2011-ci ilin ötən dövrü Azərbaycan üçün kifayət qədər uğurlu olub

 

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:

- Siyavuş müəllim, hazırda gündəmin əsas mövzularından biri ölkəmizin 2011-ci ilin ötən dövründə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarla bağlıdır. Bu istiqamətdə cəmiyyətdə müxtəlif rəylər mövcuddur. Bu ilin ötən dövrünün nəticələrini siz necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, 2011-ci ilin ötən dövrü Azərbaycan dövləti üçün uğurlu olub. Bilirsiniz ki, ölkəmizdə görülən işlər, həyata keçirilən sosial-iqtisadi siyasətlə bağlı vaxtaşırı olaraq müzakirələr aparılır, hesabatlar verilir, bu işlər dəyərləndirilir və eləcə də, qarşıda duran vəzifələr müəyyən olunur. Bu mənada bu ilin birinci yarısının nəticələrini təhlil etsək, bu dövrdə də ölkəmizin dinamik inkişaf etdiyini əminliklə söyləyə bilərik. Dünyada gedən mənfi tendensiyalı proseslərə baxmayaraq Azərbaycan inkişafdadır, ÜDM artır, ölkədə abadlıq-quruculuq işləri davam etdirilir, yeni iş yerləri, yeni sənaye müəssisələri açılır. Bu isə vətəndaşların gəlirinin artması, rifah halının yüksəlməsi ilə müşayiət olunur. Məlum olduğu kimi, Azərbaycan Prezidenti qanunvericilik təşəbbüsü ilə çıxış edərək “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlı layihəni Milli Məclisə təqdim etdi. Millət vəkilləri həmin layihəni qəbul etdilər. Bu dəyişikliklər nəticəsində 2006-cı ilə qədər pensiyaya çıxan insanların təqaüdləri iyul ayından təxminən 40 faiz artıb. Bu da göstərir ki, Azərbaycan hökuməti daima vətəndaşların yaxşı yaşaması üçün lazımi addımları atır. Eyni zamanda, müəyyən məsələlər də var ki, onların həlli yolları axtarılıb tapılır.

Bütövlükdə istər kənd təsərrüfatı, istər sənaye, istərsə də investisiya qoyuluşu sahəsində bu il Azərbaycanda çox uğurlu ildir. Ölkəmizin imkanları günü-gündən artır, vətəndaşların yaşayış səviyyəsi daha da yaxşılaşır. Azərbaycanda yeni məktəblərin, səhiyyə obyektlərinin tikilməsi, o cümlədən, yolların, körpülərin inşa olunması prosesi davam etdirilir. Bu işlərin bölgələrdə, yerlərdə aparılmasının xüsusilə böyük əhəmiyyəti var. Regionların sosial-iqtisadi inkişafı yönündə görülən işlərin nəticələri ortadadır. Vaxtilə şəhər və kənd, şəhər və rayon arasında böyük bir fərq vardısa, artıq bu fərq xeyli dərəcədə aradan qaldırılır. Demək olar ki, Azərbaycanın bütün rayonlarında geniş infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar isə yeni iş yerlərinin açılması, yeni müəssisələrin fəaliyyətə başlaması, məktəblərin, xəstəxanaların və digər obyektlərin tikilməsi ilə müşahidə olunur. Bu il ölkəmizdə turizm ili olduğunu nəzərə alsaq, bu sahədə də ciddi nailiyyətlərin əldə olduğunu deyə bilərik. Məlumdur ki, indiyə qədər bir sıra turizm obyektləri də tikilib istifadəyə verilib və bu proses davam etməkdədir. Bildiyiniz kimi, bu ilin sonuna qədər təkcə Bakıda 5 beşulduzlu hotel tikilib istifadəyə veriləcək. Onlar da ən yüksək standartlara uyğun olacaq və dünyada ən tanınmış markalar hesab olunan hotellər sisteminə daxil olacaqlar. O cümlədən, regionlarda, ayrı-ayrı bölgələrdə də dünya səviyyəli tədbirlərin keçirilməsi artıq ənənəvi hal alıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı bunun əyani sübutudur. Bütün bunlar o deməkdir ki, artıq Azərbaycanda istənilən beynəlxalq tədbirin keçirilməsi - iqtisadi, sosial, idman, mədəniyyət və başqa istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün kifayət qədər infrastruktur mövcuddur.

