Azərbaycan-ABŞ münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir

 

İki ölkə arasında bir sıra istiqamətlər üzrə mühüm tərəfdaşlıq münasibətləri mövcuddur

 

Xarici dövlətlərlə bərabərhüquqlu münasibətlərin formalaşması, yaranmış münbit zəmin üzərində bu əlaqələrin inkişafı Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən sayılır. Belə ki, Azərbaycan milli maraqlar çərçivəsində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları ilə, o cümlədən, xarici ölkələrlə münasibətlər qurur, əlaqələrini genişləndirir və inkişaf etdirir.

Azərbaycan-ABŞ münasibətləri də bu kriteriyalara söykənir. Bu gün ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək səviyyəli münasibətlər mövcuddur. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya anadan olmasının 50 illiyi münasibətilə ünvanladığı təbrik məktubunda da qeyd olunub. Məktubda bildirilir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf yolundadır: “Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində fəal qarşılıqlı işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir”.

Məktubda, həmçinin, ABŞ-ın Cənubi Qafqaz regionuna yönəltdiyi diqqətdən məmnunluq ifadə olunur: “Biz Birləşmiş Ştatların həmçinin regionumuza diqqətini yüksək qiymətləndiririk. Bu mənada torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qaldırılması üçün ölkənizin və şəxsən Sizin, cənab Prezident, ardıcıl səyləriniz çox əhəmiyyətlidir. Ümidvaram ki, bu səylər ən yaxın vaxtlarda öz bəhrəsini verəcək və münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli ilə nəticələnəcəkdir”.

Qeyd edək ki, iki dövlət arasındakı münasibətlər hər zaman yüksək işgüzarlıq və dostluq səviyyəsində tənzimlənib. Bir müddət öncə ABŞ-ın milli bayramı-Müstəqillik günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obamaya ünvanladığı təbrik məktubunda da ölkəmizlə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğu vurğulanırdı. Məktubda göstərilirdi ki, hər iki dövlət strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsindəki tərəfdaşlığa daim töhfə vermək əzmindədir.

Bir sözlə, Azərbaycanla ABŞ arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Eyni zamanda, hər iki ölkə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını dəfələrlə nümayiş etdirirbütün sahələrdə əməkdaşlıq etməkdədir. İki ölkə arasında siyasi, iqtisadihumanitar əməkdaşlıq sahələrində ötən dövr ərzində müəyyən irəliləyişlərə nail olunub, yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub və əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquq-müqavilə bazası yaradılıb. Azərbaycan - ABŞ əlaqələri əsasən hərbi-siyasi və təhlükəsizlik, iqtisadienergetika sahəsindəki əməkdaşlığı, həmçinin, demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatları əhatə edir. Qeyd etmək lazımdır ki, sonuncu sahə üzrə ABŞ hökuməti Azərbaycanın istər ölkə rəsmiləri, istərsə də qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. Bundan başqa, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.

Hərbi-siyasi və təhlükəsizlik sahəsindəki əməkdaşlıq əsasən beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səyləri, Azərbaycanın sərhədləri, xüsusilə, dəniz sərhədlərinin möhkəmləndirilməsi, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemiAvropada Adi Silahlı Qüvvələr Müqaviləsi sahəsində, eləcə də, NATO, Təhdidlərin Birgə Azaldılması proqramı və ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı çərçivəsində Birləşmiş Ştatlarla əməkdaşlığı özündə ehtiva edir. Dövlətlər arasındakı enerji sahəsindəki əməkdaşlıq isə özündə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığı birləşdirir. Əməkdaşlığın əsas istiqamətləri kimi Azərbaycanda neftqaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrin həyata keçirilməsi, ölkəmizin qeyri neft sektorunun inkişafı və qarşılıqlı ticarətin diversifikasiyası sahəsində əməkdaşlığı qeyd etmək olar. ABŞ-ın Azərbaycana iqtisadi sahədə yardımı bir sıra ixtisaslaşmış təşkilatlar vasitəsilə aparılır. Bu təşkilatlar sırasında Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Ticarət və İnkişaf Agentliyinin rolunu (USTDA) xüsusilə qeyd etmək olar.

Dövlətlərarası ikitərəfli əlaqələrin inkişafı isə ölkəmizin müstəqillik əldə etdiyi illərə təsadüf edir. Qeyd edək ki, bu günə kimi, iki ölkə arasında 73 sənəd imzalanıb və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Əməkdaşlıq qrupları - Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan - ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu, ABŞ Konqresində isə “Azərbaycan üzrə İşçi Qrupu” fəaliyyət göstərir.

Azərbaycan və ABŞ hökumətləri arasında əməkdaşlığın dinamik inkişafı və Azərbaycanın ABŞ-ın regionda vacib tərəfdaşı olduğunu nəzərə alaraq, ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələr tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Bu xüsusda iki ölkə arasında yaradılmış birgə iqtisadi komissiyanı (Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası (İTK)) xüsusilə qeyd etmək lazımdır. Komissiyanın ilk iclası 2007-ci ilin fevralında Bakıda, ikinci iclası isə 14 noyabr 2008-ci ildə Vaşinqtonda keçirilib.

