“Qafqazda “erməni məsələsi”. 1724-1914. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üçcildliyinin təqdimatı keçirilib

 

Dünən Bakıda Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən nəşr olunmuş üç cilddən ibarət “Qafqazda “erməni məsələsi”. 1724-1914. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” kitabının təqdimatı keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimini açan AAC-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Bağıyev bildirib ki, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən “Qafqazda “erməni məsələsi”. 1724-1914. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üçcildlik Azərbaycan, ingilis və rus dillərində Bakı, London və Sankt-Peterburq şəhərlərində nəşr edilib. Topluda dünya tarixşünaslığında ilk dəfə olaraq Qafqazda “erməni məsələsi” xüsusi problem kimi irəli sürülüb.

Tədbirdə çıxış edən AAC-ın təsisçisi və sədri Taleh Heydərov rəhbərlik etdiyi qurumun son 5 ildəki fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

T.Heydərov deyib ki, cəmiyyətin həyata keçirdiyi çoxsaylı layihələr sürətlə inkişaf edən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. AAC-ın nəşri olan “Visions of Azerbaijan” jurnalı, “Azərbaycan - 100 sual, 100 cavab” kitabı buna bariz nümunədir. Bildirilib ki, sonuncu kitab 5 dildə nəşr edilərək Avropa ölkələrində yayılmışdır və onun daha 3 dildə nəşri planlaşdırılır.

T.Heydərov qeyd edib ki, AAC-ın reallaşdırdığı layihələr içərisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirilir. Cəmiyyətin həyata keçirdiyi son layihə də məhz avropalıları münaqişənin kökləri, yaranma səbəbləri ilə bağlı məlumatlandırmaq məqsədinə xidmət edir. Kitabda Rusiya arxivlərindən toplanmış sənədlər öz əksini tapıb və bu, məlumatların obyektivliyinin şübhə altına alınmasına imkan vermir.

Kitabın digər məziyyətlərindən danışan sədr diqqətə çatdırıb ki, mövzu Rusiya Dövlət Tarix Arxivi (Sankt-Peterburq) və Rusiya Dövlət Hərbi Tarix Arxivindən (Moskva) aşkar edilmiş, uzun müddət “məxfi” və “tamamilə məxfi” qrifləri ilə mühafizə olunan müxtəlif arxiv işlərindən toplanmış üç yüzə qədər nadir sənəd, dövri mətbuat materialları və nəşrlər əsasında kompleks şəkildə təqdim edilir.

Topluda verilmiş sənəd və materialların böyük əksəriyyəti ilk dəfədir ki, geniş ictimaiyyət və elmi dairələrin mühakiməsinə verilir. Bu yeniliklər, ümumən “erməni məsələsi” anlayışına, o cümlədən Qafqazda “erməni məsələsi”nə fərqli yanaşmağa imkan verəcək.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov yeni kitabın əhəmiyyətini yüksək qiymətləndirib. Y.Mahmudov qeyd edib ki, kitabda “erməni məsələsi”nə istər erməni, istərsə də ermənipərəst ədəbiyyatdakı yanlış və ziddiyyətli baxışlar hərtərəfli şəkildə nəzərdən keçirilmiş, əslində onun regionda tarixən qeyri-sabitlik amili kimi formalaşdırıldığı öz təsdiqini tapıb.

Üçcildlikdə əksini tapmış sənədlər və materiallar bir daha sübut edir ki, ermənilər Qafqazda gəlmə xalq olublar. Qafqazda “erməni məsələsi” onların məqsədyönlü şəkildə buraya köçürülməsi ilə başlayıb. Ermənilərin Qafqazda sayı artdıqca onlar ərazi iddiaları və separatizm məqsədlərini, mifik “Böyük Ermənistan” xülyasını həyata keçirməyə cəhdlər etməyə çalışıblar. Bu zaman bəşəriyyətə qarşı ən ağır cinayət hesab olunan soyqırımı və terror aktlarından istifadə edilib.

Qiymətli elmi töhfə kimi çoxcilidliyi yüksək dəyərləndirən tarixçi alim onun gənclər tərəfindən hazırlanmasının xüsusi əhəmiyyəti olduğunu vurğulayıb, bunu Azərbaycan gəncliyinə bir çağırış hesab etdiyini bildirib. Yaradıcı kollektivi təbrik edən Y.Mahmudov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən “Visions of Azerbaijan” jurnalının redaktoru Yan Pört bildirib ki, Qafqazdakı gerçəkliklərin kökü bir neçə 100 il bundan əvvələ gedib çıxır. Hazırda bir çox ölkələrin parlamentlərində ötən əsrin əvvəllərində regionda baş vermiş hadisələrlə bağlı sənədlər qəbul edilir. Məncə, bu insanlar nəyə imza atdıqlarının mahiyyətinə heç də kifayət qədər varmırlar. Bu gün təqdimatına toplaşdığımız kitab əsl gerçəkliyin ortaya çıxarılmasına tam şərait yaradacaqdır. Regionla bağlı məsələləri araşdıran alimlər, siyasətçilər bu nəşrdən kifayət qədər bəhrələnəcəklər.

