1998-ci il 6 avqust tarixli
Fərman Azərbaycan mətbuatının inkişaf
tarixində əsl hadisə idi
Məhz bu Fərmanla Mətbuatda və
digər Kütləvi İnformasiya Vasitələrində
Dövlət Sirlərini Mühafizə edən Baş İdarə
ləğv edildi, hərbi senzura yaradılması haqqında
16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya
yayımı üzərində nəzarət tətbiq edilməsi
ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam
qüvvədən düşdü
Bu il
136 yaşını qeyd etmiş Azərbaycan mətbuatı
uzun, şərəfli və keşməkeşli bir yol
keçib. “Əkinçi” qəzeti ilə əsası qoyulan
müasir Azərbaycan mətbuatı XX əsrdə öz
peşəkar səviyyəsini əldə etdi və bu gün
dövlət qayğısı nəticəsində parlaq gələcəyinin
əsası qoyulan media ölkəmizdəki demokratiyanın ən
əsas göstəricilərindən sayılır. Azərbaycanda
olan söz azadlığı bu gün milli mətbuatımızın
inkişafına təkan verir. Bunun kökündə isə
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən dövlət siyasəti dayanır.
Azərbaycanda
milli mətbuatın inkişaf tarixi, peşəkar medianın
yaranması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə
bağlıdır. 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi
mətbuatın inkişafında əsaslı dönüş
yaratdı.
Məhz
həmin dövrdə istər ədəbi, istərsə də
mətbu sahədə yüksək irəliləyiş nəzərə
çarpırdı. Azərbaycan dilində qəzetlərin
sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan
dilində yayımı genişləndirildi. Ulu öndər
Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsində ixtisaslı kadrların
hazırlanması istiqamətində əhəmiyyətli
addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı
demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə
və digər parametrlərinə görə seçilirdi.
Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə
qadağan olunan milli adət-ənənələrimizdən,
milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən
yazmağa başladı, bu məsələlər geniş təhlil
olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə o zamanın Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin
əlaçı tələbələri Moskva Dövlət
Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan
milli jurnalistika məktəbinin formalaşmasında, müasir
jurnalistikanın inkişafında mühüm və müstəsna
rol oynadı...
* * *
1991-ci
ildə əldə olunan müstəqilliklə bərabər,
ölkənin başını qara buludlar aldı. Təsadüfi
şəxslərin ölkə rəhbərliyinə gəlməsi,
silahlı qruplaşmaların mübarizə aparması və
ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii
olaraq mətbuatın da inkişafına maneələr törədirdi.
Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə
yaradılan bürokratik əngəllər əsl həqiqətin
xalqa çatdırılmasına mane olurdu. AXC-Müsavat
hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti
hakimiyyətdə təmsil olunma səviyyələri ilə
adekvat idi. Məmurlar istənilən jurnalist haqqında istədiyi
qərarı verirdi və
söz azadlığı, fikir plüralizmi kimi məfhumlar
Azərbaycana yad meyarlara çevrilmişdi. İstər Həsən
bəy Zərdabi dövründən miras qalan, istərsə də
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
formalaşdırılan milli mətbuat ənənələri
kobud şəkildə dağıdılırdı. Millətin
gərgin psixoloji durumundan istifadə edərək şantaj, hədə-qorxu
yolu ilə pul qazanmaq hərisliyi bəzi məqamlarda jurnalist
adına ləkə vurulması ilə də nəticələnirdi.
Hətta bu gün belə mübarizə aparılan,
jurnalistikanın ən ağrılı yeri sayılan “reket
jurnalistikası” da məhz o günlərdən bizə qalan
“yadigardır”. Mətbuatın inkişafına mane olmaq, azad
sözü boğmaq üçün 1992-ci ildə
yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini
daha da ağırlaşdırdı. Milli maraqları maddiyyata
satanlar qorxurdular ki, onların əleyhinə hər hansı
bir informasiyanın, əslində isə, həqiqətin xalqa
çatdırılması onların siyasi iflasına gətirib
çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin
miqyasının genişləndirilməsi və bütün
informasiya yayımını əhatə etməsi haqqında
verilən sərəncam məlumat azadlığını,
jurnalistlərin sərbəst məlumat əldə etmək və
yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə
məhdudlaşdırırdı. Bu problemlər isə
şübhəsiz ki, Azərbaycan mətbuatının ali dəyərlərdən
uzaqlaşmasına gətirib çıxarmışdı...
