“Erməni soyqırımı”:
uydurmalar və həqiqətlər
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə bu mövzuda dəyirmi masa keçirilib
Dünən Atatürk Mərkəzində
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı
ilə “Erməni soyqırımı”: uydurmalar və həqiqətlər”
mövzusunda dəyirmi masa keçirilib. Konfransda YAP İdarə
Heyətinin və Siyasi Şurasının üzvləri, Milli
Məclisdə təmsil olunan siyasi partiyaların və bitərəflərin
nümayəndələri, alimlər və digər şəxslər
iştirak ediblər.
Tədbirdə
çıxış edən YAP Sədrinin müavini-İcra
katibi, millət vəkili Əli Əhmədov bildirib ki, uydurma
“soyqırımı” məsələsi ermənilərin yalan
və saxtakarlıq üzərində qurulmuş siyasətinin
tərkib hissəsidir. Onun sözlərinə görə, əslində
tarix boyu ermənilər türklərə və azərbaycanlılara
qarşı qırğınlar törətsə də,
dünyaya özlərini məzlum xalq kimi təqdim etməyə
çalışırlar. “Tarixdə çox yalanlar və
saxtakarlıqlar olub. Lakin bunlar həmin yalan və
saxtakarlığın üstü açılana qədər
yaşayıb. Elə yalan və saxtakarlıqlar da olur ki, bəlkə
də, üstünü açmağa ehtiyac yoxdur,
çünki onun yalan olduğu hamıya məlumdur. Ancaq onu
müxtəlif üsullarla yaşatmağa
çalışanlar var. “Erməni soyqırımı”
adını almış yalan və saxtakarlıq bu kateqoriyaya
aid edilə biləcək ən klassik yalan və saxtakarlıq
nümunəsidir. Başlanğıcı da yalan üzərində
qurulub və bu günə qədər də saxta üsullarla
yaşadılması üçün çox böyük səylər
göstərilib”, - deyən Əli Əhmədovun sözlərinə
görə, erməni uydurmalarının üstünün
açılması üçün çox ciddi səylər
göstərilir. Onun fikrincə, bəzi hallarda bu səylər
bizim istədiyimiz qədər öz təsirli effektini verə
bilmir.
“Amma açıq şəkildə
bizi məmnun edən tendensiya görünməkdədir.
Türkiyənin mövqelərinin güclənməsi,
dünyada rolunun artması erməni yalanı və
saxtakarlığının təkcə üstünün
açılması yox, yaşamasının çətinləşməsi
üçün təsirli fəaliyyət göstərən
amilə çevrilməkdədir. Bu yaxınlarda Fransanın
Konstitusiya Məhkəməsi Senatın uydurma “erməni
soyqırımı”nı inkar edən vətəndaşların
cəzalandırılması ilə bağlı qəbul etdiyi
qərarı qüvvədən salmaqla sadəcə bu qərarın
absurdluğunu etiraf etmək zorunda qalmayıb. Eyni zamanda, “erməni
soyqırımı”nın saxta olduğunu etiraf etmək zorunda
qalıb. İnanıram ki, bu, yeganə etiraf olmayacaq. Bunun
arxasınca digər etiraflar da gələcək. Ən
azından Türkiyənin və onun qardaşı Azərbaycanın
bütün sahələrdə olduğu kimi bu sahədə də
birliyinin möhkəmlənməsi
bu saxtakarlığın yaşamasını çətinləşdirən
və mümkünsüz edən amil kimi öz əhəmiyyətini
getdikcə artıracaqdır. Bəşəriyyəti
Türkiyənin, Azərbaycanın,
dünyanın sağlam düşünən nümayəndələrinin
səyləri ilə bu yalandan xilas etmək mümkün
olacaq”, - deyə o vurğulayıb. YAP Sədrinin müavini
hesab edir ki, biz məsələyə Türkiyə və Azərbaycan
mövqeyindən yox, bütövlükdə dünya
mövqeyindən baxmağa və təqdim etməyə
çalışmalıyıq. Çünki erməni
yalanı təkcə Türkiyəyə, Azərbaycana
qarşı çevrilmiş yalan deyil. Bu yalan üzərində
təcavüzlər qurulur, bu
yalan dövlətlər arasında münasibətlərə
bir saxtalıq, gərginlik gətirir və bütövlükdə
beynəlxalq həyatın normal prinsiplər əsasında fəaliyyət
göstərməsini çətinləşdirir. Ona görə
də, bu problem də ümumbəşəri mahiyyət kəsb
edir. Belə olan halda isə bəşəriyyətin ədalət
səsini ucaltmaq istiqamətində addımlar atmaq bizim vəzifəmizdir.
