Qəbələdə
dünya klassik musiqisinin şah əsərləri Azərbaycanın
milli folkloru ilə uyğunlaşdırılır
Heydər Əliyev Fondunun dəstəyilə
təşkil olunan Qəbələ Beynəlxalq Musiqi
Festivalları bir daha mədəniyyətlərin
inteqrasiyasını və dostlaşmasını təmin edir
Avqustun 9-da Rusiya Dövlət Musiqi Teleradio Mərkəzinin saytında (httr://www.muzcentrum.ru/news/2011/08/item5233.html) Viktor Aleksandrovun Qəbələ Beynəlxalq Musiqi Festivalına həsr olunmuş “Dağların qoynunda çağlayan musiqi” sərlövhəli geniş icmal məqaləsi yer alıb. AzərTAc həmin məqalənin tam mətnini təqdim edir.
Qafqazın bu dilbər guşəsinin Azərbaycanın İsveçrəsi adlandırılması bu gün heç kəsdə şübhə doğurmur. Əzəmətli dağların, sıx meşələrin, dağ çaylarının və ayna gözlü göllərin əhatəsində yerləşməsi Qəbələnin Cənubi Qafqazın mühüm mədəniyyət və turizm obyektlərinə aid olduğunu daha qabarıq nəzərə çarpdırır. Artıq üçüncü ildir burada beynəlxalq klassik musiqi festivalı keçirilir.
Foruma Heydər Əliyev Fondu qayğı və diqqət göstərir. Hər il musiqi bayramının açılışında dövlətin birinci şəxsləri iştirak edirlər: Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokova.
Azərbaycan Prezidentinin xanımının festival iştirakçılarına müraciətində deyilir: “Azərbaycan həmişə öz musiqi ənənələri ilə fərqlənmişdir. Heydər Əliyev Fondu da öz növbəsində ölkəmizin musiqi irsinin qorunub saxlanmasına və təbliğinə dair bir sıra iri layihələr həyata keçirir. Bu layihələr sırasında Beynəlxalq muğam festivalını, Mstislav Rostropoviç adına musiqi festivalını, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç kimi dahi bəstəkar və ifaçıların yubileylərinə həsr olunmuş festivalları qeyd etmək istəyirəm. Qəbələ beynəlxalq musiqi festivalı Heydər Əliyev Fondunun Azərbaycan və dünya musiqisi incilərinin, mədəni dəyərlərin hifz olunması istiqamətində növbəti addımı olmuşdur”.
YUNESKO-nun baş direktoru İrina Bokovanın festival iştirakçılarına müraciətində deyilir: “Musiqinin Azərbaycan eyniyyətində dərin kökləri vardır, hər birimizdə estetik hisslər doğurur, mənşəyindən və inancından asılı olmayaraq bütün insanları yaxınlaşdırmaq üçün ən yaxşı vasitədir”.
Qəbələ festivalının musiqi rəhbərlərindən biri tanınmış violonçelçalan və dirijor Dmitri Yablonskidir.
Dmitri Yablonski: “İnsanların öz ailələri ilə birlikdə hər il klassik musiqi konsertlərində iştirak etdikləri bir çox festivalların tarixi son dərəcə maraqlıdır. Məsələn, sovet dövrünü yada salaq. SSRİ Dövlət Simfonik Orkestrinin Yurmalada qastrolları. Artistlər və qonaqlar bir neçə həftə orada yaşayır, hava, dəniz və yaradıcılıqdan zövq alırdılar. İstərdim ki, Qəbələdə də buna bənzər nə isə olsun. Ötən qonaqlarımızdan biri olan London Kral Filarmonik Orkestri hər iki ildən bir mütləq bura qayıdacaqdır. Büdcə imkan versə, ola bilsin, iki-üç orkestr burada konsertlər verə biləcəkdir.
Proqramların tərtib edilməsi həmişə müəyyən problemlər yaradır. Hansısa artisti dəvət edəndə onun repertuar seçimi baxımından həmişə öz ideya və mülahizələri olur. Şəxsən mən çətin saydığım proqramları ifa etməyə çalışıram. Lakin burada, Qəbələdə dünya klassik musiqisinin şah əsərlərini Azərbaycan milli folkloru ilə uyğunlaşdırmaq çox vacibdir. İfa olunan musiqi əhalinin müxtəlif təbəqələrinə, o cümlədən bəlkə də ilk dəfə konsertə gələn gənclərə və uşaqlara aydın olmalıdır. Tezliklə 2 min yerlik yeni konsert salonumuz olacaqdır. Bundan əlavə, mədəniyyət mərkəzi tikilir. Orada 400 tamaşaçı tutan kamera salonu olacaqdır. İncəsənət Akademiyası tikmək ideyası vardır. Bir çox uşaq özünü musiqiyə həsr edə bilər, gələcəkdə musiqi təhsili ala bilər. Bu gün gənclərə musiqi dinləmək çox vacibdir. Təhsil və mədəniyyət layihələri bütünlüklə Heydər Əliyev Fondu tərəfindən dəstəklənir. Bu da heç şübhəsiz məni sevindirir”.
