Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişafa nail olmaqla, regionda və dünyada aparıcı dövlətlərdən
birinə çevrilib
Bütün
bu uğurlar Ulu öndər Heydər Əliyev və Onun siyasətinin
dönməz davamçısı olan Prezident İlham Əliyevin
fəaliyyətinin bəhrəsidir
Məlum
olduğu kimi, cənab İlham Əliyevin Baş nazir təyin
olunmasından 8 il ötdü. 2003-cü ildə Ulu öndər
Heydər Əliyevin Özü qədər inandığı
cənab İlham Əliyevin Baş nazir təyin olunması ilə
bağlı Milli Məclisə müraciəti millət vəkilləri
tərəfindən böyük razılıqla
qarşılanmışdı. Azərbaycanın
işıqlı sabahına inamın ifadəsi olan bu
müraciət ali qanunvericilik orqanında müzakirələrdən
sonra təsdiqini tapmışdı.
Həmin
zaman cənab İlham Əliyevin Baş nazir təyin
olunmasına razılıq verən Milli Məclis əslində,
Ümummilli lider Heydər Əliyevin siyasi kursuna, dövlət
quruculuğu konsepsiyasına yeni nəfəs verəcək
strateji qələbələri hədəf seçmişdi.
Çünki bu təyinata qədər Heydər Əliyev məktəbinin
yetirməsi cənab İlham Əliyev Avropa Şurasında Azərbaycanın
nümayəndə heyətinin rəhbəri, AŞPA-nın sədr
müavini, büro üzvü, ARDNŞ-ın I vitse-prezidenti,
Milli Olimpiya Komitəsinin Prezidenti kimi mühüm postlarda
böyük nailiyyətlər əldə etmişdi.
2003-cü
ilin avqustun 4-də Baş nazir təyin olunması ilə cənab
İlham Əliyevin qlobal fəaliyyəti mahiyyətcə yeni
keyfiyyət mərhələsinə keçdi və bu ilk
növbədə xalqın iradəsilə müəyyənləşdi.
Bu səbəbdən də, cənab İlham Əliyevin
Baş nazir təyin edilməsinin bir neçə fundamental səbəbləri
var idi.
-
Birincisi, cənab İlham Əliyevin Baş nazir təyin edilməsi
xalqın iradəsinin ifadəsi idi;
-
İkincisi, bu təyinat xalqın Heydər Əliyev siyasi
kursuna olan inamından və sədaqətindən doğurdu;
-
Üçüncüsü, bu təyinat ölkədəki
ictimai-siyasi sabitliyin qorunması və davamlı olmasına
xidmət edirdi;
-
Dördüncüsü, bu, müstəqilliyimizin dönməzliyinin
təmin edilməsində İlham Əliyev şəxsiyyətinə
olan xalqın inamı idi...
Azərbaycan
xalqının iradəsi öz pozitiv nəticələrini
çox gözlətmədi. ABŞ Prezidenti, Türkiyənin
Baş naziri, Rusiyanın Prezidenti, İran hökuməti,
Gürcüstan Prezidenti və digər ölkələr cənab
İlham Əliyevin Baş nazir təyin olunmasını
çox uğurlu seçim kimi qiymətləndirdilər və
Onunla rasional əməkdaşlığa hazır
olduqlarını bəyan etdilər...
2003-cü
ilin oktyabrında xalqın böyük əksəriyyətinin
səsi ilə Prezident seçilən İlham Əliyev bir
çox cəhətləri ilə çoxlu sayda yerli və
xarici ekspertlərin diqqətini cəlb etdi. Onun liderlik
dövrünü olduqca əhatəli təhlil etdikdə
ekspertlər haqlı olaraq, Prezident İlham Əliyevi yeniliklərə
həssaslıq göstərən, rasional keyfiyyətləri
özündə cəmləşdirən müasir lider kimi
xarakterizə edirlər. Dövlət
başçısında bu cür rasional, əlahiddə
keyfiyyətlərin cəmləşməsi xarici siyasətdə
və eləcə də, ölkə daxili demokratik proseslərin
gedişində əsas leytmotivi təşkil edirdi ki, bu da beynəlxalq
münasibətlər sistemində Azərbaycan
üçün mühüm faktorlardan biri, bəlkə də,
birincisi idi. Nəticədə Azərbaycan həm daxili siyasətdə,
həm də beynəlxalq birliyə inteqrasiyada əməli nəticələrə
nail oldu. İctimai-siyasi sabitlik davamlı xarakter aldı və
bunun nəticəsi olaraq ölkədə qlobal layihələr
gerçəkləşdi.
