Sosial tərəqqi Prezident
İlham Əliyevin fəaliyyətində başlıca
prioritetlərdən birini təşkil edir
Yeni Azərbaycan
Partiyasının Siyasi Şurasının üzvü,
partiyanın Qaradağ rayon təşkilatının sədri
Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, bəzi
müxalifət partiyaları ölkəmizdə ictimai-siyasi
sabitliyi pozmağa çalışır və bu məqsədlə
aprelin 17-də növbəti qanunsuz aksiya keçirməyə
cəhd göstərdilər. Bu cür hərəkətlər
mövcud ictimai-siyasi duruma necə təsir edə bilər?
- Azərbaycanda ictimai-siyasi
sabitlik möhkəm təməllər üzərində
qurulub. Bildiyimiz kimi, Azərbaycanda ictimai-siyasi sabitlik
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təmin
edilib. Bu gün Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.
Azərbaycan məhz Heydər Əliyev siyasəti nəticəsində
böyük inkişaf yolundadır və bu yolla inamla irəliləyir.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi
praqmatik siyasət Azərbaycanın dinamik inkişafını
təmin etməklə yanaşı, ictimai-siyasi sabitliyi daha da
möhkəmləndirib. Doğrudur, bəzi hallarda müxalifətin
radikal qanadı ölkəmizdə sabitliyi pozmağa cəhdlər
göstəriblər. Amma bütün hallarda bu cəhdlər
iflasa uğrayıb. Birmənalı şəkildə qəbul
olunmalıdır ki, Azərbaycanda radikal müxalifətin
sosial dayaqları yoxdur və onların hər hansı bir
pozuculuq fəaliyyəti də iflasa məhkumdur. Azərbaycan
xalqı onların xislətinə bələd olduğu
üçün qanunsuz aksiyalara dəstək vermir. Ölkə
vətəndaşları bu gün dövlət
başçısı tərəfindən həyata
keçirilən siyasəti dəstəkləyir və bu
mövqeyini dəfələrlə nümayiş etdirib. Ona
görə də, ölkəmizdəki ictimai-siyasi sabitliyin
hansısa qüvvələr tərəfindən pozulması
qeyri-mümkündür.
- Belə olan halda, sizcə,
radikal müxalifətin bilərəkdən qarşıdurma
yarada biləcək qərarlar verməsi haradan qaynaqlanır?
- Radikal müxalifətin
ölkə daxilində ictimai dəstəyi yoxdur. Belə olan
təqdirdə isə onlar ölkəmizin inkişafını
istəməyən xarici qüvvələrlə əməkdaşlığa
üstünlük verirlər. Radikal müxalifətin son
aksiyalarının xaricdəki müəyyən qüvvələr
tərəfindən hazırlanmış ssenari üzrə həyata
keçirilməsi, maliyyələşdirilməsi və idarə
olunması şübhə doğurmur. Proseslər də
göstərir ki, həmin aksiyalar, yəni, qanunsuz mitinqlər,
yürüşlər xaricdən alınan maliyyənin
hesabına başa gəlir. Çünki o aksiyaların təşkil
edilməsi, orada iştirak edən adamların hərəkətləri
və davranışları dediklərimə sübutdur. Eyni
zamanda, radikal müxalifətin rəhbərlərinin fəaliyyətində
antimilli hərəkətlər özünü açıq
şəkildə büruzə verir. Hamımız bilirik ki,
xarici dairələr Dağlıq Qarabağ problemi ilə
bağlı Azərbaycanı güzəştə məcbur
etmək istəyirlər. Bu alınmayanda isə ölkəmizi
daxildən zəiflədərək məqsədlərinə
çatmağa çalışırlar. Bu prosesdə isə
müxalifət onların əlində vasitəyə
çevrilir. Təəssüf ki, özünə azərbaycanlı
deyən bəziləri öz şəxsi maraqları naminə
milli maraqlarımızı qurban verməyə
hazırdırlar. Amma bir daha deyirəm ki, onlar öz məqsədlərinə
çatmayacaqlar. Son vaxtlar radikalların bütün qanunsuz
aksiyalarına ictimai dəstəyin olmaması, bu aksiyaların
iflasa uğraması fikrimin sübutudur.
