Azərbaycan hökuməti milli
iqtisadi potensialın artırılması ilə bağlı
uğurlu nəticələr əldə edib
Həyata keçirilən praqmatik,
təmkinli və düşünülmüş iqtisadi
strategiya ölkəmizin siyasi və iqtisadi sabitliyi
üçün dərin əsaslar yaradıb, inkişafı
sürətləndirib
Azərbaycanda
həyata keçirilən davamlı iqtisadi islahatlar
respublikamızın beynəlxalq miqyasda nüfuzunun və
reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə
zəmin yaradıb. İslahatların dinamikliyi sayəsində
ölkəmizin beynəlxalq kredit reytinqi son illər davamlı
olaraq artır. Respublikamızın yüksək inkişaf
indikatorları dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzləri,
analitik nəşrləri tərəfindən təqdir olunur.
Bu qurumların hazırladığı hesabatlarda, eləcə
də, iqtisadi nəşrlərin geniş analitik şərhlərində
Azərbaycanın beynəlxalq iqtisadi sistemdə rolu, dünya
ticarətinə inteqrasiyası, biznes mühitinin vəziyyəti,
maliyyə sabitliyi, yüksək artım indeksləri fonunda
sosial islahatların effektivliyi və digər makroiqtisadi proseslər
təfərrüatlı şəkildə öz əksini tapır.
Bu mənada,
dünyanın ən nüfuzlu və çoxtirajlı nəşrlərindən
olan “The Business Year” jurnalının ölkəmizdəki
iqtisadi inkişafa geniş yer ayırması da təsadüfi
deyil. Azərbaycanın düşünülmüş iqtisadi
siyasət həyata keçirməsi sayəsində əldə
etdiyi mühüm uğurlar, yüksək makroiqtisadi nailiyyətlər,
sistemli və köklü islahatların reallaşması nəticəsində
bütün sektorlarda əldə olunan müsbət meyillər,
şəffaf biznes mühiti, rəqabətliliyin möhkəmlənməsi,
insan inkişafı indeksi, həmçinin, digər parametrlər
bu jurnalın xüsusi tədqiqat mövzusuna çevrilib və
ölkəmiz haqqında real qiymət verilib. Qeyd edək ki,
“The Business Year” iqtisadi nəşrində Azərbaycanın son
illərdə keçdiyi yüksək inkişaf yolu və
davam etdirilən islahatların mühüm nəticələri
barədə məlumatlar əks olunub.
Azərbaycan
hökuməti ölkədə makroiqtisadi sabitliyin
saxlanması, milli iqtisadi potensialın artırılması,
neft sektoru amilinin azalması və qeyri-neft sektorunun
inkişafı, əlverişli investisiya və biznes
mühitinin yaradılması siyasəti yürüdür. Azərbaycan
iqtisadiyyatı dünya maliyyə-iqtisadi böhranına
uğurla tab gətirib və artım tendensiyasını
saxlayıb. Son illər ərzində məhz qeyri-neft sektorunun
artımı neft hasilatının və dünyada neftin qiymətlərinin
azalması fonunda ümumi iqtisadi artımı təmin edib. Həyata
keçirilən praqmatik, təmkinli və
düşünülmüş iqtisadi strategiya
respublikamızın siyasi və iqtisadi sabitliyi
üçün dərin əsaslar yaradıb, inkişafı
sürətləndirib. Ölkəmizdə güclü maliyyə
resursları formalaşıb. Respublikamızın xarici ticarət
dövriyyəsindəki pozitiv meyillər, neft ixracının
coğrafiyasının genişlənməsi, yeni nəql
marşrutlarının istifadəyə verilməsi və
yanacaq resurslarının nəqlinin çoxalması, qeyri-neft
sektorunun valyutatutumlu sahəyə çevrilməsi Azərbaycanın
orta gəlirli ölkələr statusuna malik olmasını
möhkəmləndirib.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata
keçirilən mükəmməl iqtisadi strategiya milli valyuta
ehtiyatlarının artım dinamikasına əlverişli zəmin
yaradıb. Hazırda öz milli gəlirlərini artıran Azərbaycan
güclü maliyyə-valyuta rezervlərinə malik dövlət
kimi qəbul olunur. Dövlət başçısının
qeyd etdiyi kimi, neft-qaz sektorundan daxil olan milli gəlirlərin
yüksək peşəkarlıqla idarə olunması həm
inkişafı sürətləndirir, həm də valyuta
ehtiyatlarımızın artmasına əlverişli stimul
verir: “Ölkəmizin strateji valyuta ehtiyatları artır.
İlin əvvəlindən ehtiyatlarımız 9 milyard dollar
artmışdır. Bu da çox gözəl göstəricidir.
Biz həm əldə edilmiş gəlirləri ölkə
iqtisadiyyatının inkişafı üçün lazım
olan sahələrə məqsədyönlü şəkildə
xərcləyirik, eyni zamanda, ehtiyatları daha da
artırırıq. Bütövlükdə, hazırda ölkəmizin
strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir.
Bu, çox böyük rəqəmdir və əminəm ki,
bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu, bizə
imkan verir ki, ölkə iqtisadiyyatının
inkişafını təmin edək, insanların sosial problemlərinin
həlli üçün əlavə maliyyə resursları cəlb
edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli
inkişafına nail olaq”.
