Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycanın polad magistralı özünün sürətli inkişaf mərhələsindədir

 

Arif Əsgərov: Bu gün dövlət başçısının birbaşa qayğısı və nəzarəti ilə Azərbaycan, onun nəqliyyat strukturları “Şimal-Cənub” və Bakı-Tbilisi-Qars beynəlxalq və regional layihələrin reallaşması proseslərində yaxından iştirak edir

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov www.yap.org.az saytına müsahibə verib:

- Arif müəllim, bu günlər respublikamızın hər bir guşəsində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbirlər keçirilməkdədir. Məlum olduğu kimi, ölkəmizdə bütün sahələrin inkişafı Heydər Əliyev siyasətinin uğurları ilə bağlıdır. Bu baxımdan, Azərbaycanın polad magistralının inkişafında Heydər Əliyev siyasətinin uğurları haqqında fikirlərinizi bilmək istərdik...

- Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, anadan olmasının 88-ci ildönümünü  təntənə ilə qeyd etməyə hazırlaşdığımız Ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmiryoluna daim qayğısı sayəsində həyata vəsiqə almışdır. Ölkəyə başçılıq etdiyi bütün zamanlarda Onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.

XX əsrin 90-cı illərində Ümummilli liderimiz Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18-19 iyul 1996-cı ildə Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmiryolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. Ümummilli liderimiz öz səriştəli kadr seçmək bacarığından istifadə edərək peşəkar dəmiryolçu Ziya Ərzuman oğlu Məmmədovu dəmiryoluna rəis təyin etdi. Bu dəmiryolunun tarixinə dönüş ili kimi daxil oldu.

Polad magistralda çalışan insanlar yaxşı bilirlər ki, istər keçmiş İttifaq illərində, istərsə də müstəqillik illərində bu dahi şəxsiyyət dəmir yoluna, onun inkişafına daim diqqət və qayğı göstərmişdir. Heydər Əliyev hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə həll etmişdir. Məhz, bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdilər və onların əksəriyyəti bu gün nəqliyyatın müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də bu dahi siyasət adamının mübarizəsinin nəticəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə həyata keçirilən möhtəşəm islahatların uğurla nəticələnməsinə imza atmışdır.

Azərbaycan Respublikası iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır, ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən, dəmiryolu sisteminin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək, uğurla davam etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin bu nəqliyyat sahəsini də ən perspektivli sahələrdən birinə çevirmişdir. Ötən il bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi dəstəyi sayəsində nail olunmuşdur. Ölkəmizdə 2010-cu ildə ümumdaxili məhsulun həcmi 41,6 milyard manata bərabər olmuş, onun tərkibində nəqliyyat xidmətlərinin həcmi 2,9 milyard manat və yaxud 6 faiz təşkil etmişdir. İl ərzində bütün növ nəqliyyat vasitələri ilə 196,3 milyon ton, əvvəlki ilə nisbətən 3,1 faiz çox yük daşınmışdır. Yüklərin 22,2 milyon tonu dəmiryolu nəqliyyatı ilə daşınmışdır.

- Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə dəmiryolu nəqliyyatında həyata keçirilən tədbirlərin miqyası haqqında nə demək mümkündür?

- Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz Heydər Əliyevin təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmiryolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Aşağıda təqdim etdiyimiz qısa xronologiya Ümummilli liderin qayğısı və nəzarəti ilə reallaşan tədbirlərin hələ tam siyahısı deyil: 1969-1999-cu illəri Azərbaycan dəmiryolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmiryolunun bütün sahələrini əhatə etmişdir.

Sovetlər İttifaqında rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı, eləcə də, Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilmişdir.

1970-ci ildən başlayaraq şəhərətrafı qatarlar müasir tələblərə cavab verən, yeni seriyalı ER-2 tipli elektrik qatarları ilə əvəz olunmağa başlandı.

1970-ci illərdə Sumqayıt şəhər, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt, Poylu stansiyalarında yeni vağzal binaları məhz o böyük şəxsiyyətin şəxsi nəzarəti altında tikilmişdir.

Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975-ci ildə Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo hazırda dəmiryolunun istismar fəaliyyətində aparıcı rol oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir.

1975-79-cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. 7 stansiyada 33 yoldəyişdirici mərkəzləşdirilmiş, 5 keçid avtomatlaşdırılmış, yarım avtobloklama 33 km. xəttin 8 stansiyasında quraşdırılmışdır.

