Respublikanın dördüncü iri sənaye
mərkəzi inkişafın yeni mərhələsində
2011-ci ilin birinci yarısında
ölkənin bütün regionlarında olduğu kimi, Mingəçevir
şəhərində də dövlət qayğısı nəticəsində
aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinin
dinamik inkişafı davam edib
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli strukturların rəhbərlərinə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqində dövlət başçısının dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar və rəqəmlər belə bir fikri bir daha təsdiq edir ki, Azərbaycan nəinki regionda, hətta bütün dünyada aparıcı ölkə, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hesabatlarına əsasən isə bir nömrəli islahatçı ölkə kimi tanınıb. Ötən yarım ildə Azərbaycanda qeyri-neft sektorunda artımın 7,2 faiz olması, kənd təsərrüfatının 6,2 faiz, əhalinin pul gəlirlərinin 17 faiz artması, büdcə xərclərinin 20 milyard dollara çatması da bu fikri qətiyyətlə sübut edir ki, Azərbaycan dövləti düzgün yoldadır və bütün maneələri dəf edərək davamlı inkişaf mərhələsinə qədəm qoyub. Dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın regionları yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu, özünü respublikanın 4-cü iri sənaye mərkəzi olan Mingəçevir şəhərində də qabarıq şəkildə büruzə verir.
Mingəçevirdə
abadlıq-quruculuq işləri davam etdirilir
2011-ci ilin birinci yarısında ölkənin bütün regionlarında olduğu kimi, Mingəçevir şəhərində də dövlət qayğısı nəticəsində aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinin dinamik inkişafı davam edib. Belə ki, bu dövrdə Mingəçevirdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 3,5 faiz artaraq 121 milyon manat, sənaye məhsulu istehsalı 33 faiz artaraq 76 milyon manat təşkil edib. İlin əvvəlindən əsas kapitala 134 milyon manat vəsait yönəldilib, tikinti-quraşdırma işlərinə 16,6 milyon manat vəsait xərclənib, nəqliyyat və rabitə sahəsində 1,8 milyon manatlıq xidmət göstərilib, istehlak bazarında 90 milyon manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib.
Şəhər üzrə məşğul əhalinin orta aylıq əməkhaqqısı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 218 manat olub. O cümlədən, sənaye müəssisələri üzrə orta aylıq əməkhaqqı 23 faiz artaraq 343 manat, elektroenergetika müəssisələri üzrə 17 faiz artaraq 472 manat təşkil edib. Təhsil sahəsində bu artım 8 faiz, səhiyyədə 12 faiz, tikintidə 16 faiz, nəqliyyatda 18 faiz olub.
İlin əvvəlindən görülən işlərin nəticəsində müxtəlif sahələrdə 426 iş yeri açılıb ki, onların da hamısı daimi iş yerləridir. Ümumilikdə isə, 2003-cü ildən sonra keçən dövr ərzində Mingəçevir şəhərində 8 min daimi iş yeri yaradılıb.
Qeyd edilən dövrdə aparılan abadlıq və quruculuq işləri bir çox istiqamətdə davam etdirilib. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən Sağ sahil yaşayış massivində yüksək səviyyəli istirahət parkı salınıb. Parkda Ümummilli lider Heydər Əliyevin zövqlə işlənmiş pannosu quraşdırılıb, fəvvarə inşa edilib, 3 min kv.m. sahədə torpaq işləri görülərək yaşıllıqlar və güllüklər salınıb. Əraziyə 50 ədəd park işıqlandırıcısı quraşdırılıb, 40 ədəd oturacaq qoyulub, uşaqlar üçün əyləncə qurğuları yerləşdirilib, 2 minə yaxın ağac və gül kolları əkilib. Parkın 15 İyun-Milli Qurtuluş Günündə açılışı olub və sakinlərin sərəncamına verilib.
30 ildən çox bir müddətdə baxımsız qalmış “Dostluq” parkı Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən əsaslı şəkildə yenidən qurulub. Parkın giriş qapısı inşa edilib, müasir fəvvarə və şəhid Müşviq Mirzəyevin adını daşıyan bulaq quraşdırılıb. Ərazidə 4 min kv.m. sahədə torpaq işləri görülüb, yaşıllıqlar salınıb, min kv.m. sahəyə tamet döşənib, 40 ədəd işıqlandırıcı, 70 ədəd oturacaq quraşdırılıb, 2 mindən çox ağac və gül kolları əkilib.
