Sabirabad rayonu yeni
inkişaf erasına qədəm qoyub
Son dövrlər rayonda
görülən işlər onu deməyə əsas verir ki,
yaxın perspektivdə Sabirabad Muğanın ən abad, ən
təmiz məkanlarından birinə çevriləcək və
sakinlərin rifah halı daha da yaxşılaşacaq
Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu və
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki
regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək
sürətlə inkişaf edən dövlətinə
çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki,
hazırda Azərbaycanın bütün guşələrində
böyük tərəqqi hiss edilməkdədir. Prezident
İlham Əliyevin imzaladığı regionların
sosial-iqtisadi inkişafı üzrə Dövlət
proqramları Azərbaycanın inkişafına böyük təkan
verib. Bundan başqa, dövlət
başçısının səfər etdiyi hər bir
şəhər və rayonda yerli strukturların rəhbərlərinə
sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi
xüsusi tapşırıqlar da diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin birinci
yarısının sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasındakı nitqində dövlət
başçısının dərin məzmunlu və proqram
xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla
bağlı söylənilən faktlar və rəqəmlər
belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki
regionda, hətta bütün dünyada aparıcı ölkə,
Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının
hesabatlarına əsasən isə bir nömrəli
islahatçı ölkə kimi tanınıb. Ötən
yarım ildə Azərbaycanda qeyri-neft sektorunda artımın 7,2 faiz olması, kənd
təsərrüfatının 6,2 faiz, əhalinin pul gəlirlərinin
17 faiz artması, büdcə xərclərinin 20 milyard dollara
çatması da bu fikri qətiyyətlə sübut edir ki,
Azərbaycan dövləti düzgün yoldadır və
bütün maneələri dəf edərək davamlı inkişaf
mərhələsinə qədəm qoyub. Dünyada baş
verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın
regionları yüksək makroiqtisadi göstəricilərini
qorumaqdadır. Bu, özünü Sabirabad rayonunda da qabarıq
şəkildə büruzə verir.
Prezident İlham Əliyevin səfərləri
rayonda böyük canlanma yaradıb
Bu
gün Sabirabad öz keçmiş şöhrətini
qaytarmaq əzmindədir. Rayonda böyük tikinti-quruculuq və
abadlıq işlərinə start verilib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
gündəlik qayğısı sayəsində Sabirabad rayonu
yeni inkişaf erasına qədəm qoyub. Heç də təsadüfi
deyil ki, dövlətimizin başçısı bu bölgədə
görülən işləri daim diqqətdə saxlayır,
Sabirabada və regionun digər rayonlarına mütəmadi səfərlər
edərək yerindəcə tapşırıq və
tövsiyələrini verir. Prezidentin səfərləri sakinlər
arasında yüksək əhval-ruhiyyə yaradır,
onları daha əzmlə və məhsuldar fəaliyyətə
sövq edir.
Prezident
İlham Əliyevin rayona bu ilin mayın 5-dəki səfəri
də kifayət qədər əlamətdar olub. Məlum
olduğu kimi, dövlət başçısı
daşqına məruz qalmış Qasımbəyli kəndinə
yeni çəkilmiş 15 kilometrlik asfalt yolun
açılışında iştirak edib və həmin kənddə
əsaslı təmir edilmiş tam orta məktəbin
binası ilə tanış olıb, ictimaiyyətin nümayəndələri
ilə görüşərək əhalini
qayğılandıran problemlərlə maraqlanıb,
lazımi tapşırıq və tövsiyələrini verib.
