Azərbaycanda aqrar islahatların siyasi-hüquqi əsasları və inkişaf mərhələləri

 

I məqalə

 

Hər bir müstəqil ölkənin sabit və dünya tərəfindən qəbul olunmuş dövlət atributları vardır və məhz onlar bu siyasi vahidi bir dövlət kimi xarakterizə edir. Bu atributlardan biri də torpaq, ərazi atributudur. Bu, özünün çoxşaxəli və mürəkkəbliyi ilə fərqlənən sahədir. Dövlətin torpağı, ərazisi onun əksər sahələri üçün bazadır.

Torpaq amilinin qiymətləndirilməsi əslində, insanlıq tarixi ilə bağlıdır. Ən qədim dövrlərdən bəri torpaq insanlığın əsas yaşam amillərindən biri olub. Heç də təsadüfi deyil ki, əsasını qədim dövrlərdən götürərək müasir dövrümüzə qədər gəlib çatan, dünyanın əksər xalqlarının inanclarında mövcud olan dörd ilahi ünsürdən biri məhz torpaq olub. Torpaq, onunla bağlı olan münasibətlər bütün dövrlərdə ölkənin taleyini həll edən əsas amil və faktorlardan biri olub.

Dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan qədim əkinçilik ənənələrinə malik dövlət kimi tanınır. Bərəkətli, məhsuldar və böyük torpaq resurslarına malik Azərbaycan hələ qədim zamanlardan Şərqin yüksək inkişaf etmiş kənd təsərrüfatı ölkəsi kimi tanınıb. Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yolların kəsişməsində yerləşən Azərbaycan ərazisi, eyni zamanda, iqtisadi və siyasi əlaqələrin mərkəzi kimi böyük əhəmiyyət daşıyıb. Tarixi sənədlərdə və digər yazılı arxiv materiallarında da Azərbaycanın bərəkətli torpağa, zəngin iqlimə, günəşli hava şəraitinə, bolsulu çaylara, qarlı dağlara və zəhmətkeş əkinçilərə malik olması göstərilib. Qədim mənbələrdə qeyd olunur ki, ölkə təbii sərvətlər və faydalı qazıntılarla - ipək, pambıq, zəfəran, neft, duz və digər minerallarla zəngin idi. Şabran, Şəki, Beyləqan, Təbriz, Gəncə, Şamaxı, Bərdə və bir sıra şəhərlər kənd təsərrüfatının emal sahələri üzrə ixtisaslaşmışdı.

Odlar Yurdu kənd təsərrüfatı ilə məşğul olmaq üçün ən əlverişli məskən sayılırdı. Burada Qafqazda bitən 6 min bitkidən 4 mini mövcud idi. Təsərrüfat sahələri üçün münbit şəraitin olması Azərbaycanda hələ eramızın əvvəllərindən başlayaraq əkinçiliyin ənənəvi növlərinin - pambıqçılığın, taxılçılığın, üzümçülüyün inkişafına səbəb olmuşdu. Torpaq-iqlim şəraitinin son dərəcə müxtəlifliyi burada zəngin bitki örtüyünün inkişafını artırırdı. Bu amil Azərbaycanın bitkiçilik məhsulları istehsalı mərkəzlərindən biri olduğunu deməyə əsas verir. Azərbaycan ərazisində buğda bitkisinin qədimdən becərilməsi haqqında məlumata antik dövr müəlliflərinin, qədim salnaməçilərin əsərlərində və o dövrün tarixçi və yazıçılarının - Herodotun, Teofrastın, Pliteyin, Polibinin və başqalarının əsərlərində rast gəlinir. Arxeoloqlar ölkənin müxtəlif regionlarında, o cümlədən, Naxçıvan yaxınlığında yerləşən qədim Kültəpə məskənlərində eramızdan əvvəl III-II minilliklərə aid olan sıx sünbül buğdaları qalıqlarına rast gəlmişlər. Mingəçevirdə tapılmış qədim anbarlarda olan küpələrdəki bitki qalıqlarının analizlərinin nəticələrindən onun eramızdan əvvəl II əsrə və bizim eranın II əsrinə aid olan bərk buğda sortlarına mənsub olduğu müəyyənləşib.

 

Azərbaycan kəndlisi müstəqilliyin bərpasına qədər torpağın həqiqi sahibi ola bilməyib...

