“İdmanda son sözümü hələ deməmişəm”
Elnur Məmmədli: Arzum Azərbaycana ikinci,
üçüncü dəfə Olimpiya
qızılını gətirməkdir
...Ötən həftə
idmansevərlərin nəzərləri qardaş ölkə
Türkiyəyə yönəlmişdi. Burada, daha dəqiq desək,
İstanbulda cüdo üzrə Avropa çempionatı
keçirilirdi və Azərbaycan yığması
çempionatda bütün çəki dərəcəsində
təmsil olunurdu. Əslində, yığma komandanın rəhbərliyi
bir çox idmançılardan yüksək nəticə
gözləyirdi. Onların sırasında Pekin
Olimpiadasının qızıl mükafatçısı
Elnur Məmmədli də var idi. Və o, bu etimadı
doğruldaraq, Vətənə ikiqat Avropa çempionu kimi
döndü. Pekində olduğu kimi, 2012-ci ildə Londonda
keçiriləcək Yay Olimpiya oyunlarında da iştirak etmək
üçün lisenziyanı artıq özünə təmin
etmiş Elnur Məmmədli İstanbuldakı
yarışların təəssüratından
çıxmamış, “Yeni Azərbaycan” qəzetinə
müsahibə verdi...
- Elnur Məmmədlini, demək
olar ki, ölkədə tanımayan yoxdur. Bəs
özünüz, onu oxucularımıza necə təqdim edərdiniz?
- Əgər bir cümlə
ilə lazımdırsa, onda-2008-ci il Pekin Olimpiadasının qızıl
mükafatçısı (gülür). Yox, əgər bundan
artığını bilmək istəyirsizsə, 1988-ci il
iyun ayının 29-da Bakıda anadan olmuşam. Ailəmizdə
4 uşaq olub - iki bacı, iki qardaş. İdmana həvəsim
lap uşaq yaşlarından olub. 6-cı sinifdən 164
saylı məktəbdə oxumuşam. Lakin idmana olan
böyük həvəsimi görüb, valideynlərim məni
Bakıxanov qəsəbəsindəki, indiki Respublika Olimpiya
Ehtiyatları məktəbinə göndərdilər. Orada
artıq cüdo ilə peşəkarcasına məşğul
olmağa başladım və ...oldum hazırkı Elnur Məmmədli.
- Bəs ilk yarışınızı
necə, xatırlayırsız?
- İndiki kimi
yadımdadır, bu,1996-cı ildə olub. O zaman 7 yaşım
var idi. Novruz bayramına həsr olunmuş turnirdə
iştirak etdim və qalib gəldim. Anam çox sevinmişdi.
Yeri gəlmişkən, qeyd edim ki, anamın ən
böyük arzusu oğlanlarından hər hansı birinin
Olimpiya çempionu olması idi. Elə mənim bu idman
növünü seçməyimdə də onun rolu
böyükdür. Anam daim məni həvəsləndirirdi ki,
idmanla məşğul olum, onu yarıda buraxmayım.
Qardaşım məndən 8 yaş böyük idi. Biz birlikdə
idmana gedirdik, amma o, sonradan idmandan ayrıldı, elmin
dalınca getdi. Mən isə anama söz verdim ki, onun arzusunu
gerçəkləşdirəcəyəm. İndi sevinirəm
ki, anamın bu arzusunu yerinə yetirdim.
- Tələsməyin, biz hələ
ora gələcəyik. Bəs, Elnur Məmmədli
böyük idmanda qazandığı ilk qələbəsini
necə xatırlayır?
- Olimpiya ehtiyatları məktəbini
bitirdikdən sonra, təhsilimi Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasında davam etdirdim. İlk böyük
qələbəm isə 2004-cü ildə oldu. Həmin il
yeniyetmələr arasında Avropa çempionu oldum. 2005-ci ildə
dizimdən ciddi zədə aldım. Moskvada əməliyyat
olunduğum üçün bir il yarışlardan kənarda
qaldım. 2006-cı ildə isə Finlandiyada keçirilən
kişilər arasında Avropa çempionatından Bakıya
qızıl medalla döndüm. Bu, mənim böyük
idmanda ilk böyük nailiyyətim idi. 2007-ci ildə
keçirilən Dünya Çempionatında isə yalnız
finalda məğlub olaraq, gümüş mükafata layiq
görüldüm. Və 2008-ci ildə Pekində keçirilən
Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan
yığma komandasının hesabına ilk lisenziyanı
qazandırdım. Həmin il keçirilən Dünya Kubokunda
isə 72 kq-da “Qran-Pri”yə sahib oldum. Xatırladım ki, Pekin
Olimpiadası öncəsi, 2007-ci ilin nəticələrinə
görə hazırlanan reytinq cədvəlində, bu çəkidə
dünyanın ən güclü idmançısı oldum.
Artıq demək olar ki, Azərbaycanda bütün idmansevərlərin
çoxdan gözlədiyi an yetişmişdi, hamı
onu-cüdo üzrə Olimpiya çempionunu gözləyirdi.