Bu ilin ilk aylarından başlayaraq “Az.İES” yaşayış massivində geniş miqyasda asfaltlanma işlərinə başlanıb və bu sahədə görüləsi işlər əsasən yekunlaşıb.
6 ayda 65 binanın şifer dam örtüyündə, 73 binanın yumşaq dam örtüyündə, ümumilikdə 15 min kv.m. sahədə cari və əsaslı təmir işləri aparılıb. Əsaslı təmir işlərində 3,5 min kv.m. “öndülün” örtük materialı, 5,5 min kv.m. dəmir örtük işlənib. Şəhərin hündür mərtəbəli binalarının fasadlarında təmir işləri ötən 6 ayda davam etdirilib. Ötən aylar ərzində 16 min kv.m. fasad hissəyə alkopon üzlük çəkilib, 25 min kv.m. sahə rənglənib. Hesabat dövründə şəhərin küçə və meydanlarına 230 ədəd səki işıqlandırıcısı və 67 ədəd yeni işıq dirəyi quraşdırılıb. Puşkin küçəsində Heydər Əliyev prospekti ilə Nəriman Nərimanov küçələri arasında küçə işıqlanma sistemi əsaslı yenidən qurulub.
2011-ci ilin əvvəlindən park, xiyaban və yol qıraqlarında 4 min kv.m. tamet döşənib, 5 min kv.m. yol səki daşları bərpa edilib, 10 min kv.m. əraziyə yaşıllıqlar salınıb, 20 min ədəd ağac və dekorativ gül kolları əkilib, 3 ədəd yeni fəvvarə inşa edilib. Ümumilikdə isə, son 3,5 ildə yeni tikilmiş fəvvarələrin sayı 12-yə çatdırılıb.
Əhalinin sosial müdafiəsi məsələsi
daim diqqət mərkəzindədir
Mingəçevir əhalisinin sosial müdafiəsi məsələləri də daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olub. Hesabat dövrünün sonuna əmək pensiyaçılarının sayı 16827 nəfər olub, onlara hesablanmış 10,5 milyon manat vəsait vaxtında ödənilib. Orta aylıq pensiya 112 manat təşkil edib. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 6 ayda 191 ailəyə sosial yardım təyinatı aparılıb, ümumilikdə isə, 2052 ailəyə ünvanlı sosial yardım ödənilib. 13 min şəhər sakini müavinət, kompensasiya və digər ödənişlərlə əhatə olunub, bu istiqamətlərə 4 milyona yaxın vəsait ödənilib.
Şəhər Məşğulluq Mərkəzinə 566 nəfər şəhər sakini iş üçün müraciət edib, onlardan 296 nəfəri peşəsinə və ixtisasına uyğun işlə təmin olunub, 73 nəfər münasib işlə təmin olunmadığı üçün onlara işsizlik statusu təyin edilib və müavinət verilib. İlin əvvəlindən 16 mənzilli bina tikilərək imtiyazlı şəxslərin istifadəsinə verilib və əlavə 54 mənzilli binanın tikintisinə başlanıb.
elektrik enerjisi, təbii qaz və su ilə təminat yüksək səviyyədədir
Hesabat dövründə şəhərin elektrik təsərrüfatında 24 ədəd yeni dayaq basdırılıb, 267 ədəd “Smart” tipli sayğaclar quraşdırılıb, 970 metr SİP markalı kabel çəkilib. Bu müddət ərzində 2 zədəli transformator dəyişdirilib, 15 transformator məntəqəsində təmir işləri aparılıb. Nəticədə şəhərdə istifadə olunan elektrik enerjisinin dəyəri 100 faiz ödənilib.
