gətirib çıxara bilən silah və sursat təchizatından
çəkinməsini təkid edir”.
Sənəddə
xatırlanır ki, həm Ermənistan, həm də Azərbaycan
2001-ci ilin yanvarında Avropa Şurasına daxil olarkən
öz qonşularına qarşı zor tətbiq etmək hədəsindən
çəkinməklə münaqişəni yalnız dinc
vasitələrlə həll etmək öhdəliyini
götürmüşlər. Eyni zamanda, Ermənistan
münaqişənin həllini təşviq etmək
üçün Dağlıq Qarabağ üzərində əhəmiyyətli
təsirindən istifadə etməyi öz üzərinə
götürüb. “Assambleya Azərbaycan və Ermənistanın
Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsini imzalamalarını və Nizamnamənin
93-cü Maddəsinin 1-ci bəndinə uyğun olaraq, ipso facto
Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna tərəfdar
çıxmalarını xatırladır. Bununla əlaqədar
olaraq, Assambleya Minsk qrupunun həmsədrlərinin himayəsi
altında keçirilən danışıqların
uğursuzluqla nəticələnəcəyi təqdirdə,
Azərbaycan və Ermənistanı Məhkəmənin
Statutunun 36-cı Maddəsinin 1-ci bəndinə uyğun olaraq,
Beynəlxalq Ədalət Məhkəməsindən
faydalanmağı nəzərdən keçirmələrini təklif
edir. Assambleya Azərbaycan və Ermənistanı Assambleya
daxilində, eləcə də, Qafqaz Dördlüyünün
Parlament spikerlərinin görüşləri kimi digər
forumlarda ikitərəfli parlamentlərarası əməkdaşlığı
gücləndirməklə özləri arasında siyasi
barışığı təşviq etməyə
çağırır. O, hər iki nümayəndə heyətinin
bu cür barışıq istiqamətində tərəqqini
nəzərdən keçirmək üçün Assambleyanın
hər hissəvi-sessiyasında görüşməsini
tövsiyə edir” - deyə, qətnamədə
vurğulanır.
Təşkilatın bu məsələ
ilə bağlı atdığı addımlar yalnız həmin
qətnamə ilə bitmir. AŞ PA-nın sülh prosesini irəli
aparmaq üçün Dağlıq Qarabağ üzrə Alt
Komitənin yaradılmasına qərar verməsi də önəmli
faktorlardan biridir. Müəyyən fasilədən sonra Alt
Komitənin fəaliyyətinin bərpa olunması Avropa
Şurasının münaqişənin həlli
üçün göstərdiyi səylərin davamlı
olmasından xəbər verir. Doğrudur, Ermənistan
nümayəndələri bu komitənin işindən boyun
qaçırmağa çalışırlar. Amma nəzərə
alınmalıdır ki, nüfuzlu beynəlxalq təşkilatın
qərarlarına hörmətsizlik göstərilməsi Ermənistana
yaxşı heç nə vəd etmir. Hazırda
AŞPA-nın növbəti yaz sessiyası keçirilməkdədir.
Məsələ ilə bağlı Azərbaycanın qurumdakı
nümayəndə heyətinin rəhbəri Səməd
Seyidov bildirib ki, biz bu Komitənin işində iştirak etməklə
bağlı müsbət münasibətimizi bildirmişik və
komitənin hər bir təşəbbüsündə
iştirak etməyə hazırıq: “Çox təəssüflər
olsun ki, Ermənistan tərəfi AŞPA Bürosunun qərarına
məhəl qoymur, ümumiyyətlə, Komitənin işində
iştirakdan imtina edir”.
S.Seyidov bildirib ki, AŞPA
Bürosunun qərarına məhəl qoymamaq, AŞ-nın
prinsiplərini tamamilə inkar etmək Ermənistanın siyasətinin
iç üzünü açır: “Biz bununla bağlı
fikirlərimizi AŞ-nın bütün nümayəndələrinə,
o cümlədən, AŞ rəhbərliyinə
çatdırırıq ki, AŞ-nın, ümumiyyətlə,
üzv ölkələrindən hansısa məsələləri
tələb etmək, hansısa öhdəliklərin yerinə
yetirilməsi ilə bağlı məsələ qaldırmaq,
bu istiqamətdə AŞ-nın hansısa təşəbbüslərini
həyata keçirmək özü-özlüyündə
böyük sual altına alınır. Ona görə ki, belə
bir qərarın icra olunmaması, o cümlədən 2005-ci
ildə Dağlıq Qarabağla bağlı qəbul
olunmuş qərarın indiyədək icra edilməməsi,
üzv olan ölkə - Ermənistanda bu proseslərin nəzərə
alınmaması, Ermənistanla yanaşı, AŞ-nın səlahiyyətini,
gücünü, təsir imkanlarını azaldır. Biz dəfələrlə
demişik ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin
fəaliyyətini heç vaxt Dağlıq Qarabağ üzrə
Komitə çərçivəsində məhdudlaşdırmayacağıq.
Siz Azərbaycan nümayəndə heyətinin
çıxışlarını görsəniz,
qaldırdığımız məsələlərə
baxsanız, görəcəksiniz ki, AŞ rəmzi mənada
böyük bir Dağlıq Qarabağ Komitəsidir.
Sözün açığı, biz o qədər də
maraqlı deyildik ki, Dağlıq Qarabağ məsələsini
bir komitənin fəaliyyəti çərçivəsində
məhdudlaşdıraq. Ancaq konstruktiv mövqe, AŞ qətnamələrini
yerinə yetirmək istiqamətində davranış göstərərək
və Ermənistan nümayəndə heyətinin həmin
Komitəyə dəvət olunaraq fəaliyyətinin nə dərəcədə
“konstruktiv” olduğunu göstərmək üçün bu
addımı atdıq. İndi görürük ki, biz
haqlıyıq. Ermənistan təəssüflər olsun ki, həm
AŞ-da, həm də digər beynəlxalq təşkilatlarda
və ikitərəfli danışıqlarda qeyri-konstruktiv
mövqe və davranış qaydalarını seçir. Buna
görə beynəlxalq ictimaiyyət və qurumlar bilməlidir
ki, Ermənistanın bu cür davranışlarını dəstəkləməklə,
onlar öz təsir gücünü azaltmaq istiqamətində
fəaliyyət göstərirlər. Biz bunu çox gözəl
bilirik və Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini
bu istiqamətdə davam etdirəcək”.
Göründüyü kimi,
Avropa Şurası Dağlıq Qarabağ münaqişənin
həllinə xüsusi diqqət yetirməkdədir. Amma Ermənistanın
qeyri-konstruktiv mövqeyi nəticəsində AŞPA-nın qəbul
etdiyi sənədlər yerinə yetirilmir. Bununla belə, qeyd
etmək lazımdır ki, Azərbaycan-Avropa Şurası əməkdaşlığı
bu məsələnin daim diqqət mərkəzində
olacağından xəbər verir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2011.- 15 aprel.-
S.7.