Müxalifətçilik peşə deyil, ştat vahidi də deyil...

 

Sadəcə siyasi dünyagörüşüdür

 

Müxalifətçilik peşə deyil, siyasi ideologiyadır, siyasi düşüncə tərzidir. Daha doğrusu, ideologiyalar və düşüncələr sistemidir. Eyni zamanda, müxalifətçilik mövcud siyasi sistemin ictimai, siyasi, dövlətçilik və hakimiyyət institutları ilə vətəndaşlar arasında bir körpü rolunu oynayan ötürücü ictimai mexanizmdir. Müxalifətçilik, həmçinin, ayrı-ayrı fərdlərin qruplaşmış, sistemləşmiş siyasi dünya görüşlərinin konkret ideologiya kontekstində birləşməsi deməkdir. Müxalifətçilik, həm də uyğun siyasi əqidəni, uyğun siyasi mədəniyyəti, uyğun siyasi ideologiyanı mənimsəmiş fərdlərin ümumi maraqlarını təmin edəcək ümumi bir formuladır. Və bu maraqların içərisində həm iqtisadi, həm sosial, həm siyasi, həm ideoloji, həm də maddi və mənəvi maraqlar mövcuddur.

Əlbəttə ki, ayrı-ayrı fərdlər siyasi fəaliyyət prosesində bu maraqların hansının prioritet olduğunu özü müəyyənləşdirir. Həmin maraqların hansının ardınca getməsi də yalnız o fərdə, yaxud da konkret qruplara aid olan bir məsələdir. Ancaq başlıca prinsip bu maraqların ümummilli və dövlətçilik maraqları ilə uzlaşmasıdır. Bu sistem demokratik cəmiyyətin başlıca ünsürü olmaqla, cəmiyyətin ictimai-siyasi strukturunu formalaşdıran və cəmiyyətdaxili münasibətlərdə təkcə rəqabət deyil, eyni zamanda, harmoniya yaradan bir ünsürdür. Sadaladığımız bu ənənələr əsas etibarı ilə demokratik cəmiyyətdə və tarixən demokratiya ənənəsi formalaşmış cəmiyyətlərdə daha bariz şəkildə özünü büruzə verir. Eyni zamanda, bu cür sistem fərdlərin və qrupların, ictimai institutların təşəbbüskar rolunda çıxış etməsini təmin etməklə yanaşı, nəticə etibarı ilə ayrı-ayrı fərdlərin intellektual resurslarının cəmiyyətin ümumi inkişafı naminə istifadəsinə kömək göstərir. Dolayısı ilə, cəmiyyətə bir dinamizm verməklə cəmiyyətdaxili dinamiklərin resurslarının ümummilli maraqlar istiqamətində fəaliyyətini şərtləndirir.

Amma təəssüf ki, bəzi hallarda biz ayrı-ayrı cəmiyyətlərin və ölkələrin timsalında bu prosesin heç də yuxarıda sadalanan şəkildə cərəyan etdiyinin şahidi olmuruq. Bu mənada Azərbaycan siyasi sisteminin və cəmiyyətinin istər siyasi mədəniyyət anlayışında, istər iqtidar-müxalifət anlayışında, istərsə də cəmiyyətdaxili dinamiklərin ümumi ictimai münasibətləri anlayışında bəzi hallarda müəyyən təzadlar və mövcud prinsiplərdən sapmalar müşahidə olunmaqdadır. Məsələ ondadır ki, Azərbaycanın siyasi palitrasını müşahidə edən zaman qarşımıza çıxan ilk anormallıqlardan biri bəzi müxalif qrupların müxalifətçiliyi bir siyasi dünyagörüş, demokratiya təzahürü, fikir, düşüncə axını deyil, peşə kimi qavramalarıdır. Bu cür qruplar müxalifətçiliyə bir iş yeri kimi baxırlar. Çox təəssüf ki, Azərbaycanın dövlət müstəqilliyini əldə etməsindən 20 il keçməsinə baxmayaraq, bu zərərli tendensiya bu gün də qalmaqdadır.