Şəhər Qaz İstismar Sahəsi tərəfindən ötən 6 ayda “Günəşli” yaşayış massivində 856 evə qaz sayğacları quraşdırılıb, “Mingəçevir” kəndi yaşayış massivində 4,5 km uzunluğunda, “Tərəvəzçilik sovxozu” yaşayış massivində 10,8 km uzunluğunda müxtəlif diametrli qaz kəmərlərində təmir-bərpa işləri aparılıb. Samux, Tağıyev, Topçubaşov, Ərəş, Puşkin, Əzizbəyov, Koroğlu küçələrində 118 ədəd məhəllədaxili qaz sayğacı quraşdırılıb. İstehlak olunmuş qazın dəyəri 99 faiz ödənilib.
2011-ci ilin 6 ayında Mingəçevir Su-kanal idarəsi tərəfindən sıradan çıxmış 382 metr su xətti dəyişdirilib, mindən çox qəza hadisəsi aradan qaldırılıb, 17 ədəd siyirtmə yenisi ilə əvəz olunub, sayğac quraşdırılmış abonentlərin sayı 2771-ə çatdırılıb. Hesabat dövründə kanalizasiya şəbəkəsində 1638 qəza hadisəsi aradan qaldırılıb.
Təhsil, səhiyyə və mədəniyyət
müəssisələrinin inkişafına lazımi diqqət
yetirilib
Hesabat dövründə şəhər həyatının bütün sahələri kimi təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə lazımi diqqət yetirilib. Xüsusilə qeyd etmək lazımdır ki, Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsi çərçivəsində şəhərdə 760 yerlik Təbiət, riyaziyyat, humanitar elmlər təmayüllü lisey əsaslı təmir olunub, 220 yerlik 5 saylı orta məktəb və 1200 yerlik Texniki Humanitar Lisey binası yenidən tikilib istifadəyə verilib.
Eyni zamanda, hesabat dövründə təhsil müəssisələrinə 91,8 min manatlıq inventar və avadanlıq alınıb, 100 min manata yaxın cari və əsaslı təmir işləri görülüb, körpələr evi-uşaq bağçaları 113,2 min manat dəyərində zəruri ərzaq məhsulları ilə təmin edilib.
2010-2011-ci tədris ilinin sonuna şəhərin 22 ümumtəhsil məktəbində şagirdlərin sayı 12247 nəfər olub, XI siniflərdə 964 şagird təhsil alıb, imtahanlara buraxılmış 957 nəfərdən 888 nəfəri imtahanları müvəffəqiyyətlə verib və attestat alıb. Respublika fənn olimpiadalarında 3 nəfər şagird 4-cü yeri tutub. 5 nəfər müəllim “İlin ən yaxşı müəllimi” respublika müsabiqəsində iştirak edib və onlardan Texniki Humanitar Liseyin riyaziyyat müəllimi Sevda İsmayılova müsabiqənin qalibi olub.
Şəhər məktəblərində “20 Yanvar faciəsi”, “26 fevral - Xocalı soyqırımı”, “31 mart - Azərbaycanlıların soyqırımı” günlərinə həsr olunmuş tədbirlər, o cümlədən, açıq dərslər keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı inşa və rəsm müsabiqələri şəhərin bütün təhsil müəssisələrinin iştirakıyla ənənəvi “Gül bayramı” təşkil edilib.
Hesabat ilində, həmçinin, səhiyyənin də inkişafına yönələn işlər görülüb, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, şəhər Mərkəzi Xəstəxanası üzrə 5 tibb müəssisəsində 75,3 min manatlıq cari və əsaslı təmir işləri görülüb, 54,5 min manatlıq ərzaq alınıb, dərman və sarğı materiallarına 47,4 min manat, inventar və avadanlığa 164 min manat vəsait xərclənib.
Hesabat dövründə şəhər Mədəniyət və Turizm Şöbəsi mədəniyyət müəssisələrində 20,8 min manat həcmində əsaslı və cari təmir işləri aparıb, inventar və avadanlıqların alınmasına 5,8 min manat vəsait xərclənib. Mədəniyyət müəssisələri tərəfindən tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirilib, müxtəlif sərgilər, Ulu öndərin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Kitab bayramı” təşkil edilib, habelə görkəmli şəxslərin yubileylərinin qeyd edilməsi, əhalinin, xüsusilə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Heydər Əliyev parkında rəngarəng konsert proqramları təşkil edilib. Eyni zamanda, M.Davudova adına Dövlət Dram Teatrının əsaslı yenidən qurulması davam etdirilir.
