Mübariz Qurbanlı: Radikal
müxalifət nəinki gümüş, heç
paslanmış dəmir də deyil
Yeni Azərbaycan
Partiyasının İcra katibinin müavini, millət vəkili
Mübariz Qurbanlının SİA-ya müsahibəsi:
- Radikal müxalifətin
bütün qadağalara baxmayaraq qanunsuz mitinq keçirmək
cəhdlərinin arxasında nələr dayanır?
- Radikal müxalifətin
şəhərin mərkəzində xüsusilə
insanların gur toplaşdığı yerlərdə mitinq
keçirmək cəhdi bir məqsəd daşıyır.
Müxalifətin radikal qanadının cəmiyyətdə demək
olar ki, heç bir dayağı yoxdur. Çox az sayda şəxslər
radikallıq nümayiş etdirirlər və onlar da şəhərdə
elə bir yer seçirlər ki, bura insanların gediş-gəliş
yeri, eyni zamanda insanların sərbəst şəkildə
istirahət etdiyi, gəzdiyi yer olsun. Bu kimi yerlər seçməklə
onlar həmin yerlərdə az sayda tərəfarları,
nümayəndələri ilə hay-küy salıb ətrafdakı
insanları mitinqçilərin sırasına daxil etmək
istəyirlər. “Mitinq yerindən” şəkilləri çəkib
mətbuatda dərc etməklə özlərinin böyük
potensiala malik olduğunu göstərmək istəsələr
də buna nail ola bilmirlər. Bakı şəhər İcra
Hakimiyyəti onlar üçün müvafiq yerlər
ayırıb. Azərbaycan hüquqi dövlətdir və
hüquqi dövlətdə hamı qanun qarşısında bərabərdir
və eyni şəkildə cavabdehlik daşıyır.
Müxalifətin radikal qanadı öz hikkəsi və
şıltaqlığını yeridə bilməz. Kim olur
olsun qanuna tabe olmalı, aksiyaları müvafiq yerlərdə
keçirməlidir. Müxalifətin radikal qanadının
arxasında faktiki olaraq heç kim dayanmır. Onlar öz mətbuatlarında
yalançı görüntü yaratmaq istəyirlər ki,
guya Qərb dövlətləri onları müdafiə edir.
Hansısa səfirlərlə görüşlərini
şişirdərək bundan özlərinə siyasi qazanc
kimi, təbliğat parçası kimi istifadə etmək istəyirlər.
Nə Qərb dövlətləri, nə Qərb liderləri
müxalifətin radikal qanadı ilə hansısa bir formada təmasda
deyil, heç onların mövcud olduğunu bilmirlər. Bəli,
müxalifətin xaricdə bu və ya digər formada əlaqə
saxladığı qüvvələr varsa, onlar Azərbaycanın
beynəlxalq aləmdə nüfuzuna xələl gətirmək
istəyən müəyyən təşkilatlardır. O təşkilatlar
Azərbaycan cəmiyyətini, hakimiyyətini, parlamentin
üzvlərini bütünlükdə Ermənistanın Azərbaycana
qarşı təcavüzü ilə bağlı aparılan
işlərdən yayındırmaq məqsədi
daşıyır. Yəni xaricdə erməni lobbisi ilə əlaqəli
olan bəzi QHT-lər, siyasətçilər var ki, onlar Azərbaycan
haqqında mənfi rəy formalaşdırmaq istəyirlər.
Amma buna nail ola bilmirlər və nail ola bilməyəcəklər
də. Bu gün Azərbaycanda ölkə
başçısının apardığı qətiyyətli
siyasət beynəlxalq aləmdə nüfuzumuzun, Ermənistan
üzərində gücümüzün artmasına gətirib
çıxarır. Eyni zamanda Azərbaycanın artan nüfuzu
qarşısında bizimlə hesablaşmaq zorunda qalan qüvvələr
var. Ona görə də, Azərbaycan xalqının iradəsinə
söykənən siyasət öz bəhrəsini verir,
radikalların Azərbaycanın əleyhinə olan, ölkəmizdə
vəziyyəti qarışdırmağa cəhd edən bəzi
dairələrin qarşısına çıxmağa
hazırıq, onun qarşısını almışıq və
bundan sonra da alacağıq.
- Necə
düşünürsünüz, bu cür uğursuz aksiyalar
nə zamana qədər davam edəcək?
