Azərbaycan-Latviya əlaqələri
yüksək strateji tərəfdaşlıq səviyyəsindədir
Azərbaycanla Latviya bir-birini hərtərəfli surətdə
dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər
sahələrdə tərəfdaş ölkələrdir
Azərbaycan müstəqillik
əldə etdikdən sonra bir sıra ölkələrlə,
o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa
xüsusi önəm verib. Bu da səbəbsiz deyil. Əvvəla,
ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və
Estoniya ilə birlikdə uzun müddət keçmiş
SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikalarla
ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın
yeni dövrün tələblərinə uyğun şəkildə
qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən
Baltikyanı respublikalarla əməkdaşlıq Azərbaycanın
Avropaya inteqrasiyası prosesinə dəstək verib.
Bu mənada
hazırda Azərbaycanın sıx əməkdaşlıq
etdiyi Avropa ölkələrindən biri kimi Latviya xüsusi əhəmiyyətə
malikdir. Bu günlərdə Latviya Respublikasının daxili
işlər naziri Linda Murniessenin başçılıq etdiyi
nümayəndə heyətinin ölkəmizə səfəri
isə iki ölkə arasındakı dostluq əlaqələrinin
möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilə
bilər. Məlumat üçün bildirək ki, xanım
Murniesse ilə görüşdə Prezident İlham Əliyev
Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə
belə yüksək səviyyəli nümayəndə heyətinin
gəlməsinin önəmini qeyd edərək, səfərin
ikitərəfli münasibətlərin inkişafı
baxımından uğurlu olacağını bildirib. Öz
növbəsində, Latviya rəsmisi ölkəsinin Azərbaycanla
əlaqələrə xüsusi önəm verdiyini, bu
nöqteyi-nəzərdən səfərin böyük əhəmiyyət
daşıdığını bəyan edib.
İKİ ÖLKƏ MÜNASİBƏTLƏRİ
MÖHKƏM ƏSASLAR ÜZƏRİNDƏ QURULUB
Latviya Azərbaycanın müstəqillikdən əvvəl də əlaqələrinin olduğu az sayda Avropa ölkələrindən biridir. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanla Latviya keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olublar. İki ölkə arasında iqtisadi, mədəni əlaqələrin əsası da məhz həmin dövrdə qoyulub.
Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra isə Latviya ilə əlaqələrin siyasi müstəvidə də qurulması və inkişaf etdirilməsi üçün imkanlar yaranıb. İlk növbədə, qeyd edək ki, Azərbaycan Latviyanı müstəqil dövlət kimi 1991-ci il avqustun 30-da, Latviya isə respublikamızın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə bundan iki il sonra yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikasının bu ölkədə, 2006-cı ildə isə Latviya Respublikasının ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Onu da xüsusi olaraq qeyd edək ki, Baltikyanı ölkələr içərisində Azərbaycan Respublikasının səfirliyi ilk olaraq məhz Latviyada açılıb.
Azərbaycanla Latviya arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Latviya ilə münasibətlərin möhkəmlənməsinə böyük önəm verən Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti bu istiqamətdə çox uğurlu olub. Belə ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində ilk görüş 1997-ci il iyul ayının 8-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı baş tutub. Ümummilli liderimiz Heydər Əliyevlə Latviyanın o zamankı prezidenti G.Ulmanis arasında keçirilən görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanın və Latviyanın dövlət başçıları arasında növbəti görüş 1999-cu il sentyabrın 10-da Yaltada “Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda keçirilən beynəlxalq toplantıda gerçəkləşib. Ulu öndər Heydər Əliyevlə həmin vaxt Latviyanın yeni seçilmiş prezidenti V.Vike Frayberqa arasında keçirlən görüşdə iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsi və mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Latviyadan Azərbaycana ilk rəsmi səfəri isə 2001-ci il 9-12 iyul tarixlərində bu ölkənin xarici işlər naziri İndulis Berzinş gerçəkləşdirib. Latviya rəsmisini qəbul edən Ümummilli lider Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv olmasının Latviyanın şuraya sədrliyi dövrünə təsadüf etdiyini deyərək bu məsələdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib: “Azərbaycanın Avropa Şurasına qəbul olması prosesində bizi həmişə dəstəklədiyinizə görə sizə və Latviya hökumətinə bir daha təşəkkür etmək istəyirəm”.
Eyni zamanda, işgüzar xarakter daşıyan həmin görüşdə iki ölkənin xarici işlər nazirləri tərəfindən əməkdaşlıq haqqında və avtomobil daşımaları barədə müqavilə imzalanıb.
Prezident
İlham Əliyevin rəhbərliyi dövründə isə
Latviya-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə
qədəm qoyub. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə
böyük önəm verən Latviyanın rəsmi dairələri
son illərdə ölkəmizə səfərlərini
intensivləşdirib. Məsələn, Azərbaycanla əlaqələrə
göstərilən marağın təsdiqi olaraq 2004-cü
ilin martında bu ölkənin dövlət katibinin müavini
Andris Teykmanisin, həmin ilin iyulunda isə dövlət katibi
Edqars Rinkeviçusun respublikamıza səfərini qeyd etmək
olar. Latviya prezidentlərinin ölkəmizə səfərləri
2005-ci və 2009-cu illərdə baş tutub. Azərbaycan
Prezidenti İlham Əliyevin Latviyaya sonuncu rəsmi səfəri
isə bu ilin yanvarında gerçəkləşib. İki
ölkənin yüksək rəsmi şəxsləri arasında
qarşılıqlı səfərlər əsasında
keçirilən çoxsaylı görüşlər və
əldə olunan razılaşmalar Azərbaycan-Latviya əlaqələrinin
yüksək inkişaf dinamikasından xəbər verir.