Onu da qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Kür Olimpiya İdman Kompleksində, Uşaq-Gənclər Şahmat Məktəbində əsaslı yenidənqurma işləri, həmçinin, Y.Məmmədzadə adına şəhər stadionunda əsaslı təmir işləri aparılıb və istifadəyə verilib.
Mingəçevir həm də
gözəl turizm məkanıdır
Ümumiyyətlə, bir sıra kompleks və abidələrlə zəngin (Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarına əsasən Mingəçevir şəhəri ərazisində ölkə əhəmiyyətli 5 abidə və yerli əhəmiyyətli 2 abidə qeydiyyata alınıb), həmçinin, gözəl turizm məkanlarından biri olan Mingəçevirdə “Turizm ili” çərçivəsində bir sıra mühüm addımlar atılıb ki, onlardan biri də Kür Olimpiya İdman Kompleksi ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin qayğısı və diqqəti sayəsində yenidən qurulan, müasir tələblərə cavab verən Kompleksin nəzdində yeni və eleqant “Kür” idman və mehmanxana kompleksi fəaliyyət göstərir. Kür çayının sahilində, gözəl təbiətin qoynunda, Mingəçevir şəhərinin mərkəzinə yaxın, gözəl və narın quma malik olan Mingəçevir dənizindən avtomobillə 5 dəqiqəlik məsafədə yerləşən “Kür” hoteli qonaqlarına müasir avadanlıqlar və əla qiymətlərə yüksək xidmət təklif edir. Özünə “Bizim evimiz” devizini seçən “Kür”ün bütün otaqları və apartamentləri ən son avadanlıqla təchiz edilib, həmçinin, beynəlxalq dörd ulduzlu hotel standartlarına cavab verir. Onu da deyək ki, 2011-ci ilin ölkəmizdə “Turizm ili” olmasını nəzərə alaraq, hotelin rəhbərliyi qiymətlərdə 20 faiz endirim edib.
Məhsuldar fəaliyyəti ilə
seçilən qurumlardan biri də şəhər bələdiyyəsidir
Mingəçevirdə öz məhsuldar fəaliyyəti ilə seçilən, həmçinin, şəhərdə aparılan quruculuq-abadlıq işlərində yaxından iştirak edən qurumlardan biri də şəhər bələdiyyəsidir. Mingəçevir bələdiyyəsi öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı verdiyi Fərman və sərəncamlar, Milli Məclisin yerli özünüidarəetmə ilə əlaqədar qəbul etdiyi qərarlar, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr, həmçinin, bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarlar əsasında qurub. Hesabat dövründə bələdiyyəyə 490 məktub, ərizə və şikayət daxil olub ki, bunların 132 ədədi fərdi mənzil tikintisi üçün torpaq sahəsi olmaqla, 107 ədədi sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi icarəyə götürmək, 21 ədədi maddi yardım, 18 ədədi tikinti və təmir işləri, 212 ədədi müxtəlif şikayət və məlumatlarla bağlı müraciətlər olub. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, daxil olan məktub, ərizə və şikayətlərə vaxtında baxılıb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.
Şəhər bələdiyyəsi məhəllə komitələrinin müraciətləri əsasında sosial obyektlərin təmiri üçün yardımlar edib. Bundan başqa, Qarabağ müharibəsi əlili və sosial şəraiti zəif olan bir qrup insanlara müxtəlif məbləğlərdə birbaşa yardımlar verilib. Eyni zamanda, bələdiyyənin “Peşəyönümlü Maraq Kursları”nda 128 nəfər kompyüter və ingilis dili kurslarını bitirib. Bu dövr ərzində bələdiyyə üzvləri müxtəlif yerli və respublika əhəmiyyətli tədbirlərdə yaxından iştirak edib, məhəllələrdə əhali ilə görüşlər keçirib, bir sıra tədbirlərin təşkilatçısı olublar.
