Hər bir Laçın sakini torpaqlarımızın işğaldan azad olunacağına inanır

 

Nazim Fərəcov: YAP-ın gücü həm də öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsilə zənginləşdirə bilməsindədir

Məlum olduğu kimi, ötən il noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbəti seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) böyük üstünlüklə qalib gəldi və partiyanın irəli sürdüyü namizədlərdən 71 nəfəri parlamentdə təmsil olunmaq hüququ qazandı. Parlamentdə hakim partiyanı təmsil edən millət vəkillərinin 21-i yeni seçilmişlərdir. Onlar, eyni zamanda, respublikamızın müxtəlif sahələrində göstərdikləri səmərəli fəaliyyətlə ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan da, “Yeni Azərbaycan” qəzeti YAP-ın parlamentə seçilmiş yeni deputatları ilə cəmiyyəti daha yaxından tanış etmək üçün layihə həyata keçirir. Layihəmizin budəfəki qonağı isə Milli Məclisin üzvü, parlamentin Aqrar siyasət daimi komitəsinin üzvü Nazim Fərəcovdur. Əvvəlcə müsahibimiz haqqında qısa dosyeni təqdim edirik.

Nazim Fərəc oğlu Fərəcov 1960-cı ildə Laçın rayonu Qazıdərə kəndində anadan olub. Orta təhsilini də Laçın rayonunda alıb.  1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisadiyyat Universiteti) daxil olub. Oranı bitirdikdən sonra əmək fəaliyyətini Sumqayıt şəhərində davam etdirib. 1995-96-cı illərdə Sumqayıt şəhər Ticarət İdarəsində baş direktorun müavini, 1996-98-ci illərdə İctimai İaşə Trestinin müdiri vəzifəsini icra edib. 1998-ci ildən 2000-ci ilə qədər isə Dövlət Əmlak Komitəsi Sumqayıt Bölgə Özəlləşdirmə İdarəsində rəis müavini işləyib. Eyni zamanda, Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət müəssisələrinin İdarəetmə Mərkəzində baş direktor əvəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhər Əhalinin Sosial Müdafiəsi İdarəsində rəis və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində müdir vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 121 saylı Laçın Seçki Dairəsindən millət vəkili seçilib. Parlamentin Aqrar siyasət daimi komitəsinin üzvüdür. Ailəlidir, iki övladı var.

- Nazim müəllim, 2010-cu il parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi 121 saylı Laçın Seçki Dairəsindən parlamentə seçilmisiniz. İstərdik ilk olaraq təmsil etdiyiniz YAP-ın ölkəmizin inkişafındakı yerindən danışaq...

-Öncə qəzetiniz vasitəsilə mənə göstərdiyi böyük etimada görə bir daha Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına öz təşəkkürümü bildirim. Mən fəxr edirəm ki, parlamentə məhz ümumxalq partiyası olan YAP-ın namizədi kimi seçilmişəm. Bu gün sıralarında 530 mindən çox üzvü birləşdirən partiyamız yarandığı gündən dövlətçilik maraqlarından çıxış edib. Partiyamızın qurucusu Ulu öndər Heydər Əliyev ideyalarına söykənən, bu ideyaların təcəssümü kimi meydana çıxan Yeni Azərbaycan Partiyası dünya tarixində çox nadir partiyalardandır ki, yarandığı vaxtdan sadəcə 7 ay sonra ölkədə iqtidara gəlib. Təbii ki, burada ən böyük amil xalqın Ulu öndərimizə olan sevgisi və inamı olub. Bu gün YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında öz fəaliyyətini yüksək səviyyədə davam etdirən partiyamız milli-mənəvi dəyərlərə son dərəcə konservativ yanaşmaqla, tarixi ənənələri müasir dünya təcrübəsilə birləşdirməyə çalışır, Azərbaycanın dünyadakı yerini daha dəqiq şəkildə müəyyənləşdirməyə səy göstərir, xarici siyasətdə qloballaşan dünyanın reallıqlarını nəzərə almağı vacib sayır, demokratiyanı ilk növbədə hüquqi dövlət modelinin əsası kimi qəbul edir. YAP-ın gücü həm də öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsilə zənginləşdirə bilməsindədir. Hakim partiya cəmiyyətə yeni ideyalar təlqin edir, bütün problemlərdən çıxış yollarını göstərə bilir, ən mürəkkəb məsələlərlə bağlı konkret təkliflərə malikdir, mükəmməl kadr potensialı var və bütün bunlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq, ümumxalq partiyasına çevrilməsinə şərait yaradıb.