- Pekinə böyük
nümayəndə heyəti ilə yollanmışdıq. Demək
olar ki, əksəriyyəti beynəlxalq turnirlərin
mükafatçıları idi. Bəs Elnur necə, Olimpiya
çempionu olacağına inanırdımı?
- 1996, 2000 və 2004-cü
illərdə keçirilən Olimpiya oyunlarının ikisindən
Vətənə əliboş dönmüşdük. Birində
isə Mehman Əzizov və Mövlud Mirəliyev 5-ci yerə
sahib olmuşdular. Odur ki, Pekindən daha yaxşı nəticə
gözləyirdik, yığma komandamızda 6 cüdoçu
yer almışdı. Burda bir haşiyə çıxmaq istərdim.
Avropa və dünya çempionatları elə
yarışlardır ki, bunlara yalnız məhdud sayda insanlar
tamaşa edir. Amma Olimpiya oyunları tamam fərqlidir. Burada
tamaşaçılar arasında dövlət
başçıları, digər fəxri qonaqlar da olur. Hər
bir idmançı çalışır ki, yüksək nəticə
göstərsin, onun şərəfinə dövlət himni səsləndirilsin,
dövlət bayrağı qaldırılsın. Bundan
başqa, əgər sənin ölkənin Prezidenti burada
iştirak edirsə, bu, idmançı üçün ikiqat
sevinc hissləridir. Yeri gəlmişkən qeyd edim ki, biz Pekində
olanda, yarışlardan qabaq dövlət
başçısının yığma komandamızın
üzvləri ilə görüşü oldu. Milli Olimpiya
Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
idmançıları dövlət başçısına təqdim
edirdi. Kimlərin olimpiya medallarını qazanmaq şansı
olduğunu söyləyirdi. Növbə mənə
çatanda cənab Prezident dedi ki, Elnur Məmmədlini
yaxşı tanıyıram. Soruşdu ki, yarış nə
vaxtdır. Dedim, avqustun 11-də. Gülərək dedi ki, gəlib
baxacağam. Tərslikdən mənə qədər olan
komanda yoldaşlarım uğursuz nəticə göstərmişdilər.
Meydana çıxanda məşqçilər dedilər ki,
Prezidentimiz gəlib yarışı izləməyə. Bu, elə
bir mənə əlavə güc verdi. Bütün həyəcanım
yox oldu. Ancaq qalib gəlmək haqda
düşünürdüm. Cüdo yarışları bir qədər
fərqlidir. Bütün qarşılaşmalar bir gündə
keçirilir. Allah qismət etdi. Bütün rəqiblərimi
məğlub edərək, finala çıxdım və
Olimpiya çempionu oldum. Dövlət himnimiz
çalındı, bayrağımız ucaldı. Çox
sevinirdim ki, Prezidentimizin etimadını doğrultdum. Mənim
üçün ikiqat sevinc həm də o idi ki, Olimpiya
medalını mənə cənab Prezidentimiz İlham Əliyev
özü təqdim etdi. Mənimçün bundan
böyük sevinc ola bilməzdi. Ümumilikdə isə,
yığma komandamız Vətənə 7 medalla- 1
qızıl, 2 gümüş və 4 bürünc medalla
döndü. Bu, hələlik, Azərbaycan yığma
komandasının Olimpiya oyunlarında qazandığı sayca
ən böyük nəticə idi. Amma hesab edirəm ki, bu da
hələ son hədd deyil.
Yeri gəlməşkən
xatırladım ki, 2008-ci ildə də, Olimpiya oyunlarından
sonra müəyyənləşdirilən reytinq cədvəlində,
yenə mən birinci pillədə idim. Və həmin ildə
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer
şəxsən “Dünyanın ən güclü
idmançısı” medalını mənə təqdim
etmişdi. Bütün bunlar isə mənə əlavə
stimul verirdi.
- Bunu belə başa
düşmək olar ki, Elnur Məmmədli hələ idmanda
son sözünü deməyib?
- Hələ nə
yaşım var ki? Ən azından, 2012-ci və 2016-cı il
Olimpiya oyunlarında iştirak etməyi düşünürəm.
Ən böyük arzum isə ikiqat Olimpiya çempionu
olmaqdır, bilmək olmaz, bəlkə də, üçqat
(gülür). Hələ Azərbaycanda belə
idmançı yoxdur. Doğrudur, eşitmişəm, Sovet
dövründə olub, voleybolçumuz İnna Rıskal 4
Olimpiya oyununda iştirak edib. Amma mən ikiqat Olimpiya
çempionu kimi bu rekordu təzələmək istəyirəm.
Digər tərəfdən isə Azərbaycan idmanının
şöhrətini bir daha dünyaya tanıtmaq istəyirəm.