- Azərbaycanın beynəlxalq müstəvidəki fəaliyyətində hansı yeniliklər baş verib? Bu yaxınlarda Türkiyənin Baş naziri ölkəmizdə səfərdə oldu. Bu səfərin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Bu ilin ötən dövrü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, beynəlxalq əlaqələrin genişləndirilməsi, Azərbaycana diqqət, ölkəmizin maraqlarının beynəlxalq təşkilatlarda müdafiə olunması ilə də əlamətdar olub. Heç də təsadüfi deyil ki, ötən yarım il ərzində Avropanın bir sıra ölkələrinin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri olub. Azərbaycanın dövlət başçısının bəzi ölkələrə səfərləri reallaşıb.

Ümumilikdə, xarici dövlətlərin rəhbərlərinin səfərləri baxımından Azərbaycan dünyada öndə gedən ölkələrdəndir. Bu bir daha Azərbaycanın dünyada artan nüfuzunu, həm ölkəmizdə gedən dövlət quruculuğunu, həm də demokratik-hüquqi dövlətin möhkəmlənməsini, Azərbaycanın Avroatlantik məkana inteqrasiyasında qətiliyini, “Şərq tərəfdaşlığı” Proqramı üzrə Avropa məkanı ilə işbirliyini göstərir. O cümlədən, ayrı-ayrı dövlətlərin parlament rəhbərlərinin, hökumət nümayəndələrinin Azərbaycana səfərləri də xüsusi önəm daşıyır. Bunlar hamısı Azərbaycanın regionda aparıcı dövlətə çevrilməsi ilə bağlı məsələlərdir.

Türkiyəyə gəlincə, ölkələrimiz arasında münasibətlər dostluq və qardaşlıq xarakteri daşıyır. Xatırladım ki, Türkiyədə parlament seçkilərindən sonra ölkəmizdə AKP-nin qələbəsinin əleyhinə olan bir sıra qüvvələr vardı. Bu narazılıq isə həmin qüvvələrin şəxsi maraqlarından doğurdu. Amma AKP-nin qələbəsi Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirir. Seçkidən sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ilk xarici səfərini Azərbaycandan başlaması Ulu öndər Heydər Əliyevin dediyi kimi, ölkələrarası münasibətlərin “bir millət, iki dövlət” prinsipi əsasında tənzimlədiyini bir daha təsdiqləyir. Azərbaycandan əvvəl isə cənab Ərdoğan Şimali Kiprə gedərək yubiley tədbirində iştirak etmişdi.

Doğrudur, bəzi mətbuat orqanlarında guya Azərbaycanla Türkiyə arasında problemlərin olduğu, cənab Ərdoğanın bununla əlaqədar olaraq ölkəmizə səfər etdiyi barədə yazılar dərc olunub. Bütün bunlar əsassızdır və düşmən dəyirmanına su tökməyə xidmət edir. Azərbaycan və Türkiyə qardaş ölkələrdir və aramızda heç bir problem yoxdur. Türkiyə Azərbaycanın ən yaxın və strateji müttəfiqidir. Ona görə də, münasibətlərimizə kimliyindən asılı olmayaraq, qara yaxmağa çalışan insanın mütləq əsil-nəcabətində qarışıqlıq var.

- Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində Ermənistan prezidenti Qarabağı işğal etdiklərini etiraf etməklə yanaşı, Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etdi. Sizcə, bu səfər ərəfəsində belə bəyanatın səslənməsi təsadüfidir, yoxsa hansısa məqamlardan xəbər verir?

