Azərbaycanın
iqtisadi uğurları davamlı xarakter alıb
Prezident İlham Əliyev:
Azərbaycanda icra edilən infrastruktur layihələri nəinki
ölkəmiz üçün, bölgə üçün
də böyük əhəmiyyət daşıyır
İqtisadi cəhətdən Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda həyata keçirilən düşünülmüş iqtisadi siyasət bu gün əldə olunan uğurlara yol açıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən mühüm iqtisadi nailiyyətlər, yüksək makroiqtisadi göstəricilər, sistemli və köklü islahatlar bütün sektorlarda müsbət və şəffaf biznes mühitinin yaranmasına, rəqabətliliyin möhkəmlənməsinə, bununla da, ümumi inkişaf tempinin dinamiklik əldə etməsinə yol açıb.
Ümumiyyətlə, Azərbaycan dövləti hər zaman ölkədə makroiqtisadi sabitliyin saxlanması, milli iqtisadi potensialın artırılması, neft və qeyri-neft sektorlarının paralel inkişafı üçün davamlı islahatlar həyata keçirir. Bu isə, nəticə etibarı ilə öz bəhrəsini verməkdədir. Ölkəmizdə qeyri-neft sektorunun uğurlu inkişafı bunu deməyə əsas verir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda dövlət başçısı Azərbaycanda qeyri-neft sektorunun artımının 7,2 faiz təşkil etdiyini diqqətə çatdırıb: “Bu, əslində son illər ərzində apardığımız islahatların nəticəsidir. Çünki əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir. Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalır. Eyni zamanda, bizə ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə də imkanlar yaradılacaqdır”.
Qeyd etmək lazımdır ki, ölkəmizdə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əldə olunan nailiyyətlər həyata keçirilən proqramların uğurlu nəticələrini daha aydın təsəvvür etməyə imkan verir. Məsələn, kənd təsərrüfatında artımın 6,2 faiz olması, bununla yanaşı, əhalinin pul gəlirlərinin son 6 ayda 17 faiz artması, qarşılığında isə inflyasiyanın cəmi 8,8 faiz artması dövlətimizin vətəndaşların sosial vəziyyətinin yüksəldilməsi istiqamətində apardığı tədbirlərin əhəmiyyətini ortaya çıxarır.
Bundan
başqa, ölkəmizin strateji valyuta ehtiyatları da
artır. Prezident İlham Əliyev öz
çıxışında qeyd edib ki, ilin əvvəlindən
ehtiyatlarımız 9 milyard dollar artıb: “Biz həm əldə
edilmiş gəlirləri ölkə iqtisadiyyatının
inkişafı üçün lazım olan sahələrə
məqsədyönlü şəkildə xərcləyirik,
eyni zamanda, ehtiyatları daha da artırırıq.
Bütövlükdə, hazırda ölkəmizin strateji
valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu,
çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm
ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki,
ölkə iqtisadiyyatının inkişafını təmin
edək, insanların sosial problemlərinin həlli
üçün əlavə maliyyə resursları cəlb edək.
Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli
inkişafına nail olaq”.
Vurğulamaq
lazımdır ki, ölkəmizin əldə etdiyi bu
mühüm göstəricilərin ortaya
çıxmasında iqtisadi amillərlə yanaşı,
siyasi məsələlərin də rolu böyükdür.
Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu gün Azərbaycanda
kompleks tədbirlər həyata keçirilir. Bu isə vətəndaşların
rifahının yüksəldilməsinə xidmət göstərir:
“Həm iqtisadi siyasət, siyasi sabitlik, sahibkarlığın,
kənd təsərrüfatının inkişafı, kreditlərin,
subsidiyaların verilməsi, texnikanın alınması və
fermerlərə icarəyə verilməsi, gübrə və
yanacağın güzəştli şərtlərlə
fermerlərə verilməsi - bütün bu kompleks tədbirlər,
üstəgəl ölkəmizdə aparılan böyük
infrastruktur layihələrin icrası, elektrik xətlərinin,
yolların, o cümlədən, kənd yollarının
çəkilişi, qazlaşdırmanın aparılması
bu vəziyyətə gətirib çıxarıbdır”.
Digər
tərəfdən, ölkəmizin qlobalmiqyaslı layihələrdə
yaxından iştirakı, karbohidrogen ehtiyatlarının
daşınmasında tranzit ölkə rolunu oynaması
ümumi inkişafımızın sürətlənməsinə
təsir göstərən mühüm məqamlardandır.
Qeyd edək ki, bu gün Azərbaycan yerləşdiyi Cənubi
Qafqaz regionunun iqtisadi cəhətdən ən güclü və
dayanıqlı ölkəsi olmaqla yanaşı, həm də
bölgənin iqtisadi təhlükəsizliyinin təminatçısı
qismində çıxış edir. Prezident İlham Əliyev
çıxışında vurğulayıb ki, Azərbaycanda
icra edilən infrastruktur layihələri nəinki ölkəmiz
üçün, bölgə üçün də
böyük əhəmiyyət daşıyır: “Mən
şübhə etmirəm ki, nəzərdə tutulmuş
bütün layihələr, proqramlar ilin sonuna qədər
uğurla icra ediləcəkdir. Biz
çalışmalıyıq ki, makroiqtisadi sabitliyə daha
da çox üstünlük verək”.
Amma təəssüfləndirici
haldır ki, bəzi xarici bədxahlar öz maraqları xatirinə
ölkəmizin iqtisadi inkişafının üstünə
kölgə salmağa çalışır. Lakin Azərbaycan
dövləti hər zaman əməli, yalnız
inkişafı hədəfləyən addımları ilə
bu cür xırda, korporativ maraqların əsirinə
çevrilənlərin ölkəmizlə bağlı “qara
arzularını” ürəklərində qoyub. Azərbaycan
dövləti hər zaman yalnız milli maraqlara xidmət
göstərən iqtisadi-siyasi qərarlar qəbul etdiyini
nümayiş etdirib. Bu isə öz növbəsində Azərbaycan
dövlətinin inkişafına, vətəndaşlarımızın
rifahının yüksəldilməsinə xidmət edir.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.- 2011.- 6 avqust.- S.
2.