- Radikal müxalifət iddia
edir ki, Azərbaycanda vətəndaşların sərbəst
toplaşmaq hüququndan istifadə olunmasına imkan verilmir.
Onların bu iddialarının əsası varmı?
- Azərbaycan
Konstitusiyasında vətəndaşların sərbəst
toplaşmaq hüququ təsbit olunub. Amma bu hüququn həyata
keçirilmə mexanizmi müvafiq qanunla tənzimlənir. Bu
gün Konstitusiyada təsbit olunmş təhsil, əmək və
digər hüquqlar ayrı-ayrı qanunlarla tənzimləndiyi
kimi, sərbəst toplaşmaq hüququnun da
reallaşdırılması üçün xüsusi qanun
var. “Sərbəst toplaşmaq azadlığı haqqında”
Qanun qəbul olunub və ötən dövr ərzində
xeyli dərəcədə təkmilləşdirilib.
Xüsusilə qeyd etmək istəyirəm ki, həmin qanunun
son variantı Avropa Şurasının Venesiya komissiyası ilə
birgə əməkdaşlıq çərçivəsində
hazırlanıb və qanun həmin qurum tərəfindən
müsbət rəy alıb. Ona görə də, heç
kimin həmin qanunun Avropa standartlarına uyğun
olmadığını deməyə haqqı yoxdur.
Bu qanunda açıq şəkildə
göstərilir ki, kütləvi aksiyaların keçirilməsi
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmalıdır. Bunun da bir sıra ciddi
səbəbləri var. Burada mitinq
iştirakçılarının təhlükəsizliyi, digər
vətəndaşların hüquqlarının təmin
olunması və başqa amillər mövcuddur.
Dünyanın hər bir yerində bu təcrübə var.
Amma müxalifətin radikal qanadı Bakı Şəhər
İcra Hakimiyyətinin ayırdığı yerdə yox,
yalnız şəhərin mərkəzində mitinqin
keçirilməsinə israr edir. Bu isə açıq şəkildə
qanunsuzluq deməkdir.
Əgər onlar fikirlərini
tərəfdarlarına çatdırmaq istəyirlərsə,
Bakı Şəhər İcra Hakimiyyətinin etiraz
aksiyası və ya mitinq üçün
ayırdığı yerlərdə bunu edə bilərlər.
Amma etmək istəmirlər. Çünki bilirlər ki, vətəndaşlar
onları müdafiə etmir, xalq bu insanları qətiyyən
dəstəkləmir və onların arxasınca da getmir. Onlar
nə üçün ayrılmış yerdə yox, insanların
sıx, hərəkətin gur olduğu yerlərdə aksiya
keçirmək istəyirlər? Radikal müxaliflərin məqsədi
qarşıdurma yaradaraq beynəlxalq təşkilatların
diqqətini çəkmək, eləcə də, kütləvilik
fonu yaratmağa səy göstərməkdədir. Buna görə
də, metro stansiyalarının ətrafları, şəhərin
mərkəzi hissələrini hədəfə alırlar. Yəni,
sadə dillə desək, onların başlıca məqsədi
fon yaratmaq, sonra da həmin yerin şəkillərini və
videogörüntülərini çəkib xaricə
ötürməkdir. Bu adamlar bəhs etdiyim minvalla tərəfdarlarının
çox olmasıyla bağlı görüntü yaratmağa
çalışırlar.
- Bəzi ərəb dövlətlərində
baş verən proseslər radikalların fəallaşmasında
nə dərəcədə rol oynayır? Eyni zamanda, qanunsuz
aksiyalara çağırışlarda sosial şəbəkələrin
təsiri varmı?
