Sosial məsələlərin
vaxtında həllini tapması dövlət siyasətinin
mühüm prioritetini təşkil edir
Prezident İlham Əliyev: Son 7 il ərzində
yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə
aşağı düşmüşdür. Mən ümid
edirəm ki, bu ilin yekunlarına görə bu rəqəm yenə
də aşağı düşəcəkdir
Ölkəmizdə
əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
bütün sosial məsələlərin vaxtında və
yüksək səviyyədə həllini tapması dövlətin
sosial siyasətinin əsasını təşkil edir. Azərbaycan
Prezidenti İlham Əliyev bu sahədə mövcud olan
çatışmazlıqların, xüsusən aztəminatlı
ailələrin həyatına ciddi təsir göstərən
problemlərin həllində qətiyyət nümayiş
etdirir. Yoxsulluğu sosial bəla sayan ölkə
başçısı, onun aradan qaldırılmasını
vacib hesab edir: “Ünvanlı sosial yardım proqramı
aparılır. Bu proqram hazırda 125 min ailəni əhatə
edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək
göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan
dövləti tərəfindən göstərilən
qayğıdır. Məqsədimiz ondan ibarətdir və bu məqsədi
bir neçə il bundan əvvəl qarşıya qoymuşdum
ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan
qaldırılsın. Son illərin təcrübəsi göstərir
ki, biz bu məqsədə çatırıq. Son 7 il ərzində
yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə
aşağı düşmüşdür. Mən ümid
edirəm ki, bu ilin yekunlarına görə bu rəqəm yenə
də aşağı düşəcəkdir”.
Yoxsul
ailələrin yaşayışında mühüm rol oynayan
ünvanlı dövlət sosial yardımı proqramı
ölkə rəhbərinin aztəminatlı insanlara olan diqqət
və qayğısı nəticəsində yüksək səviyyədə
həyata keçirilir. Ünvanlı yardım alan ailələrin
sayı 125 472, hər ailəyə ödənilən
yardımın orta aylıq məbləği isə 103,95 manat
təşkil edib. Ünvanlı yardımın hesablanması
üçün götürülən ehtiyac meyarının
həddi bu ilin əvvəlindən 75 manata
qaldırılıb ki, bu da 2006-ci ildəki müvafiq göstərici
ilə müqayisədə 2,5 dəfə artım deməkdir.
Hazırda
ünvanlı sosial yardım alan ailələrin daha fəal
sosial təminat yönümlü proqramlara cəlb
olunmaları, beynəlxalq təcrübəyə uyğun
olaraq şərtləndirilmiş sosial yardımın verilməsi
prinsiplərini özündə birləşdirən Birdəfəlik Sosial Yardım
(Özünədəstək) proqramının sınaqdan
keçirilməsi davam etdirilir.
Dövlət
başçısının sərhədyanı bölgələrin
əhalisinə göstərdiyi diqqət və qayğıya
uyğun olaraq, cari ilin mart ayının əvvəllərində
Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən
Vahidli kəndində “Özünədəstək” layihəsi
ilə bağlı sınaq işlərinə start verilib. Həmin
kənddə ünvanlı yardım alan 52 ailədən 15-nə
ev təsərrüfatlarında şəxsi istehsalla məşğul
olmaları və bununla öz həyatlarını təmin edə
bilmələri üçün mal və materiallar alınıb
verilib. Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən
çıxarılmasına aktiv tədbirlər vasitəsilə
kömək göstərilməsi məqsədilə layihənin
daha üç pilot rayonda icra edilməsi nəzərdə
tutulub.