- Azərbaycan ilə Ermənistan arasında gedən danışıqlar prosesində ölkəmizin mövqeyi qətidir. Ermənistanın isə yenə də təxribat xarakterli atdığı addımlar, o cümlədən, bu cür çıxışlar danışıqlar prosesinə ləkə gətirir, sülh prosesini pozmaq cəhdi kimi dəyərləndirilir. Bu isə ondan irəli gəlir ki, Ermənistan müstəqil dövlət deyil, bu gün müstəqil qərar qəbul edə bilmir. Onlar göstəriş əsasında hərəkət edirlər. Ermənistan prezidentinin də hər hansı çıxışı yalnız quru sözdən başqa bir şey deyil. Aydındır ki, ölkəmizin güclənən iqtisadiyyatı, güclənən hərbi sənaye potensialı və Azərbaycan xalqının bu məsələdə həmrəyliyi Ermənistanı narahat edir. Nəzərə alaq ki, son iki ildə Ermənistandan 90 min adam köçüb gedib. Ermənistan diasporası xarici ölkələrə köçən ermənilərə yardım göstərilməsini qadağan edib. Onlar erməniləri Ermənistanda saxlamaq istəyirlər, amma bunu bacarmırlar. Bu ondan irəli gəlir ki, Ermənistanda iqtisadi vəziyyət dözülməz haldadır, əhalinin yaşayış səviyyəsi ağırdır. Statistik məlumatlarda da göstərilir ki, Ermənistan əhalisi günü-gündən azalır.

Bu da bəlli məsələdir ki, bəzi ölkələr bu münaqişəni fərqli şəkildə həll etməklə Ermənistana nəfəs vermək istəyirlər. Bu baxımdan da, həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin normallaşması üçün mütləq Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir. Və istər Türkiyə, istərsə də Azərbaycan tərəfindən verilən bəyanatlarda da göstərilir ki, işğal olunmuş ərazilər azad olunmayana qədər Ermənistanla hər hansı bir əlaqənin qurulmasından söhbət gedə bilməz. Dünyada, o cümlədən, regionda və ərəb dünyasında baş verən hadisələr isə göstərdi ki, getdikcə Ermənistan həddən artıq acınacaqlı vəziyyətə gəlib düşəcək. Bu baxımdan, Ermənistanın yeganə xilası Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasıdır. Sarkisyanın verdiyi bəyanat isə şou xarakterlidir. O ildə bir neçə dəfə belə şou xarakterli bəyanatlar verir. Ötən dəfə də onun belə bir bəyanatı olmuşdu və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ona çox tutarlı bir cavab verdi. İndi də Sarkisyan tərəfindən bu cür fikirlərin ortaya atılması, sadəcə xaricdən olan ermənilərin təhriki ilə daxili siyasi gərginliyi yatırmağa yönəldilib. Onun bəyanatlarının Azərbaycana və Türkiyəyə heç bir təsiri ola bilməz. Türkiyə regionda kifayət qədər aparıcı və güclü dövlətdir. Azərbaycanın da potensialı günü-gündən güclənir. Ermənistan bilir ki, əgər Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad edəcək.

- Siyavuş müəllim, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul ediblər. Payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı NATO Parlament Assambleyasında qətnamənin müzakirəyə çıxarılması gözlənilirmi?

- NATO Parlament Assambleyasının ötən payız sessiyasında bu məsələ gündəlikdə var idi. Amma ötən il ölkəmizdə parlament seçkiləri keçirildiyi üçün bizim xahişimizlə bu məsələnin müzakirəsi təxirə salındı. Hazırda qətnamə layihəsi ilə bağlı iş davam etdirilir. Ümumiyyətlə, NATO PA-da bu məsələ mütəmadi olaraq diqqət mərkəzindədir. Hər dəfə də təşkilatda Azərbaycanın lehinə sənədlər qəbul olunur. NATO-nun 50 illik yubileyinə həsr olunmuş kitabda istər Dağlıq Qarabağ, istərsə də Naxçıvanla bağlı həqiqətlər öz əksini tapıb. NATO-nun xəritəsində Xankəndi şəhərimiz öz adı ilə göstərilib. O cümlədən, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu qurumda Azərbaycanla bağlı məsələ hər zaman diqqət mərkəzindədir. Azərbaycan bu gün NATO ilə ən sıx əməkdaşlıq edən və bütün proqramlarda iştirak edən bir dövlətdir.

- Siyavuş müəllim, istərdik ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında da məlumat verəsiniz. Bu ilin birinci yarısında YAP qarşıda duran vəzifələri hansı səviyyədə yerinə yetirdi?

