Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

 

YAP Sabunçu rayon təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə inşa olimpiadası keçirilir

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə məktəblilər arasında inşa olimpiadasına start verilib. Olimpiadanın açılış mərasimində çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycanın yaranmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən M.Abasquliyeva əlavə edib ki, gənclər Ulu öndərimizin zəngin irsini dərindən öyrənməlidirlər.

“Ulu öndər Heydər Əliyev həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən xalqımız üçün misilsiz xidmətlər göstərib. Bir sözlə, Azərbaycanın inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır” - deyə, o vurğulayıb. M.Abasquliyeva bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, faktiki olaraq dərin böhran içərisində idi. Onun sözlərinə görə, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və başladığı işğalçı siyasət torpaqlarımızın qəsb olunması ilə nəticələndi. Belə bir şəraitdə Azərbaycan dərin böhran keçirirdi. “Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görən xalq öz liderini-Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Bundan sonra isə Azərbaycanda iqtisadi inkişafın əsası qoyuldu” - deyə o, qeyd edib.

Rayon təşkilatının sədri çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və bu gün ölkəmizin dinamik inkişafı məhz bu strategiya əsasında reallaşır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan hər bir sahədə ciddi nailiyyətlər əldə edir.

Gənclərə Ulu öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edən M.Abasquliyeva bu irsin gələcək nəsillər üçün faydasından da ətraflı bəhs edib. O nümunəvi, yaxşı oxuyan şagirdlərin gələcəkdə YAP-ın sıralarına qoşulacağına inandığını deyib. Çünki YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün hər cür şərait yaradır.

Qeyd edək ki, inşa olimpiadasında 60 məktəbli iştirak edir. İnşa olimpiadasının mövzusu üç istiqamətdədir: “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, sarsılmazdır”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Dünyanın zənginliyi bənzərsiz şəxsiyyətlərindədir”.

İnşa olimpiadasının qalibləri YAP Sabunçu rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Həmsöhbətimiz olan məktəblilər də Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olimpiadada iştirak etməkdən qürur duyduqlarını vurğulayıblar.

 

 

 

Yeni Azərbaycan.- 2011.- 22 aprel.- S.4.