 

Bəzi radikal ünsürlər cəmiyyətdaxili süzgəcdən keçə bilmir

 

Bunu yaradan səbəbləri izah etməyə çalışsaq görəcəyik ki, bu, ötən əsrin 90-cı illərinin əvvəllərində yaranan ekstraordinar siyasi münasibətlərdən meydana gəlmiş zərərli bir tendensiyadır.  Ekstremal şəraitdə baş verən bu proseslər, çox təəssüf ki, Azərbaycanda demokratiyanın təməlinin qoyulduğu illərə təsadüf etdi və burada bəzi zərərli, neqativ əsaslar yaranmağa başladı. Sonrakı mərhələdə, cəmiyyətimizin və demokratiyanın inkişafı prosesində o dövrdə yaranmış qüsurlu ənənələrin böyük əksəriyyəti cəmiyyət və siyasi sistem tərəfindən filtrizasiya edilərək sıradan çıxarıldı. Lakin çox təəssüf ki, bu sıradan çıxarılma tam baş vermədi. Yəni, geniş mənada bu tamamilə Azərbaycanın siyasi sistemindən çıxsa da, bəzi hallarda lokal şəkildə siyasi sistemimizin daxili konyukturasında hələ də qalmaqdadır. Bir daha vurğulamaq yerinə düşər ki, bunun da başlıca səbəbi bəzi müxalifət qrupları tərəfindən müxalifətçiliyin bir siyasi dünyagörüşü kimi hələ də qəbul olunmamasındadır.

 

Cəmiyyətdaxili enerji quruculuğa istiqamətləndirilməlidir

 

Bu gün biz Azərbaycanın siyasi palitrasını təsnifatlandırmağa çalışsaq, o zaman görəcəyik ki, nə klassik demokratiyada, nə də müasir demokratik cəmiyyətdə müşahidə olunan ideologiyalar rəqabəti bəzi qruplar tərəfindən hələ də mənimsənilə bilmir. Çünki bu siyasi qruplarda həmin ideologiyaları mənimsəyəcək siyasi idrak və təfəkkür yoxdur. Bəla orasındadır ki, bu cür qruplar geniş mənada siyasi arenaya çıxmağı bacarmadıqları üçün onların daxili enerjisi anarxist meyillərə istiqamətlənir və dağıdıcı faktora çevrilir.