 

Feodalizmin formalaşması və təşəkkül tapması Azərbaycanda məhsuldar qüvvələrin güclü inkişafına təkan verib. Tovuz və Ağstafa rayonlarında 1947-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində tapılan dərzdöyən, biçin və torpaqbecərən alətlərin, taxıl bitkiləri toxumlarının qalıqları ölkəmizdə əkinçiliyin o dövrdə kifayət qədər inkişaf etməsini bir daha təsdiqləyir. Hələ lap qədim dövrlərdən ölkəmizdə tərəvəzçilik və bostançılıqla məşğul olmuşlar. Bizim eradan çox əvvəllər sarımsaq, noxud, kök, qarpız, qabaq və s. tərəvəz və bostan bitkiləri becərilib, əhalinin əsas məşğuliyyətlərindən və qida mənbələrindən biri olub. Azərbaycanın zəfəranı, qızılı heyvası, kəhrəba üzümü nəinki Şərqdə, həm də Qərbdə böyük şöhrət qazanıb.

Bitkiçiliyin inkişafı heyvandarlığın da inkişaf etməsini təmin edib. Kurqanlarda, mağaralarda və digər abidələrdəki mənbələr bir daha təsdiq edib ki, Azərbaycanda qədim sakinlər heyvanların əhlilləşdirilməsi və yetişdirilməsi ilə məşğul olublar. Qobustan qayaüstü rəsmləri respublikanın böyük ərazisində tapılan daş, gil, tunc və s. heyvan heykəlləri bir daha sübut edir ki, ölkəmizdə qədim zamanlardan heyvandarlıq inkişaf edib, insanlar bundan bəhrələnərək öz yaşayışlarını təmin ediblər. Tarixçi Strabonun yazdığına görə, Kür və Araz çayları arasında yerləşən ərazi mülayim iqliminə görə, torpaqların həm çaylar vasitəsilə suvarılması nəticəsində çəmənliyin üstünlük təşkil etməsi ilə əlaqədar bol heyvan yeminin olması maldarlığın geniş yayılmasına, həm ev heyvanlarının, həm də vəhşi heyvanların artmasına səbəb olmuşdu.

Bütün bunlar Azərbaycanın zəngin torpaq resurslarına və qədim kənd təsərrüfatı ölkəsi kimi tanınmasına əyani sübutlardır. Yüzilliklər boyu inkişaf edən təsərrüfat sahələrinin idarə olunması ilə bağlı tədbirlər də həmin dövr üçün mühüm məsələlərdən biri olub. Yəni, neçə yüz illər əvvəl torpaqla bağlı müəyyən islahatların aparılması həmin dövr üçün zəruri idi. İslahatların tarixi ilə bağlı müxtəlif məlumatlar göstərilsə də, bu sahədə əsaslı addımların atılmasına rast gəlinmir. Yalnız Hülakilərin hakimiyyəti illərində əsaslı islahatların olmasını görmək mümkündür. Belə ki, Azərbaycanda torpaq islahatları Hülakilərin dövründə Qazan xanın başçılığı altında daha çox diqqəti cəlb etməyə başlayıb. Qazan xanın torpaq islahatının əsasını monqolların orta təbəqəsinin və dövlətə xidmət edən yerli əyanların mənafeyinin qorunması təşkil etsə də, burada dövlətin ümumi maraqları və inkişafı üçün mühüm maddələr var idi. İtaliya səyahətçisi Marko Polo Qazan xanın həyata keçirdiyi torpaq islahatlarını o dövr üçün çox mühüm addım kimi dəyərləndirərək bunun ictimai münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olduğunu qeyd edirdi.

Şah Abbasın hakimiyyəti dövründə də Azərbaycanda torpaqla bağlı müəyyən islahatlara start verilib. Şah Abbas özünün uğurlu islahatları ilə orta əsr Azərbaycan tarixində xüsusi yer tutur. Sahibsiz torpaqların Divanın sərəncamına verilməsi, becərilməyən mülklərin satın alınaraq dövlət torpaqlarına qatılması, iqta torpaqlarının alınıb-satılmasına yasaq qoyulması, becərilməyən torpaqların yeni sahibkarlara paylanması və digər addımlar islahatçılıq meyillərindən xəbər verirdi.