Ötən
müddət ərzində Azərbaycan dünyada analoqu olmayan
iqtisadi inkişafa nail olmaqla, regionda və dünyada
aparıcı dövlətlərdən birinə çevrildi.
Davamlı sosial-iqtisadi inkişaf regionların dinamik tərəqqisinə
stimul verdi. Ölkədə demokratik proseslər dərinləşdi
və bununla da, Azərbaycanın beynəlxalq birliyə
inteqrasiyası keyfiyyətcə yeni mərhələyə
yüksəldi...
Regional
və beynəlxalq əməkdaşlığı prioritet
seçən Prezident İlham Əliyev qısa müddət ərzində
mürəkkəb geosiyasi şəraitdə Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji
kursu böyük ustalıqla gerçəkliyə
çevirdi. Bakı-Tbilisi-Ceyhan neft, ardınca isə
Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin
həyata vəsiqə alması bu istiqamətdə yeni işlərə
yol açdı. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin
gerçəkləşməsinə start verilməsi isə
bu mənada ən yaxşı nümunələrdəndir.
İllərlə müzakirə olunan bu transmilli layihə
Prezident İlham Əliyevin qətiyyəti sayəsində
kağız üzərindəki layihə çərçivəsindən
çıxaraq, yeni reallıq müstəvisinə keçdi.
İqtisadiyyat
sahəsində isə aparılan islahatlar ölkənin maliyyə
vəziyyətinin yaxşılaşmasını, dövlət
büdcəsinin gəlirlərinin ildən-ilə
artmasını təmin edib. Hazırda dövlət büdcəsinin
gəlirləri 3493,2 milyon manat artırılıb. Cari ilin
dövlət büdcəsinin gəlirləri 15554,2 milyon manat
olacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29 faiz
çoxdur.
Azərbaycanın
iqtisadi uğurları dünyanın aparıcı maliyyə təsisatlarının
diqqətindən də kənarda qalmayıb. Dünya Bankı
və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən
hər il hazırlanan “Doing Business” reytinqinin 2009-cu il
üçün hesabatında Azərbaycan dünya dövlətləri
sırasında biznesin aparılması sahəsində ən
uğurlu nəticələrə nail olmuş ölkə kimi
qiymətləndirilib, ən islahatçı ölkə
adına layiq görülüb. 2007-ci ilin fevral ayında
Bakıya səfərə gələn “Doing Business”
hesabatının müəlliflərinin rəhbəri Semeon
Djankovu qəbul edən Prezident İlham Əliyev
görüşdən sonra qeyd olunan hesabatda Azərbaycanın
reytinqinin yaxşılaşdırılması ilə
bağlı aidiyyəti dövlət orqanlarına müvafiq
göstərişlər verib. Məhz, Prezident İlham Əliyevin
məqsədyönlü tapşırıqlarının nəticəsi
olaraq Azərbaycan 1 ildən sonra həmin reytinqdə 10
göstəricidən 7-si üzrə irəliləyiş əldə
edərək lider oldu.
Son
illərdə Azərbaycanın Prezidenti İlham Əliyevin Fərman
və sərəncamları, qəbul olunmuş qanun və qərarlar
da məhz, qeyri-neft sektorunun inkişafına yönəldilib.
Bütün bu addımlar son nəticədə milli
iqtisadiyyatın neft sektorundan asılılığının
minimallaşdırılması və özəl sektorun
inkişafına zəmin yaradıb.
Bu
gün Azərbaycanda regionların sosial-iqtisadi inkişafı
üçün Dövlət Proqramı həyata
keçirilir. Dünyanın bir çox ölkələri ilə
iqtisadi əməkdaşlıq qurulub. Ölkəmiz mötəbər
beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar
dünyanın Azərbaycana olan etibarının artması ilə
şərtləndirilir. Bütün bu uğurlar Ulu öndər
Heydər Əliyev və Onun siyasətinin dönməz
davamçısı olan Prezident İlham Əliyevin fəaliyyətinin
bəhrəsidir. Bu gün artıq Azərbaycanın
iştirakı olmadan regionda hər hansı bir layihənin həyata
keçirilməsi inandırıcı görünmür. Bu
ölkənin iqtisadi qüdrəti və beynəlxalq aləmdəki
nüfuzu ilə müəyyənləşir.
Bütün
bunlar isə Ümummilli lider Heydər Əliyevin böyük
uzaqgörənliklə söylədiyi “Mən İlham Əliyevə
özüm qədər inanıram” fikrindən güc
alır.
Aydın HÜSEYNOV,
YAP Siyasi Şurasının
üzvü
Yeni Azərbaycan.- 2011.- 5 avqust.- S.
4.