Fikrimizi bir az daha geniş şəkildə izah etmək üçün müasir demokratik cəmiyyətlərdə mövcud olan siyasi-ideoloji bölgüləri təhlil edək. Məsələn, hər bir normal demokratik cəmiyyətdə ideologiyaların və yaxud siyasi partiyaların adı, onun həm də fəaliyyətini, siyasi hədəflərini və məqsədini şərtləndirir. Tutaq ki, Qərb ölkələrində sosial-demokratlar deyilən zaman, bunun hədəfi də, siyasi istiqamətləri də, həmçinin, hansı ideologiyanın və hansı dünyagörüşünün daşıyıcısı olması da bəlli olur. Bunu xristian-demokratlar üçün də, liberalistlər üçün də, mühafizəkarlar üçün də demək olar. Yəni, siyasi partiyanın adı onun siyasi sistemdəki yerini və rolunu şərtləndirməklə, eyni zamanda, hansı ideyanın və ideologiyanın daşıyıcısı olduğu haqqında aydın təsəvvür yaradır. Azərbaycanda bu, geniş mənada cəmiyyətdə bərqərar olsa da, təəssüf ki, bəzi qruplar hələ də müəyyən sahələri öz inhisarlarında saxlayırlar. Buna görə də Azərbaycanda həmin partiyaları təsnifatlandırıb, onların təhlilini aparmaq mümkün olmur. Sadəcə, bir neçə aparıcı partiya, daha doğrusu, Yeni Azərbaycan Partiyası və digər bir neçə partiya istisna olmaqla, qalan partiyalar partiyalaşmadan qurucu deyil, dağıdıcı faktor kimi istifadə edirlər. Və dəfərlərlə Azərbaycan cəmiyyətində xalqın qərarlar qəbuletmə mərhələsində biz bunun şahidi olmuşuq. Məsələ ondadır ki, bu cür dağıdıcı ünsürlər nə siyasi partiyaya çevrilib, partiyalaşıb, geniş mənada ümumazərbaycan miqyasında təşkilatlanmağı bacarırlar, nə də siyasi səhnədən gedirlər. Bu isə geniş, ümumazərbaycan miqyasında olmasa da, siyasi palitrada bəzi lokal problemlər yaradır. Əlbəttə, Azərbaycanın siyasi sistemi o qədər dinamik və o qədər plüralist şəkildə qurulub ki, bu lokal problemlər daha geniş müstəviyə yayılaraq, ciddi problemlər yaratmır. Amma, eyni zamanda, təəssüf ki, bəzi hallarda arabanın beşinci təkəri rolunu oynayır, bəzi hallarda isə tormozlayıcı funksiyanı həyata keçirir. Ona görə də, hesab edirik ki, bu cür siyasi təşkilatlanmaya cəhd göstərən qrupların içərisində modern cəmiyyətin tələblərini və modern siyasi sistemin hüquqi əsaslarını əxz etmiş, mənimsəmiş yeni gəncliyin fəaliyyətinə ehtiyac var. Əgər belə olarsa, bu, həm bütövlükdə cəmiyyətin siyasi sisteminin inkişafına xidmət göstərmiş, həm də Azərbaycan siyasətinə yeni dinamizm gətirmiş olar.

 

Müsavatçılığın istismarına son verilməlidir

 

Bunu konkret olaraq ayrı-ayrı partiyaların timsalında əsaslandırmağa çalışaq. Məsələn, Azərbaycanda fəaliyyət göstərən Müsavat Partiyasını götürək. Məlum olduğu kimi, müsavatçılığın Azərbaycanda çox böyük tarixi ənənəsi var. Təəssüf ki, bu gün Azərbaycanda müsavatçılıq ideologiyası bir qrup tərəfindən istismar olunur və daha çox marginal maraqlara xidmət edən silaha çevrilir. Amma bu ideyanın vaxtı ilə Azərbaycanda ciddi şəkildə kökləri olduğu üçün onun siyasi kapitalı bu gün də müsavatçılığı istismar edən siyasi qruplaşmalar tərəfindən xərclənir. Lakin bu da artıq tükənib. Çünki Azərbaycan cəmiyyətinin bir hissəsi müsavatçılıq ideyası ilə Sovet İttifaqı dağılan zaman tanış oldu və həmin ərəfədə müsavatçılığı Sovet ideologiyasına qarşı olan milli ideologiya kimi qəbul etdi. Çox təəssüf ki, bir qrup naşı siyasətçi tərəfindən istismar olunan bu ideologiya sonda elə bir vəziyyətə gətirildi ki, artıq müasir gənclər tərəfindən milli deyil, antimilli ideologiya kimi qəbul edilir. Hesab edirik ki, həmin siyasi marginal qruplar bunu dərk edərək, müsavatçılığı istismardan əl çəkməlidirlər. Əslində müsavatçılıq konkret tarixi dövrdə yaranmış və qarşısına konkret məqsəd qoymuş bir siyasi ideologiya idi. XX əsrin əvvəllərində yaranmış müsavatçılığın hədəfi heç də müstəqillik deyildi. Müsavatçılığın hədəfi çar Rusiyası tərkibində yaşayan bütün təəbələrin bərabər hüquqlarda, bərabər əsaslarda fəaliyyətinin təmin olunması idi. Sonrakı mərhələdə baş verən tarixi proseslərin nəticəsində müsavatçılıq 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin aparıcı ideologiyalarından birinə çevrildi. Məqsədimiz müsavatçılıq ideologiyasının tarixini araşdırmaq olmadığı üçün, onun tarixi aspektlərinə toxunmuruq. Amma hesab edirik ki, bu gün istismar olunan müsavatçılıq ideologiyası Azərbaycanın milli, siyasi düşüncəsinin bir təzahürü kimi yenidən Azərbaycan xalqına qaytarılmalıdır. Yəni, bir qrup inhisarçı siyasətçinin siyasi demaqogiyası üçün silah kimi deyil, Azərbaycan xalqının fikir istehsalının bir həlqəsi kimi, Azərbaycan xalqının siyasi dünya görüşünün bir həlqəsi kimi xalqın xidmətlərinə qaytarılmalıdır. Ona görə də, əgər bu gün müsavatçılığı istismar edən qüvvələr doğrudan da vətənpərvərdirlərsə və doğrudan da sözün həqiqi mənasında bu ideologiyanı mənimsəyiblərsə, o zaman sakit şəkildə Azərbaycanın siyasi səhnəsində kənara çəkilsinlər. Onların müsavatçılıq qarşısında ən böyük xidməti bu ola bilər.