- Doğrudur, ərəb
dövlətlərində baş verən hadisələr
zamanı Azərbaycanda da sosial şəbəkələrdə
müəyyən qədər fəallaşma baş verdi,
müxtəlif sosial şəbəkələrdə də ərəb
inqilablarından bəhs edirdilər. Lakin ərəb ölkələrindən
fərqli olaraq, Azərbaycanda heç bir inqilabi situasiya yoxdur
və ola da bilməz. Bəlli ərəb ölkələrindəki
vəziyyət etirazlar üçün müəyyən
şərait doğurur, sosial sifariş yaradır. Azərbaycanda
isə həmin situasiyanın elementlərinin heç biri
yoxdur və görünmür. Ölkəmizdə insanlar
müxtəlif siyasi proseslərdən çıxıb və
indi ölkədə qanunun aliliyi, demokratik dəyərlər
bərqərar olub. Azərbaycanın dövlət
başçısı da ölkəni demokratik prinsiplərlə
idarə edir. Ölkəmiz işğalçı Ermənistan
istisna olmaqla, dünya dövlətləri ilə normal
münasibətlərə malikdir. Ərəb ölkələrinə
gəldikdə isə, oradakı hadisələrin yaranma səbəbləri,
aktiv qüvvələrin niyyətləri tam başqadır.
Ona görə də, sosial şəbəkələrdə Azərbaycanla
bağlı əks olunan qərəzli fikirlər mənasızdır.
Belə fikirlərə qarşı ciddi arqumentlər ortaya
qoyulur və nəticələri də göz
qabağındadır. Əslində, demokratiyadan dəm vuran bəzi
radikalların əxlaqsız hərəkətlərini sosial
şəbəkələrdə yayılan
videogörüntülər təsdiq edir, onların mahiyyətini
açır. Xalqımız bütün bunları
görür və kimin kim olduğunu qiymətləndirməyi
bacarır.
- Azərbaycan sürətli
inkişaf yolundadır. Bu inkişaf, ilk növbədə vətəndaşların
sosial rifahının yüksəlməsi ilə müşayiət
olunur. Bu mənada sosial sahədə həyata keçirilən
proqramların üstünlükləri nədən ibarətdir?
- Əlbəttə, iqtisadi
siyasətin inamla həyata keçirilməsi sayəsində
Azərbaycanda davamlı olaraq əməkhaqqı və
pensiyalar artırılır. Prezident İlham Əliyevin
müvafiq sərəncamları ilə əmək
pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı tədbirlər həyata keçirilib və
bu, öz mühüm nəticələrini göstərib.
Bildiyiniz kimi, Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübün
sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında
Prezident İlham Əliyev bu il əməkhaqları və
pensiyaların artırılacağını bəyan etdi.
Ümumiyyətlə, sosial tərəqqi Prezident İlham Əliyevin
fəaliyyətində başlıca prioritetlərdən birini
təşkil edir və ötən bir il ərzində dövlətin
kapital resurslarının böyük bir hissəsinin bu sahəyə
yönəldilməsi bu strategiyanın uğurlarını
şərtləndirmiş olur. Ötən müddətdə
dövlətin gəlirləri, ilk növbədə, sosial
kateqoriyaların maddi rifahının yüksəlməsinə
və sosial infrastrukturların
yaxşılaşdırılmasına yönəlib.
Respublikamızda yüz minlərlə
insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının
artırılması ilə bağlı dövlət siyasəti
hökumətin vətəndaşlara olan yüksək diqqət
və qayğısının nəticəsidir. Artıq Azərbaycanın
valyuta ehtiyatları 34 milyard dolları ötüb, ölkəmizdə
orta pensiya məbləği 106 dollara çatıb. Bu
artımdan sonra pensiyaların ölkə üzrə orta məbləği
150 dollara qədər yüksəlib. Son 7 il ərzində Azərbaycanda
əməkhaqqı və pensiyalar orta hesabla 5 dəfə
artıb.