Bu səfərin nəticəsi olaraq rayonda böyük canlanma
yaranıb, abadlıq, tikinti və quruculuq işləri
geniş vüsət alıb, infrastrukturun yeniləşməsi
istiqamətində bir sıra tədbirlər həyata
keçirilməyə başlanıb. Dövlət
başçısının diqqət və
qayğısı sayəsində təbii fəlakətin
törətdiyi dağıntıların aradan
qaldırılması istiqamətində xeyli iş
görülüb. Subasmaya məruz qalan əksər evlərin
yerində möhkəm özüllü 1010 yeni ev tikilib, 100
evdə bərpa-gücləndirmə işləri
aparılıb, dəymiş ziyana görə əhaliyə 10
milyon manatdan çox kompensasiya verilib, 10 sosial obyektdə əsaslı təmir işləri başa
çatdırılıb.
Cənab
Prezidentin növbəti səfərindən sonra isə bu
istiqamətdə işlər daha da güclənib. Ölkə
başçısının göstərişi ilə
daşqından ziyan çəkmiş 1164 nəfər rayon
sakininə daha 1,5 milyon manat kompensasiya verilib, 276 yeni evin
tikintisi nəzərdə tutulub. 318 evdə bərpa-gücləndirmə
işləri görüləcək, 33 sosial obyektdə
tikinti-təmir işləri aparılacaq ki, artıq bu tipli
obyektlərdən 14-də inşaat işləri
başlanıb. Dövlət başçısının
tapşırığı ilə daşqına məruz
qalmış Əsgərbəyli kənd məktəbinin tam
orta məktəbə çevrilməsi üçün əlavə
korpusun və həmin kənddə yeni tibb məntəqəsinin,
poçt binasının tikintisi başa
çatdırılmaq üzrədir.
Sabirabadda böyük tikinti
meydançası
Yeri
gəlmişkən qeyd edək ki, rayona səfərimizdə
xüsusi diqqətimizi çəkən məqamlardan biri
şübhəsiz ki, ərazidə aparılan böyük
quruculuq və təmir işləri oldu. Rayon hazırda tikinti
meydançasını xatırladır, desək,
yanılmarıq. Rayonun görünüşünə xələl
gətirən tikililər müvafiq plan üzrə yenidən
qurulur, bütün binaların fəsadları gözəlləşdirilir.
O cümlədən, Heydər Əliyev prospekti boyu yerləşən
ictimai yaşayış binalarının üzlənməsi,
plastik pəncərələrin qoyulması, dam
örtüyünün müasir formada əsaslı təmiri
və blokların suvanması, hasarların yenidən
qurulması işləri aparılır.
Yolların
yenidən qurulması işlərinə də
başlanılıb. Hazırda Muradbəyli-Qasımbəyli və
Narlıq-Qaraqaşlı istiqamətində yolların əsaslı
təmiri davam etdirilir. Hacıqabul-Bəhrəmtəpə-Horadiz
magistral avtomobil yolunun Sabirabad rayonundan keçən hissəsinin
yenidən tikintisinə də başlanmaq üzrədir.
Podratçı şirkət artıq müvafiq texnikanı və
işçi qüvvəsini əraziyə yerləşdirib,
bütün ölçmə işləri tamamlanıb.
Bölgəyə yeni körpü
Prezident
İlham Əliyevin Kür çayının Cavad kəndi ərazisindən
keçən hissəsində rayon mərkəzi ilə olan məsafəni
dəfələrlə qısaldacaq yeni körpünün
tikintisi barədə 25 may 2011-ci il tarixli Sərəncamı
sabirabadlıların illərdən bəri qəlblərində
bəslədikləri arzularının çin
olmasıdır. Bu körpü Cavad, Yolçubəyli,
Narlıq, Türkədi, Həsənlə, Əlicanlı və
Zəngənə kəndlərinin 16 min nəfərdən
çox əhalisi üçün və ümumilikdə
sabirabadlılar üçün həyat deməkdir. Eyni
zamanda, bu körpü digər rayonların da əhalisinin
gündəlik gediş-gəlişlərini xeyli
asanlaşdıracaq, bölgədə iş mühitinin əsaslı
dərəcədə yaxşılaşmasına imkan verəcək.
Artıq bu nəhəng körpünün tikintisinə ilkin
hazırlıq işləri başlanıb.