 

Xalq hərəkatı partiya deyil

 

Təəssüf ki, Azərbaycanda, eyni zamanda, Xalq Cəbhəsi də buna bənzər, amma daha gənc bir tarixə sahib olan bir qruplaşmanın mənafeyinə xidmət edir. Məlum olduğu kimi, Xalq Cəbhəsi xalq hərəkatı dövründə yaranmışdı və xalq hərəkatı sovet imperiyasına qarşı formalaşmışdı. Xalq hərəkatı, o cümlədən, Xalq Cəbhəsinin yaranması XX əsrin sonunda dünyada baş verən qlobal proseslərin nəticəsi olaraq bir zərurət kimi meydana çıxmışdı. O təkcə Azərbaycanda deyil, ilkin mərhələdə Baltikyanı respublikalarda, ondan sonra isə bütün postsovet məkanında yaranmışdı. Ümumiyyətlə, tarixdən də bəlli olduğu kimi, xalq hərəkatı hər zaman ekspansiyalara qarşı yaranıb. Və bu hərəkat öz missiyasını həyata keçirdikdən sonra öz yerini yeni siyasi sistemə verir.. Ümumxalq hərəkatının partiyalaşması nümunəsi isə anormal bir haldır. Heç bir postsovet ölkəsində bu olmasa da, Azərbaycanda bu siyasi anormallıq da baş verdi. Əgər doğrudan da o dövrdə xalq hərəkatından çıxmış ayrı-ayrı fərdlər yetkin siyasətçi kimi özlərini aparmağı bacarsaydılar, o zaman özlərinə partiya yaradar və ona konkret ideologiyanı və siyasi dünyagörüşünü özündə ehtiva edən bir ad qoyardılar. Amma təəssüf ki, nə xarizması, nə də liderlik keyfiyyəti olan ayrı-ayrı şəxslər hərəkatın siyasi kapitalını mənimsəməyə başladılar. Dolayısı ilə müsavatçılıqda olduğu kimi burada da Xalq Cəbhəsinin siyasi kapitalı istismar olunmağa başlandı. Və çox təəssüf ki, onlar Xalq Cəbhəsini bir siyasi partiya kimi qeydiyyata aldıra bildilər. Halbuki, dünyanın heç bir yerində heç bir siyasi sistemdə bu cür anormallıq yoxdur. Bir daha qeyd etmək istəyirəm ki, burada insanları birləşdirəcək heç bir konkret ideologiya yoxdur, heç bir siyasi dünyagörüş yoxdur. Çünki xalq hərəkatının tarixi missiyası siyasi partiyaya çevrilmək deyil. Müəyyən bir mərhələdə işğalçılara qarşı xalqı təşkilatlandırmaqdır (əlbəttə ki, normal şərtlərdə-H.B).

