Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət göstərir

 

Bunun nəticəsində də ölkə gəncləri YAP-ın sıralarına qoşulur, öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün partiyanın yaratdığı imkanlardan maksimum istifadə etməyə çalışırlar

 

Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətindən də yan ötməyib. Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə bir sıra sahələr üzrə gənc kadrların məsul dövlət vəzifələrinə təyin olunması, dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərinin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi - dövlət gənclər siyasətinin əsasını təşkil edir. Eləcə də, respublikamızda olimpiya hərəkatının inkişafı, Azərbaycanın müxtəlif bölgələrində olimpiya komplekslərinin yaradılması gənclərimizin sağlam gələcəyindən xəbər verir. Təhsilə qayğı isə xüsusi diqqət mərkəzindədir. Tələbə gənclərin təqaüdlərinin artırılması, ali və orta ixtisas təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və dövlətin çox böyük maddi və mənəvi dəstəyi hesabına 10 mindən artıq azərbaycanlı gəncin dünyanın aparıcı ali təhsil müəssisələrində müasir elmin sirlərinə yiyələnməsi, Azərbaycanın gələcəyi olan gənclərin inkişafı üçün yaradılan yüksək şəraitin və diqqətin nəticəsidir.

Bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası öz sıralarında 540 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Heç şübhəsiz ki, xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də, diqqət və qayğı ilə əhatə olunmuş gənclərin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, Ümummilli lider Heydər Əliyevin dediyi: “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin reallaşmasını təsdiq edir. Partiyaya gənclərin axını isə Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza ən etibarlı təminat yaradır. Qürurla deyə bilərik ki, əsl ümumxalq partiyası olan, Yeni Azərbaycan Partiyasının gəncləri Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman Onun ən yaxın dəstəkçiləri olublar və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.

Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına xüsusilə intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər.

Məlum olduğu kimi, hazırda YAP üzvlərinin 40 faizə yaxını gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır. Əlbəttə ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti sahələrində atılan məqsədyönlü addımlar xüsusi əhəmiyyət kəsb edir. 1995-2005-ci illərdə Gənclər Birliyinin üzvlərinin sayı 25 mindən 135 minə qədər yüksəlmişdirsə, 2005-2010-cu il tarixlərdə bu rəqəm 208 minə qədər artıb. Qeyd etmək lazımdır ki, 1 yanvar 2011-ci ilə olan statistik məlumata əsasən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin təhsilinə görə 80895 nəfəri ali, 51880 nəfəri n/ali, 71780 nəfəri isə orta təhsillidir, elmi dərəcəsinə görə 146 nəfəri elmlər namizədi, 4 nəfəri isə elmlər doktorudur. Eləcə də, YAP sıralarında Dünya, Avropa, Olimpiya, respublika çempionları, müxtəlif beynəlxalq yarışlarda medallar qazanmış gənc idmançılar da cəmləşib.

Ümumiyyətlə, bütün sahələr üzrə gənclərə diqqətlə yanaşan YAP onların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunmasında da əhəmiyyətli addımlar atır. Məhz bunun nəticəsidir ki, son bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslər arasında gənclərin təmsilçiliyi yüksək olub. Bu amil həmin seçkinin nəticələrində də özünü göstərdi. Belə ki, 2004-cü il seçkilərinin nəticələrinə əsasən bələdiyyələrdə cəmi 3-4 faiz gənclər təmsil olunurdusa, 2009-cu ilin seçkilərindən sonra isə gənclərin bələdiyyələrdə təmsilçiliyi 30 faizə qədər artdı. Bu gənclərin böyük əksəriyyəti isə YAP-ın təmsilçiləridirlər.

Bundan əlavə, YAP rəhbərliyinin dəstəyi ilə partiyanın Gənclər Birliyi beynəlxalq əlaqələrini də uğurla genişləndirməkdədir. Belə ki, bir neçə ölkələrin hakim partiyaları - Ukrayna, Türkiyə, Rusiya, Moldova, Bolqarıstan, Rumıniya və İtaliyanın hakim partiyalarının gəncləri ilə sıx əməkdaşlıq edilir. Dəfələrlə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin nümayəndə heyəti, Şimali Kipr Türk Cümhuriyyətinin dörd siyasi partiyasının gənclər təşkilatının rəhbərləri, Avropa Liberal Gənclər Hərəkatının, ÜmumÇin Gənclər Federasiyasının nümayəndə heyəti və başqaları Yeni Azərbaycan Partiyasının qonağı olub, onlarla ölkədə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərlə bağlı təcrübə mübadiləsi aparılıb, qonaqların Yeni Azərbaycan Partiyasının İcra Katibliyi ilə, eləcə də, Milli Məclisdə, müvafiq dövlət strukturlarında görüşləri təşkil edilib.