- Qeyd etmək istəyirəm ki, 2011-ci ilin birinci yarısında YAP-ın həyatında da mühüm hadisələr baş verib. Partiyamızın həm üzvlərinin artması, həm yerli təşkilatların işinin gücləndirilməsi, ideya-təbliğat işlərinin aparılmasının gücləndirilməsi baxımından vacib addımlar atılıb. O cümlədən, Azərbaycanda gedən sosial-iqtisadi inkişafla bağlı layihələr, abadlıq-quruculuq işlərinin həyata keçirilməsinin təbliğində partiya tərəfindən böyük işlər görülüb. Bu proses uğurla davam etdirilir. Son 6 ayda partiyamız İdarə Heyəti tərəfindən qəbul olunan qərarlara əsasən lazımi səviyyədə fəaliyyət göstərib. Bu dövr ərzində müşavirələrimiz keçirilib, rayon-şəhər təşkilatları ilə görüşlər keçirilib, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi, qərargahların vəziyyətlərinin yaxşılaşdırılması işləri aparılıb. Ştatlı işçilərin attestasiyası keçirilib və partiya fəalları üçün müxtəlif treninqlər keçirilib. Eləcə də, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün müvafiq addımlar atılıb. O cümlədən, gənclərlə bağlı çox mühüm işlər aparılıb. Partiyamızın gəncləri də xarici səfərlərdə olublar. Həmçinin, iyul ayında Rumıniyanın hakim Liberal Demokrat Partiyasının gənclərdən ibarət böyük nümayəndə heyəti YAP Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olublar. Rumın gənclər ölkəmizin müxtəlif bölgələrində oldular, ölkəmizdə gedən dinamik inkişafı gördülər və bir sıra tədbirlərdə iştirak etdilər. Gənclər üçün digər vacib layihələr də həyata keçirilib. Qeyd edim ki, qarşıdakı dövr üçün də fəaliyyət proqramımız təsdiq olunub və bu proqram əsasında işimizi davam etdirəcəyik.

- Gənclər üçün həyata keçirilən “Yay məktəbləri” artıq başa çatıb. Ötən ay reallaşdırılan bu layihənin nəticələrini qənaətbəxş saymaq olarmı?

- “Yay məktəbləri” gənclər üçün təşkil olunmuş ən maraqlı layihələrdən biridir. Bu ilin iyul ayında da gənclər üçün “Yay məktəbləri” təşkil olundu. Layihədə 600 nəfər fəal partiya üzvü olan gənclər iştirak etdilər. Budəfəki “Yay məktəbləri” Qəbələdə “Qafqaz”, Oğuzda “Afra”, Lerikdə “Relax” hotellərində, gözəl istirahət komplekslərində 4 mərhələli şəkildə, hər bir mərhələdə 150 nəfərdən ibarət olmaqla təşkil olunub. Bu layihə çərçivəsində gənclərin elmi, intellektual biliklərinin artırılması və istirahəti baxımından müxtəlif tədbirlər həyata keçirildi. Bu tədbirlərdə partiya üzvü olan Milli Məclis üzvləri, partiyanın Siyasi Şurasının üzvləri, qəzetlərin redaktorları və müxtəlif şəxslər həmin gənclərlə birgə iştirak edirdi. Layihə çərçivəsində müxtəlif mövzularda diskussiyaların aparılması, intellektual oyunların keçirilməsi təşkil olunub, o cümlədən, sosial şəbəkələrdə həm nəzəri, həm də praktiki işlərlə bağlı gənclər üçün treninqlər keçirilib. Bu isə gözəl nəticə verib. Artıq həmin gənclər öz qruplarını yaradıblar. Bu layihədə bütün regionlardan olan gənclər təmsil olunurdu. Onların arasında çox gözəl dostluq əlaqələri yaradılıb. O cümlədən də, bu layihə gənclərin bilik səviyyəsinin artırılması üçün böyük əhəmiyyət kəsb edirdi. Bu layihədə iştirak edən gənclər seçki prosesində, təbliğat işlərində çox fəal iştirak edirlər. İndi isə növbəti mərhələdə gənclərimiz üçün “Qış məktəbləri”nin keçirilməsi ilə bağlı addımlar atmağı düşünürük.

- Siyavuş müəllim, uzun müddətdir müzakirə mövzusu olan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin payız sessiyasının müzakirəsinə çıxarılacaqmı? Sizcə, yeni qanun cəmiyyətin siyasi partiyalara olan gözləntilərini doğruldacaqmı?