Bir sözlə, təəssüflə qeyd etmək yerinə düşər ki, cılız, xarizması və liderlik keyfiyyətləri olmayan şəxslər xalq arasında vaxtı ilə populyar olmuş və konkret məqsədə xidmət etmiş ayrı-ayrı təşkilatları istismar alətinə çevirməyi bacardılar. Bununla yanaşı, onu da vurğulamaq yerinə düşər ki, istər Müsavatın, istərsə də AXCP-nin daxilində olan, həmçinin, yeni yetişən və yeni siyasi tələbatı öyrənən, yeni cəmiyyət quruculuğunun siyasi-hüquqi əsaslarını mənimsəyən gənclər modern cəmiyyətdə siyasi partiyaların fəaliyyətni və sistem strukturunu mənimsəyən kimi, adını partiya qoyan bu ümumi ictimai və siyasi qruplardan ayrılaraq, məhz Azərbaycanın gerçək siyasi səhnəsinə qədəm qoydular. Bundan dərhal sonra isə artıq müəyyən uğurlar da əldə etməyə, tutaq ki, parlamentdə təmsil olunmağa  başladılar. Onlar, eyni zamanda, modern cəmiyyətin yeni siyasi sisteminə ayaq uyduraraq, demokratiyaya müəyyən töhfə verməyə başladılar və siyasi palitraya yeni rənglər gətirdilər. Və sözün həqiqi mənasında Azərbaycanda artıq siyasi partiyalaşmanın yeni keyfiyyət qazanmasına səbəb oldular.

 

Əql və intellekt siyasi iddiadan öndə olmalıdır

 

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, AXCP-də və Müsavatda olan ambisioz, lakin intellekti və siyasi fəaliyyəti ambisiyasının arxasında, əqli hirsinin və iddiasının arxasında qalan bəzi şəxslər və onların ətrafında olan qruplar hələ də yeni cəmiyyətə və yeni tələblərə ayaq uydura bilmirlər. Çox təəssüf ki, hələ də XX əsrin sonlarında qalan kiçik dağıdıcı nüvə daxilindən yeniləşə bilmədiyi üçün ötən əsrin 90-cı illərində imperiyaya qarşı formalaşmış qəzəbi və kini bu gün müstəqil Azərbaycan dövlətinə doğru istiqamətləndirirlər. Lakin bir şeyi dərk etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəllərində bu enerjinin hədəfi doğru idi. Yəni, imperiya dağılmalıydı. Bu gün isə həmin dağıdıcı  faktor Azərbaycan dövlətinə qarşı yönəldilməyə çalışılır. Və çox yaxşıdır ki, bunu dərk edən gənclər, həmçinin, sözügedən qrupların ətrafında olan insanlar bu gün fərdi və kütləvi qaydada istefalar verirlər. Hesab edirik ki, bu çox normal bir haldır və Azərbaycan cəmiyyəti tamamilə bu dağıdıcı qrupların siyasi ambisiyalarından xilas olmalıdır. Proses də buna doğru gedir. Ona görə də, biz hesab edirik ki, Azərbaycan cəmiyyətində fərdi və ictimai şüur çox yüksəkdir. Eyni zamanda, cəmiyyətimizdə baş verən bu dəyişikliklər Azərbaycanda yeni ictimai dəyərlər, yeni fikir axını, yeni təşəbbüslər axını, ən nəhayət, modern düşüncəyə sahib yeni gənclər formalaşdırıb. Onların məqsədi Azərbaycan dövlətini, Azərbaycan cəmiyyətini daha da irəli aparmaqdır. Ona görə də, çəkinmədən qeyd etmək yerinə düşər ki, Azərbaycanın siyasi palitrasında mövcud olan bu destruktiv, lokal siyasi qruplaşmaların iki yolu var: Ya daxildən gələn yeniləşmə dalğasına tabe olaraq, siyasi səhnədən getməlidirlər ki, onların hazırda istismar etdiyi siyasi təşkilatlar yenilənsin. Ya da bütövlükdə həmin siyasi təşkilatlar faciəvi şəkildə öz daxilindən iflasa uğrayacaq. Ona görə də, bu gün həmin siyasi təşkilatların qarşısında duran başlıca məqsəd məhz bu olmalıdır ki, gənclərə yol versinlər və yeni gələn qüvvələr yeni status və keyfiyyətdə Azərbaycanın siyasi palitrasına, siyasi sisteminə inteqrasiya olunsunlar. Əks təqdirdə qurultayların vaxtını dəyişməklə, müxtəlif xarici antiazərbaycançı qüvvələrin məqsədlərinə uyğun şəkildə antimilli gücə çevrilməklə həm özləri üçün arzuolunmaz aqibət hazırlayırlar, həm də Azərbaycan cəmiyyətinə və dövlətinə qarşı çıxmış olurlar. Əlbəttə ki, Azərbaycan dövləti güclü dövlət, Azərbaycan xalqı kamil xalqdır. Xalq bu oyunları dərk etdiyi üçün radikal müxalifətdən birdəfəlik imtina edir.

