Azərbaycan dövləti elmin
inkişafına böyük diqqət və qayğı
göstərir
AMEA-nın akademik
Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər
Baxşəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Gövhər xanım, məlum
olduğu kimi, bu günlərdə AMEA-nın illik ümumi
yığıncağı keçiriib. Azərbaycan elminin
inkişafı üçün bu yığıncaq hansı
hadisələrlə əlamətdardır?
- Hazırda ölkəmizdə
elmin inkişafına çox böyük diqqət göstərilir.
AMEA-nın illik ümumi yığıncağı zamanı
biz bir daha əmin olduq ki, Azərbaycanda elmin ən
böyük himayədarı Prezident İlham Əliyevdir.
Prezidentimizin yığıncaqdakı
çıxışı Azərbaycan elminin inkişafında
çox böyük hadisədir. Dövlət
başçısı yığıncaqdakı dərin məzmunlu
çıxışında alimlərimizin əməyinə
yüksək qiymət verib. Prezidentimiz Azərbaycanda elmin
inkişafı, modernləşməsi, böyük elmi məktəblərin
qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib.
Təbii ki, bu yığıncaqda qarşımıza qoyulan vəzifələrin
yerinə yetirilməsi elmimizin gələcək
inkişafında da mühüm rol oynayacaq.
- Amma nəzərə alaq
ki, Azərbaycan elminin bugünkü inkişaf səviyyəsinə
çatması heç də asan olmayıb. Vaxtilə
AMEA-nın ləğv olunması barədə də fikirlər
də səslənirdi. Siz o dövrü necə
xatırlayırsınız?
- Bəli, 1992-ci ildə
hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan
elminə tam başqa münasibət bəsləyirdi.
Onların bir illik hakimiyyəti dövründə Elmlər
Akademiyasının ləğv olunması fikri səsləndirilirdi.
Bu fikirləri səsləndirənlər isə dövlətdə
yüksək vəzifə tuturdular. Onlar sovetlərdən
qalmış qurum kimi Elmlər Akademiyasının ləğvini
iddia edirdilər. Bu fikri yalnız elmə aidiyyəti olmayan
adamlar deyə bilərdilər. Çox şükürlər
olsun ki, onların hakimiyyəti çox davam etmədi.
1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra ilk görüşlərinin birini
akademiyanın rəyasət heyətinin binasında alimlərlə
keçirdi. Ulu öndərimiz o zaman bildirdi ki, Elmlər
Akademiyası Azərbaycan xalqının böyük sərvətidir
və bu sərvəti qoruyub yaşatmalıyıq. Qısa
müddət ərzində bir sıra fərman və sərəncamlar
verildi ki, bütün bunlar akademiyanın cəmiyyətdə,
elmi ictimaiyyətdə mövqeyini qat-qat artırmış
oldu. Bütün sahələrdə olduğu kimi elm sahəsində
də Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin
yolunu uğurla davam etdirir. Bildiyiniz kimi, Azərbaycan elminin
inkişaf strategiyası təsdiq olunub. 2009-2015-ci illərdə
elmin inkişaf strategiyasının həyata keçirilməsi
üçün Dövlət Proqramı qəbul edilib. Elmin
İnkişaf Fondu yaradılıb və s. addımlar
atılıb. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan
elminə ilbəil diqqət artırılır.
- Hazırda AMEA-nın
maddi-texniki bazasının gücləndirilməsi istiqamətində
işlər hansı səviyyədədir?
- Bildiyiniz kimi, xeyli vaxt idi
ki, AMEA-nın əsas və digər binalarında əsaslı
şəkildə təmir işləri aparılırdı.
Dövlət bu təmir-bərpa işləri
üçün lazımi vəsaiti ayırmışdı.