Əhalinin
təbii qaz və elektrik enejisi ilə təminatındakı
problemlər həllini tapır
Etiraf
olunmalıdır ki, görülən böyük işlərə
baxmayaraq, bu gün bir sıra rayonların ucqar kəndlərində
vətəndaşların enerji ilə fasiləsiz təmin
olunmasında müəyyən çatışmazlıqlar
var. Bu da bir sıra obyektiv və subyektiv səbəblərlə
bağlıdır. Elə Sabirabad rayonunda ünsiyyətdə
olduğumuz sakinləri də ən çox narahat edən məsələlərdən
biri təbii qaza olan tələbatın yetərincə ödənməməsi
idi. Amma deyə bilərik ki, artıq bununla bağlı
şikayətlərə də son veriləcək.
Çünki çox yaxın perspektivdə qaz problemi sabirabadlılar
üçün tarixdə qalacaq. Elə bu məqsədlə
rayonda geniş işlər həyata keçirilməkdədir.
Belə ki, rayonun bütün yaşayış məntəqələrinə
təbii qazın verilməsi işləri sürətləndirilib.
Şəhərdə 16 çoxmərtəbəli
yaşayış binasının qazlaşdırılması
tamamlanmaq üzrədir. Şəhərin qaz xətti olmayan 27
küçəsindən 15-nə təbii qaz verilməsi
üçün layihə-smeta sənədləri də
hazırlanıb. Kürkəndi kəndinin 420 sakininə təbii
qazın verilişi təmin edilib. Qalaqayın kəndinə
mavi qazın verilməsi istiqamətində işlər davam
etdirilir. Artıq 5 kənddə - Nərmankənd, Ulacalı, Şıxlar, Bulduq və
Mürsəllidə qazlaşdırma işləri
aparılır. Yaxın günlərdə isə daha 8 kənddə-Azadkənd,
Beşdəli, Yaxa Dəllək, Minbaşı, Qarağac,
Quruzma, Qaraqaşlı, Qəzlidə bu işə
başlanacaq.
Əhalini
dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə
də xüsusi tədbirlər planı hazırlanıb həyata
keçirilir. Cavad yarımstansiyası vasitəsilə elektrik
enerjisi ilə təmin olunan 14 kəndin elektrik təsərrüfatının
yenidən qurulması ilə bağlı layihələşmə
işləri artıq yekunlaşıb və yaxın günlərdə
işə başlanacaq.
Əhalinin içməli su ilə
təchizatı yaxşılaşdırılır
Əhalinin
təmiz içməli su ilə təminatı da xüsusi
diqqət mərkəzində olan məsələlərdəndir.
Bu günə qədər həyata keçirilmiş işləri
yetərli saymayan rayon rəhbərliyi bu istiqamətdə təxirəsalınmaz
tədbirlərə start verib. Prezidentin
tapşırığı ilə yaxın vaxtlarda Sabirabad
şəhərinin əhalisi üçün uzun illər
problemə çevrilmiş, həm də yoluxucu xəstəlik
mənbəyi olan “Axmaz” adlanan su hövzəsinin
qurudulmasına başlanacaq.
Nazirlər Kabinetinin qərarı ilə bu məqsəd
üçün bir milyon manat vəsait ayrılıb. Eyni
zamanda, Sabirabad şəhərinin su və kanalizasiya sistemi də
yenidən qurulacaqdır. Bu istiqamətdə də işlərə
start verilib. Su təmizləyici qurğuların və nasos
stansiyaların yerləri müəyyənləşdirilib,
şəhərin müxtəlif yerlərində 8 kanalizasiya
nasos stansiyasının tikintisi üçün torpaq sahəsi
də ayrılıb.
