Azərbaycan dünyada mədəniyyət və turizm mərkəzi kimi tanınmaqdadır

 

Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın Qərblə Şərq arasında mədəniyyətlərarası dialoq körpüsü olduğunu göstərməklə yanaşı, ölkəmizin gözəl təbiət mənzərələrinə, maddi-mədəniyyət nümunələrinə, tarixi abidələrə malik turizm bölgəsinə çevrildiyini nümayiş etdirir

 

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı ötən illərdə keçirilən digər iki festival kimi yaddaqalan olub. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İtaliya, Gürcüstan, Ukrayna, Norveç, Yaponiya, Meksika və digər ölkələrdən də qonaqlar iştirak edib. Əksər ekspertlərin dəqeyd etdikləri kimi, Heydər Əliyev Fondunun dəstəyilə keçirilən və dünya klassik musiqisinin ən dəyərli nümunələrinin, Azərbaycan bəstəkarlarının simfonik əsərlərinin və milli muğamın səsləndirildiyi beynəlxalq festival bu il də tarixə möhtəşəm mədəniyyət hadisəsi kimi daxil olub. Ümumiyyətlə, Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqisinin təbliği ilə yanaşı, ölkəmizin gözəl təbiət mənzərələrinə, maddi-mədəniyyət nümunələrinə, tarixi abidələrə malik turizm bölgəsi, həmçinin, Qərblə Şərqi birləşdirən mühüm mədəni, iqtisadi kommunikasiya körpüsü olduğunu nümayiş etdirir.

 

Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzinə çevrilir

 

Məlum olduğu kimi, Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq hər il yay aylarında keçirilir. 2010-cu ildən etibarən Festival çərçivəsində pianoçuların Beynəlxalq müsabiqəsi də keçirilir. Artıq ənənə halını alan festival beynəlxalq miqyasda böyük marağa səbəb olub. Dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapan Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyanın mədəniyyət mərkəzinə, Qəbələ şəhərini isə mədəniyyət paytaxtına çevirib. Bu festival sayəsində ölkəmizdə mədəniyyətə, musiqiyə, incəsənətə nə qədər böyük önəm verildiyi bir daha bütün dünyaya nümayiş etdirilir. Sözsüz ki, dünya musiqisinə, mədəniyyətinə bu qədər dəyər verən və həssas yanaşan bir xalqın özünəməxsus zəngin mədəniyyətinin olmaması mümkün deyil. Bu baxımdan, Qəbələdə keçirilən musiqi festivalı Azərbaycan xalqının əsrlər boyu yaradıb günümüzədək yaşatdığı milli musiqimizin nadir incilərinin, eləcə də, Üzeyir Hacıbəyli, Qara Qarayev, Soltan Hacıbəyov kimi milli musiqimizin dünya musiqisi ilə sintezindən yaranan gözəl sənət nümunələrinin müəlliflərinin əsərlərinin dünyaya tanıdılmasında mühüm rola malikdir. Təsadüfi deyil ki, sözügedən tədbirdə iştirak etmək və konserti canlı izləmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn qonaqlarda Azərbaycanın musiqi mədəniyyətinə, bu sahədə xalqın və yerli bəstəkarların yaradıcılığına, ölkəmizdə mədəniyyətə olan diqqət və qayğıya heyranlıq hissi yaranır. Bu bir həqiqətdir ki, ölkəmiz barəsində informasiyaya malik olmayan, yaxud da Azərbaycanı yalnız neft ölkəsi kimi tanıyan xarici ölkə vətəndaşları Qəbələdə olduqdan və festivalda iştirak etdikdən sonra Azərbaycan barədə tamamilə yeni və daha zəngin təəssüratlara sahib olurlar. Azərbaycanın zəngin mədəniyyəti, gözəl təbiəti Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edən xarici qonaqların yaddaşında silinməz iz qoyur, ölkəmizin müsbət imicini formalaşdırır.

Bütün bunlar, yəni, Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın muğam və aşıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində böyük xidmətlər göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkə mədəniyyətinin tanıdılması istiqamətində görülən işlərin zirvəsini təşkil edir.