“Bu tədbirin əsas məqsədi,
ilk növbədə, bu yalana qarşı mübarizə aparan
Türkiyə ilə birgə olduğumuzu nümayiş etdirməkdir.
Biz, həmçinin, bu toplantını keçirməklə
erməni saxtakarlığını və bu saxtakarlıq
üzərində qurulan erməni təcavüzünə
öz etirazımızı bildiririk. Çünki Azərbaycan
da erməni saxtakarlığı üzərində qərar
tutan təcavüzə tuş gəlib. Məmnunluq hissi ilə
demək istəyirəm ki, Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan torpaqlarının azad
olunmasında bizimlə yanaşı qardaş Türkiyənin
də rolu və mövqeyi gündən-günə güclənməkdədir.
Hesab edirəm ki, bu amil Azərbaycanın diplomatik və digər
səyləri ilə birlikdə münaqişənin tezliklə
həll olunmasına öz müsbət təsirini göstərəcək.
Toplantını keçirməkdə digər məqsədimiz
isə bəşəriyyəti, ayrı-ayrı dövlətlərin
parlamentlərini bütün saxtakarlığa, xüsusilə
erməni saxtakarlığına qarşı
çıxmağa səsləməkdən ibarətdir”, - deyə
Əli Əhmədov qeyd edib.
Vətəndaş Həmrəyliyi
Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı
isə çıxışında bildirib ki, ötən əsrin
əvvəllərində beynəlxalq güclər “erməni
soyqırımı”ndan Osmanlı dövlətini
parçalamaq üçün istifadə ediblər. Amma o
zaman Atatürkün səyi nəticəsində Türkiyə
dövləti quruldu. Onun sözlərinə görə,
hazırda isə “erməni soyqırımı” məsələsinin
ortaya atılması Türkiyəyə qarşı təzyiq
formasıdır: “Bununla da, müxtəlif qüvvələr
öz niyyətlərini həyata keçirməyə,
Türkiyədən güzəşt qoparmağa
çalışırlar. Onlar görürlər ki, Türkiyə
Dağlıq Qarabağ məsələsində Azərbaycana
güclü dəstək verir. Ona görə də,
Qarabağ məsələsindən, ermənilərin təcavüzkarlığından
diqqəti yayındırmaq üçün bu məsələni
gündəmdə saxlayırlar. Bütün bunlara
qarşı ciddi tədbirlər görülməlidir. Ermənilərin
törətdiyi qırğınları dünyaya tanıtmaq
üçün ciddi addımlar atılmalıdır. Mən
təklif edirəm ki, Bakıda nəhəng
soyqırımı abidəsi yaradılsın”.
Böyük Quruluş
Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə
Türkiyənin son illər gücləndiyini bildirib. Onun
fikrincə, ABŞ prezidenti aprelin 24-dəki ənənəvi
müraciətində soyqırımı ifadəsini işlətməyəcək.
Millət vəkili bildirib ki, Türkiyə və Azərbaycanın
güclənməsi erməni yalanlarının iflasa
uğramasına da öz təsiri göstərməkdədir.
Onun fikrincə, Fransa Konstitusiya məhkəməsinin məlum
qərarı çox ciddi geri çəkilmək
faktıdır. F.Mustafa deyib ki, qarşıdakı illərdə
də belə addımı atan dövlətlər olacaq.
Millət vəkili Qənirə
Paşayeva çıxışında belə bir tədbiri təşkil
etdiyi üçün YAP-a təşəkkür edib. Onun
sözlərinə görə, bu tədbirdə, iqtidar
nümayəndələri ilə yanaşı bitərəf və
müxalifət deputatlarının da iştirak etməsi məsələnin
ümummilli problem olduğunu sübut edir. “Ümummilli məsələlərdə
hər zaman bir yerdə olmalıyıq”, - deyən millət vəkili
bildirib ki, bu problem Türkiyə ilə Azərbaycanın ortaq
məsələsidir. “Artıq son illər görülən
işlər nəticəsində “erməni
soyqırımı”nın tanıdılması prosesi
dayanıb. Əgər 10-15 il əvvəl hansısa dövlət
bunu tanıyırdısa, indi belə hadisələr baş
vermir. Təbii ki, burada Türkiyə və Azərbaycanın
gördüyü işlər qiymətləndirilməlidir.
