Ulu öndər
Heydər Əliyev Azərbaycan dilini siyasi elitanın dilinə
çevirdi...
Məlum
olduğu kimi, 1 avqust Azərbaycan əlifbası və Azərbaycan
dili günüdür. 2001-ci il avqustun 1-dən ölkəmizdə
kiril qrafikasından latın qrafikasına keçilib. Bu tarix
Ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən
hər il qeyd olunur.
Dil təkcə
insanlar arasında ünsiyyət vasitəsi deyil. Hər nə
qədər bu fikir yayğın olsa belə, amma reallıqda
dilin çoxsaylı funksiyası və cəhətləri
vardır. Əlbəttə ki, dilin başlıca xüsusiyyəti
insanlar arasında ünsiyyəti saxlamaqdır. Lakin dilin ən
az bunun qədər əhəmiyyətli olan millətin millət
kimi, xalqın xalq kimi formalaşmasını təmin etmək,
insanların fikirlərini ifadə etməsi ilə təkamülü
şərtləndirmək, eyni zamanda, dövlətin
formalaşmasını, cəmiyyətin sosial-siyasi strukturunu,
həmçinin, sosial-siyasi institutların
funksionallağını təmin etmək və s. kimi
çoxsaylı funksiyaları vardır. Bu mənada hər bir
xalqın dili o xalqı birləşdirən başlıca
faktor, dəyər kimi çıxış etməklə bərabər,
eyni zamanda, xalqın təşkilatlanmasını təmin edərək,
dövlət qurmasına qədər gətirib
çıxaran, bu sosial-siyasi hadisəni təmin edən
başlıca faktordur. Ona görə də, uzun əsrlərdən
bəri ayrı-ayrı hegemon güclər hər hansı bir
xalqı məhv etmək, assimilyasiya etmək istədikdə həmin
xalqın dilini əlindən almağa cəhd etmişlər.
Dilini itirən xalq artıq xalq deyil. Tarixdə biz
çoxsaylı hadisələrin şahidiyik ki, məhz xalq dilini
itirdikdən sonra sürətlə milli kimliyini də
itirmişdir. Məsələn, latınlar, hetlər,
lidiyalılar, britlər, qallar və digər çoxsaylı
müxtəlif xalqlar var ki, onlar dilini itirdikdən sonra xalq kimi
də tarixin səhnəsindən silinmişlər.
Lidiyalıların acı taleyi
Bunun
ən bariz nümunəsini Herodot “Tarix” əsərində
verir. Əsərdə deyilir ki, Əhəməni
hökmdarı Kir Lidiya çarı Krezi əsir
götürdükdən sonra onun həyatını bir şərtlə
bağışlayır: - Çar Krez Lidiya xalqını elə
bir şəkildə idarə etməlidir ki, lidiyalılar
farslara qarşı üsyan etməsin. Ancaq bir qədər
sonra lidiyalılar fars hegemoniyasına qarşı üsyan
edirlər. Bu cür üsyanlar bir neçə dəfə təkrar
olunduqdan sonra Kir Krezi çağıraraq “əgər bu
üsyan bir daha təkrar olunsa, o zaman həyatınla
vidalaşmalı olacaqsan” deyir. Krez isə cavabında Kirə
məsləhət verir: Sən mənim xalqıma “lira” (qədim
musiqi alətidir) çalmaq, axşamlar rəqs etmək,
hündürdaban ayaqqabı geyinmək və kiçik
alış-verişlə məşğul olmaq haqqında
göstəriş ver. Əgər Lidiya xalqını bu
şeylərə alışdırsan, onlar bir daha üsyan etməyəcəklər.
Doğrudan da, Lidiya xalqı ilk baxışdan cəlbedici və
əyləncəli görünən bu vərdişləri mənimsədikdən
sonra artıq onların həm dili, həm də xalq kimi
özləri tarixin səhnəsindən silinmişdir. Tarixdə
olan bu faktlar dilin bir xalqın, millətin taleyində nə qədər
böyük rola sahib olduğunun sübutudur.