Beynəlxalq əməkdaşlıq çərçivəsində, həmçinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyətləri xarici səfərlərdə ölkəmizi təmsil ediblər. Buna misal olaraq 2-ci Avrasiya Gənclər Forumunu, Türkiyənin Ədalət və İnkişaf, Qazaxıstanın “Nur Otan”, Rusiya Federasiyasının “Yedinaya Rosiya” hakim partiyalarının Gənclər Birliklərinin qurultaylarını, eyni zamanda, Türkiyənin İstanbul şəhərində “Gənclərin Avropaya İnteqrasiya Prosesi” adı altında keçirilmiş, Almaniyada “Gənclər Sülh Uğrunda” və Ukrayna Regionlar Partiyası Gənclər Təşkilatının dəvəti ilə Karpat vilayətində təşkil olunmuş Beynəlxalq konfransları, Avropa Xalq Partiyasının Demokrat Tələbələr Birliyinin 50 illik yubileyinə həsr olunmuş tədbiri göstərmək olar.

Yeri gəlmişkən, YAP Gənclər Birliyinin dəvəti ilə Rumıniyanın hakim Liberal Demokrat Partiyası Gənclər Birliyinin nümayəndə heyəti iyulun 22-dən 29-dək ölkəmizdə səfərdə oldu. Səfər çərçivəsində nümayəndə heyəti Qəbələ, Oğuz, Şəki rayonlarına səfər edərək, region gəncləri ilə təmas yaratdılar. Xarici ölkə gənclərinin ölkəmizin tarixi yerlərinə səfərlərinin təşkili öz növbəsində onlara ölkəmiz haqqında daha dolğun məlumatların əldə olunmasına böyük imkanlar açır. Qeyd edək ki, bu ilin iyun ayında Rumıniyanın hakim Liberal Demokrat Partiyasının dəvəti ilə YAP Gənclər Birliyinin nümayəndə heyəti də bu ölkədə səfərdə olub, rəsmilərlə görüş keçirib, bölgənin tarixi əhəmiyyət kəsb edən məntəqələrini ziyarət edib.

Qeyd edək ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Məlum olduğu kimi, partiya tərəfindən ali məktəblərə yükəsk balla qəbul olunmuş tələbə gənclərə təqaüd verilir. Bundan əlavə, partiya rəhbərliyinin dəstəyi ilə YAP Gənclər Birliyi Respublikada ilk dəfə olaraq “Bazar Günü Məktəbləri” layihəsinə start verdi. Layihə sonralar “Yay” və “Qış” məktəbləri kimi daha kütləvi xarakter almaga başladı. Ölkəmizin müxtəlif bölgələrində keçirilən bu tədbirlərdə partiyanın yerli təşkilatlarında fəallarla, tələbə-gənclərlə görüşlər, gənclərin problemlərinə və gəncliyin qarşısında duran vəzifələrə həsr olunmuş dəyirmi masalar təşkil edilib. Bu görüşlərdə partiyanın İcra Katibliyi, Milli Məclisin deputatları, müvafiq nazirliklərin rəhbərləri və əməkdaşları iştirak edərək, gəncləri maraqlandıran sualları cavablandırıb, partiya İcra Katibliyi tərəfindən gənclərin bir çox təklifləri və problemləri elə yerindəcə həllini tapıb. Xatırladaq ki, bu ilin iyul ayında da 600 nəfər gənc “Yay məktəblərinin” iştirakçısı oldu. YAP tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və ölkəmizin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” kampaniyası bu dəfə hər həftə ölkəmizin dilbər guşələrindən olan Oğuz, Qəbələ və Lerik rayonlarına 50 nəfər gəncin iştirakı ilə təşkil olunan ekskursiyalar və orada təşkil olunan digər maraqlı proqramlar gənclərdə böyük marağa səbəb olub. Çünki bu proqramlarda gənclərin asudə vaxtının səmərəli və mənalı təşkili ilə yanaşı, onların ölkəmizin aparıcı ictimai-siyasi xadimləri ilə də görüşləri təşkil olunur. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilib.

Eyni zamanda, gənclərlə iş baxımından da, bu proqramın əhəmiyyəti xüsusi qiymətləndirilir. Çünki Yeni Azərbaycan Partiyasının bu aksiyası dövlətin gənclərə olan diqqəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli keçirilməsinə, intellektual biliklərinin artırılmasına öz köməkliyini göstərir.

 

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2011.- 6 avqust.- S. 4.