İtaliya səyahətçisi Marko Polo Azərbaycanda olarkən ölkəmizin zəngin təbii sərvətlərindən, burada həyata keçirilən islahatlardan bəhs edib. Şamaxı və Bərdədə ipəkçiliyin inkişafını xüsusi qeyd edən səyyah ixrac edilən bu məhsulun ölkənin iqtisadiyyatında böyük rol oynadığını xatırladır. İpəkçiliyin əsas mərkəzləri olan Nuxa, Göyçay, Ağdam, Zaqatala ilə yanaşı, Qarabağ və Naxçıvan da bu sahə üzrə ixtisaslaşıb. Marko Polo onu da qeyd edir ki, burada ölkənin ehtiyacını ödəyəcək miqdarda meyvə, tərəvəz yetişdirilir. Biyan bitkisi əsasən Kür və Araz çaylarının vadilərində yabanı halda bitir. Bu məhsulun demək olar ki, hamısı İngiltərə və Amerikaya göndərilirdi.

Orta əsrlərdə torpaq üzərində sahiblik hüququ ilə bağlı bəzi islahat xarakterli qərarlara baxmayaraq, mülkiyyət yenə də feodallara və iri məmurlara məxsus olmaqla, kəndlinin azad fəaliyyətinə tam şəkildə maneələr yaradırdı. Sonrakı dövrlərdə də bu tendensiya davam etdi. Kapitalist münasibətlərinin formalaşması zamanı da bu cür meyillər müşahidə olundu. Yəni, ötən bir neçə yüzilliklər sonrası torpaqla bağlı bir sıra qərarlar verilsə də, kəndli heç vaxt torpağın sahibi ola bilməyib. Çar Rusiyası dövründə torpaqdan istifadə ilə bağlı bir neçə qərar qəbul olunub, amma torpağın əsl sahibi, onu əkib-becərən kəndli mülkiyyət sahibinə çevrilə bilməyib. 1861-ci ildə Çar Rusiyasında təhkimçilik hüququnun ləğv olunması, torpaq islahatı haqqında direktivlərin imzalanması Azərbaycan kəndində heç bir müsbət dəyişikliyə yol açmadı. Rusiya kəndlərində torpaq islahatının keçirilməsinə baxmayaraq, çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş Çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqları hiss olunmurdu, halbuki, kəndli islahatı ərəfəsində - 1859-1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümüşdü və Rusiyada ilk inqilabi şərait yaranmışdı. Rusiyadan fərqli olaraq ölkəmizdə torpaq sahibləri ilə kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdılar.

Hökumət Azərbaycanda kəndli islahatının həyata keçirilməsi üçün hələ şəraitin olmadığını bəhanə edir və bunun üçün hazırlıq tədbirlərinin görülməsinin vacibliyini qeyd edirdi. Amma bütün bunlara baxmayaraq o dövrdə islahat xatirinə keçirilən tədbirlər, məsələn, 1866-cı ildən başlayaraq bəy komissiyalarının yaradılması, “dövlət kəndlilərinin torpaq quruluşu haqqında əsasnamə” qəbul olunması varlı şəxslərin torpağı satın almasına şərait yaratdı. Amma ümumi məzmun bu idi ki, kəndlilər hansısa pulla torpağı satın ala bilmirdilər. Yəni, islahat bütövlükdə Azərbaycan kəndində əsaslı dəyişikliklər yarada bilmədi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə torpaq islahatlarının keçirilməsi ilə bağlı hüquqi-normativ bazanın yaradılması istiqamətində görülən işlər, torpaqların kənlilərə paylanması və digər qətiyyətli addımlara baxmayaraq, rus ordusunun işğalı bu siyasətin sona çatdırılmasına imkan vermədi. Sovet hakimiyyətinin qurulması və Azərbaycanın keçmiş ittifaq respublikalarının sırasına daxil edilməsi də kəndlinin torpaq sahibi olmasına imkan yaratmadı. Kolxozların yaradılması və kollektivləşmə zamanı kəndlilərə torpaq verilmədi, varlı kəndlilərin torpaqları isə əllərindən alındı. Kolxozlarda birləşdirilən kəndlilər bu təsərrüfat formasından imtina etdikdə, onlara qarşı zorakı yollardan istifadə olundu. Bir sözlə, neçə yüzilliklər keçsə də, ictimai quruluşlar dəyişsə də, kəndlilər sözün həqiqi mənasında XX əsrin sonlarına qədər torpaq sahibi ola bilməyiblər.

 

Dövlət müstəqilliyinin bərpası ölkəmizdə torpaq mülkiyyətçisi sinfini formalaşdırdı...