- Radikallıq Azərbaycanda
özünə yer tapa bilmir. Radikallıq, bu yolla müəyyən
mənada siyasətdə qalmaq cəhdləri keçmişə
yönələn addımlardır. Ona görə də
ölkədə radikal çağırışlara yer
yoxdur. Azərbaycanda konstruktiv müxalifət, əməli fəaliyyət
göstərən müxalifət partiyaları var. Onlar
seçkilərə qatılır, parlamentdə, bələdiyyələrdə
müəyyən yer qazanırlar. O müxalifət ki, təkamül
yolu ilə fəaliyyət göstərir, həmin müxalifət
az da olsa cəmiyyətdə bu və ya digər şəkildə
uğur qazanmaq ehtimalı olan müxalifətdir. Amma
bütövlükdə böyük əksəriyyət
ölkə başçısının siyasətini dəstəklədiyinə
görə, hesab edirəm ki, Prezidentin siyasətini müdafiə
edən siyasi təşkilatlar, onların aparıcısı
olan Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycanda
avanqard, aparıcı rolunu oynayacaq.
O ki, qaldı müxalifətin növbəti mitinq keçirmək cəhdlərinə, 17 aprel tarixindən sonra əgər radikallarda azacıqda olsa siyasi məsuliyyət hissi varsa, o zaman bu cür cəhdləri yenidən ağıllarına gətirməsinlər, bununla bağlı fikir söyləməsinlər. Çünki 17 apreldə onlar tam biabırçı vəziyyətdə idilər. Mən deyərdim ki, onlar iflasa uğramış vəziyyətdə idilər. Özləri də gördülər, anladılar ki, onları cəmiyyətdə heç kim müdafiə etmir. “Möhtəşəm mitinq edəcəyik” deyənlər və onların liderləri kabinetlərdən bayıra çıxmadılar, küçələrə çıxan 5-6 nəfər də bütünlüklə aldadılmış, bir sıra hallarda səhv yola yönəldilən şəxslərdir ki, onlar bu cür radikalların əlində alətə, radikallar özləri isə xaricdə olub Azərbaycana düşmənçilik edən qüvvələrin əlində alətə çevriliblər. Alətə çevrilmişlər bəzi gənclərimizi yanlış yola düşmüş ümumi siyasəti kifayət qədər başa düşməyən insanları da alətə çevirmək istəyirlər. Hətta radikal düşüncəli insanlar belə onların arxasınca getməyəcək. Onların bir qismi İctimai Palatada birləşib. Artıq İctimai Palata faktiki olaraq dağılıb. Əslində başlanğıcdan o dağılmağa məhkum idi və onun perspektivi olmayan qurum olduğu hamıya bəlli idi. Dəfələrlə müxalifət dairələri, radikallar, müxtəlif qurumlar adı altında guya təşkilat yaratdıqlarını iddia ediblər və həmin təşkilatlara dəbdəbəli adlar qoyublar. Onlar özlərinə gümüş deyirlər, amma əslində gümüş, mis yox, heç paslanmış dəmir də deyillər. Ona görə də, onların arxasınca heç kim getməyəcək.
- İctimaiyyətin bütün üzvlərinin təmsil olunmadığı bir təşkilatın “İctimai Palata” adlandırılması nə dərəcə düzgündür?
- Orada nəinki ictimaiyyətin, orada Azərbaycanın ictimai-siyasi həyatının 0,1 faizi təmsil olunmayıb. Adını böyük qoymaqla deyil ki? Adına Koroğlu qoymaqla Koroğlu olmursan ki, kor kişinin oğlu olursan. Hər adamın Koroğlu ola bilmədiyi kimi, hər böyük adın altında hər hansı bir qüvvə dayanmır. Rusiyada belə bir palata var. Radikal müxalifət də bu ad altında hərəkat yaratmaq istədi. Amma belə bir hərəkat nəinki yarana bilmədi. Elə ölü doğuldu, ölü doğulduğunda da onun yaşamaq qabiliyyəti olmadığı üzə çıxdı.
- “17 aprel tarixində aksiya cəhdi radikal müxalifəti iflasa uğratdı” deyə bilərikmi?
- Əlbəttə ki, radikal müxalifət iflasa uğrayıb. Ölkədə radikalizmə yer yoxdur. Radikal çağırış edən və siyasətdə qalmaq istəyənlər siyasi intiharla məşğuldurlar. İctimai Palatada birləşənlər bir daha öz hərəkətlərini nümayiş etdirdilər.
Yeni Azərbaycan.- 2011.- 20 aprel.-
S.3.