* * *
Ümummilli liderimiz Heydər Əliyevin
1993-cü ildə xalqın təkidi və tələbi ilə
yenidən siyasi hakimiyyətə qayıtması bütün
sahələrdə olduğu kimi mətbuatın da
inkişafında mühüm dəyişikliklərə səbəb
oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların
təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin
həlli söz, fikir azadlığının qorunması sahəsində
əsaslı irəliləyişlərə şərait
yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə
yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi
istiqamətində görülən tədbirlər ölkədə
fikir plüralizminin genişləndirilməsinə yol
açdı. Müstəqil kütləvi informasiya vasitələrinin
təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə
yol açdı.
Ümummilli
liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət
öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və
vətəndaş cəmiyyətinin əsas atributlarından
hesab olunan söz və məlumat azadlığının
başlıca daşıyıcıları kütləvi
informasiya vasitələridir”.
1998-ci
ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və
məlumat azadlığının təmin edilməsi sahəsində
əlavə tədbirlər haqqında” Fərmanın
imzalanması ölkə mətbuatının inkişaf tarixində
əsl inqilab xarakteri daşıyırdı. Bu Fərman
kütləvi informasiya vasitələrinin sərbəst
inkişafı, onların cəmiyyətin dinamik şəkildə
demokratikləşməsinə təsir edən qüdrətli
vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin
həyata keçirilməsində mühüm addım
sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər
Kütləvi İnformasiya Vasitələrində Dövlət
Sirlərini Mühafizə edən Baş İdarə ləğv
edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci
il tarixli fərman və bütün informasiya yayımı
üzərində nəzarət tətbiq edilməsi ilə
bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən
düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi
informasiya vasitələri haqqında” yeni qanun mətbuatda
demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə
xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın
inkişafına mane olan bürokratik əngəllərin aradan
qaldırılmasına yol açdı. Ölkəmizdə
azad sözün inkişafı tarixi də məhz 1998-ci ilin 6
avqustundan başlayır. Ümummilli liderimiz Heydər Əliyev
bu Fərmanla Azərbaycanda demokratik prinsiplərin, azad
sözün qorunması istiqamətində bir tarix yaratdı.
Məhz bu tarix günümüzdə də azad mətbuatın
inkişafında müstəsna əhəmiyyətə
malikdir. Bundan başqa, mətbuatda dövlət qeydiyyatı ləğv
olundu və yeni mətbuat orqanlarının təsis
olunması prosedurası asanlaşdırıldı.
Qeyd
etmək lazımdır ki, Azərbaycanda senzuranın ləğv
olunması haqqında Fərmanın imzalanması həmin
dövr üçün inanılmaz addım idi. Bu çox
böyük siyasi iradə tələb edirdi. Belə bir
missiyanı Ulu öndər Heydər Əliyev həyata
keçirdi. O, bu qərarı verməklə böyük
siyasi iradə nümayiş etdirdi. Bununla da, Azərbaycan mətbuatının
inkişafında yeni mərhələnin
başlanğıcı qoyuldu. Məhz senzuranın ləğvindən
sonra jurnalistlərin öz peşələrinə münasibətdə
məsuliyyəti də artdı. Çünki senzura
yaradıcı insanlar üçün bir buxov idi. 6 avqust Fərmanı
həm də o dövrdə post-sovet məkanında ilk olaraq
Azərbaycan mətbuatının dövlət nəzarətindən
çıxmasına şərait yaratmışdı. Yəni,
bu məzmunlu Fərman yeganə olaraq Azərbaycanda
verilmişdi. Bu Fərmandan sonra sözün əsl mənasında
mətbuatın inkişafı dövlət qayğısı
ilə əhatə olundu. Ümummilli liderimiz Heydər Əliyevin
mətbuatın inkişafı ilə bağlı tədbirləri
davamlı şəkil aldı. 2000-ci il martında Ulu öndərin
Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi
informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üzrə tədbirlər
Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya
Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və
İnternet Şurası yaradıldı. Bundan başqa, qəzetlərin
“Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, qəzetlərə
dövlət tərəfindən birdəfəlik yardımlar
verildi. Bu addımlar ölkədə vətəndaş cəmiyyətinin
möhkəmlənməsinə, azad sözün
inkişafına öz töhfəsini verdi.