 

Dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında yeni iqtisadi sistemin yaradılması, mühüm islahatlar proqramının qəbul edilməsi üçün əlverişli şərait mövcud olsa da, 1991-1993-cü illərdə hakimiyyətdə olan səriştəsiz AXC-Müsavat birliyi ölkəmizin inkişafı üçün heç bir iş görə bilmədilər. Dövlət müstəqilliyinin bərpasından sonra üzləşdiyi ictimai-siyasi, sosial-iqtisadi problemlərin mövcudluğu səbəbiylə böhran və xaosla qarşı-qarşıya qalan Azərbaycanda qeyri-peşəkarların hakimiyyətə gəlməsi iqtisadi-siyasi vəziyyəti daha da gərginləşdirdi. Siyasi böhran iqtisadi sahəyə ciddi təsir göstərirdi ki, bu da iqtisadiyyatın bütün sahələrində, o cümlədən, kənd təsərrüfatında tənəzzülü dərinləşdirmişdi. Keçmiş ittifaq respublikalarında olduğu kimi, Azərbaycanın da iqtisadiyyatının ənənəvi sahələrindən sayılan aqrar bölmədə tənəzzül və iqtisadi böhran yaranmışdı. Planlı təsərrüfat sisteminin əsas formalarından biri olan aqrar təsərrüfatın sahələrinin - kolxoz və sovxozların fəaliyyətini demək olar ki, dayandırması iqtisadi tənəzzülü günü-gündən dərinləşirirdi.

1991-1993-cü illərdə köhnə iqtisadi sistemin fəaliyyətini dayandırması, yeni iqtisadi sistem olan liberal bazar iqtisadiyyatının mexanizmlərinin hazırlanmaması ölkə iqtisadiyyatını idarəolunmaz vəziyyətə salmışdı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəlişi mövcud iqtisadi-siyasi, sosial-ictimai münasibətlərdə tamamilə yeni mərhələnin başlanmasına səbəb oldu.

Dahi şəxsiyyətin hələ 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə aqrar sahənin inkişafı ilə bağlı gördüyü misilsiz işlər mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi Ulu öndərin aqrar sahə ilə bağlı həyata keçirdiyi tədbirlərin əsas istiqamətlərini təşkil edirdi. Ulu öndərin birbaşa təşəbbüsü ilə 1970-ci ildə Azərbaycan Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərarı ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının yüksəlməsində müstəsna rol oynadı. Bu qərarın icrası sayəsində 1970-1980-ci illərdə respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi bir neçə dəfə artdı. Ulu öndərin həyata keçirdiyi məqsədyönlü və hərtərəfli düşünülmüş kənd təsərrüfatı siyasətinin nəticəsində 1982-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi 1969-cu illə müqayisədə 2,5 dəfə, inqilabdan əvvəlki dövrə nisbətən 9 dəfə yüksəldi. 1970-1982-ci illərdə orta illik məhsuldarlıq əvvəlki 13 ilin məhsuldarlığından taxıl üzrə 1,9 dəfə, tərəvəz üzrə 1,6 dəfə, meyvəçilik üzrə 2 dəfə, çay yarpağı üzrə 2,3 dəfə çox oldu. 1969-cu ildə 299 min ton pambıq, 272 min ton üzüm istehsal olunurdusa, 1982-ci ildə pambıq istehsalı təqribən 1 milyon tona, üzüm istehsalı 816 tona çatdırıldı. Eləcə də, üzümçülüyün xüsusilə intensiv inkişafı həm şərabçılıq sənayesinin, həm də Azərbaycan kəndinin sosial iqtisadi inkişafına təkan verdi. Bu illərdə şərabçılıq sənayesinin istehsal həcmi 6 dəfədən çox artdı və respublikadakı bütün sənaye istehsalı həcminin altıda bir hissəsini təşkil etdi. Şərabçılıq sənayesi müəssisələrinin gücü 1969-cu ildə 106 min ton idisə, 1982-ci ildə 1 milyon 80 min tona çatdı və və ya 10,2 dəfə artdı. Bu göstəricilər dünyanın heç bir yerində görünməmiş inkişaf tempi idi.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən diqqət mərkəzində saxladığı sahələrdən biri də aqrar sahə idi. Aqrar sahədə islahatların aparılması, xüsusilə də, onun mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, yeni əkinçi-torpaq münasibətlərinin formalaşdırılıması günün ən vacib tələbi kimi qiymətləndirilirdi. Ulu öndər iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi. Onun rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradıldı və həyata keçirildi.