Hazırda ölkəmizdə
orta pensiya məbləği 150 dollar təşkil edir ki, bu da
respublikamızın həmin göstərici üzrə MBD
ölkələrinin əksəriyyətini üstələdiyini
təsdiqləyir.
Ümumiyyətlə, 2010-cu
ildə dövlətimizin başçısının
imzaladığı müvafiq sərəncamlara əsasən,
bütün güc strukturlarında, dövlət idarəetmə
sistemində və digər dövlət təşkilatlarında
çalışan insanların maaşlarında artım
baş verib. Bütün büdcə təşkilatlarında
çalışan vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə davamlı tədbirlər
görülüb, onların aylıq vəzifə
maaşları artırılıb. Bundan 2010-cu ildə aztəminatlı
əhali qruplarına göstərilən qayğı daha da
gücləndirilib, məcburi köçkünlərə və
ünvanlı yardım alan ailələrə verilən
aylıq müavinətin məbləği
artırılıb. Hesab edirəm ki, gələcəkdə də
hökumətin əhalinin sosial rifahının gücləndirilməsi
istiqamətində tədbirləri davam edəcək.
- Hazırda inkişaf məsələləri
ilə bağlı ölkəmizdə mühüm proqramlar qəbul
olunub. Bu baxımdan, respublikamızın qarşıdakı
dövrdə sosial-iqtisadi vəziyyəti barədə nə
deyə bilərsiniz?
- Qeyd etdiyim kimi, dövlət
başçısının müəyyənləşdirdiyi
iqtisadi siyasətin başlıca hədəfləri
makroiqtisadi sabitliyin möhkəmlənməsi, davamlı
inkişafın intensiv xarakter alması, iqtisadi bölmələrdə
fəallığın təmin edilməsi, maliyyə
bazarının canlandırılması, investisiya
qoyuluşlarının davam etdirilməsi, əhalinin sosial
şəraitinin yaxşılaşması və digər
iqtisadi ssenariləri əhatə edir və bu hədəflərin
yerinə yetirilməsi respublikamızın uğurlarını
daha da artıracaq.
Azərbaycan yeni sosial-iqtisadi inkişaf mərhələsinə daxil olur və qarşıdakı mərhələdə islahatların dərinləşdirilməsi zəruridir. Azərbaycan bazar iqtisadiyyatının ən son yeni modellərini tətbiq etməyə hazırlaşır. Sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi bütün sahələrdə şəffaflığın tam təmin edilməsini zəruri edir. Yəni, azad, liberal iqtisadiyyatın tələbləri budur ki, sosial-iqtisadi inkişafa mane olan neqativ hallar, o cümlədən, korrupsiya halları, sahibkarlığın fəaliyyətinə süni maneə yaradan yoxlamalar aradan qaldırılmalı, dövlət orqanlarının fəaliyyətində şəffaflıq təmin olunmalıdır.
Məlum olduğu kimi, yanvarın 14-də Nazirlər Kabinetinin ölkəmizin 2010-cu ildəki sosial-iqtisadi inkişafının nəticələrinə dair keçirilən iclasında Prezident İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək üçün siyasi, iqtisadi islahatların davam etdiriləcəyini bəyan edib. Sosial ədalət prinsiplərinin bərqərar olması, dövlət orqanlarında şəffaflığın təmin edilməsi, ictimai nəzarət, demokratiya - inkişaf etmiş ölkələrin ölçü meyarlarıdır. Cənab Prezident iqtisadiyyatın davamlı inkişafını təmin etmək məqsədilə qiymətlərin süni şəkildə qaldırılmasının qarşısının alınması, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin, əsassız yoxlamaların, vergidən yayınma hallarının aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması kimi vəzifələr qoydu. Bürokratik əngəllərin aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində tədbirlərin gücləndirilməsi barədə ciddi tapşırıqlar verib. Bu istiqamətdə son dövrlər kompleks və sistemli şəkildə aparılan tədbirlər artıq öz bəhrələrini verməkdədir.
Yeni Azərbaycan.- 2011.- 20 aprel.-
S.5.