Azərbaycan
dilinin keşməkeşli tarixi
Azərbaycan dili də bu mənada istisna deyil. Azərbaycan
xalqını yaşadan, onun ortaq dəyərlərini
formalaşdıran, onun sosial-siyasi institutlaşmasını təmin
edən, onu xalqlararası mübarizədə önə
çəkən və varlığını qoruyub
saxlamasını təmin edən başlıca ünsür
dildir. Bu mənada biz millət olaraq, xalq
olaraq inkişafımızın bütün mərhələlərində
dilimiz və onun inkişafına borcluyuq. Dil
inkişaf etdikcə xalq da inkişaf edir. Hansı
xalqın dili zəngindirsə, demək o xalqın mədəniyyəti,
musiqisi, mənəviyyatı, söz ehtiyatı, ən nəhayət,
fikir və təxəyyül dünyası da zəngindir.
Bütün bunlardan çıxış edərək
dilin nə qədər əhəmiyyətli olduğunu biz
özümüz üçün aydınlaşdırmış
oluruq.
Azərbaycan dili zaman-zaman böyük bir
etnocoğrafiyada hegemon dil olaraq öz varlığını
sürdürmüş, başqa dillərlə ünsiyyətdə
olaraq, o dillərdən müxtəlif sözlər qəbul
etmiş, eyni zamanda, fərqli-fərqli dillərə, necə
deyərlər öz potensialına uyğun olaraq söz ixrac
etmişdir. Bütün bu prosesdə Azərbaycan dili mükəmməl,
axıcı, insana bütün düşündüklərini
və duyğularını ifadə edəcək qədər
imkan verən zəngin bir dilə çevrilmişdir. Amma dil tariximizin inkişaf mərhələlərində
elə dövrlər də olmuşdur ki, Azərbaycan dili
artıq arxa plana keçmişdir. Onun yerini müxtəlif
dillər-fars dili, rus dili və s. bu kimi dillər tutmağa
başlamışdır. Bu isə əlbəttə
ki, dilin inkişafı ilə bağlı təhlükəli
tendensiyaların, təhlükəli sindromların
formalaşmasına gətirib çıxara bilərdi. Belə bir dövrü də əlbəttə, biz
rus işğalından, 1828-ci ildən sonra yaşamağa
başladıq və Azərbaycan dili rus dilinin təsiri
altına düşərək, get-gedə məhəlli dil səviyyəsinə
enməyə başladı. Amma buna
baxmayaraq, Azərbaycan xalqının böyük zəngin
potensialı və zəngin dil ənənəsi əlbəttə
ki, bu dilin tamamilə küncə
sıxışdırılmasına imkan vermədi.
Bu ənənə eyni ilə çar Rusiyası
dövründə olduğu kimi, sovet dövründə də
davam etməyə başladı. Sovet dövründə
artıq Azərbaycan dilinin tam zənginliyini, gözəlliyini
qoruyub saxlayan, o dildən ədəbi vasitə kimi istifadə
edən, düşünən beyinlər sovet
dövrünün represiya maşını tərəfindən
sıradan çıxarılmağa başladı. Beləliklə, artıq Azərbaycan dilinin yenidən
məhəlli dil olmasına doğru addımlar atıldı və
müəyyən mənada artıq bu dilin bir növ əyalətin
dilinə çevrilməsi prosesi başlandı.
Xalqımızın və dilimizin
XİLASKARI
Belə
bir təhlükəli dövrdə Azərbaycan dilinin tam
küncə sıxışdırıldığı, məhəlli
dillər qrupuna itələndiyi bir vaxtda məhz Azərbaycanın
siyasi tarixində olduğu kimi, dil tarixində də
böyük bir hadisə baş verdi. 1967-ci ildə Ulu öndərimiz Heydər Əliyev
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi
Komitəsinin sədri təyin olunduqdan sonra artıq Azərbaycan
dili ilə bağlı yeni ümidlər yaranmağa
başladı. Məlum olduğu kimi,
1967-ci ilə qədər Azərbaycan SSR Nazirlər Soveti
yanında Dövlət Təhlükəsizliyi Komitəsi Azərbaycanın
daxilində olan antiazərbaycançı qüvvələrin
mərkəzi idi. Və həmin tarixə
qədər Azərbaycan xalqının, Azərbaycanın
düşünən insanlarının,
ziyalılarımızın düşməni kimi
formalaşmış bir struktur olmaqla bərabər, eyni
zamanda, Azərbaycan dilinin və mədəniyyətinin də
düşməni rolunda çıxış edən bir qurum
idi. 1967-ci ildə Ulu öndər Heydər
Əliyevin bu vəzifəyə təyinatından sonra dərhal
burada münasibətlər dəyişməyə
başladı. Bir çox digər əhəmiyyətli
məsələlərlə bərabər dilimizə
qarşı mənəvi terrorun da qarşısı
alındı. Bundan sonra isə Azərbaycan
dilinin inkişaf mərhələsi başlandı.