1993-cü ilin ikinci yarısından başlayaraq Ulu öndər Heydər Əliyevin göstərişi ilə ölkənin aqrar sektorunda islahatların həyata keçirilməsi üçün ciddi addımlar atıldı. Bu məqsədlə ilk növbədə dünya təcrübəsi, xüsusilə keçid dövrü yaşamış ölkələrin təcrübəsi ardıcıl olaraq öyrənildi, ölkənin müxtəlif rayonlarında sınaqlar keçirildi. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1994-cü ilin dekabrında və 1995-ci ilin martında aqrar sektorda islahatların həyata keçirilməsi, kolxoz və sovxozların islahatı üçün qanun layihələrinin hazırlanması və həyata keçirilməsi üzərində işləyən xüsusi komissiyalar yaradıldı.

 

Ümummilli lider Heydər Əliyev aqrar islahatların fundamental elmi-nəzəri-iqtisadi əsaslarını yaradıb...

 

Ulu öndər Heydər Əliyev Azərbaycan torpaqlarını, bu torpaqların istehsal gücünü yaxşı bilirdi. Ümummilli lider Heydər Əliyev iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu da yaxşı bilirdi. Onun rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradıldı. 1995-ci ildə “Aqrar islahatının əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və 1996-cı ildə isə “Torpaq islahatı haqqında” qanunlar qəbul edildi. Yeri gəlmişkən, Ümummilli liderin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə Onun təşəbbüsü ilə Muxtar Respublikanın Gal və Şurut kəndlərində torpaq islahatı aparılmış, torpaqlar kəndlilərə pulsuz olaraq paylanmış və nəticədə kənd təsərrüfatı məhsulları istehsalında müsbət nəticələr əldə edilmişdi.

Ümumiyyətlə, kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı qəbul olunmuş qərarlar həmin dövrdəki iqtisadi qanunvericilik sənədləri içərisində xüsusi yer tuturdu. 1995-96-cı illərdə islahatların həyata keçirilməsi ilə bağlı o dövr çox gərgin keçən müzakirələr zamanı bəzi şəxslər torpaqların özəlləşdirilməsinə şübhə ilə yanaşır, hətta özlərini “islahatçılar” kimi göstərmək istəyənlər bunun vaxtının çatmadığını əsas gətirməyə çalışırdılar. Əlbəttə, qısa bir zamanda bu qədər qanun, əsasnamə və başqa hüquqi-normativ sənədlərin hazırlanması və tətbiqi üçün əlverişli ictimai-siyasi şəraitin yaradılması dövlət səviyyəsində gərgin, həmçinin, hərtərəfli təşkilati işlərin aparılmasını tələb edirdi. Eyni zamanda, həmin dövrdə islahatları aparmaq üçün böyük qətiyyət və zəngin təcrübə tələb olunurdu. Torpaq islahatının cəmiyyətimiz üçün yeni bir iş olduğunu və MDB ölkələrinin heç birində bu sahədə hüquqi bazanın və təcrübənin olmadığını nəzərə alsaq, Azərbaycanda bu qədər mühüm tədbirin həyata keçirilməsinin çətinliyi və məsuliyyəti aydın olar. Çünki bu illərdə ağır və çətin bir proses olan aqrar islahatları aparmaq üçün nə müvafiq qanunvericilik bazası, nə də ki lazımi təcrübə var idi. Ona görə də, Ulu öndər Heydər Əliyev bu işə böyük ehtiyatla və həssaslıqla yanaşırdı. Belə çətin bir işin öhdəsindən gəlmək üçün isə Onun köməyinə Azərbaycana birinci rəhbərliyi zamanı aqrar sahənin inkişafı istiqamətində əldə edilmiş müsbət təcrübə çatdı.

