Heydər Əliyev Yeni Azərbaycan
Partiyasının qurucusudur
Hər bir xalqın əsrlər
boyu formalaşan dövlətçilik ənənələrinin
konkret dövlət modelində gerçəkləşməsi
üçün əlverişli siyasi mühit və milli iradə
ilə yanaşı, güclü liderin də olması
mühüm şərtlərdəndir. Daxilən
güclü, vətənpərvər və mətin liderə
malik olmayan xalqın real şansdan düzgün yararlanması,
milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə
qovuşması da mümkün deyil. Hansısa mərhələdə
məsuliyyəti öz çiyinlərinə götürən
belə fenomen şəxsiyyətlər xalqlarının daim
arzusunda olduğu azadlıq, müstəqillik və milli
dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində
müstəsna rol oynayır, bununla da, əbədiyaşarlıq
ucalığına qovuşurlar.
Eyni zamanda, tarixi təcrübə
sübuta yetirir ki, həlledici məqamlarda ictimai təşkilatlanmaya,
xalqın maraqlarını təmsil edən qüvvələrin
vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda
dayanmış ümummilli problemlərin həlli çətin
olur. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən
böyük şəxsiyyət olan Ulu öndərimiz Heydər
Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının
yaranması məhz belə bir tarixi zərurətdən irəli
gəlirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan
etsə də, o dövrdə hakimiyyət sükanı
arxasında dayanan siyasilərin səriştəsizliyi
ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək,
dövlətin dayaqlarını gücləndirmək
mümkün olmamışdı. Həmçinin, Ermənistanın
Dağlıq Qarabağda apardığı işğal siyasəti,
ölkə daxilindəki çəkişmələr cəmi
bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə
altında qoymuşdu. Belə bir zamanda cəmiyyətin
sağlam nəzərləri Naxçıvana dikilmişdi. Azərbaycanın
çətin anında Ümummilli liderimizin ətrafında
sıx birləşməyə, Onun dərin zəkasının
köməyi ilə xalqı, yenicə müstəqillik
qazanmış dövləti bu fəlakətdən xilas etməyə
çalışan insanların çevrəsi cəmiyyətin
bütün qruplarını əhatə edirdi. Azərbaycan
xalqının iztirablarını, ölkənin iflasa və məhvə
sürüklənməsi təhlükəsini, Azərbaycan
ziyalılarının ürək ağrısı və
nigarançılığını, həmçinin, bununla
bağlı bir qrup görkəmli ziyalının müraciətini
nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev
onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan
Partiyasının yaradılmasına və ona rəhbərlik
etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin
xalq üçün nə qədər lazımlı
olduğunu bildirirdilər: “Dövlət quruculuğundakı
çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa
müddətdə Azərbaycanda geniş xalq kütlələrini
özündə birləşdirə biləcək
böyük, güclü, nüfuzlu və işlək partiya
yarada bilərsiniz. Öz adımızdan və on minlərlə
respublika vətəndaşı adından Sizdən xahiş
edirik ki, təşəkkül tapan Yeni Azərbaycan
Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz.
Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı
gözləyir”.
Ziyalıların müraciətinə
cavabında isə Ulu öndərimiz vurğulayırdı:
“Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin
gələcək həyatının və fəaliyyətinin
əsasını təşkil edən demokratiya və siyasi
plüralizm şəraitində Sizin müraciətinizdə
göstərilən Yeni Azərbaycan siyasi Partiyasının
yaradılması obyektiv zərurətdən doğur. Belə
partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal
iştirak edərək yeni, müstəqil Azərbaycan
dövlətinin möhkəmləndirilməsində və
inkişafında tarixi rol oynaya bilər”.
1992-ci ildə partiyanın
yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr
seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli
ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin
daha da ağırlaşmasından irəli gələn zəruri
tarixi hadisə oldu. O zamankı hakimiyyət dairələrinin
Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri
maneələr, ardıcıl təzyiqlər bu yola qədəm
qoyan insanların əzm və iradəsini qıra bilmədi.
Bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri
olduğu bu qurumun xilaskar bir missiya üçün
yarandığını duyur və Yeni Azərbaycan
Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin
dövrü Ulu öndər belə xatırlayırdı:
“Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən
ictimai-siyasi proseslərin içərisindən çıxan
zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi
ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə
məşğul olmaq istəyən adamların istəkləri
ilə, bir təşkilati mərkəz olmadan... ağır
şəraitdə böyük təqiblər şəraitində
yaranmış bir partiyadır”.
Xalqın Ulu öndərimiz
Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə
parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti
öz üzərinə götürməsinə imkan verdi.
Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona
göstərdiyi misilsiz etimad Yeni Azərbaycan
Partiyasının qısa müddət ərzində təşkilatlanmasına,
ölkənin bütün regionlarında özəklərini
yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə
şərait yaratdı.
Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışı Yeni Azərbaycan
Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin
əsasını qoydu. Partiya və onun yüz minlərlə
üzvü dövlət əhəmiyyətli məsələlərin
həlli istiqamətində öz gücünü səfərbər
etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində
öz əksini tapmış dövlətçilik
ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl
prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq
ideologiyasının cəmiyyətə təqdimatı və
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu
ideologiyanın uğurla həyata keçirilməsi də
YAP-ın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına,
dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
Ötən müddət ərzində
bu partiyanın da yaxından iştirakı ilə həyata
keçirilən bütün tədbirlər, görülən
bütün işlər Azərbaycanın milli maraqlarına
tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə,
Azərbaycan vətəndaşlarının maddi-rifah
halının gündən-günə daha da
yaxşılaşmasına, respublikamızın tərəqqisinə
xidmət edib.
Öz proqramında müstəqil
dövlətçilik, qanunçuluq, azərbaycançılıq,
vətənçilik, varislik, yaradıcı təkamül,
konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi,
sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə
rolu və nüfuzu durmadan artır, ölkədə baş
verən ictimai-siyasi proseslərə təsir imkanları
getdikcə genişlənir. Bütün bu amillər,
şübhəsiz ki, partiya sıralarına insan
axınını da sürətləndirir. Belə ki, ötən
dövr ərzində partiyanın sıraları kəmiyyətcə
artıb, keyfiyyətcə yüksəlib. Partiya
sıralarının inkişaf dinamikasına baxsaq, bunu
aydın şəkildə görərik. Əgər partiya I
qurultaya (1999, dekabr) 170 min, II qurultaya (2001, noyabr) 230 min, III
qurultaya 360 min nəfərlə getmişdisə, IV qurultay ərəfəsində
üzvlərin sayı 450 min nəfərə
çatmışdı. Hal-hazırda YAP-ın 530 mindən
çox üzvü var ki, onlar da cəmiyyətin ən
müxtəlif sosial və demoqrafik qruplarını təmsil
edirlər. Qeyd edək ki, partiya üzvlərinin 43,9 faizini
qadınlar, 39,6 faizini gənclər təşkil edir. Təkcə
2010-cu ildə YAP sıralarına 32 min 186 nəfər üzv
qəbul olunub ki, onların da 47,9 faizini qadınlar, 54 faizini gənclər
təşkil edir.
III qurultayda Prezident İlham Əliyevin
YAP-a Sədr seçilməsi partiyanın inkişafında
yeni mərhələnin əsasını qoydu. Prezident
İlham Əliyev partiya haqqında vurğulayıb: “Yeni Azərbaycan
Partiyasının fəaliyyəti bu gün də çox
yüksək səviyyədədir. Partiyanın Sədri kimi mən
də ona rəhbərlik edirəm. Çox şad oluram ki,
partiyamızın imkanları da, təsir dairəsi də
artır. Partiyaya üzv olmaq istəyənlərin də
sayı artır. Bu da çox müsbət əlamətdir.
Xüsusilə, gənclər tərəfindən partiyaya maraq
və üzv olmaq istəkləri onu göstərir ki, bizim
partiyamızın çox cəlbedici məramı,
proqramı var. Eyni zamanda, partiyaya daxil olmaq istəyənlərin
sayının artması onu göstərir ki,
bütövlükdə, partiyanın fəaliyyəti çox
müsbətdir və insanlar tərəfindən dəstəklənir.
Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində
böyük bir fenomendir. Bir daha demək istəyirəm ki,
çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla,
bütün məhrumiyyətlərlə üzləşərək,
həm partiya üçün, həm partiya fəalları, həm
də ölkə üçün, demək olar, ən
ağır dönəmdə yaranan bu partiya möhkəmləndi,
gücləndi və bu gün bölgədə onun analoqu
yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə
də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil
qüvvə yoxdur”.
1993-cü ildən indiyədək
YAP bütün seçkilərdə böyük qələbələr
qazanıb. Partiya Sədrinin dediyi kimi, YAP-la heç bir
qüvvə rəqabət aparmaq iqtidarında deyil: “Yeni Azərbaycan
Partiyası güclü təşkilatdır və Azərbaycanın
ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç
bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət
aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim
eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız
təsəvvür etmirəm. Əminəm ki, biz
hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik,
həm də ölkəmizi daha da inkişaf etdirəcəyik.
Azərbaycan müasirləşəcək, güclənəcək,
çox zəngin və qüdrətli dövlətə
çevriləcək”.
Yeni Azərbaycan.- 2011.- 29 aprel.- S.4