Təhsilin yüksək
uğurları
Azərbaycanda
təhsil sahəsinin inkişafı, bacarıqlı
kadrların yetişdirilməsinə diqqət daim Ulu öndər
Heydər Əliyevin həyata keçirdiyi siyasətin tərkib
hissəsi olub. Ümummilli liderimiz deyirdi ki, “Təhsil millətin
gələcəyidir”. Məhz Heydər Əliyevin bu sahədə
əsasını qoyduğu işlər, Onun təhsil
sisteminin inkişafı üçün həyata
keçirdiyi siyasət bu gün də Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Prezidentimizin
tapşırıq və göstərişlərinə
uyğun olaraq, təhsilin inkişaf proqramları
hazırlanır, Azərbaycanın təhsil sistemi qabaqcıl
Avropa standartlarına uyğunlaşdırılır, təhsil
müəssisələri müasirləşdirilir. Bu istiqamətdə
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisinin
üzvü Mehriban xanım Əliyevanın da fəaliyyəti
danılmazdır. Onun birbaşa təşəbbüsü və
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində
yüzlərlə orta məktəb tikilib, ölkəmizin bir
çox yerlərində təhsil müəssisələri
yenidən qurulub, əsaslı təmir olunub.
Bu işlər Sabirabad rayonunda da geniş vüsət
almaqdadır.
Belə ki, rayonun M.Ə.Sabir adına məktəb
həm görünüşünə, həm də istismar
müddətini başa vurduğuna görə artıq
sökülüb. Yerində Heydər Əliyev
Fondunun dəstəyi ilə üçmərtəbəli 1200
şagird yerlik ən müasir formada məktəb inşa ediləcək.
Yuxarı Axtaçı kəndində 250
şagird yerlik yeni məktəb binasının tikintisi sürətlə
aparılır. Bu təhsil
ocağının yeni dərs ilinədək istifadəyə
verilməsi nəzərdə tutulub. Muradbəyli
kənd tam orta məktəbinin əsaslı təmiri də
başa çatdırılmaq üzrədir. Zəngənə kənd tam orta və Surxayoba kənd
ümumi orta məktəblərində də əsaslı təmir
işləri yeni dərs ilinədək yekunlaşacaq. Şəhərin 4 saylı və Azadkənd uşaq
baxçaları binalarının əsaslı təmiri də
yaxın vaxtlarda başa çatdırılacaq. Və görülən bu işlər artıq
savadlı gənclərin yetişdirilməsində də
özünü göstərir. Əgər bu günə
qədər ali təhsil məktəblərinə
qəbul imtahanlarında iştirak edən rayon orta təhsil məktəblərinin
şagirdləri arasında ən yaxşı halda 500 baldan
artıq bal toplayanlara rast gəlmək çətin bir məsələyə
çevrilirdisə, artıq bu il 5 nəfər 600-dan artıq
bal yığıb. Bu da rayon təhsili
üçün rekord göstərici sayıla bilər.
Sahibkarlığın inkişafı
diqqət mərkəzindədir
Azərbaycanda sahibkarlığın inkişafı
Prezident İlham Əliyevin diqqət mərkəzində
saxladığı və xüsusi əhəmiyyət verdiyi
istiqamətlərdən biridir. Dövlət
başçısı dəfələrlə bəyan edib ki,
Azərbaycanın inkişaf etmiş ölkəyə
çevrilməsi üçün sahibkarlığın
inkişafı böyük önəm daşıyır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin
bu posta seçildiyi 2003-cü ildən bəri digər sahələr
kimi, sahibkarlıq da böyük inkişaf yolu keçib, bu
sahədə mövcud problemlərin həlli istiqamətində
işlər xüsusi diqqətdə saxlanılıb, qeydiyyat
probleminin həlli üçün “vahid pəncərə”
sistemi tətbiq olunub. Sabirabad rayonunda da bu
sahəyə xüsusi diqqət göstərilir. Rayonda sahibkarlar üçün məsləhət və
marketinq xidmətləri göstərilib, yerli xammallar və
ehtiyatlar nəzərə alınaraq investorların rayona cəlb
olunması üçün şərait yaradılmaqla
qeyri-dövlət sektorunun potensialından maksimum istifadə
olunub.