* * *
Sevindirici
haldır ki, Ulu öndər Heydər Əliyevin ölkəmizdə
söz və məlumat azadlığının təmin olunması
istiqamətində yürütdüyü siyasət Prezident
İlham Əliyev tərəfindən də uğurla davam
etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında görülmüş genişmiqyaslı tədbirlər
sırasında söz və məlumat
azadlığının daha da genişləndirilməsinə
xidmət göstərən addımlar, o cümlədən, mətbuatın
inkişafı istiqamətində göstərilən
qayğı xüsusi olaraq dəyərləndirilməlidir.
Belə ki, məhz Prezident İlham Əliyevin Fərman və
sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan”
nəşriyyatına olan borcları dövlət büdcəsi
hesabına ödənildi, ölkənin onlarla jurnalisti ali
dövlət mükafatları ilə təltif olundu, kütləvi
informasiya vasitələrinə maddi yardımlar edildi. 2008-ci
ilin 31 iyulunda imzalanan Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Konsepsiyası
mətbuat-dövlət münasibətlərinin daha da
inkişaf etdirilməsində müstəsna rola malik oldu.
2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
(KİVDF) yaradılması ilə bağlı imzalanan Fərman
mətbuatın dövlət dəstəyindən bəhrələnərək
müstəqil inkişafını təmin etdi.
Təbii
ki, görülən tədbirlər təkcə bununla məhdudlaşmır.
Məlum olduğu kimi, məhz cənab Prezidentin diqqəti sayəsində
ötən il milli mətbuatımızın 135 illik yubileyi
dövlət səviyyəsində qeyd olunub. İyul
ayının 22-də isə milli mətbuatımızın
inkişafındakı xidmətlərinə görə 92 nəfər
həmkarımız müxtəlif dərəcəli dövlət
mükafatları ilə təltif edilib. Bununla bərabər, mətbuat
orqanlarının maddi - texniki təminatının
yaxşılaşdırılması məqsədilə 40
KİV-ə birdəfəlik yardım ayrılması dövlət
başçısının bu sahəyə olan diqqətinin
bariz nümunəsidir. Jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi və onlar üçün mənzillərin
tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon
manat vəsait ayrılması da dövlətin media sahəsində
çalışanlara münasibətini nümayiş etdirdi.
Prezident İlham Əliyev bir daha Azərbaycanda söz
azadlığı, demokratiyanın inkişafı, hüquqi
dövlətin qurulması prinsiplərinə göstərilən
hörməti, diqqəti ortaya qoydu. Davamlı dövlət
qayğısı, Prezident İlham Əliyevin diqqəti mətbuatın
problemlərinin həllində mühüm yer tutur: “Bizim
ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı
hərtərəfli şəkildə inkişaf etdirək,
müasir dövlətə çevirək, dünyada
mövcud olan bütün mütərəqqi təcrübəni
tətbiq edək, insanların bütün
azadlıqlarını təmin edək, hüquqi dövlət
quruculuğu işində daha da böyük addımlar ataq.
Ancaq bu halda Azərbaycan uzunmüddətli və
dayanıqlı inkişaf imkanlarını tam şəkildə
ortaya qoya bilər”.
Ramil VƏLİBƏYOV
Yeni Azərbaycan.- 2011.- 6 avqust.- S.
3.