Ulu öndər islahatları onilliklər ərzində keçirməyin mümkünlüyünü əsaslandırmağa çalışanların bütün “arqmumetləri”ni tamamilə alt-üst edərək dəlil-sübutlara və elmi-nəzəri-iqtisadi əsaslara söykənərək torpaqları özəlləşdirməyin, həmçinin, Konstitusiyada təsbit edildiyi kimi, 3 mülkiyyət formasına bölməyin vaxtının çatdığını təsdiq etdi. 1996-cı il iyunun 24-də keçirilən ölkədə aqrar islahatların vəziyyətinə və “Torpaq islahatı haqqında” Qanun layihəsinin müzakirəsinə həsr olunmuş müşavirədə Ulu öndər aqrar islahatların aparılmasını iqtisadi inkişafın və Azərbaycanın iqtisadi təhlükəsizliyinin vacib elementi olduğunu bildirərək bu istiqamətdə qətiyyətli addımlar atmağı vacib hesab etdiyini diqqətə çatdırdı. Onun konkret olaraq yekun rəyi bundan ibarət idi ki, aqrar islahatlara, onun əsas tərkib hissəsi olan torpaq islahatlarına başlamaq lazımdır. Çünki islahatlardan başqa yol yoxdur. Ulu öndər bunu həmin müşavirədə bildirirdi: “Bir şey hamıya aydın olmalıdır, mən bunu dəfələrlə bəyan etmişəm və bu gün də deyirəm ki, iqtisadiyyatın bu günü və gələcəyi yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Yolumuz budur, başqa yol yoxdur”.

Ulu öndər torpağın əsil sahibi olan kəndlinin mülkiyyətçiyə çevrilməsi, islahatların başlıca məzmunu kimi sosial ədalət prinsipinin tətbiqini tez bir zamanda reallaşdırmaq üçün düşünülmüş, təmkinli və qətiyyətli tədbirlər görməyə başladı. Qeyd etdiyimiz kimi, burada ədalətlilik prinsipi əsas meyar oldu. Ulu öndər deyirdi: “Yenə də deyirəm, biz gərək bu tədbiri, bu qanunu çox ədalətli tədbir, çox ədalətli qanun edək. O mənada ədalətli ki, əgər vaxtilə ədalətsizlik olubsa, kimlərinsə torpağını əlindən alıblarsa, kimləri isə öz mülkündən, öz əmlakından məhrum ediblərsə, biz ikinci dəfə bu islahatı apararkən gərək ədalətsizliyə yol verməyək. Bir daha qeyd edirəm, bizim bu tədbirimizin, yəni, islahatımızın, qəbul edəcəyimiz qanunun əsas məqsədi bundan ibarətdir ki, torpaqdan istifadənin səmərəsini artıraq. Torpağımız çoxdur. Əgər biz bu torpaqlardan səmərəli istifadə etsək, o torpaqlardan 70-ci illərdə aldığımız məhsuldan da xeyli artıq məhsul əldə edə bilərik. Bütün tarix də bunu göstərdi ki, torpaqlardan yalnız o halda səmərəli istifadə etmək olar ki, bu torpaq kiminsə mülkü olsun, o buna şəxsi mülk kimi baxsın və ondan çox mənfəət götürməyə çalışsın. O, torpaqdan çox mənfəət götürdükdə, deməli, istehsalı artıracaqdır. Özü də mənfəət götürəcək, ümumi istehsalı da artıracaqdır. Bizim isə indi ümumi istehsalı artırmağımızın yolu sahibkarlığı, xüsusi mülkiyyətçiliyi artırmaq yoludur. Biz həm aqrar sektorda, həm sənaye sektorunda, həm də iqtisadiyyatın başqa sektorlarında bu yolla gedəcəyik”.

Məhz həmin dövrdən başlayaraq, aqrar islahatların bir hissəsini təşkil edən torpaq islahatlarının keçirilməsi, torpağa yeni mülkiyyət formalarının yaradılması, yeni torpaq-mülkiyyət münasibətlərinin formalaşdırılması və bu münasibətlərin hüquqi tənzimlənməsi Ulu öndər Heydər Əliyevin imzaladığı çoxsaylı fərmanlarda və başqa normativ-hüquqi aktlarda öz əksini tapdı. Beləliklə, aqrar istehsalatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında imzalanan fərmanlar, sovxoz, kolxoz və başqa kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi barədə əsasnamə, sovxoz, kolxoz və başqa kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi barədə əsasnamə, vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəsi altında olan bağların onların mülkiyyətinə verilməsi haqqında normativ sənədlər, eləcə də, torpaqların alqı-satqı qaydaları, kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi qaydaları, kənd təsərrüfatı üçün yararsız və ya az yararlı torpaqların kənd təsərrüfatı məqsədləri ilə istifadəsində güzəştlər edilməsi haqqında əsasnamə, yay və qış otlaqlarının bölünməsi və istifadə qaydaları və digər hüquqi sənədlərin icrasına başlanması islahatlarla bağlı prosesləri xeyli sürətləndirdi.

 

 

Yeni Azərbaycan.- 2011.- 9 avqust.- S. 3.