Bu, həm də Azərbaycanın mədəniyyətlərarası dialoqun təşkilində rolunun da dəfələrlə artması deməkdir. Bildiyimiz kimi, Azərbaycanın iqtisadi, siyasi, habelə informasiya-kommunikasiya texnologiyaları sahəsində Avropa ilə Asiyanı birləşdirən mühüm dəhliz olması beynəlxalq miqyasda qəbul olunur. Qəbələdə keçirilən musiqi festivalı isə ölkəmizin həm də mədəniyyətlərarası dialoqda önəmli körpü rolunu oynadığını sübuta yetirir. Festivalda iştirak etmək üçün ölkəmizə gələn qonaqların mənsub olduğu region və ölkələrin müxtəlifliyi də bu fikri təsdiq edir. Belə ki, Amerika və Avropa qitələrindən, Uzaq Şərq regionundan qatılan qonaqların təmsil etdikləri musiqi mədəniyyəti nümunələrinin bir arada, bir məkanda səslənməsi mədəniyyətlərarası dialoqun gerçəkləşməsinə xidmət edən mühüm mədəniyyət hadisəsidir. Təsadüfi deyil ki, festivalda iştirak etmək üçün ölkəmizə gələn qonaqlar da Qəbələ festivalının Qərblə Şərqi yaxınlaşdırdığını, mədəniyyətlərarası dialoqa töhfə verdiyini xüsusilə qeyd edirlər. Beləliklə, Azərbaycan bu gün mədəniyyət beşiyi olmaqla yanaşı, həm də dünya musiqisinə dəyər verən, onu zənginləşdirən bir diyar kimi tanınmaqdadır.

 

Qəbələ festivalı Azərbaycanda turizmin inkişafına töhfədir

 

Qəbələdə keçirilən musiqi festivalı Azərbaycan mədəniyyətinin dünyada təbliği ilə bərabər, ölkəmizin turizm üçün əlverişli bölgə kimi tanınmasında mühüm əhəmiyyətə malikdir. Bildiyimiz kimi, Qəbələ rayonu Azərbaycanın ən gözəl təbiətə malik regionlarından biridir. Üzəri meşələrlə örtülən dağların qoynunda yerləşən bu gözəl şəhərin təbiəti burada keçirilən musiqi festivalına əlavə gözəllik qatır. Olduqca geniş turizm potensialına malik olan bu ərazidə keçirilən beynəlxalq tədbirlər Azərbaycan təbiətinin əsrarəngizliyinin tanıdılmasında və ölkəyə turist axınının artmasında böyük rol oynayır. Bu baxımdan, artıq üçüncü ildir ki, keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanda dincəlmək, ölkəmizlə daha yaxından tanış olmaq istəyən xarici turistlərin sayını artırıb. Qeyd etdiyimiz kimi, Azərbaycana gələn xarici qonaqlar ölkəmizin zəngin mədəniyyəti, nadir təbiəti ilə tanış olur, burada şahidi olduqları Şərq qonaqpərvərliyinin də təsiri ilə ölkəmiz barəsində ən xoş duyğular və təəssüratlara sahib olurlar. Təsadüfi deyil ki, bu gün Qəbələ dünyanın musiqi paytaxtı olmaqla yanaşı, öz füsunkar təbiəti, maddi-mədəniyyət nümunələri ilə də şöhrət tapır. Bu baxımdan, Azərbaycanda daxili turizmin inkişafında və xarici ölkələrdən gələn qonaqların sayının artmasında Qəbələnin rolu danılmazdır.

Məlum olduğu kimi, qeyri-neft sektorunun inkişafı fonunda əhəmiyyəti artan turizm sektoru iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla xırda və orta sahibkarlıq üçün möhkəm baza formalaşdırır. Bundan əlavə, bölgələrdə turizmin inkişafı yeni iş yerlərinin açılmasına, region infrastrukturunun formalaşdırılması və təkmilləşdirilməsinə əlverişli şərait yaradır. Bütün bunlar, əlbəttə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı və yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramlarının əsas müddəa və tələblərinə cavab verir. Heç şübhəsiz, son illərdə Azərbaycanda yoxsulluğun kəskin şəkildə azaldılmasında, işsizlərin sayının minimuma endirilməsində turizm sektorunun dinamik inkişafının təsiri böyükdür. Dövlətin bu sahədə qarşıya qoyduğu vəzifələr və son illər ərzində görülən işlər Azərbaycanın inkişafının düzgün istiqamətdə getdiyini sübut edir. Bu baxımdan, Heydər Əliyev Fondunun dəstəyilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalını Azərbaycan mədəniyyəti ilə yanaşı, turizm sektorunun və iqtisadiyyatının inkişafına da mühüm töhfə kimi dəyərləndirmək olar.

 

 

 Hülya MƏMMƏDLİ

 

Yeni Azərbaycan.- 2011.- 9 avqust.- S. 2.