Bu məsələ Prezident İlham Əliyevin xüsusi diqqətində
idi və dövlət başçısının akademiya
şəhərciyində aparılan əsaslı təmir
işlərindən sonra vəziyyətlə tanış
olması buna bariz sübutdur. Qeyd edim ki, son illər elm və
mədəniyyət ocaqlarının təmirinə,
maddi-texniki bazasının gücləndirilməsi işinə
böyük diqqət ayrılır. Nümunə
üçün deyə bilərəm ki, bir müddət
öncə Tarix muzeyi əsaslı şəkildə təmir
olundu və onun yeni eksponatlarla təchiz olunması, köhnə
eksponatların bərpası üçün dövlət hər
il vəsait ayırır. Eləcə də, Nizami adına Ədəbiyyat
muzeyi təmir edildi. Hər iki muzeyin təmirdən sonra
açılışında cənab Prezident şəxsən
iştirak edib və onların işi ilə yaxından
tanış olub. Bütün bunlar Azərbaycanda elmə, mədəniyyətə
yüksək qiymətdən xəbər verir. Eyni zamanda, onu
demək istəyirəm ki, Elmin İnkişafı Fonduna
çox böyük vəsaitlər ayrılır. Elm
ocaqlarının yeni avadanlıqlar ilə təchiz
olunması, modernləşməsi, dünya elminə inteqrasiya
etməsi, qrant müsabiqələrinin keçirilməsi, elmi
işçilərin əməyinin
stimullaşdırılması üçün bu fond ciddi
işlər görməkdədir. Ümumiyyətlə,
akademiyanın təchizat məsələləri də son illər
xeyli səviyyədə yaxşılaşdırılıb.
Texniki avadanlıqlarla təchiz olunması, ezamiyyətlərin
verilməsi, xarici ədəbiyyatların alınması və
s. məsələlərdə müsbət irəliləyişlər
çoxdur.
- AMEA-nın illik ümumi
yığıncağında alimlərimiz tərəfindən
bir sıra təkliflər də səsləndirildi. Bu təkliflərin
reallaşdırılması üçün nə kimi tədbirlərin
görülməsi nəzərdə tutulur?
- AMEA-nın illik ümumi yığıncağı zamanı dövlət başçısı alimlər tərəfindən səslənmiş təkliflərə də müsbət münasibətini ifadə etdi. Bilirsiniz ki, alimlərin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir, vaxtaşırı məvaciblər artırılır. Amma cənab Prezident qeyd etdi ki, bugünkü təminat kifayət deyil və ona görə də, yaxın vaxtlarda elm adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq. Bu görüşdən bir gün sonra Prezidentimiz elm adamlarının əməkhaqlarının 20 faiz artırılması haqda Sərəncam imzaladı. Bu da alimlərimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Başqa təkliflərə də dövlət başçısı müsbət münasibətini bildirib. Məsələn, Nizami Mərkəzinin yaradılması, akademiyanın yeni kitabxana binasının tikilməsi, digər strukturların yaradılması haqda səslənən təkliflərlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, Azərbaycan elminin inkişafı, modernləşməsi, dünya elminə inteqrasiya etməsi üçün hökumət əlindən gələni edir.
- Gövhər xanım, Azərbaycan elminin gələcək inkişafı üçün alimlərimizin üzərinə hansı vəzifələr düşür?
- Azərbaycan elminin inkişafı ilə bağlı Prezident İlham Əliyevin çox dəyərli fikirləri var. Prezidentimiz bəyan edib ki, biz neft kapitalını insan kapitalına çevirməliyik. Hesab edirəm ki, bu ideyanın reallaşmasında ilk növbədə, Milli Elmlər Akademiyası iştirak etməlidir. Bu, Azərbaycan insanının intellektual səviyyəsini qaldırmaq üçün, Azərbaycan elmini dünyada öncül yerlərə çıxarmaq üçün çox vacibdir. Ümumiyyətlə, Azərbaycan elmi bu günə qədər çox böyük nailiyyətlər əldə edib. Bunu bizim ictimaiyyət çox gözəl bilir. Xüsusilə, neft-kimya sahəsində böyük ixtiralar, kəşflər olub. Daha sonra şərqşünaslıq elmində də Azərbaycan alimləri dünya səviyyəsində əsərlər yaradıblar. Şərqşünas alimlərimizdən akademik Ziya Bünyadov, akademik Əlsöhbət Sumbatzadə, akademik Əbdülkərim Əlizadə, professor Aidə İmanquliyevanın elmi əsərləri dünya şərqşünaslıq elminə böyük töhfədir. Dünya elmi ictimaiyyəti bu haqda da ətraflı məlumatlıdır. Bütövlükdə, görülən işlərdə dövlət bizim alimlərimizi dəstəkləyir, fəaliyyətini yüksək qiymətləndirir və alimlər üçün bütün şərait yaradılır. Biz alimlərin də vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi yeni-yeni zirvələrə qaldırmaq üçün işimizi daha yüksək səviyyədə aparmaqdır.
Yeni Azərbaycan.- 2011.- 30 aprel.-
S.10.