Xatırlatmaq istərdim ki, Azərbaycanda idmana,
idmançıya dövlət tərəfindən göstərilən
diqqət və qayğı dünyanın heç bir ölkəsində
yoxdur. Beynəlxalq yarışlar çərçivəsində
başqa ölkələrdən olan həmkarlarımızla
görüşlərdə Azərbaycanda ölkə rəhbərliyinin,
şəxsən Prezidentimiz, Milli Olimpiya Komitəsinin rəhbəri
İlham Əliyev cənablarının Avropa və dünya
çempionatlarından sonra idmançılarımızla
görüşdüyünü, onlara mükafatlar təqdim
etməsini, bütün növ ehtiyaclarının dövlət
tərəfindən ödənildiyini söyləyirik.
İnanın, hamı bizə həsəd aparır.
Bundan əlavə, bildiyiniz
kimi, Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm.
2008-ci ildə keçirilən prezident seçkilərində
mən cənab İlham Əliyevin seçki kampaniyasında vəkili
olmuşdum. Rayonlara səfərlər edir, təbliğat
kampaniyasında iştirak edirdim. Bunlar həyatımın ən
unudulmaz anları idi. Bu haqda da əcnəbi
hamkarlarımıza məlumat verəndə, inanın, bizim
idmançılara həsədlə baxırlar. Bəlkə də,
elə bu səbəbdəndir ki, xarici idmançılar Azərbaycandan
aldıqları təklifləri məmnuniyyətlə qəbul
edirlər.
Bir sözlə, dövlətin
idmana və idmançılara göstərdiyi belə diqqət
və qayğı biz idmançıları daha böyük
nailiyyətlər əldə etməyə sövq edir. Təsəvvür
edin, dövlət tərəfindən “Şöhrət”
ordeninə layiq görülmüşəm, Prezident təqaüdçüsüyəm.
Bundan əlavə, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən
mənə, eləcə də, digər Olimpiya oyunlarında
mükafatlar qazanmış idmançılara
ömürlük təqaüdü ayrılıb. Dövlət
bundan artıq nə etməlidir ki? Odur ki, biz
idmançıların da əsas məqsədi dövlətimizin
bizə göstərdiyi bu diqqət və qayğıya
lazımi şəkildə cavab vermək, dövlətimizin
bayrağını daim beynəlxalq arenalarda ucaltmaqdır.
- Bəs bir titullu
idmançı kimi, öz yetirmələriniz varmı? Gənclərə
nə kimi tövsiyələriniz var?
- Yetirməm var-Emin (gülür), amma hələ çox kiçikdir-cəmi bir neçə aylıq. Bildiyinz kimi, ötən il ailə qurmuşam, bir oğlum olub. Lakin, anası Eminin elmlə məşğul olmasını arzulayır, mən isə deyirəm ki, yox, bu mənim davamçım olmalıdır. İnşallah, bunu gələcək göstərəcək. Amma bu hələ mənim üçün tezdir. Böyük idmandan nə vaxtsa gedəndən sonra, öz yetirmələrimi hazırlamağı düşünürəm. Hələlik isə, mənim yerim idman meydançalarıdır. Ötən həftə İstanbulda Avropa çempionatını uğurla başa vurdum, çempion oldum. May ayında isə Bakıda cüdo üzrə “Qran-Pri” turniri təşkil olunacaq. Sentyabr ayında Parisdə Dünya Çempionatı keçiriləcək. Bunlar hamısı Olimpiya oyunlarına lisenziya verən yarışlardır. Kifayət qədər xalım olmasına baxmayaraq, bu yarışların hamısına qatılmağa çalışacağam ki, Olimpiya oyunları ərəfəsində formada qala bilim. O ki qaldı sualınızın birbaşa cavabına, gənclərə yalnız onu tövsiyə edə bilərəm ki, idmanla ciddi və həvəslə məşğul olsunlar. İnanın, insanın şöhrətlənməsi üçün, idmandan asan və qısa yol yoxdur. Təsəvvür edin ki, dövlətin himni yalnız iki halda- bir dövlət başçılarının şərəfinə səsləndirilir, onun şərəfinə dövlət bayrağı dalğalandırılır, bir də idmançı beynəlxalq yarışlarda qalib gələrkən. Təsəvvür edə bilməzsiz ki, idmançı öz himnini eşidəndə, onun qələbəsi şərəfinə qaldırılan dövlət bayrağını görəndə, necə qürur hissi keçirir? Əgər bu yarış Olimpiya oyunudursa, orada himn çalınarkən, digər dövlətlərin başçıları ayaq üstə durub sənin himnini dinləyir, dövlət bayrağına farağat dururlar. Vətən üçün bundan böyük şərəf və qürur ola bilərmi? Hər bir gəncimizə belə şərəfli anları yaşamağı arzu edirəm.
- Səmimi söhbət üçün təşəkkür edirəm.
- Mən də sizin kollektivə, eləcə də, bütün oxucu auditoriyanıza səmimi salamlarımı yetirirəm. Əminəm ki, bizim idmançılarımız, qarşıdakı illərdə də Vətənimizin üçrəngli, ay-ulduzlu bayrağını hələ neçə dəfə Olimpiya zirvəsinə qaldıracaqlar.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.- 2011.- 30 aprel.-
S.12.