Senzuranın ləğvi Azərbaycan mətbuatının
inkişaf tarixində keyfiyyətcə yeni mərhələ
açdı
Azərbaycanda
milli, müstəqil mətbuatın inkişaf tarixi, peşəkar
medianın yaranması Ümummilli liderimiz Heydər Əliyevin
adı ilə bağlıdır. 1969-cu ilin 14 iyulunda Ümummilli
liderimiz Heydər Əliyevin Azərbaycanın Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi
digər sahələrdə olduğu kimi, mətbuatın
inkişafında da əsaslı dönüş yaratdı. Məhz
Ulu öndərimizin şəxsi səyi nəticəsində
dilimizə olan ögey münasibətdə köklü dəyişiklik
baş verdi. Ümummilli liderimiz Heydər Əliyev hər zaman
Azərbaycan dilinə böyük qiymət verdiyini
nümayiş etdirirdi. Həm bu amil, həm də 1978-ci ildə
qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının
Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit
olunması Azərbaycan dilinin siyasi elitanın dilinə
çevrilməsinə təkan verdi. Bununla yanaşı, Azərbaycan
mətbuatında uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən,
milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən
bəhs edən yazılar yazılmağa başlanıldı,
bu məsələlər geniş təhlil olunaraq təbliğ
edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
jurnalistika fakültəsinin əlaçı tələbələri
Moskva Dövlət Universitetinə oxumağa göndərildilər.
Bu isə Azərbaycan milli jurnalistika məktəbinin
formalaşmasında, müasir jurnalistikanın
inkişafında mühüm və müstəsna rol
oynadı.
Onu
da qeyd etmək yerinə düşər ki, 1991-ci ildə
müstəqilliyimizin ikinci dəfə əldə olunmasının
ardından mətbuat sahəsindəki vəziyyət də digər
sahələrdə olduğu kimi ürəkaçan deyildi. Təsadüfi
şəxslərin ölkə rəhbərliyinə gəlməsi,
Azərbaycanın silahlı qruplaşmaların mübarizə
meydanına çevrilməsi və ölkədə qeyri-sabit
vəziyyətin yaranması təbii olaraq mətbuatın da
inkişafına maneələr törədirdi. Həmin
vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə
yaradılan bürokratik əngəllər əsl həqiqətin
xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat
hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti
bu cütlüyün təmsilçilərinin hakimiyyətdə
təmsil olunma səviyyələri ilə adekvat idi. Belə
ki, məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı
verirdi və söz azadlığı, fikir plüralizmi kimi
mövhumlar Azərbaycana yad meyarlara çevrilmişdi. Nəticədə
isə istər Həsən bəy Zərdabi dövründən
miras qalan, istərsə də Ümummilli liderimiz Heydər Əliyev
tərəfindən formalaşdırılan milli mətbuat ənənələri
kobud şəkildə dağıdılırdı. Millətin
gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu
yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist
adına ləkə vurulması ilə də nəticələnirdi.
Hətta bu gün belə mübarizə aparılan,
jurnalistikanın ən ağrılı yeri sayılan “reket
jurnalistikası” da məhz o günlərdən bizə qalan
yadigardır.
Mətbuatın
inkişafına mane olmaq, azad sözü boğmaq
üçün 1992-ci ildə yaradılan hərbi senzura isə
yazılı mətbuatın vəziyyətini daha da
ağırlaşdırdı. Milli maraqları maddiyyata satanlar
qorxurdular ki, onların əleyhinə hər hansı bir
informasiyanın, əslində isə, həqiqətin xalqa
çatdırılması bu qüvvələrin siyasi
iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel
ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi
və bütün informasiya yayımını əhatə etməsi
haqqında verilən sərəncam məlumat
azadlığını, jurnalistlərin sərbəst məlumat
əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini
ciddi şəkildə məhdudlaşdırırdı.
Mətbuatın
inkişafının qarşısını alan, onu dar çərçivədə
məhdudlaşdıran antidemokratik siyasətə isə
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidi və tələbi ilə yenidən siyasi
hakimiyyətə qayıdışı ilə son verildi. Məhz
bundan sonra Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması,
vətəndaşların təhlükəsizliyinin təmini,
sosial-iqtisadi problemlərin həlli öz növbəsində
söz, fikir azadlığının qorunması sahəsində
əsaslı irəliləyişlərə şərait
yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə
yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində görülən tədbirlər ölkədə
fikir plüralizminin genişləndirilməsinə yol
açdı. Müstəqil kütləvi informasiya vasitələrinin
təsis edilməsi milli mətbuat ənənəsinin davam
etdirilməsinə təkan verdi. Ümummilli liderimiz Heydər Əliyevin
rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata
verilən qiymət öz əksini tapdı: “Demokratiyanın,
siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas
atributlarından hesab olunan söz və məlumat
azadlığının başlıca
daşıyıcıları kütləvi informasiya vasitələridir”.