Azərbaycan
dilinin inkişaf tarixində ən parlaq səhifələrdən,
həmçinin, dilimizin ən şanslı tarixi məqamlarından
biri budur ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçildikdən sonra məhz Azərbaycan dili siyasi
elitanın dilinə çevrilməyə başladı. Çünki Sovet dövründə 1969-cu ilə qədər
Azərbaycana rəhbərlik etmiş heç bir şəxs
Azərbaycan dilini ictimai-siyasi lider səviyyəsinə
qaldırmamışdı. Yalnız və yalnız
1969-cu il Ulu öndərin hakimiyyətə gəlişindən
sonra Onun Azərbaycan KP MK-nın birinci katibi kimi Azərbaycan
dilində mükəmməl, zəngin nitqləri səslənməyə
və beləliklə də, Azərbaycan dili artıq məhəlli
dil statusundan çıxaraq siyasi elitanın, rəhbər
elitanın dilinə çevrilməyə başladı. Bu isə Azərbaycan dilinin inkişafını
şərtləndirən əsas məqamlardan biridir. Düzdür, əlbəttə ki, həmin vaxta qədər
Azərbaycanda mükəmməl ədəbi nümunələr
yaranırdı, Azərbaycan ədəbiyyatında dil problemi
demək olar ki, yox idi. Yəni, dilimiz ədəbi
cəhətdən zənginləşir, inkişaf edirdi.
Amma təəssüf ki, ədəbi-bədii
sahədə olan dil inkişafı sosial-siyasi sahəyə
paralel olmurdu. Bunlar arasında proporsiya
itmişdi. Bu isə yenə də dilin
inkişaf potensialını məhdudlaşdıran əsas
faktora çevrilmişdi. Məhz
böyük dövlət xadimi Heydər Əliyevin azərbaycanca
söylədiyi mükəmməl nitqlərindən sonra Azərbaycan
dilinin sosial-siyasi tərəfi də, onun bədii tərəfi
qədər inkişaf etməyə başladı ki, bu da Azərbaycan
dili tarixində böyük hadisə idi. Maraqlı və
başlıca cəhətlərdən biri də bu idi ki, Ulu
öndər Heydər Əliyevin həm rusca, həm də azərbaycanca
olan nitqləri və məruzələri xüsusi ali məktəblərdə nümunə olaraq
öyrədilirdi.
Azərbaycan dili məhəlli dil
olmaqdan çıxaraq, sözün həqiqi mənasında
respublikanın rəsmi dili statusunu qazandı
Beləliklə, artıq Azərbaycanda yetişən yeni
nəsil məhz anladı ki, hələ sovet dövründə,
rus işğalı altında olsaq belə, Azərbaycan dilində
danışaraq lider olmaq mümkündür. Bu əslində,
mənəvi dəyərlərin dirçəldilməsi idi.
Bu Azərbaycan dilinin dirçəldilməsi idi
və bu, böyük mənada Azərbaycançılığın
dirçəldilməsi idi. Ona görə
də, bu tarixi hadisənin sonrakı mərhələdə
inkişafı o yerə gətirib çıxardı ki,
artıq paytaxt Bakı şəhərində Azərbaycan
dilində nitqlər eşidildi. Eyni zamanda,
Azərbaycan dilinin hüquqi status qazanması üçün
də zəmin formalaşdırılmağa başlandı.
Əlbəttə ki, həmin vaxt əyalətlərdə,
kəndlərdə dillə bağlı problem yox idi.
Ancaq Bakıya gələn hər bir gənc hiss edirdi ki, rus
dili qat-qat üstün dildir və kim
özünə siyasi karyera qurmaq istəyirsə, kim cəmiyyətdə
bir az irəli çıxmaq istəyirsə mütləq rus
dilini öyrənməlidir. Bununla yanaşı,
eyni zamanda, rus dilini öyrənməklə yanaşı, Azərbaycan
dilində danışarkən də qeyri-rusların vərdiş
etdiyi dil üslubundan istifadə edərək, göstərməliydi
ki, Azərbaycan dili bu şəxsə yad dildir. Bunlar olmasa Azərbaycan dilli bir şəxsin
inkişafı olduqca çətin idi. Bu
da totalitar sovet imperiyası rejiminin məhz dil basqısı
olmaqla millətimizə qarşı məxsusi sosial-psixoloji
aşağılama siyasəti idi.