Ulu öndər Heydər Əliyevin köməyi sayəsində Gəncə şəhərində 1978-ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi. 1979-cu ildə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikilmişdir. Respublikanın şimal-qərb zonasının iqtisadi inkişafında böyük əhəmiyyətli işlərdən biri də onun böyük nüfuzu sayəsində 1980-ci ildən başlanan Yevlax-Balakən dəmiryolu xəttinin tikintisi olmuşdur. Bütün tikinti işləri 1985-ci ildə başa çatdırılmışdır.

1970-1985-ci illər ərzində yolun daxilində və qonşu dövlətlərin dəmiryolları sərhədlərində sərnişin və yük qatarlarının kütləvi buraxılışı üçün böyük işlər aparılmışdır.

1970-1987-ci illərdə Ulu öndər Heydər Əliyevin qayğısı ilə yüzlərlə Azərbaycanlı gənc respublikadan kənara oxumağa göndərildi. Hazırda dəmiryolunun aparıcı sahələrində məsul vəzifələrdə çalışanların böyük bir hissəsi vaxtilə Ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə respublikadan kənarda oxumağa göndərilən mütəxəssislərdir. Onu deyim ki, həmin ərəfədə respublikadan kənarda təhsil alıb gənc mütəxəssis kimi bu gün polad magistralda çalışanların sayı 180 nəfərə yaxındır.

1981-ci ildə Ələt qəsəbəsində müasir tələblərə cavab verən refrijerator vaqon deposu tikilib istifadəyə verildi. 1996-cı ildə Şirvan, 1997-ci ildə Culfa və İmişli vaqon depoları yaradılmışdır. Dübəndi terminalı və neftdoldurma stansiyası 1998-ci il yanvarın 4-də açılmışdır.

1997-ci ildə ilk dəfə olaraq Bakı vaqon deposunda vaqonların əsaslı təmiri işinə başlanılıb.

1998-ci ildə Azərbaycan Dəmiryolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunmuşdur.

Azərbaycan dəmiryolunun vaqon təsərrüfatının inkişaf illəri də 1969-cu ildən sonra başlamışdır. Belə ki, 1969-cu ilədək vaqon təsərrüfatı cəmi 2 vaqon deposu və bir yuyucu-buxarlayıcı stansiyadan ibarət olduğu halda, hal-hazırda 9 vaqon deposu və 1 yuyucu-buxarlayıcı stansiya fəaliyyət göstərir. Bundan əlavə, 1998-ci ilin yanvar ayında Dübəndi stansiyasında vaqonların texniki müayinə məntəqəsi fəaliyyətə başlamışdır.

Keçmiş SSRİ respublikalarının cəmi bir neçəsində konteynerlərin təmiri üzrə depo olduğu halda, 1975-ci ildə Bakıda konteynerlərin təmiri üzrə ixtisaslaşmış müasir texnologiyalı depo tikilib istifadəyə verilmişdir.

Böyük öndər Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edildi. Ulu öndər hələ o vaxt demişdir: “Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir. Azərbaycanla Rusiya arasında dəmiryolu əlaqələrinin böyük tarixi əhəmiyyəti var və bu əlaqələr qısa müddət ərzində inkişaf etmişdir. Bu iki ölkə arasında nəqliyyat sahələrində əlaqələr daha da inkişaf etdirilməlidir”.

4 dekabr 1997-ci ildə Bakı-Rostov istiqamətində yeni sərnişin qatarı xəttə buraxıldı. Yüksək standartlara cavab verən bu qatar dəmiryolunun daxili imkanları hesabına qısa müddət ərzində təmir olunaraq istismara verilmişdir. Kupe, plaskart vaqonlardan və vaqon-restorandan ibarət olan qatarda sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.

Ondan sonra Kiyev, Brest, Xarkov, Həştərxan, Sverdlovsk, Sankt-Peterburq, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə hərəkət edən sərnişin qatarları və qoşma vaqonlar hərəkətə buraxıldı.

28 dekabr 1996-cı ili bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olan Azərbaycan Dövlət Dəmir Yolunun ilk firma qatar - Bakı-Ağstafa qatarı sərnişinlərin istifadəsinə verildi.

4 mart 1998-ci ildə Bakı-Xankəndi firma sərnişin qatarı istismara buraxıldı. 1996-cı ildən başlayan yeniləşmə prosesi sonrakı illərdə də davam etdirildi. 1999-cu ildə Bakı-Gəncə istiqamətində “Ekspres” tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verilmişdir.