- Parlamentin Aqrar siyasət daimi komitəsinin üzvüsünüz. Üzvü olduğunuz komitənin fəaliyyətini və ümumiyyətlə Azərbaycanda aqrar sahədə görülən işləri necə dəyərləndirirsiniz?

-Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz, cənab İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursunun nəticəsi olaraq bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər - “Ərzaq təhlükəsizliyi haqqında” və “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Fikrimcə, qarşıdakı dövrdə bu proqramların göstərəcəyi effekt daha qabarıq hiss olunacaq. Bu gün ölkəmizdə demək olar ki, ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı bütün problemlər öz həllini tapır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlardan sonra bu istiqamətdə yarana biləcək problemlərin qarşısı alınıb. Artıq Azərbaycan öz taxıl ehtiyacını ödəməyə demək olar ki, hazırdır. Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fonduna məxsus Səngəçal taxıl elevatorunun istifadəyə verilməsi respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı həyata keçirilən mükəmməl strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatının inkişafı dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatında torpaq və əmlak üzərində xüsusi mülkiyyət hüququ bərqərar olunub, kiçik və orta sahibkarlığın inkişafına yaradılan şərait olduqca yüksək səviyyəyə çatıb, aqrar sahədə müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi genişlənib. Bununla yanaşı, kənd təsərrüfatında torpaq və əmlakdan səmərəli istifadəyə imkanlar artırılıb, qəbul edilən qanunlar, dövlət proqramları, ayrılan subsidiyalar kənd təsərrüfatının bütün sahələrinin paralel inkişafına yol açıb. Bu mənada parlamentin Aqrar siyasət komitəsi də öz üzərinə düşən məsuliyyəti dərk edir və qanunlarımızın daha təkmil bir forma alması üçün öz gücünü səfərbər edir.

- Siz işğal altında olan bir rayonun-Laçının Azərbaycan parlamentindəki təmsilçisisiniz. Bu, əlavə bir məsuliyyət yaradırmı?

- Əlbəttə ki, yaradır. Bu gün Laçın rayonundan olan məcburi köçkünlərimiz respublikanın 58 şəhər və rayonlarında məskunlaşıb. Laçınlıların kompakt yaşadığı ərazi isə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsidir. 70,5 min nəfər əhalinin 13 min nəfəri bu gün Taxtakörpüdə məskunlaşıb, rayonun inzibati idarələri də məhz burada yerləşir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət kursu hər bir laçınlı tərəfindən təqdir olunur, birmənalı şəkildə dəstəklənir. Öz doğma yurd-yuvalarından zorla qovulmuş insanların həyat şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə və digər sosial tələbatlarının ödənilməsi istiqamətində olduqca mühüm tədbirlər görülür. Laçın rayonunun respublikanın fərqli bölgələrində fəaliyyət göstərən 20 ümumtəhsil məktəbi, 3 səhiyyə və 6 mədəniyyət müəssisəsi cari və əsaslı təmir olunub, uşaq bağçaları tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində laçınlı şəhidlərin adlarının əbədiləşdirilməsi üçün Xatirə Kompleksi ucaldılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Dövlət Proqramına əlavələrə müvafiq olaraq rayonun müstəqil elektrik şəbəkəsi müəssisəsi yaradılıb və bu da ərazidə məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həllinə yaxından kömək edir. Bundan başqa, Taxtakörpü qəsəbəsinə təbii qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi ilə bağlı Nazirlər Kabinetinə və Dövlət Neft Şirkətinə müraciət əsasında bu problem öz həllini tapır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrin icrası əsasında Laçın rayonundan olan 313 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Taxtakörpü, 239 laçınlı ailəsinin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki “Alman” və “Yasıyol” fin tipli qəsəbələrindəki sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 552 ailə üçün yeni qəsəbənin tikintisi həyata keçirilir. Laçın rayonunun sakinləri hər zaman öz dövlətinə, Prezidentinə inanır, Dağlıq Qarabağın yaxın zamanda işğaldan azad olunacağını, dövlət başçısı, möhtərəm İlham Əliyevin apardığı sülh danışıqlarının prosesdə həlledici rol oynayacağına əmindirlər. Azərbaycan xalqı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən siyasi kursun Azərbaycanı daha qüdrətli gələcəyə daşıyacağına birmənalı şəkildə inanır. İşğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində sülh danışıqlarının aparılması ilə yanaşı, ölkəmizdə ordu quruculuğuna da mühüm önəm verilir. Ölkə büdcəsindən müdafiə xərclərinə ayrılan vəsait işğalçı Ermənistanın dövlət büdcəsi həcmindədir. Bu isə ölkəmizin hərbi qüdrətinin göstəricisidir...