Ancaq Ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra demək olar ki, bu buxovların
hamısı qırıldı. Azərbaycan dili
sosial-siyasi çevrələrdə məhəlli dil kimi qəbul
olunmaqdan çıxaraq, siyasi elitanın dilinə çevrilməyə
başladı. Lakin Ümummilli liderimizin vaxtı ilə
qeyd etdiyi kimi bütün bunlara heç də asanlıqla nail
olunmadı. Ulu öndərimiz bu yolda
çoxsaylı maneələrlə, təzyiqlərlə
baş-başa qaldı. Ancaq usta siyasətçi
özünəməxsus məharət və siyasi manevrlərlə
bütün bu təzyiq və maneələri dəf edərək,
prosesi uğurla başa çatdırdı. Belə
ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına dəyişikliklər
edildi və bu zaman Azərbaycan dilinin Konstitusiyaya dövlət
dili kimi salınması ilə bağlı gərgin mücadiləyə
start verildi. Ulu öndər buna nail
olmaq üçün həmin dövrdə mövcud və məqbul
olan bütün metodlardan istifadə etdi.
Doğrudan da, özünün şəxsi siyasi
nüfuzundan istifadə edərək Ulu öndər Heydər Əliyev
Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət
dili kimi təsbit olunmasına nail oldu. Bundan sonrakı mərhələdə
artıq Azərbaycan dili ədəbi-bədii dil olmaqdan
çıxaraq, eyni zamanda, sözün həqiqi mənasında
respublikanın rəsmi dili statusunu qazandı. Bu, əlbəttə ki, tarixi bir hadisə idi. Sonrakı dövrlərdə dilin
inkişafını şərtləndirən elmi-texniki tərəqqi
baş verdikcə, ədəbiyyatda yeni cərəyanlar, yeni
üslublar yarandıqca, Azərbaycan dili də bu prosesə
qoşularaq möhkəmlənməyə və inkişaf etməyə
başladı.
Onu da vurğulamaq yerinə düşər ki, ötən
əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan
yenidən müstəqillik əldə etdikdən sonra da
ölkəmizdə dil və əlifba problemi yaşanmağa
başladı.
Çünki həmin dövrdə müzakirə
olunan başlıca məsələlərdən biri əlifbanın
dəyişdirilməsi məsələsi idi. O zaman
baxmayaraq ki, bunu arzu edənlər vardı, amma bunu necə həyata
keçirmək, buna necə nail olmaq məsələsi ciddi
bir sual kimi həmin şəxslərin qarşısında durmuşdu.
Məlum olduğu kimi, 1991-1992-ci illərdə Azərbaycanın
siyasi elitası və Azərbaycana rəhbərlik edən
şəxslər Azərbaycan dilini bilmirdilər. Bilməməklə
yanaşı onlar hətta bu dilə nifrət edirdilər.
Çünki Azərbaycan dilində
danışarkən xalq tərəfindən gülünc hədəfinə
çevrilirdilər. Belə insanlardan dil vətənpərvərliyi,
mənəvi vətənpərvərlik gözləmək,
millət və xalq vətənpərvərliyi gözləmək
əlbəttə ki, doğru deyildi. Və
biz bunun şahidi olduq ki, Ə.Vəzirov Azərbaycan dilində
necə danışırdı. Onun hər
kəlməsi insanlarda gülüş doğurur, Azərbaycan
xalqının ironiyasına səbəb olurdu.
Amma bir də bunun tərsi gəldikdə, yəni,
AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdə
də real addımlar atılmadı. Azərbaycan dili onlara
yaxın dil olmasına baxmayaraq, həmin iqtidar bu dilin
inkişafını təmin edəcək siyasətə malik
deyildi. Çarəsiz idilər. Çünki həmin iqtidar o qədər
iqtidarsız bir iqtidar idi ki, verilən sərəncamlar və
fərmanlar belə icra olunmurdu. Bununla da, Azərbaycan
dili yenidən iki od arasında
qalmışdı. Ya kiril qrafikalı əlifbaya
söykənərək, bu istiqamətdə inkişafı
davam etdirməli, ya da yeni əlifbaya keçməklə yenidən
türk dilləri ailəsində öz yerini tutmalı. Yəni, o dövrün iqtidarı olan AXC-Müsavat
cütlüyü bu keçidi reallaşdıra bilmədi.