1999-cu ildə Bakı-Gəncə istiqamətində “Ekspres” tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verilmişdir.

16 may 2001-ci ildə Azərbaycan dəmiryolu Sərnişin Daşıma İstehsalat Birliyi sərnişinlərə göstərilən xidmət sahəsini genişləndirərək bu günlərdə Naxçıvan-Şərur istiqamətində yeni növ sərnişin qatarını xəttə buraxmışdır.

7 mart 2002-ci ildə “Mingəçevir-Bakı” “Ekspres” tipli firma sərnişin qatarı istismara verildi.

7 aprel 2003-cü ildə Bakı-Dərbənd (indi Bakı-Mahaçqala) “Ekspres” qatarı sərnişinlərin istifadəsinə verildi.

Müxtəlif istiqamətlərə hərəkət edən sərnişin qatarlarının sayının artması ilə əlaqədar, sərnişinlərə bilet satışının tezləşdirilməsi, əl əməyinin yüngülləşdirilməsi, mövcud narazılıqların aradan qaldırılması məqsədilə 1997-ci il sentyabrın 1-dən etibarən Bakı vağzalında bilet satışı tam kompüterləşdirilmişdir. 1999-cu ilin dekabrında bu sistem daha da təkmilləşdirilmiş və eyni zamanda, Gəncə vağzalında da tətbiq edilmişdir.

1998-ci ildən başlayaraq Bakı lokomotiv deposunda elektrovozların və elektrik qatarlarının əsaslı və II həcmli (qaldırma) təmiri texnologiyası təcrübəyə tətbiq edildi.

1998-ci ildən etibarən Biləcəri və İmişli lokomotiv depolarında manevr teplovozlarının III həcmli cari təmirinə başlanılmış, 1998-ci və 1999-cu illər ərzində 3 ədəd teplovoz əsaslı, 24 ədəd teplovoz isə cari təmir edilərək istismara yararlı hala salınmışdır.

1998-1999-cu illərdə və 2000-ci ilin birinci rübündə 17804 vaqon depo təmirindən, 1588 vaqon əsaslı təmirdən, 35695 yük vaqonu isə cari təmirdən buraxılmışdır.

Vaqonların keyfiyyətli təmirinə görə Bakı vaqon təmiri zavodu kollektivinin əməyi 1996-cı ildə Meksikanın təsis etdiyi Beynəlxalq Brilliant Keyfiyyət Ulduzu və 1998-ci ildə isə İspaniyanın Madrid şəhərində “Nəqliyyat üzrə Beynəlxalq Priz” nişanı kimi yüksək mükafatlarla qiymətləndirilmişdir.

7 mart 2003-cü ildə Avropa Birliyinin qrantı hesabına alınan 102 çən vaqonu Azərbaycan dəmiryolçularının ixtiyarına verilmişdir.

5 aprel 1999-cu ildə yolun qərb istiqamətində yerləşən Baş-Mingəçevir və Mingəçevir-şəhər stansiyaları arasındakı 16 km. uzunluğu olan əsas dəmiryolu xətti tam təmir edilmişdir.

Təhlükəli kilometrlərin təmiri üçün 20 km rels, 12,5 min ədəd dəmir-beton və 27,5 min ədəd ağac şpal, 41 ədəd krestovin və digər lazımi materiallar alındı. Həmin materialların hesabına 35,5 km yol əsaslı və orta təmir edildi. Həmin dövrdə, eyni zamanda, 10 böyük körpü, 3 orta körpü və 2 viaduk (gediş-gəliş körpüsü) təmir edilmiş, Moskva prospektindəki (indiki Heydər Əliyev prospekti) böyük körpünün tac tikililəri dəyişdirilmişdir.

1998-1999-cu illər ərzində yolun sağlamlaşdırılması prosesi davam etdi və təmir olunmuş körpülərin sayı 29-a çatdı və yolların orta bal qiyməti 75 bal yaxşılaşdı.

1998-ci ildə “Azərdəmiryoltikintiservis” İstehsalat Birliyinin kollektivi Bakı lokomotiv deposunda elektrik maşınlarının təmiri sexinin tikintisinə başlamış və qısa zamanda istifadəyə verilmişdir.

