Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafına daim diqqət və qayğı göstərib

 

Azərbaycan dili xalqımızın milli sərvətidir

 

Hər bir millətin, hər bir xalqın varlığı onun dili ilə bağlıdır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidirlər.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan dili hələ 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dövlət dili kimi hüquqi aktlarda təsbit olunurdu. Hələ o dövrdə Azərbaycan parlamenti işlək dil kimi dövlət dilindən-Azərbaycan türkcəsindən istifadə edirdi. Qeyri millətlərdən olan yerli əhalinin nümayəndələri çıxışların rus dilində olmasını təklif edəndə parlamentin iclaslarından birində bu məsələ geniş müzakirə olunmuş və qəbul olunan xüsusi qərara görə, parlamentin rəsmi dili Azərbaycan dili elan edilmişdi. Rəsmi sənədlərin hamısı Ana dilində tərtib edilirdi. Azərbaycan türkcəsində olmayan sənədlərin üstündə adətən parlamentin sədr müavini Həsən bəy Ağayev belə bir məzmunda dərkənar qoyurdu: “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır”.

1920-ci ildə AXC-nin süqutunun ardından dil məsələsi beynəlmiləlçilik pərdəsi arxasında ikinci plana keçirilməyə başladı. Hətta 1937-ci ildə qəbul olunan Azərbaycan SSR-in yeni Konstitusiyasında Azərbaycan dilinin hüquqi statusu ilə bağılı heç bir məqam vurğulanmamışdı. Nəzərə almaq lazımdır ki, bu, həmin dövrün diktə etdiyi siyasətin nəticəsi sayılmalı idi və Ana dili ilə bağlı məsələlərə görə, bir sıra görkəmli şəxslər o dövrdə Stalin repressiyalarına məruz qalmışdı. Məhz, öz Ana dilində yazıb yaratdığı üçün bir sıra görkəmli Azərbaycan ədibi öz Vətənindən didərgin salınmış, öldürülmüşdü.

Həmin dövrdən sonra sanki Ana dilində danışmaq, bu dildə ədəbi əsərlər yazıb yaratmaq bir xofa, qorxuya çevrilmişdi. Hətta o dövrdə öz dilində danışmaq, şeir yazmaq belə qəhrəmanlıq sayılırdı. Öz Ana dilinə bu cür münasibət bəzi şairlərimizin-məsələn, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın şeirlərində qətiyyətlə pislənirdi və Ana dilinin qayğısına qalınmasının vacibliyi önə çəkilirdi.

1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli lider Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərdi. Ulu öndərin ilk gündən yeritdiyi dil siyasəti Ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq məqsədini daşıyırdı. Həmin dövrdə Azərbaycanda hələ də rus dilinin mövqeyi çox güclü idi - nəinki dövlət idarəçiliyi, cari təsərrüfat, xüsusilə, sənaye sahələrində də rus dilindən geniş istifadə olunur, kənddən şəhərə, respublikanın paytaxtına gələn gənclər bu baxımdan müəyyən çətinliklərlə rastlaşırdılar.

Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, Moskva ruslaşdırma siyasətini yürüdür, lakin bu qeyri-humanist, bayağı siyasət müxtəlif yollarla pərdələnir, Azərbaycan dili dövlətçilikdən, inzibati idarə sistemindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılır, yalnız məişət dili səviyyəsinə endirilirdi. Bunun qarşısını almaq üçün 70-ci illərindən etibarən respublikanın müxtəlif ali məktəblərində Ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı, qəbulda Ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə belə məcburi hesab edildi. Tədrisi Azərbaycan dilində aparılan məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbərinin Ana dilində çıxış etməsi əsl tarixi hadisəyə çevrildi. Həmin illərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin, elm xadimlərinin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, fikir mübadilələri aparırdı. Uzaqgörən rəhbər ziyalılarımızın, xüsusilə, dilçi alimlərin milli sərvətimizlə bağlı sabit, mənəvi, ideoloji mövqeyinin nədən ibarət olduğunu bir daha yəqin edirbu, Ulu öndərə Ana dili barədə daha fəal dövlət siyasəti yeritmək imkanı verirdi. Həmin siyasətin məntiqi nəticəsi isə 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin yer alması idi. Bu müddəanın müəllifi Ulu öndər Heydər Əliyev idi. Uzaqgörən dahi şəxsiyyətin qətiyyəti və iradəsi sayəsində Azərbaycan dilinin dövlət dili olması barədə müddəa Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapdı.

Müstəqillik illərində dil məsələsi ilə bağlı bir sıra yeni baxışlar, subyektiv fikirlər meydana çıxmağa başladı. Məsələn, AXC-Müsavat hakimiyyəti dövründə bəzi qüvvələr heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif edirdilər. Uzun müzakirələrdən sonra 1992-ci ildə Azərbaycanda dövlət dilinintürk dili” olması barədə qərar qəbul edildi. Hətta təcili “Türk dili” adlı dərsliklərin çapı da həyata keçirilmişdi. Qeyd edək ki, bu qanunun, əslində, heç bir hüquqi qüvvəsi yox idi. Çünki 1992-ci ildə qüvvədə olan 1978-ci il Konstitusiyasındakı 73-cü maddə hələ hüquqi qüvvəsini itirməmişdi. Konstitusiyanın hər hansı maddəsinin dəyişdirilməsi barədə qərar isə, müvafiq qanunvericiliyə görə, üçdə iki səs çoxluğu ilə qəbul edilməli idi. Milli Məclisin dövlət dilinin türk dili olması ilə bağlı qərarın qəbulu zamanı iclasda bu tələb kobud surətdə pozulmuşdu. Belə ki, həmin iclasda 50 deputatdan cəmi 39 nəfər iştirak etmişdi. Onlardan yalnız 26 deputat dilimizintürk dili” adlanmasına, 7 nəfər əleyhinə səs vermişdi. Qalan 6 deputat isə bitərəf olmuşdu. Halbuki, qərarın qəbul edilməsi üçün deputatların üçdə ikisinin səsi lazım idi.

Ulu öndərimiz Heydər Əlyievin müəllifi olduğu 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin Ana dilimizin- Azərbaycan dili olması fikri xalq tərəfindən dəstəkləndi. Beləliklə də, 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Vurğuladımız kimi, Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirirdi. 2001-ci ilin 18 iyununda Ümummilli liderimiz “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynayırdı. Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması Ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da Ulu öndər Heydər Əliyev yeni Fərman - “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir sənəd imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərmizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan bu qrafika ilə Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparılmağa başlandı. 2003-cü il yanvar ayının 2-də isə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin Ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi. Qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasının və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi qarşıya qoymuşdu. Sənəddə qeyd olunan bütün müddəalar Azərbaycanda dövlət dilinin qorunmasını və inkişafını təmin etməyə qadir çox mükəmməl bir hüquqi sistemin mövcud olduğunu bir daha təsdiqləyirdi.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezidentin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamları da öz ictimai-tarixi əhəmiyyətinə görə kifayət qədər uğurlu bir sənəd kimi qiymətləndirilir. Sənədlərə uyğun olaraq 2004-cü ildə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısı da artıq hazırlanmışdır. Burada Azərbaycan Milli Ensiklopediyasının, elmimizin və mədəniyyətimizin, ədəbiyyatımızın ən dəyərli nümunələrinin latın qrafikasında nəşrləri nəzərdə tutulmuşdur ki, bu da Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini göstərir.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 3 avqust.- S. 3.