YAP Mingəçevirdə də
öz fəallığı ilə seçilir
Hazırda Mingəçevir şəhərində 23 siyasi partiya, 45 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir ki, onların arasında Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı xüsusilə seçilir. Ötən il YAP Mingəçevir şəhər təşkilatının həyatında daha yaddaqalan olub. Belə ki, dövlət başcısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev 14 oktyabr 2010-cu il tarixində Mingəçevir şəhərinə səfər edən zaman inşasına 2009-cu ilin aprelindən başlanan, ümumi sahəsi 384 kv.metr olan, işləmək üçün bütün müasir texniki avadanlıqla təmin olunan, ikimərtəbəli YAP Mingəçevir şəhər təşkilatının yeni qərargahının açılışında iştirak edib. Dövlət başçısı şəhər təşkilatının yeni qərargahındakı iş şəraiti ilə yaxından tanış olduqdan sonra bu cür iş şəraitindən razı qaldığını bildirməklə, şəhər təşkilatının gələcək fəaliyyəti ilə əlaqədar öz tövsiyə və tapşırıqlarını verib.
Onu da qeyd edək ki, 1993-cü il fevralın 13-də yaradılan şəhər təşkilatı hazırda özündə 51 ərazi ilk təşkilatını və 5706 üzvü birləşdirir. Üzvlərdən 3236-sı qadın, 2128-i isə gənclərdir. Şəhər təşkilatının sədri Cavanşir Yusubovun sözlərinə görə, partiya üzvləri cəmiyyətdə baş verən proseslərin önündə gedir, şəhərin ictimai-siyasi, mədəni, iqtisadi həyatında öz fəallıqları ilə daima seçilirlər: “Şəhər təşkilatı bütün siyasi proseslərdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Onu da deyim ki, indiyə qədər keçirilən bütün seçkilərdə Ümummilli liderimiz Heydər Əliyev siyasətinə, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına sədaqət nümayiş etdirən Mingəçevir seçiciləri bunu 2008-ci il prezident seçkilərində və 2010-cu ildə keçirilən parlament seçkilərində bir daha təsdiqləyiblər”.
Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərə hazırlıq ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Mingəçevir şəhər şöbəsi yaradılıb. Partiyanın İcra Aparatının və YAP-nın Mərkəzi Seçki Qərargahının tövsiyələrinə uyğun olaraq seçki dövründə fəal gənc partiya üzvlərindən ibarət məntəqələr üzrə qruplar, həmçinin, seçkiyə hazırlıq dövründə isə təbliğat-təşviqat qrupu yaradılıb. Bu qrup Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən olunmuş yerlərdə seçicilərlə görüşlər keçirib. Xalqımızın YAP-ın siyasətini birmənalı olaraq dəstəkləməsinin, həmçinin, aparılan işlərin uğurlu nəticəsidir ki, partiyanın namizədləri Aydın Mirzəzadə 51,87 faiz səs toplayaraq 47 saylı Mingəçevir seçki dairəsindən, Əli Hüseynov isə 70,21 faiz səs toplayaraq 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən millət vəkili seçiliblər.
C.Yusubov onu da deyib ki, YAP Mingəçevir şəhər təşkilatı 2010-cu il ərzində öz fəaliyyətini əsasən İdarə Heyətinin təsdiq etdiyi fəaliyyət proqramına, partiya rəhbərliyinin, həmçinin, İcra Aparatının tövsiyə və tapşırığına əsasən qurub: “Ərazi ilk partiya təşkilatlarının şəhərin bitərəf sakinləri arasında apardığı təbliğat işləri nəticəsində ötən il ərzində 367 nəfər partiya üzvlüyünə qəbul üçün ərizə ilə müraciət edib. Bunlardan 354 nəfəri partiya üzvlüyünə qəbul edilib. Partiya üzvlüyünə qəbul edilənlərdən 192 nəfəri qadın, 246 nəfəri gəncdir. 223 nəfəri ali, 65 nəfəri natamam ali, 52 nəfəri orta-texniki, 18 nəfəri isə orta təhsillidir. Əsas diqqət yetirilən işlərdən biri də partiya üzvlərinin şəhər sakinləri arasında apardıqları təbliğat və ideya siyasi işlərin daima təkmilləşdirilməsi olub”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2011.- 11 avqust.- S. 5.