Beynəlxalq hüquq normaları, yoxsa transmilli maraqlar?
Prezident İlham Əliyev: Təhlükəsizlik
Şurasının Liviyaya dair qətnamələri qəbul
ediləndən, sözün həqiqi mənasında, bir
neçə saat sonra onların həyata keçirilməyə
başlanmasını, Dağlıq Qarabağa dair qətnamələrin
isə artıq 17-18 ildən bəri həyata keçirilmədiyini
görəndə təbii olaraq belə bir sual yaranır: nə
üçün? Burada bu cür operativliyə, bizimlə
bağlı halda isə bu cür passivliyə səbəb nədir?
Cənubi Qafqaz strateji
baxımdan dünyanın ən önəmli bölgələrindən
biridir. Təsadüfi deyil ki, dünya siyasətinin və beynəlxalq
münasibətlər sisteminin əsas meyillərini yönləndirən
güc mərkəzləri bu bölgəni özlərinin
uzunmüddətli strateji planlarına daxil ediblər. Geostrateji
planlarda və nəzəriyyələrdə “heartland” (dünyanın
qəlbi-idarəetmə mərkəzi) adlandırılan
Avrasiya materikində hakim mövqeyə sahib olmaq
üçün qlobal aktorlar digər önəmli bölgələrdə
olduğu kimi, Cənubi Qafqazda da uzunmüddətli
qarşılıqlı-faydalı əməkdaşlıq
münasibətləri formalaşdırmaq və genişəhatəli
inteqrasiya proseslərini milli maraqlarına müvafiq qaydada sürətləndirmək
üçün fundamental addımlar atmağa
çalışırlar. Bu baxımdan, qlobal güclərin
geosiyasi və geoiqtisadi maraqlarının kəsişdiyi və
toqquşduğu bir məkan kimi Cənubi Qafqazda uzunmüddətli
sabitliyin və tərəfdaşlığın hökm
sürməsinə mane olan mənfi faktorların,
tendensiyaların neytrallaşdırılmasına xüsusi
ehtiyac var. Dövlətlərin ərazi
bütövlüyünə və suverenliyinə qarşı
təcavüzkar, təhdid xarakterli addımların
atılması, separatçılığa dəstək verilməsi,
birtərəfli qaydada hər hansı bir dövlətə
qarşı müxtəlif xarakterli təzyiqlərin edilməsi
(buraya psixoloji müharibə, müxtəlif dövlətlərin
diplomatik nümayəndələrinin “persona non-qrata” elan edilməsi,
kütləvi deportasiya siyasətinin həyata keçirilməsi
və s. hallar aid edilir-N.Q.) bu kimi mənfi tendensiyalara daxildir.
Məsələyə məhz bu baxımdan yanaşdıqda tərəddüdsüz
qeyd etmək olar ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi də bölgənin
inkişafına, uzunmüddətli sabitliyə mane olan
dağıdıcı faktorlardan biridir. Ona görə də,
bu problemin həlli beynəlxalq təhlükəsizliyin, hətta
qlobal güclərin milli maraqlarının diktə etdiyi zəruri
bir amildir.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi dinamikası və
spesifikliyinə-xarakteristikasına görə xüsusi
yanaşma tələb edən həssas problemlərdəndir.
Münaqişənin gedişatında atılacaq hər hansı bir qeyri-konstruktiv və
disfunksional səciyyə daşıyan addım nəticə
etibarilə Cənubi Qafqazı “barıt çəlləyi”nə
- destabil bir məkana çevirə bilər. Bu isə
ümumilikdə, beynəlxalq təhlükəsizlik
üçün təhdid yaradan başlıca
dağıdıcı meyillərdən və faktorlardan birini
təşkil edə bilər. Münaqişəşünaslıq
elminin əsasları sübut edir ki, məhz bu cür
münaqişələrin həllinə istər dünya
ictimaiyyəti, istər aparıcı beynəlxalq təşkilatlar
və aktorlar, istərsə də vasitəçi qurumlar
xüsusi yanaşma göstərməlidirlər.
Çünki regional və qlobal miqyasda təhlükəsizliyin,
strateji balansın və uzunmüddətli sabitliyin təmin
edilməsi məhz bu cür dağıdıcı meyillərin
aradan qaldırılmasından bilavasitə asılıdır.