1996-1997-ci illər ərzində rabitə və işarəvermə qurğularının təftişi keçirilmiş, Böyük Kəsik-Ağstafa sahəsində 12 kanallı rabitə sistemi quraşdırılmış, Bakı-Aşqabad, Bakı-Kiyev teleqraf rabitə sistemi istifadəyə verilmişdir. Təhlükəsizliyin təmin olunmasını gücləndirmək məqsədi ilə Qaradağ-Səngəçal və Şəmkir-Dəllər sahələri avtomatlaşdırılmış qurğularla təchiz olunmuşdur. Üç rabitə distansiyasında rabitə xətləri tamamilə tənzimlənmişdir. Horadiz stansiyası bərpa edilərkən qatar dispetçeri ilə əlaqə yaratmaq üçün birkanallı sistem və 12 elektrik xətti, Hacılı-Horadiz arasında radioqatar və stansiyalararası rabitə sistemi yaradılmışdır.

15 oktyabr 2001-ci ildən etibarən “TASİS” proqramı üzrə dəmiryolunun Bakı-Böyük Kəsik istiqamətində 503 km uzunluğunda fibrooptik kabelin çəkilişinə və müasir rabitə sisteminin qurulmasına başlanılmış və qısa zamanda başa çatdırılmışdır.

4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimi keçirilmişdir. Həmin mərasimdə Ulu öndər Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmiryolunun fəaliyyətini yüksək qiymətləndirmişdir. Ümummilli lider Heydər Əliyev tədbirdə çıxış edərkən demişdir: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmiryolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmiryolunu on illərlə yaratmışıq, onun maddi-texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki, 1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.

11 fevral 1998-ci ildə Keşlə dəmiryolu stansiyasında yerləşən ailəvi yataqxanada “Azərdəmiryoltikintiservis” İstehsalat Birliyi tərəfindən aparılan təmir işləri başa çatdırıldıqdan sonra yataqxana yenidən dəmiryolçu ailələrinin istifadəsinə verilmişdir.

18 iyul 1999-cu ildə Şirvan stansiyasında Ulu öndər Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə gəlişinin 30 illiyi şərəfinə yeni məktəb binası inşa edilmişdir.

27 oktyabr 1999-cu ildə “Azərdəmiryoltikintiservis” İstehsalat Birliyində məcburi köçkünlər üçün irihəcmli konteynerlərdən hazırlanmış yaşayış evlərinin daha 20 ədədi Biləsuvar rayonundakı 5 saylı çadır şəhərciyinə gətirilmiş və burada yerli hakimiyyət nümayəndələrinə təhvil verilmişdir.

Ucar rayonunun Qazıqumlaq kəndində Ulu öndər Heydər Əliyevin 75 illik yubileyi münasibətilə yeni məktəb binasının tikintisini başa çatdırmışdır. 7 may 1998-ci ildə 784 şagirdin təhsil alacağı bu müasir məktəb binasının təntənəli açılış mərasimi keçirilmişdir.

1999-cu ildə isə Şirvan stansiyasında 645 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

1999-cu ildə Bakı dəmiryolu xəstəxanasının cərrahiyyə və terapiya şöbələri əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir. Culfa stansiyasındakı xəstəxana üçün 60 milyon manat, Naxçıvan stansiyasındakı xəstəxana üçün 10 milyon manat vəsait ayrılmışdır. Mövcud çətinliklərə baxmayaraq, Ağstafa stansiyasında 30 çarpayılıq xəstəxananın inşası başa çatdırılmışdır. Eyni zamanda, Gəncə, Ağstafa və İmişli dəmiryolu qovşaqlarındakı xəstəxanalara ikinci ehtiyat elektrik xətləri çəkilmişdir. 3 noyabr 2000-ci ildə Bakı dəmiryolu xəstəxanasının baş korpusu əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

2001-ci ilin fevral ayında Ucar rayonunun Quləbənd kəndi ərazisində yeni dəmir yolu keçidi tikilərək istifadəyə verilmişdir.