Əksər ekspertlərin də qeyd etdikləri kimi, bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili-xarici siyasət kursu, əldə olunan iqtisadi nailiyyətlər ABŞ-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən ən əsas məqamlardan biridir. Bununla yanaşı, Azərbaycanın karbohidrogen ehtiyatları, həmçinin, bu ehtiyatların daşındığı əsas tranzit ölkəsi olması iki dövlət arasındakı münasibətlərin dinamizmini artırır. Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji daşınması layihələrinin reallaşmasında Amerikanın da dəstəyi olub, bu amil, rəsmi Vaşinqtonun ümumilikdə Cənubi Qafqaz bölgəsinin, regionda dövlətlərarası münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Bu gün digər regional layihələrin reallaşması üçün də əlverişli zəmin yarana bilər. Prezident Barak Obamanın hər zaman enerji məsələlərinə xüsusi həssaslıqla yanaşmasını və enerji təhlükəsizliyi məsələsində Azərbaycanın oynadığı rolu nəzərə alsaq, iki dövlət arasında əməkdaşlığın bundan sonra da yüksək və çoxşaxəli şəkildə inkişaf etdiriləcəyinə inanmaq olar.

Azərbaycan ABŞ-la dünyada sülhün bərqərar olması istiqamətində aparılan fəaliyyətdə də yanaşı addımlayır. Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı apardığı qlobal mübarizəyə Azərbaycanın verdiyi töhfə hər zaman bu ölkənin ən yüksək dövlət rəsmiləri tərəfindən xüsusilə vurğulanıb. Azərbaycanın silahlı qüvvələrinin hissələrinin Əfqanıstanda və İraqda sülhün bərqərar olmasında, terrorizmə qarşı mübarizədə aktiv şəkildə iştirakı hər zaman yüksək qiymətləndirilib. Hər iki ölkə demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquqlarına hörmət edilməsi kimi məsələlərdə əməkdaşlığın vacibliyinin şərt olduğunu bildiribbu istiqamətdə əməkdaşlıq nümayiş etdirib.

Beynəlxalq terrorizmə qarşı mübarizədə sərgilədiyi fəaliyyətlə yanaşı, Azərbaycan həm də yerləşdiyi bölgədə sülhün bərqərar olmasında mühüm rola malikdir. Bu gün aydındır ki, Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha yüksək sürətlə həyata keçirilməsinə və sülhün təminatına ən böyük maneə məhz Ermənistanın işğalçı siyasətidir. Azərbaycan torpaqlarını işğal altında saxlayan, həmçinin, artıq uzun illərdir ki, qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan özünü beynəlxalq layihələrdən kənarda saxlayıb və regionun ümumi inkişaf tempindən dəfələrlə geridə qalıb. Münaqişənin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ regionda sülhün bərqərar olması istiqamətində fəaliyyət nümayiş etdirir. Münaqişənin yeganə həlli yolu isə ölkəmizin ərazi bütövlüyü çərçivəsindədir və həmsədr ölkə olaraq ABŞ bu məqamı hər zaman vurğulayır.

Bir neçə ay öncə Bakıda keçirilən Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransı zamanı ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda əks olunan fikirlər də iki ölkə arasındakı münasibətlərin uğurlu inkişafını təsdiq edir. Məktubda Azərbaycanın uğurlu enerji siyasətinin həyata keçirilməsində Ümummilli liderimiz Heydər Əliyevin xüsusi rolunun olduğu vurğulanmışdı. Bildirilirdi ki, məhz Ümummilli liderimizin uzaqgörənliyi və qətiyyəti sayəsində “Şərq-Qərb” enerji dəhlizi yarandı. Bununla yanaşı, “Azəri-Çıraq-Günəşli” neft yataqları, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, “Şahdəniz” qaz yatağı kimi iri enerji layihələrinə böyük həcmdə beynəlxalq sərmayələr və Cənubi Qafqaz qaz boru kəməri Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadistrateji fayda verdi. ABŞ Prezidenti qlobal enerji tələbatının ödənilməsində faydalı olmuş Azərbaycanın dövlət və özəl sektorları arasında uğurlu tərəfdaşlıqdan beynəlxalq ictimaiyyətin də yararlandığını qeyd etmişdidünyada ən nəhəng və mürəkkəb təbii qaz layihələrindən biri hesab edilən “Cənub dəhlizi”nə töhfə vermək qərarını Azərbaycanın enerji sahəsinin inkişafında və iqtisadi rifahında yeni mərhələ olacağını və təbii qaza etibarlı çıxışın təkmilləşdirilməsinə yardım edəcəyinə əmin olduğunu vurğulamışdı.

Həqiqətən də, ABŞ ölkəmizin bölgədə rolunu yüksək qiymətləndirir və Cənubi Qafqazın lider dövləti olan Azərbaycanı özünün fəal tərəfdaşı hesab edir. Bir müddət öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a işgüzar səfəri çərçivəsində bu ölkənin dövlət katibi Hillari Klintonla görüşü zamanı da bu məqam xüsusilə vurğulanıb. Bu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar da müzakirə mövzusu olub. Görüş zamanı dövlət katibi Hillari Klinton əmin edib ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Birləşmiş Ştatlar tərəflər arasında razılığa nail olmaq üçün yardımını davam etdirəcək. Xanım Klinton Azərbaycana terrorizmlə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və ikitərəfli əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb. Onun görüşdən sonra keçirilən birgə brifinqdəki “Azərbaycanla əlaqələr ABŞ üçün strateji əhəmiyyət daşıyır” sözləri isə Evin ölkəmizlə əməkdaşlığa necə böyük önəm verdiyini növbəti dəfə təsdiqləyir. Vaşinqton və Bakı arasında ikitərəfli münasibətlər, regional problemlər, eləcə də, qlobal məsələlərdə əməkdaşlığın mövcud olduğunu deyən dövlət katibi, həmçinin, “Biz ikitərəfli, regional və hətta qlobal məsələlərə dair birgə işləyirik. Münasibətlərimizi daha da dərinləşdirmək niyyətindəyik” sözlərini də əlavə edib.

 

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2011.- 5 avqust.- S. 3.