Qafqazda yaxşı tanınmış ABŞ-lı professor Tomas Qoltsun salamlarını tədbir iştirakçılarına çatdıran Y.Pört amerikalı alimin regionun tədqiqatçılar tərəfindən obyektiv öyrənilməsinə verdiyi töhfələri xüsusi vurğulayıb.

Tədbirə yekun vuran Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, XXI əsrin - üçüncü minilliyin başlanğıcı dünya nizamında yeni-yeni, kəşməkəşli hadisələrin cərəyan etməsi ilə müşahidə olunur. Bu minillik keçən əsrin sonunda müstəqilliyini bərpa etmiş dövlətlərin qarşısında mühüm geosiyasi vəzifələr qoyur. Bu, həmin xalqların tarixini, keçmişini, bugünkü yaşadıqları regionda məskunlaşmasından tutmuş mövcud vəziyyətə təsirini və digər məsələləri öyrənmək vəzifəsidir.

Ə.Həsənov qeyd edib ki, ötən əsrin əvvəllərində böyük imperiyalar - Rusiya, İran, Osmanlı imperiyası, Avropanın mərkəzləşmiş dövlətləri, dünyada müstəmləkə siyasəti yürüdən digər ölkələr özlərinin etnogenezindən tutmuş, müstəmləkə “haqlarına” qədər hər şeyi arxivləşdirərək bəşəriyyətin beyninə yeridiblər. Dünyanın indiki nizamında ictimai rəyin rolunu nəzərə alsaq, faktiki olaraq tarix də əsas maddi və mənəvi nemətlər kimi bölüşdürülüb və bir sıra ölkələr ikili standartlardan yanaşılması halları ilə qarşılaşırlar.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, təqdimatına toplaşdığımız bu tarixi mənbələrin nəşri də məhz ona yönəlib ki, Azərbaycan xalqı Cənubi Qafqazda özünün mövcudluğunu, bu coğrafi ərazidə ayrı-ayrı dövlətlərin siyasətinin ona qarşı yönəldilən əsaslarını, tarixi köklərini və məqsədlərini aydınlaşdırmaq üçün yeni bir cəhddə bulunur.

Prezident İlham Əliyevin Azərbaycanın diplomatik korpusu qarşısında qoyduğu vəzifəni xatırladan Əli Həsənov bildirib ki, dövlətimizin başçısının tələbinə əsasən səfirlərimiz Cənubi Qafqazda baş verən prosesləri, xüsusən ermənilərin bu coğrafiyada törətdiyi hadisələri, Azərbaycan dövlətinə, xalqına qarşı yüz illərlə həyata keçirilmiş soyqırımı siyasəti həqiqətlərini dünyaya çatdırmalıdırlar. Natiq vurğulayıb ki, diplomatlarımız milli haqlarımızı beynəlxalq ictimaiyyətin, dünya siyasətini planlaşdıran mərkəzlərin ekspertlərinin diqqətinə çatdırmalı və Azərbaycan həqiqətlərini geniş təbliğ etməlidirlər.

XXI əsrdə xalqımızın qarşısında çox mühüm strateji vəzifələrin dayandığını qeyd edən şöbə müdiri bildirib ki, bu vəzifələrdən biri də 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı törədən ermənilərin mənfur siyasətinin mahiyyətini və gerçəkliklərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bu gün müasir dünyanın siyasi mərkəzlərində, siyasi planlaşdırma mərkəzlərində bu cür materialların siyasətçilərin diqqətinə çatdırılması çox önəmli əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan xalqının müstəqillik yolunda atdığı addımlar, Xalq Cümhuriyyətinin tarixi, ondan əvvəlki və sonrakı tarix real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmalıdır.

Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsünü yüksək qiymətləndirən Ə.Həsənov vurğulayıb ki, bu, işin başlanğıcıdır. Dünya arxivlərində Azərbaycan tarixi ilə bağlı həqiqətlərin toplanması işin bir tərəfidir. Onların müxtəlif dillərdə dərc olunması isə işin ikinci tərəfidir. Bu materialların dünya kitabxanalarına yayılması, dünya siyasi planlaşdırma mərkəzlərinə yerləşdirilməsi, ictimai rəyə çatdırılması çox ciddi məsələlərdir. Bu, həm dövlət qurumlarından, həm də ictimai institutlardan, qeyri-hökumət təşkilatlarından, mətbuat nümayəndələrindən və Azərbaycanı təbliğ edən digər mərkəzlərdən çox ciddi səylər tələb edir.

AAC-ın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov onun Avropanın böyük mərkəzlərində - Berlində, Londonda, Parisdə, Strasburqda, Frankfurtda və digər şəhərlərdə həyata keçirdiyi tədbirləri vurğulayıb. Şöbə müdiri qeyd edib ki, bugünkü təşəbbüs onlardan biridir. Ona görə də mən Azərbaycan Prezidentinin Administrasiyası adından, bütün dövlət rəsmiləri adından bu kitabın ərsəyə gəlməsində əməyi olan bütün insanlara təşəkkür edirəm. Qoy sizin bu təşəbbüsünüz böyük bir işin başlanğıcı olsun.

 

 

Yeni Azərbaycan.- 2011.- 22 aprel.- S.3.