1996-cı ildən etibarən elektrik təchizatı sahəsində bir sıra uğurlu islahatlar aparıldı. Ötən dövr ərzində Puta stansiyasında kontakt şəbəkəsi tamamilə yenidən qurulmuş, transformatorlar quraşdırmaq hesabına 123 işarəvermə nöqtəsi, Znoynı (indiki Xıdırlı) stansiyasında yarımstansiya bərpa edilmişdir. Horadiz stansiyasında 2,5 km uzunluğunda hava enerji təchizatı xətti bərpa edilmiş və 250 KVA-lıq transformatorlar quraşdırılmışdır. Enerji təchizatı qurğularının etibarlı işləməsi üçün Keşlə stansiyasında ikinci qida mənbəyi 400 KVA-lıq transformator quraşdırılmış, Gəncə vaqon deposu üçün yeni 10 KV gücündə enerji təchizatı xətti çəkilmişdir. Azərbaycan Dövlət Dəmir Yolunda istismar olunan yolların 62 faizi, yəni, 12278 km-i elektrikləşdirilmişdir. Əsas iş sahələri olan Bakı-Böyük Kəsik, Bakı-Yalama, Bakı-Osmanlı xətləri tam elektrikləşdirilmişdir.

1 iyun 2002-ci ildə Bakı Uşaq Dəmir Yolu əsaslı təmirdən sonra balacaların ixtiyarına verilmişdir. Burada təkcə texniki vasitələr, kommunikasiya qurğuları yeniləşdirilməmişdir. Uzun illər ərzində baxımsız qalan ərazi tam abadlaşdırılmış, ətraf yaşıllığa qərq olmuşdur. “Bahar” və “Dədə Qorqud” stansiyalarının, uşaq bu iki stansiya arasında səyahətə aparan 2 teplovoz və 6 vaqonun, 300 metrlik yolun yüksək standartlar səviyyəsində hazırlanmasında dəmiryolunun müvafiq xidmətləri xüsusi səy göstərmişdilər.

Ümummilli lider Heydər Əliyev 6 dekabr 1998-ci ildə çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün dəmiryolçular tərəfindən konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasına gəlmişdir. O, dəmiryolçular qarşısında çıxış edərkən demişdir: “Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmiryollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmiryolunu həm bilirəm, həm də sevirəm. Dəmiryolu sahəsinin Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmiryolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmiryolunun saatları ilə düzəldirdilər. Çünki dəmiryolunun saatı həddindən artıq dəqiq işləyən saat idi”.

1996-cı ildən etibarən Azərbaycan dəmiryolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Sonralar bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi (əslinə qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin bərpa olunması işi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmışdır).

1998-ci il sentyabrın 7-9-də Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirilmişdi. Bu mötəbər tədbirdə 13 dövlətin və 32 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir. İki gün davam edən konfransda Bakı bəyannaməsi ilə yanaşı, beynəlxalq tranzit daşınmaları haqqında əsas çoxtərəfli razılıq, həmçinin, beş texniki Əsasnamə, o cümlədən, dəmiryolu daşımaları sahəsində əməkdaşlıq barədə müqavilə də qəbul edildi.

Böyük öndərin qayğısı ilə bu dövr ərzində fədakarlıq göstərən dəmiryolçuların əməyinin qiymətləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Belə ki, 1970-ci ildən 1988-ci ilədək üç nəfər dəmiryolçu-maşinist - Qəzənfər Əliyev, qazançı Qənbər Balayev və qatar tərtibatçısı Danil Bondaryov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, 21 nəfər Lenin ordeni, 241 nəfər “Qırmızı Əmək Bayrağı”, 302 nəfər “Şərəf Nişanı”, 27 nəfər “Xalqlar Dostluğu”, 24 nəfər “Oktyabr İnqilabı” ordeni ilə təltif olunmuşdur. Ümumilikdə isə 843 dəmiryolçu ordenlərlə, 380 nəfər isə medallarla təltif olunmuşdu. Respublikanın polad magistralının yüzlərlə işçisi SSRİ Yollar Nazirliyinin ən ali mükafatı olan “Fəxri dəmiryolçu” döş nişanı ilə mükafatlandırılmışdır.

- Arif müəllim, “Azərbaycan Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası hansı səviyyədədir?

- Azərbaycanda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi ölkə başçısı İlham Əliyevin zamanında yeni mərhələyə qədəm qoydu. Bu gün dövlət başçısının birbaşa qayğısı və nəzarəti ilə Azərbaycan, onun nəqliyyat strukturları “Şimal-Cənub” və Bakı-Tbilisi-Qars beynəlxalq və regional layihələrin reallaşması proseslərində yaxından iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmiryolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmiryolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmiryolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dəmiryolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Bu tarixi bir sənəddir. Çünki bu sənəddə Azərbaycan dəmiryolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır. Artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirilməkdədir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmiryolları arasında özünün layiqli yerini tutacaqdır.

 

 

Yeni Azərbaycan.- 2011.- 29 aprel.- S.7.