Hazırda
strateji valyuta ehtiyatları 40 milyard dollara yaxınlaşan
ölkəmizin maliyyə rezervləri uzunmüddətli
iqtisadi inkişaf üçün güclü zəmin
yaradır. Respublikamızın valyuta ehtiyatlarının həcmi
dövlət borcunu dəfələrlə üstələyir
ki, bu da davamlı və uzunmüddətli layihələrin
maliyyələşməsini təmin edir. Güclü maliyyə ehtiyatları
respublikamızda bütün iqtisadi və sosial hədəflərə
çatmağa imkan verir.
“The
Business Year” jurnalında Azərbaycan iqtisadiyyatının
uğurlu inkişafı, onun davamlı artımı, maliyyə
ehtiyatlarımızın artımı, mühafizəkar
borclanma siyasəti, habelə, onun böhrana qarşı
nümayiş etdirdiyi dayanıqlılıq və digər
meyillər də ətraflı şəkildə təhlil
olunur. Hökumətin həyata keçirdiyi effektiv pul-kredit
siyasəti maliyyə sabitliyinin möhkəmlənməsinə
səbəb olub ki, bu da bankların sağlam fəaliyyəti
üçün stimul verməkdədir. Eyni zamanda, ölkədə
müşahidə olunan sabit makroiqtisadi mühit bank sistemində
də dinamikaya təsir göstərir, iqtisadiyyatda artım
templərinin əldə olunmasında banklar mühüm rol
oynayır. Son bir ildə Azərbaycanın bank və kredit
bazarında inkişaf meyilləri daha da sürətlənməyə
başlayıb, banklarının aktivlərinin keyfiyyəti və
likvidliyində dinamika müşahidə olunur, əksər
bankların gəlirliliyi artıb, dividend əldə etmək
imkanları yüksəlib. Bundan başqa, bankların
iqtisadiyyata kredit qoyuluşlarında payı da artmaqda davam edir.
Bankların kredit portfelinin artması, aktivlərinin əhəmiyyətli
dərəcədə yüksəlməsi insanların əmanətlərini
bu sahəyə yönəltməsinə ciddi şəkildə
təsir göstərir.
Böyük
valyuta rezervlərinə malik olan Azərbaycan sosial və
iqtisadi sahələrdə olan maliyyə ehtiyaclarını tam
ödəməklə bərabər, xarici dövlətlərin
iqtisadiyyatına vəsait yönəltməklə
bağlı siyasəti də gücləndirib. Son illər MDB
dövlətlərinə, eləcə də, Mərkəzi-Şərqi
Avropa ölkələrinə investisiya qoyuluşlarının
dinamikasındakı artım meyilləri bunu göstərir.
Respublikamız Gürcüstan, Moldova, Ukrayna, Rumıniya,
Türkiyə, Belarus iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə
qoyub. Azərbaycan indiyədək təkcə Türkiyə
iqtisadiyyatına 4 milyard dollar investisiya yatırıb.
Qardaş ölkəyə yaxın gələcəkdə daha
6 milyard dollar investisiya
yatırılması nəzərdə tutulur. Xarici investisiya
siyasəti daha da genişlənib və Avropanın digər
regionlarını da əhatə etməyə başlayıb.
Azərbaycan yaxın illər ərzində Yunanıstan,
Bolqarıstan, Polşa, Çexiya, Litva, Latviya və digər
ölkələrin iqtisadiyyatına da sərmayə qoymaq barədə
strateji plan üzərində işləyir.
“The
Business year” nəşrinin də qeyd etdiyi kimi, Azərbaycan
bölgədə potensial sərmayədar ölkə kimi
çıxış edir. Bütün bunlarla yanaşı, Azərbaycanın
əlverişli sərmayə mühitini təmin etməsi
xarici dövlətlərin investorlarının ölkəmizə
axınını da sürətləndirib. Respublikamızda
şəffaf biznes mühitinə və xarici sərmayədarların
fəaliyyəti üçün təmin edilmiş cəlbedici
sərmayə atmosferası investisiya fəallığına əlverişli
zəmin yaradıb. Jurnalın analitiklərinin fikrincə, Azərbaycanın
investisiya imkanları çox cəlbedicidir. Bu, xarici sərmayə
qoyuluşlarının artım dinamikası üçün əlverişli
imkanlar yaradır. Analitik qrupun şərhində qeyd olunur ki,
investisiya sahəsində həyata keçirilən tədbirlər
və bu bölmədə sərmayə cəlbediciliyinin
yüksəldilməsi Azərbaycanın maliyyə sabitliyinin
möhkəmlənməsinə təkan verib, xarici
investorların ölkəyə marağının
artmasına zəmin yaradıb. Dünyanın ən inkişaf
etmiş dövlətləri Azərbaycanda dəyəri milyard
dollarla ölçülən iri layihələr həyata
keçirir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi
Qafqaz iqtisadiyyatının 70 faizindən çoxunu təşkil
edir. Son 20 ildə ölkə iqtisadiyyatına 100 milyard dollar
investisiya yatırılıb.
ELBRUS CƏFƏRLİ
Yeni Azərbaycan.- 2011.- 4 avqust.- S.
2.