1998-ci
ilin 6 avqustunda Ulu öndər Heydər Əliyev tərəfindən
“Azərbaycan Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında” Fərmanın imzalanması isə
ölkə mətbuatının inkişaf tarixində əsl
inqilab xarakteri daşıyırdı və bu müstəqil mətbuatın
inkişafında yeni mərhələnin
başlanğıcı sayılır. Bu Fərman kütləvi
informasiya vasitələrinin sərbəst inkişafı, onların
cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə
təsir edən qüdrətli vasitəyə çevrilməsi
yolunda dövlət siyasətinin həyata keçirilməsində
mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda
və digər Kütləvi İnformasiya Vasitələrində
Dövlət Sirlərini Mühafizə edən Baş İdarə
ləğv edildi, hərbi senzuranın yaradılması
haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün
informasiya yayımı üzərində nəzarət tətbiq
edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam
qüvvədən düşdü. Eyni zamanda, 1999-cu ilin
sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri
haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da
möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd
Azərbaycanda mətbuatın inkişafına mane olan
bürokratik əngəllərin aradan qaldırılmasına
yol açdı. Bir sözlə, ölkəmizdə azad
sözün inkişafı tarixi məhz 1998-ci ilin 6 avqustundan
başlayır. Ümummilli liderimiz Heydər Əliyev
yuxarıda bəhs edilən Fərmanla Azərbaycanda demokratik
prinsiplərin, azad sözün qorunması istiqamətində
bir tarix yaratdı. Məhz bu tarix günümüzdə azad mətbuatın
inkişafında müstəsna əhəmiyyətə
malikdir. Bundan başqa, mətbuatda dövlət qeydiyyatı ləğv
olundu və yeni mətbuat orqanlarının təsis
olunması prosedurası asanlaşdırıldı.
Qeyd
etmək lazımdır ki, Azərbaycanda senzuranın ləğv
olunması haqqında Fərmanın imzalanması həmin
dövr üçün inanılmaz addım idi. Bu çox
böyük siyasi iradə tələb edirdi. Belə bir
missiyanı məhz Ulu öndər Heydər Əliyev həyata
keçirdi. Ulu öndər Heydər Əliyev bu qərarı
verməklə böyük siyasi iradə nümayiş etdirdi.
Bununla da, Azərbaycan mətbuatının inkişafında
yeni mərhələnin başlanğıcı qoyuldu. Məhz
senzuranın ləğvindən sonra jurnalistlərin öz
peşələrinə münasibətdə məsuliyyəti
də artdı. Çünki senzura yaradıcı insanlar
üçün bir buxov idi. 6 avqust Fərmanı həm də
o dövrdə post-sovet məkanında ilk olaraq Azərbaycanda
mətbuatın dövlət nəzarətindən
çıxmasına şərait yaratmışdı. Yəni,
bu məzmunlu Fərman yeganə olaraq Azərbaycanda
verilmişdi.
Sevindirici
haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə
söz və məlumat azadlığının təmin
olunması istiqamətində yürütdüyü siyasət
Prezident İlham Əliyev tərəfindən də uğurla
davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında görülmüş genişmiqyaslı tədbirlər
sırasında söz və məlumat
azadlığının daha da genişləndirilməsi
istiqamətində atılan addımlar, o cümlədən, mətbuatın
inkişafı istiqamətində göstərilən
qayğı xüsusi olaraq dəyərləndirilməlidir.
Belə ki, məhz Prezident İlham Əliyevin Fərman və
sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan”
nəşriyyatına olan borcları dövlət büdcəsi
hesabına ödənildi, ölkənin onlarla jurnalisti ali
dövlət mükafatları ilə təltif olundu, kütləvi
informasiya vasitələrinə maddi yardımlar edilir.
Davamlı
dövlət qayğısı, Prezident İlham Əliyevin
diqqəti mətbuatın problemlərinin həllində mühüm
yer tutur. Dövlət başçısı bu məsələyə
dəfələrlə toxunaraq bildirib: “Bizim ümumi məqsədimiz
ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli
şəkildə inkişaf etdirək, müasir dövlətə
çevirək, dünyada mövcud olan bütün mütərəqqi
təcrübəni tətbiq edək, insanların bütün
azadlıqlarını təmin edək, hüquqi dövlət
quruculuğu işində daha da böyük addımlar ataq.
Ancaq bu halda Azərbaycan uzunmüddətli və
dayanıqlı inkişaf imkanlarını tam şəkildə
ortaya qoya bilər”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2011.- 5 avqust.- S.
4.