Ölkəmizin
ərazi bütövlüyü uğrunda canlarından
keçmiş şəhidlərimizin ailə üzvləri və
Qarabağ müharibəsi əlillərinin mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılması da
hər zaman diqqət mərkəzində olub. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil
və şəhid ailələri üçün 2008-ci ildə
əvvəlki illə müqayisədə 2,3 dəfə
çox, yəni 396 mənzil istifadəyə verilmişdisə,
2009-cu il ərzində bundan təxminən iki dəfə
artıq - 707 mənzilin tikintisi
başa çatdırılıb. Mənzillərin
inşasında bu həcmin saxlanılması və nəticədə
növbədə olan insanların yeni müasir mənzillərlə
təminatının yaxın bir neçə ildə tam
başa çatdırılması ilə əlaqədar
dövlət başçısının
tapşırığının icrası olaraq 2010-cu ildə 715 mənzil inşa etdirilib. Bu ilin əvvəlindən
bir sıra rayonlarda yeni fərdi və çoxmənzilli
yaşayış binalarının istifadəyə verilməsi
və mənzillə təmin olunanların sayının 4000-i
ötməsi göstərir ki, Prezidentin
tapşırığına əməl olunub. Bu ilin sentyabr
ayınadək Ağcabədi, Göygöl, Samux, Qəbələ,
Yevlax və Quba rayonlarında hər biri 4 mərtəbəli
36 mənzilli yaşayış binaları istifadəyə
veriləcək. Hazırda Suraxanı, Sabunçu
rayonlarında və Gəncə şəhərində hər
biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində
isə 12 mərtəbəli 112 mənzilli yaşayış
binalarının inşaat işləri aparılır.
Yaxın günlərdə Şəki və Şəmkir
rayonlarında hər biri 36 mənzilli, eyni zamanda, müxtəlif
bölgələrdə 10 ədəd fərdi evin tikintisinə
başlanacaq. Dövlət başçısının ötən
ilin dekabrında Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində
əlil və şəhid ailələri üçün hər
biri 81 mənzilli 3 ədəd binadan ibarət olacaq
yaşayış kompleksinin təməlini qoyması əlil və
şəhid ailələrində böyük ruh yüksəkliyi
yaradıb.
Həmçinin,
əlillərin minik avtomobilləri ilə təminatı
işləri də davam etdirilir. Artıq 3 000-dən çox Qarabağ
müharibəsi və Böyük Vətən müharibəsi
əlillərinə minik avtomobilləri verilib.
Son
illərdə ölkədə bərpa-müalicə sisteminin
təkmilləşdirilməsi, eləcə də, əlillik təyinatlarının
aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində
respublikada əlilliyin artım sürətinin
qarşısını alıb, reabilitasiya göstəricisi 6 faizədək
yüksəlib. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına əsasən, hazırda dünya üzrə əlillərin
əhali tərkibində faiz göstəricisi 10 faizdən
yüksəkdir. Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil
edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdəndir.
Hazırda
ölkəmizdə 14 regional bərpa-müalicə müəssisəsi
fəaliyyət göstərir ki, onlarda hər il 8 000 nəfərədək
əlilə bərpa-müalicə xidməti göstərilir.
Qarşıda duran əsas vəzifələrdən biri sosial
reabilitasiya yönümlü tədbirlərin gücləndirilməsi
yolu ilə həmin insanların layiqli həyat şəraitinin
təmin olunması, özlərini cəmiyyətin digər
üzvləri kimi hiss etməsi üçün onlara daha
geniş şəraitin yaradılmasıdır. Bu məqsədlə
tibbi bərpa profilli müəssisələrdə
çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə
hazırlıq işləri aparılır.
Eyni
zamanda, yaxın günlərdə əlillərin cəmiyyətə
fəal inteqrasiyasının təmin olunması məqsədilə
ölkədə yeni tipli müəssisələrin - Gözdən
Əlillər üçün Tədris-Bərpa Mərkəzinin,
Yetkinlik Yaşına Çatmayanlar üçün Sosial
Sığınacaqların və Tibbi-Sosial Reabilitasiya Mərkəzlərinin
inşasına başlanacaq.
RUHİYYƏ
Yeni Azərbaycan.- 2011.- 5 avqust.- S.
2.