Azərbaycanla Ukrayna köhnə tərəfdaşlar
və mehriban dostlardır
İki ölkə arasında ikitərəfli münasibətlər
hər zaman yüksək səviyyədə olub
Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də
Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və
ticarət naziri Andrey Klyuyevi qəbul edib. Görüşdə
Azərbaycan ilə Ukrayna arasında əlaqələrin
müxtəlif istiqamətlərdə, o cümlədən,
iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib.
İqtisadi əlaqələrimizin genişlənməsində
hökumətlərarası birgə komissiyanın rolu qeyd
olunaraq bu baxımdan komissiyanın Bakıda keçirilən
9-cu iclasının önəmi vurğulanıb. Söhbət
zamanı, Azərbaycanla Ukrayna arasında ikitərəfli
münasibətlərin bundan sonra da genişlənəcəyinə
əminlik ifadə olunub.
Ümumiyyətlə, Azərbaycanla
Ukrayna arasında bütün dövrlərdə
formalaşmış normal əməkdaşlıq mühiti
son illərdə dinamizm və inteqrasiya baxımından
geniş xarakter alıb. Hər iki ölkə siyasi-iqtisadi,
humanitar sahələrdə səmimi dostluq əlaqələrinin
əsaslı təməllərini qoyublar. Bu illər ərzində
əməkdaşlığın hüdudlarının
genişlənməsi dövlətlərarası münasibətlərin
formatını MDB çərçivəsindən kənara
çıxararaq, ikitərəfli əlaqələrin dərinləşməsinə
möhkəm baza yaradıb. Bunun nəticəsidir ki, ölkələr
arasında ticarət dövriyyəsi son illər ərzində
əhəmiyyətli dərəcədə artmaqdadır. Belə
ki, Azərbaycan Ukraynadan, əsasən, metallurgiya,
maşınqayırma, kənd təsərrüfatı
texnikası idxal edir, bu ölkəyə neft-kimya və aqrar-sənaye
məhsulları ixrac edir. Eyni zamanda, bu ölkənin enerjiyə
olan tələbatının ödənməsində Azərbaycandan
idxal etdiyi neft mühüm rol oynayır.
Dost ölkələr
bir-birinin mədəniyyətinə, dilinə çox
böyük hörmət və qayğı ilə
yanaşırlar. Məsələn, Azərbaycanda Ukrayna dili
öyrənilir. Bu da, dost ölkənin mədəniyyət və
incəsənəti ilə daha yaxından tanış
olmağa imkan yaradır. Ukraynanın dahi oğlu Taras
Şevçenkonun və Lesya Ukrainkanın ölkəmizdə
abidələrinin ucaldılması da Azərbaycanda Ukraynaya
xoş münasibət olmasından xəbər verir. Ukraynada
da xalqımıza böyük hüsn-rəğbət
göstərilir. Ümummilli liderimiz Heydər Əliyevin bu
ölkədə abidəsinin ucaldılması və Kiyev
şəhər sovetinin qərarı ilə həmin abidənin
yerləşdiyi parka Heydər Əliyevin adının verilməsi
iki ölkə arasında dostluq münasibətlərinin
yüksələn xətt üzrə inkişaf etdiyindən xəbər
verir.
Beynəlxalq təşkilatlar
çərçivəsində münasibətlərə və
qarşılıqlı siyasi əlaqələrə gəldikdə
isə, ekspertlərin də vurğuladıqları kimi, onlar ən
yüksək səviyyədədir. İstər BMT-də, istərsə
də digər beynəlxalq təşkilatlar çərçivəsində
Ukrayna hər zaman Azərbaycanı, Azərbaycan isə
Ukraynanı dəstəkləyib.