Dövlətlərlə yanaşı, xaricdəki
diasporamızın fəaliyyətini xüsusi qeyd etmək
lazımdır. Fransa Konstitusiya Məhkəməsinin qərarı
göstərir ki, vaxtilə “erməni
soyqırımı”nı tanıyan dövlətlər indi
bunu inkar edir. Bir sözlə, bu prosesdə Türkiyə-Azərbaycan
birliyi öz bəhrəsini verir. Mən təklif edirəm ki,
“erməni soyqırımı”nı
tanıyan dövlətlərə müraciət qəbul
olunsun və onlar da verdikləri qərarlardan imtina etsinlər”,
- deyə Q.Paşayeva bildirib.
Sosial Rifah Partiyasının
sədri, millət vəkili Xanhüseyn Kazımlı
çıxışında Azərbaycan və Türkiyə
xalqlarının erməni yalanlarına qarşı mübarizədə
hər zaman həmrəy olduğunu bildirib. Onun sözlərinə
görə, Ulu öndərimizin dediyi kimi, bir millətin iki
dövləti sarsılmaz birlik nəticəsində
bütün çətinlikləri dəf edəcək.
Millət vəkili Fəttah
Heydərov dünyada erməni yalanlarının və erməni
təcavüzünün ifşa edilməsi üçün
Türkiyə və Azərbaycanın üzərinə
böyük vəzifələrin düşdüyünü
deyib. Onun sözlərinə görə, müasir informasiya
texnologiyaları dövründə səmərəli fəaliyyətlə
erməniləri ifşa etmək mümkündür. “Tarix boyu
Azərbaycan və türk xalqlarına qarşı qətliamlar
törədən ermənilər layiqli cavablarını
almalıdırlar. Bu gün bəzi beynəlxalq qüvvlələr
erməni uydurmalarından istifadə edərək bizə
qarşı təzyiqlər göstərməyə
çalışırlar. Biz bir olub güclü fəaliyyət
göstərməklə belə halların
qarşısını almalıyıq. Bir neçə ildən
sonra Ermənistan uydurma iddialarının 100 illiyini qeyd etməyə
hazırlaşır. Biz bu yalanı elə ifşa etməliyik
ki, uydurma “erməni soyqırımı” dünya tarixinə ən
uzunömürlü yalan kimi düşsün”, - deyə F.Heydərov
vurğulayıb.
Milli Məclisin İnsan
hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova
bildirib ki, bəzən miflər və yalanlar siyasətə
nüfuz edir. Onun sözlərinə görə, erməni
yalanları da belə miflərdəndir: “Yalan total ola bilər,
həqiqət isə universaldır. Erməni
yalanlarının ifşa edilməsi üçün imkanlar
mövcuddur və bu imkanlardan səmərəli istifadə
olunmalıdır”.
R.Aslanovanın fikrincə, bu
məsələdə gənclərin də üzərinə
ciddi vəzifələr düşür.
Millət vəkili Asəf
Hacıyev isə bildirib ki, uydurma “erməni
soyqırımı”nı ifşa etmək üçün
arxivlərdə kifayət qədər sənədlər
mövcuddur. Onun fikrincə, Ermənistan arxivlərin
açılmasına razılıq verməyəcək: “Amma
həmin hadisələrlə bağlı Rusiyanın və
digər dövlətlərin arxivlərində sənədlər
var. Bu sənədləri ortaya çıxarıb onu
dünyada təbliğ etmək lazımdır. Ona görə
də, intellektlər bir araya gəlib işləməli, bu
faktlarla erməni yalanlarını ifşa etməlidirlər”.
Tədbirdə
çıxış edən
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin
üzvü Bahar Muradova uydurma “erməni
soyqırımı”nın dünyada ifşa edilməsi ilə
bağlı fikirlərini bildirib. O, vurğulayıb ki, erməni
yalanlarının qarşısına çıxacaq qüvvə
ümumtürk birliyinin gücüdür. “Ümummilli liderimiz
Heydər Əliyev ümumtürk birliyi ideyasını irəli
sürərək müəyyən addımlar atdı. Bu
gün Prezident İlham Əliyev tərəfindən türk
birliyi uğrunda böyük işlər görülür”, -
deyə vitse-spiker vurğulayıb.
Çıxış edən
Türkiyənin ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Hulusi Kılıç bu məsələdə
göstərilən dəstəyə görə Azərbaycan
dövlətinə təşəkkür edib. O, qeyd edib ki,
uydurma “erməni soyqırımı”nın dünyada ifşa
olunması istiqamətində Azərbaycan Türkiyəyə
çox ciddi dəstək verir. Səfir bildirib ki, hər iki
dövlətin birgə səyi ilə erməni
saxtakarlığının
ifşa olunması istiqamətində mühüm işlər
görülür.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2011.- 23
aprel.- S.3.