 

Radikal müxalifət xaos və qarşıdurmanın övladıdır

 

Müxalifət siyasi sistemin önündə getməli, yeni təşəbbüs və ideyalarla çıxış etməklə lokomotiv rolunu oynamalıdır. Azərbaycandakı radikal müxalifət isə qatarın arxasına bağlanmış, onu geriyə çəkən tərs lokomotiv rolunu oynayır. O israrla hadisələri və sistemi ötən əsrin 90-cı illərinə sürükləməyə çalışır. Çünki həmin illərdəki ictimai-siyasi mühit ona olduqca doğmadır. Axı, radikal müxalifət o dövrün övladı olmaqla elə ən böyük siyasi nailiyyətini də həmin illərdə əldə edə bilib. Yeni siyasi nailiyyət üçün isə yenidən xaos və qarşıdurma mühiti olmalıdır. Başqa cür, yəni, normal siyasi mühitdə radikal müxalifətin uğur qazanması təcrübəsi və konsepsiyası yoxdur. Ancaq məsələ ondadır ki, hazırki siyasi və iqtisadi sistem isə sabitlik istəyir. Çünki hər hansı xaos və qarşıdurma, zamanından və məkanından asılı olmayaraq, tənəzzül vəd edir. Elə buna görə də, xalqın dəstəyindən məhrum olan radikal müxalifət bəzi xarici antiazərbaycançı mərkəzlərdən klassik və standart siyasi uğur dilənir.

 

Bəzi imperialist güclərin inqilab “qəlibi” kamil cəmiyyətlər üçün deyil

 

Lakin həmin dairələrin bu xaos və qarşıdurma yaratmaq üçün istifadə etdiyi standart qəlib artıq inkişaf etmiş kamil cəmiyyətlərə necə deyərlər, oturmur. Bu qəlib yalnız bəzi Yaxın Şərq və Şimali Afrika siyasi topluluqlarının ölçüsünə düz gəldi. Beləliklə, “nə etməli” sualına cavabı ingilisdilli lüğətlərdə axtaran müxalifətin xalq yadına düşmür. Elə xalqın da yadına heç müxalifət düşmür. Nəticə etibarı ilə çarəsiz radikallar sakitcə siyasi səhnəni tərk etməyə başlayır. Bu sonluq isə cəmiyyətin yeni konstruktiv, dialoqçu müxalif dünyagörüşünün doğuşunu şərtləndirir.

 

 

Hikmət BABAOĞLU,

Əməkdar jurnalist

 

Yeni Azərbaycan.- 2011.- 20 aprel.- S.4.