Bir sözlə, vurğulamaq
yerinə düşər ki, ikitərəfli münasibətlərin
inkişafı istər Azərbaycan Respublikasının, istərsə
də Ukraynanın xarici siyasətində həmişə
xüsusi yer tutub. Bunu ilk növbədə
qarşılıqlı faydalı iqtisadi, siyasi, elmi, texnoloji və
əlbəttə ki, mədəni əməkdaşlığın
böyük imkanları şərtləndirir. İki ölkənin
nadir geosiyasi mövqeyi də bu mənada əhəmiyyətli
amildir. Daha dəqiq desək, Ukrayna Avropa və Asiya arasında
əsas yolların və əlaqələrin kəsişməsində
yerləşir. Şərqlə Qərbin qovuşuğunda
yerləşən Azərbaycan isə müxtəlif
sivilizasiyalar və mədəniyyətlər arasında
mühüm körpü rolunu oynayır. Azərbaycan Prezidenti
İlham Əliyevin ötən ilin oktyabrında Ukraynaya səfəri
zamanı, habelə bu ilin əvvəlində Davosda təşkil
edilən Ümumdünya İqtisadi Forumu çərçivəsində
iki dövlət başçısı arasında
keçirilmiş görüşlər də bunu təsdiq
edib. Həmin görüşlərdə hər iki tərəf
əməkdaşlığın genişləndirilməsi
istiqamətində münasibətlərin açıq, niyyətlərin
ciddi olduğunu nümayiş etdirib, həmçinin, Ukrayna ilə
Azərbaycanın köhnə tərəfdaşlar və
mehriban dostlar olduğu vurğulanıb. O da qeyd olunub ki,
ölkələr arasında ikitərəfli münasibətlər
həmişə yüksək səviyyədə olub.
Prezidentlərin ötən
ilki Kiyev görüşündə bildirilib ki, Ukrayna əhəmiyyətinə
görə Azərbaycanın ikinci ticarət tərəfdaşıdır
və tərəflər əldə olunmuş nəticələrlə
kifayətlənmək niyyətində deyillər. Qeyd olunub
ki, Ukrayna ilə Azərbaycan ticarət-iqtisadi əməkdaşlıqdan
başqa, iki ölkənin xalqları arasında əsrlər
boyu inkişaf edən humanitar əlaqələrin geniş
spektrinin reallaşmasına qarşılıqlı maraq
göstərirlər.
İki ölkə
arasındakı əməkdaşlığı yüksək
dəyərləndirən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev demişdir: “Xalqlarımız
arasında dostluq, qardaşlıq münasibətləri
mövcuddur. Əsrlər boyu biz fəal
qarşılıqlı fəaliyyət göstərmişik,
dostluq etmişik, birlikdə işləmişik. Dövlətimiz
müstəqillik əldə etdiyi andan biz həmişə tərəfdaş,
dost olmuşuq. Bu gün bu tərəfdaşlıq strateji səviyyəyə
yüksəlmiş, gələcək inkişafımızı
və əməkdaşlığımızı şərtləndirir”.
Öz növbəsində,
Ukrayna prezidenti Viktor Yanukoviç də xalqlarımız
arasında dərin köklərə bağlı olan əlaqələrin
mövcudluğundan məmnunluğunu ifadə etmişdir: “Biz
başa düşürük ki, bu gün Azərbaycan Xəzər
regionunda və bütövlükdə Asiya bölgəsində
çox ciddi mövqe tutur. Biz Azərbaycanı çox
yaxşı, köhnə, yaxın tərəfdaş və
dost hesab edirik. Bizim münasibətlərimiz həmişə
sabit və səmimi olmuşdur. Ən başlıcası isə
Azərbaycan və Ukrayna xalqlarının qədim ənənələri
vardır. Bu xoş münasibətlərin kökləri
yüzilliklərə gedib çıxır”.
Əksər ekspertlərin də
vurğuladıqları kimi, Azərbaycandan Ukraynaya enerji
daşıyıcılarının nəqli məsələsi
tərəflər arasında iqtisadi əməkdaşlığın
əhəmiyyətini daha da artırıb. Xatırladaq ki, cari
il yanvarın 28-də tərəflər Ukrayna ərazisinə
sıxılmış təbii qazın
çatdırılmasının təşkili üzrə əməkdaşlıq
haqqında Memorandum imzalayıblar. Bir müddət öncə
isə bəlli olub ki, Ukrayna Azərbaycandan 2014-cü ilədək,
ilkin olaraq, ildə 2 milyard kubmetr təbii qaz alacaq, 2015-ci ildə
isə bu həcm 5 milyard kubmetrədək artırılacaq. Lakin
bu da son deyil. Ukraynanın iqtisadi islahatlar komitəsinin “Milli
layihə” işçi qrupunun rəhbəri Vladislav Kaskivin
sözlərinə görə, Ukrayna sıxılmış təbii
qazın alınmasının həcmini 2017-ci ilədək 7
milyard kubmetrə çatdırılmasını
planlaşdırır.
Son olaraq qeyd edək ki, Azərbaycan-Ukrayna
əməkdaşlığı təkcə hər iki ölkənin
inkişafı baxımından deyil, həmçinin, regionda
sülhün və sabitliyin təmin olunmasında da xüsusi əhəmiyyət
daşıyır.
RUHİYYƏ
Yeni Azərbaycan.- 2011.- 23 aprel.- S.11.