Dolayısıyla, münaqişənin həlli yönündə
istər diplomatik vasitələrdən, istərsə də
güc tətbiqi metodundan istifadə olunması yekdilliklə qəbul
olunmuş zəruri praktik mexanizm hesab olunur.
Məhz bu mənada
Dağlıq Qarabağ münaqişəsi nə qədər
ki, ədalətli şəkildə həll edilməyib,
regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə
dəyməz. Çünki ərazi iddialarının, təcavüz
faktının və separatizmin mövcud olduğu məkan və
şəraitdə qarşılıqlı maraqlara söykənən
əməkdaşlıq meyillərini reallaşdırmaq
qeyri-mümkündür. Onun üçün zərurətdir
ki, BMT başda olmaqla, öz fəaliyyətində sülh və
sabitlik amilini fundamental prinsip kimi qəbul edən
dünyanın aparıcı təşkilatları
münaqişənin ədalətli qaydada həllinə
xüsusi töhfələr versinlər,
işğalçı dövlətə qarşı effektiv
islahedici metodlardan istifadə etsinlər. Eyni zamanda,
münaqişənin həlli prosesində vasitəçilik
missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu
da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini
artırmalı və problemin həlli istiqamətində
hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv
metodlara baş vurmalıdır. Əks təqdirdə Cənubi
Qafqaz yeni müharibələr və qarşıdurmalar
meydanına çevrilə bilər. Bu isə istər regional,
istərsə də qlobal mənada heç bir dövlət və
təşkilat tərəfindən arzuolunan hal hesab edilmir.
Separatizm və kəskin qarşıdurmaların fonunda ortaya
çıxan 2008-ci ilin avqust hadisələri-Rusiya-Gürcüstan
müharibəsi deyilən fikri təsdiqləyən ən
güclü dəlillərdən biridir. Qısacası,
bütün beynəlxalq sənədlərdə ən
yüksək səviyyədə qəbul edilən dövlətlərin
ərazi bütövlüyü prinsipinə müvafiq qaydada
Dağlıq Qarabağ probleminin həlli yönündə
xüsusi və intensiv addımlar atılmalıdır...
Məhz bütün bunların fonunda qeyd etməliyik ki, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, həmçinin, onlarda təmsil olunan güc mərkəzləri (aparıcı milli dövlətlər nəzərdə tutulur-N.Q.) münaqişənin həlli ilə bağlı imperativ və operativ səciyyəli tədbirlər görməlidirlər. Məsələn, BMT bundan öncə qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı daha effektiv islahedici metodlara istinad etməli və prinsipial mövqe sərgiləməlidir. Liviyaya müdaxilə ilə bağlı BMT Təhlükəsizlik Şurasında 1973 saylı imperativ səciyyəli qətnamənin qəbulundan dərhal sonra aktiv əməliyyatlara başlanması faktı deməyə əsas verir ki, sözügedən təşkilat və Təhlükəsizlik Şurasında təmsil olunan aparıcı dövlətlər beynəlxalq hüquq normalarını əsas götürsələr, məhz bu zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hüquqi əsaslara söykənən qəti tədbirlər görmək mümkün olar. Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24”-Rusiya informasiya telekanalına müsahibəsində Prezident İlham Əliyev bildirib ki, neçə illər keçməsinə və praktiki olaraq bütün beynəlxalq təşkilatların müvafiq qərarlar və qətnamələr qəbul etməsinə baxmayaraq, münaqişə hələ də tənzimlənməmişdir: “BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir və onların heç biri reallaşmamışdır. Təhlükəsizlik Şurasının Liviyaya dair qətnamələri qəbul ediləndən, sözün həqiqi mənasında, bir neçə saat sonra onların həyata keçirilməyə başlanmasını, Dağlıq Qarabağa dair qətnamələrin isə artıq 17-18 ildən bəri həyata keçirilmədiyini görəndə təbii olaraq belə bir sual yaranır: nə üçün? Burada bu cür operativliyə, bizimlə bağlı halda isə bu cür passivliyə səbəb nədir?”
Bəli, göründüyü kimi, qlobal güc mərkəzləri hələ ki, özlərinin transmilli maraqlarını beynəlxalq hüquq normalarından üstün tuturlar. İstər Liviya hadisələri, istərsə də Dağlıq Qarabağ münaqişəsi ətrafındakı son durum bunu deməyə əsas verir.
NURLAN QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2011.- 14 aprel.- S.2.