Fermerlər təbii fəlakətin fəsadlarını
tez aradan qaldırıb
Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatının
inkişafı üçün qəbul etdiyi qərarlar və
onların icrası bu sahədə əsaslı
dönüş kimi qiymətləndirilə bilər. Sabirabad
rayonunda kənd təsərrüfatının inkişafı
istiqamətində görülən işlər öz məntiqi
nəticəsini verməkdədir. Sirr deyil ki, cəmi bir
il öncə təbii fəlakət
Sabirabad rayonuna da çox ciddi ziyan vurmuşdu. Hətta bir
çoxları bu fəlakətin ağır nəticələrinin
aradan qaldırılması üçün bir neçə il vaxt tələb olunacağı yönündə
pessimist proqnozlar da səsləndirirdilər. Amma
dövlətin iradəsi və görülən təxirəsalınmaz
tədbirlər bu proqnozları alt-üst etdi. Selin ziyan
vurduğu ərazilər isə bu il öz
məhsuldarlığı ilə diqqət çəkdi. Rayonda 55470 hektarda əkin aparılıb ki, ondan da
17838 hektarını taxıl əkinləri təşkil edib.
Hər hektardan 30,3 sentner olmaqla cəmi 54,1
min ton taxıl məhsulu toplanıb. Bu da 2010-cu
illə müqayisədə 19 min ton çoxdur.
Ümumiyyətlə
isə Sabirabadda hazırda kənd təsərrüfatı
yönümlü 7 kooperativ, 116
kiçik müəssisə, 79 fermer təsərrüfatı,
ümumilikdə 260 təsərrüfat subyekti qeydə
alınıb. Dövlət
başçısının tapşırıqlarına
uyğun olaraq iri təsərrüfatların təşkili
istiqamətində tədbirlər görülüb.
Rayonun Çol Beşdəli və Axısxa kəndlərində
500 hektara yaxın pay torpağının könüllük əsasında
birləşdirilməklə kooperativlər təşkil
edilib.
Rayon rəhbərliyinin vətəndaşlarla
görüşləri ənənəvi hal alıb
Sabirabada bu səfərimiz Əhmədabad kəndindən
başlamışdı. Rayon İcra Hakimiyyətinin
başçısı və bütün idarə, müəssisə
rəhbərləri kənd sakinləri ilə
görüşürdü.
Rayon rəhbərliyi hər bir sakinin
şikayətinə, təklifinə xüsusi diqqətlə
yanaşır, onların həlli yolları barədə fikir
mübadiləsi aparılırdı. Görüşdə
məlumat verildi ki, belə tədbirlərin keçirilməsi
artıq rayonda ənənə halını alıb. Bundan əvvəl 32 kəndin sakinləri ilə
görüşlər də birbaşa ünsiyyət,
açıq diskussiya şəraitində keçib və demək
olar ki, özünü doğruldub. Bu arada
təşkil olunan çoxsaylı qəbullarda və səyyar
görüşlərdə isə rəhbərliklə sakinlər
arasında açıq söhbətlər qarşıda duran
konkret vəzifələrin müəyyən edilməsi
baxımından faydalı olub. Elə bu
görüşün də faydalı olacağına və
konkret nəticələr verəcəyinə kənd sakinlərinin
inamı olduqca böyük idi. Elə rayon İcra
Hakimiyyətinin başçısı Nazim İsmayılov da
sakinlərə müraciətində yaxın perspektivdə hər
şeyin indikindən daha yaxşı olacağını vəd
verdi: “Qarşımızda duran vəzifələrdən
ən əsası Sabirabadı ən yaxın dövrdə
Muğanın ən abad, ən təmiz mərkəzinə
çevirmək və sakinlərin rifah halını daha da
yaxşılaşdırmaqdır. Dövlətin və şəxsən
cənab Prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində buna nail
olacağımıza inancımız sonsuzdur”.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2011.- 10 avqust.- S.
6.