Buna görə də, dilin əlifbamızın
necə olacağı həm dilçilərdə, həm ədəbiyyatçılarda,
həm də gənc nəsildə çox böyük
narahatçılıq yaradırdı.
Azərbaycanın dilinin
inkişafında yeni mərhələ
Nəhayət,
2001-ci il avqust ayının 1-də Ulu
öndər Heydər Əliyev tərəfindən Azərbaycanda
latın qrafikalı əlifbaya keçməklə
bağlı Sərəncam imzalandı. Bu isə
Azərbaycanın dil tarixində yeni bir hadisə idi.
Bundan sonra Azərbaycanda istər dövlət müəssisələrində,
istər icra hakimiyyəti orqanları arasında, istərsə
də ali təhsil müəssisələrində
latın qrafikalı Azərbaycan əlifbası sürətlə
tətbiq olunmağa başladı. Dövlət tərəfindən
rəsmi şəkildə latın
qrafikalı əlifbanın qəbul olunması Azərbaycan
dilinin inkişafında keyfiyyətcə yeni mərhələ
açmış oldu. Ancaq bununla bərabər əlbəttə
ki, bütün ziyalılarımızı
düşündürən bir sual vardı: Bəs, görəsən
70 ildə kiril qrafikalı əlifba ilə çap olunan Azərbaycan
ədəbiyyatının, elmi kitabların, bədii
kitabların və s. taleyi necə olacaq? Məlum olduğu
kimi, bunlar da Ulu öndərin uzaqgörən siyasəti nəticəsində
öz həllini tapmağa başladı və sonrakı mərhələdə
artıq Azərbaycan Respublikasının Prezidenti, cənab
İlham Əliyev tərəfindən bütün klassiklərimizin,
demək olar ki, bütün ədəbi və elmi-kütləvi
məhsullarımızın hamısının dövlət
hesabına latın qrafikalı Azərbaycan əlifbasında
çap olunmasına dair Fərman imzalandı. Beləliklə,
Azərbaycan dili sürətlə inkişaf etməyə
başladı.
Eyni zamanda, bu dövrdə, postmodernist cəmiyyət
qurulduqca bu cəmiyyətin dil tələblərinə
uyğun olaraq ayrı-ayrı istiqamətlərdən
leksikonumuza müxtəlif səpkili yeni sözlər gəlirdi. Bütün bunların
hamısının dilimizə qəbul olunması və yaxud
onun tərcümə olunaraq Azərbaycanın leksik fondunda
öz əksini tapması maraqlı bir proses kimi bu gün də
davam etməkdədir.
Amma bu
proses artıq daha rahat gedir. Ona görə ki, latın
qrafikalı əlifbanın verdiyi imkanlar həm bizə
Avropadan, Qərbdən gələn sözlərin
orijinalını oxumağa və həmin sözü orijinala
daha yaxın şəkildə səsləndirməyə imkan
verir, eyni zamanda onu yazılış formasında ifadə etməyimizi
də asanlaşdırır. Həmçinin, latın
qrafikalı əlifba Azərbaycan dilinin yenidən
formalaşdırılması Türkiyə-Azərbaycan
münasibətlərinin də bugünkü səviyyəyə
çatmasında böyük rol oynayıb. Biz latın
qrafikalı Azərbaycan əlifbasına keçdikdən sonra
Türkiyədə yaranan ədəbi məhsulları
çox rahat şəkildə oxuya bilirik. Eyni
zamanda, Türkiyə Cümhuriyyəti vətəndaşları
da Azərbaycan ədəbiyyatını maneəsiz oxuya bilirlər.
Yəni, dolayısı ilə burada dilin
inteqrasiya prosesi başladı. Azərbaycan və
Türkiyə arasında olan bu inteqrasiya isə
özlüyündə digər türkdilli dövlətlər
arasındakı inteqrasiyanı da şərtləndirməyə
rəvac verdi.
Əlbəttə, bütün bunlar üçün biz
digər başqa sahələrdə olduğu kimi, dil sahəsində
də Ulu öndərimizin fəaliyyətini qiymətləndirməklə,
Ona şükran borcumuzun olduğunu ifadə etməliyik.
Hikmət BABAOĞLU,
Əməkdar jurnalist
Yeni Azərbaycan.- 2011.- 4 avqust.- S.
3.