AZƏRBAYCAN-LATVİYA TƏRƏFDAŞLIĞI
BÜTÜN SAHƏLƏRİ ƏHATƏ EDİR
Əslində, Latviyanın respublikamızla müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərməsi heç də təsadüfi xarakter daşımır. Bildiyimiz kimi, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Latviya ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir.
Ümumiyyətlə, xarici siyasətdə sülh, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verən Azərbaycan bu istiqamətdə bir çox dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Latviya da bu baxımdan, istisna deyil. Belə ki, 2005-ci ilin avqustunda Azərbaycan müdafiə nazirinin Latviyaya səfəri çərçivəsində iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq üzrə müqavilə imzalanıb. Qeyd edək ki, sənəddə NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramı çərçivəsində hərbi islahatlar, müdafiə siyasəti və strategiyası, komandanlıq və idarəetmə, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.
Bundan əlavə, Azərbaycanla Latviya bir sıra məsələlərdə ortaq mövqedən çıxış edir. Belə ki, Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində maraqlıdır. Rəsmi Riqa, həmçinin, ölkəmizin Avropa məkanına inteqrasiyasına da müsbət yanaşır. Eyni zamanda, hər iki ölkə beynəlxalq və regional təhlükəsizliyin, sülh və sabitliyin bərqərar olmasında maraqlı dövlətlər kimi çıxış edir.
Azərbaycanla Latviya arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Məsələn, terrorçuluq, mütəşəkkil cinayətkarlıq sahəsində iki ölkə arasında əməkdaşlığın əsas prinsipləri 2005-ci ilin oktyabrında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”lə müəyyənləşdirilib.
Qeyd etdiyimiz kimi, Azərbaycanın iqtisadi potensialını yüksək dəyərləndirən Latviya ölkəmizlə bu sahədə əməkdaşlığa önəm verir. Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq prinsipləri haqqında Saziş, habelə gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya bu sahədə əməkdaşlığı genişləndirmək üçün münasib hüquqi baza kimi çıxış edir.
Azərbaycanla Latviya arasında iqtisadi əlaqələr çoxşaxəli istiqamətdə inkişaf edir. Xüsusi qeyd etmək lazımdır ki, 2006-cı və 2009-cu illərdə keçirilən, hər iki tərəfdən 100-ə qədər iş adamının qatıldığı Azərbaycan-Latviya biznes forumları ölkələrin bir-birinin iqtisadi potensialı, biznes mühiti ilə tanış olması baxımından əhəmiyyətli idi. Hazırda Latviyada 30-a yaxın Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir.
Azərbaycan-Latviya iqtisadi əlaqələrinin inkişaf səviyyəsi özünü iki ölkə arasında artan ticarət dövriyyəsinin həcmində də göstərir. Belə ki, ötən ildə Azərbaycanın Latviya ilə xarici ticarət dövriyyəsinin həcmi 10,6 milyon ABŞ dolları, o cümlədən, idxalın həcmi 6,7 milyon dollar, ixracın həcmi 3,9 milyon dollar təşkil edib. Qeyd edək ki, 2009-cu illə müqayisədə ötən il Latviya ilə xarici ticarət dövriyyəsi 22,97 faiz, eləcə də idxal 27,38 faiz, ixrac isə 16,07 faiz artıb.
Qeyd etdiklərimizdən əlavə, Azərbaycanla Latviya arasında təhsil, gənclər və idman sahələrində, hava əlaqələri, informasiya və kommunikasiya texnologiyaları, rabitə, maliyyə nazirlikləri, səhiyyə nazirlikləri arasında əməkdaşlıq sahəsində sazişlər və “Birgə Bəyannamə” imzalanıb.
Azərbaycan-Latviya mədəni əlaqələrinə gəlincə, bu istiqamətdə də irəliləyişlər əldə olunub. Belə ki, 2007-ci il yanvarın 31-də Riqada “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli kitabxanası arasında əməkdaşlıq haqqında Saziş” və “M.F.Axundov adına Azərbaycan Milli kitabxanası ilə Latviya Akademik kitabxanası dövlət agentliyi arasında əməkdaşlıq haqqında Saziş” imzalanıb. Qeyd edək ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafında Latviyadakı Azərbaycan diasporunun fəaliyyətinin əhəmiyyəti xüsusi yerə malikdir. 2007-ci il may ayının 30-da Latviya azərbaycanlılarının “Ocaq” Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılıb. Bununla yanaşı, Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü ərəfəsində bu ölkənin məşhur “Teleqraf” qəzetində Azərbaycana, onun müasir inkişafına, Azərbaycan-Latviya əlaqələrinə həsr edilən xüsusi buraxılış dərc edilib.
Beləliklə,
bu gün Azərbaycanla Latviya bir-birini hərtərəfli surətdə
dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər
sahələrdə tərəfdaş ölkələrdir. Bu
iki ölkə arasında münasibətlər başlıca
olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu
əməkdaşlıq, müxtəlif sahələr üzrə
təcrübə mübadiləsi və bir sıra digər
mütərəqqi prinsiplərə söykənir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.- 2011.-21 aprel.- S.7.