- Amma təəssüf ki, ölkəmizin bu inkişafını istər xaricdən, istərsə də daxildən gözü götürməyən qüvvələr də var. Bu qüvvələr min bir vasitə ilə ölkəmizdə siyasi sabitliyi pozmağa çalışır...

- Heç vaxt buna nail ola bilməzlər. Bilirsinizmi, Azərbaycanda siyasi sabitliyin yaranması prosesi orta yaşlı nəslin gözləri önündə baş verib. Müstəqillik əldə olunandan sonrakı dövrdə Azərbaycanda hakimiyyəti ələ keçirən bir qrup səriştəsiz qüvvənin öz fəaliyyətsizliyi ilə suverenliyimizi sual altına qoyduğu hər bir Azərbaycan vətəndaşına bəllidir. Hətta tarixin bu dönəmində elə bir məqam yarandı ki, Azərbaycanın parçalanması, ölkədə vətəndaş qarşıdurmasının yaranması an məsələsi idi. Belə çətin bir zamanda Ümummilli liderimiz Heydər Əliyev ölkəmizin bütövlüyünü qorudu, Azərbaycanda vətəndaş birliyi, güclü mərkəzi idarəetmə-dövlət idarəçiliyi mexanizmi yaratdı, ölkə vətəndaşlarını bir ideologiyanın ətrafında birləşdirdi. Bu gün Prezident İlham Əliyevin yüksək siyasi peşəkarlıqla inkişaf etdirdiyi, dünyanın ən güclü inkişaf tempi əldə etmiş iqtisadiyyatına malik, yerləşdiyi Cənubi Qafqaz bölgəsinin lider dövləti sayılan Azərbaycan məhz Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildən sonrakı dövrdə xalqın dəstəyi ilə ölkəmizdə bərqərar etdiyi sabitliyin təməlində yüksəlir. Bu gün ölkəmizdə insanların sosial rifahı yüksəlir, problemlərin həlli üçün mühüm və qəti addımlar atılır. Azərbaycanda son dövrlərdə korrupsiyaya qarşı gücləndirilmiş mübarizə bu mənada xüsusi əhəmiyyətə malikdir. Xalqımız aparılan islahatları, görülən abadlıq-quruculuq işlərini dəstəkləyir, keçirilən demokratik və şəffaf seçkilərdə bu siyasətə öz dəstəyini nümayiş etdirir. Qeyd etdiyiniz radikal azlıq isə əldə olunan bu uğurlardan narahatdır. Bir sıra maraqlı xarici dairələrin əlaltısına çevrilən həmin qruplar üçün dövlət, millət maraqları heç bir əhəmiyyət kəsb etmir. Əksinə, onlar bu gün Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, xainlik etmək üçün fürsət gözləyirlər. Xalqımız onların bu xəyanətkar addımlarını pisləyir, onların maddiyyatın əsirinə çevrildiyini dərk edir. İnanıram ki, çox qısa bir zamanda həmin destruktiv qüvvələr ölkəmizin siyasi palitrasından silinib tarixin qaranlıqlarına gömüləcəklər.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 16 aprel.- S.9.