- “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı YAP olaraq öz təkliflərimizi irəli sürmüşük. Hazırda bu layihəyə rəy verilməsi üçün Venesiya komissiyasında baxılır. Amma bütün hallarda son sözü Milli Məclis deyəcək. Hesab edirəm ki, bu sahədə yeni bir qanunun qəbul olunmasına zərurət var.

Azərbaycanda partiyaları təsnifata bölsək, YAP-ı çıxmaq şərtilə, digər partiyaların fəaliyyət istiqamətində bir yenilik lazımdır. Düzdür, bu gün artıq parlamentdə fəaliyyət göstərən partiyalar formalaşıb, onlar yeni düşüncə tərzinə, dünya təcrübəsinə uyğun şəkildə öz strukturlarını qurur, fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər. Amma partiyalar var ki, yaradıldığı dövrdən elə necəydisə, elə də qalır. Təbii ki, bu partiyaların öz tərkiblərinə baxmağa, öz tərkiblərində bir islahatlar aparmağa, sırf partiya işi ilə məşğul olmağa bir ehtiyac duyulur. Bu gün ölkədə 50-dən çox partiya qeydiyyatdan keçib, ümumilikdə isə 100-ə qədər partiya fəaliyyət göstərir. Ancaq təəssüflər olsun ki, onların böyük əksəriyyəti öz qarşısına qoyduğu məqsədlə deyil, sırf qəzet üzərində və ya bəyanatlarla çıxış etməkdən başqa hər hansı lazımi funksiyanı həyata keçirmir. Bu baxımdan, dünyada da bu praktika mövcuddur, əgər hər hansı partiya fəaliyyət göstərmirsə, artıq onu partiya hesab etmək olmaz. Məsələn, Avropa Birliyinə daxil olan ölkələrin bəzilərində iki il ərzində ciddi fəaliyyəti olmayan, hər hansı seçkilərdə iştirak etməyən partiyaların avtomatik olaraq qeydiyyatı ləğv olunur. Hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar öz qarşılarına qoyduqları partiya fəaliyyəti ilə məşğul olmalıdır. O baxımdan da, qanunda bu yöndə müddəalar nəzərdə tutulsa, həmin partiyaların fəaliyyəti tənzimlənər, həmçinin, gələcəkdə onların dövlət büdcəsindən maliyyələşmə məsələsi də öz əksini tapar. Çünki dövlət büdcəsindən maliyyələşmə olanda onların qarşısına məqsədlər qoyulacaq ki, partiyanın qanunun tələblərinə uyğun fəaliyyəti olmalıdır. Bu gün əksər partiyalar nizamnaməsi ilə deyil, partiya sədrinin iradəsi ilə idarə olunur, onun baxışlarına uyğun şəkildə fəaliyyət göstərir. Bu da partiya üçün qəbulolunan deyil. Çünki vətəndaşlar partiyanın proqramına görə ona qoşulur, seçkilərdə səs verirlər.

- Bəzi partiyalar isə öz fəaliyyətlərini yalnız mitinq keçirməkdə görürlər. Necə hesab edirsiniz, yeni qanunun qəbulu onların fəaliyyətinə də təsir göstərəcəkmi?

- O partiyalar mövsümi xarakterli partiyalardır. Soyuq oldu və ya günəş çıxdı, mitinq dayanır. Müəyyən bir aksiya keçirib xaricdən bir az pul alırlar. Məsələn, may ayına qədər bu “mitinqlər” həyata keçirildi, müəyyən təminat əldə olundu və yay üçün istirahətlərini təmin etdilər. Payızda da qış istirahətlərini təmin etmək məqsədi ilə yenidən öz “tədbirlərini” həyata keçirmək üçün fəaliyyətə başlayacaqlar. Mənim yadıma burada sovet dövründə olan məhsul bayramları düşür. İndi həmin partiyaların da buna oxşar cəhətləri var. Amma onlar bir müddətdən sonra Azərbaycanın siyasi palitrasından tamamilə silinib gedəcəklər. Onsuz da bu gün həmin partiyalarda heç kim yoxdur. 20 ildir ki, eyni sözləri deyən eyni insanlardırlar. O partiyaların daxilində islahatlar yoxdur. Bu da artıq cəmiyyət tərəfindən qəbul olunmur.

 

 

Yeni Azərbaycan.- 2011.- 9 avqust.- S. 4.