Festivalın möhtəşəm konsert proqramlarından əvvəl keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsində ABŞ, Koreya Respublikası, Rusiya, Çin, Türkiyə, Gürcüstan, Yaponiya, Meksika, Ukrayna və Azərbaycandan 35 yaşınadək istedadlı ifaçılar iştirak etmişlər. Finalçılar sırasında Andrey Yaroşinskinin (Rusiya), Nərgiz Kəngərlinin (Azərbaycan), Mitsuxo Nakadanı (Yaponiya), Ketavan Cakarataşvilinin, Aleksandr Vaşadzenin, Anna Kipianinin (Gürcüstan), Aleksandr Samoylovun (Ukrayna) adlarını çəkmək olar.
Festivalın bədii rəhbəri, Xalq Artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli müsabiqənin nəticələrindən və festivalın xoş ab-havasından razıdır.
Fərhad Bədəlbəyli: “Ölkənin iqtisadi inkişafı belə mədəni aksiyaların təşkil edilməsinə güclü təsir göstərir. Axı, superulduzları dəvət etmək bir o qədər də asan məsələ deyil. Festivalın afişasını həmişə Yuri Başmet, Boris Berezovski, Denis Matsuyev, Şlomo Mints, Sergey Leyferkus kimi adların bəzəməsini istəyirsən. S.Leyferkusla birgə konsertim oldu, biz bu konserti Sergey Raxmaninovun vokal lirikasına həsr etdik. S.Leyferkus çox incə duyumlu artistdir, hər bir romansda bir ömür yaşayır.
Yeri gəlmişkən, Azərbaycan bəstəkarlarının əsərlərindən danışmaya bilmərəm. Rauf Abdullayev Orta Asiya mənzərələrindən, obrazlarından doğan “Karvan” simfonik lövhəsinə dirijorluq etmişdir. Şlomo Mintsin ifasında Azər Rzayevin skripka üçün Birinci konserti parlaq milli kolorit və lirizmlə fərqlənirdi. Bu konsert ötən il ilk dəfə Böyük Britaniyada, Londonda Azərbaycan musiqi mədəniyyəti festivalında səslənmişdi. Budur, Şlomo Azərbaycana gəlmişdir. Amma təəsüf ki, Azər Rzayevin özü Qəbələyə gələ bilmədi. Onun 81 yaşı var. Ümidvaram ki, birbaşa yayımlanan bu konsertə televiziya ilə baxmışdır.
Ümumiyyətlə, yeni və konsert
estradasında tez-tez ifa olunmayan əsərlərin səslənməsi
Azərbaycan bəstəkarları üçün
böyük stimuldur. Gələn il
yenə də London Kral Filarmonik Orkestrini qəbul edəcəyik. Bir neçə bəstəkarlıq
məktəbinə (Rusiya,
Fransa, Almaniya, Amerika və Azərbaycan) həsr olunacaq beş
gecə keçiriləcəkdir.
Konsertlərdən birini böyük
bəstəkar və dirijor Niyazinin anadan olmasının 100 illiyinə həsr edəcəyik. Festivala çoxlu
sayda musiqiçi dəvət edə bilsək, bu, böyük həmvətənimiz,
maestro Niyazinin xatirəsinə
ehtiram əlaməti olacaqdır. “Novaya Rossiya” orkestrinin virtuoz ifasını qeyd etməyə bilmərəm. Tamaşaçıları yormamaq üçün konsertlərdə həmişə
janr müxtəlifliyi
olmalıdır. Festivalımız demokratikdir, kommersiya xarakteri daşımır.
Arzu edən hər kəs istənilən konsertə gələ bilər. Azərbaycanın hakimiyyət orqanlarının
ciddi akademik musiqiyə diqqəti məni çox sevindirir. İnanın mənə, Rusiyanın
da, Azərbaycanın da, Gürcüstanın da əsl sərvəti
raket və tanklar deyil, möhtəşəm milli
mədəniyyətdir. Belə mədəniyyət insanları
valeh etməyə bilməz, onları biganə qoya bilməz. Festivalların peşəkar forması
və yüksək emosionallığı ilə
fərqlənməsi sevindirici
haldır”.
Azərbaycan və Rusiya simfonik orkestrlərinin, gənc muğam ifaçılarının çıxışları,
Şəkidə və
Ağdaşda səyyar
konsertlər tamaşaçılarda
böyük maraq doğurub. Musiqiçilərin və festivalın
qonaqlarının Şəkidəki
Xan sarayında, karvansarada, Kiş kəndindəki qədim alban kilsəsində olmaları onların Azərbaycanın tarixi keçmişinin ənənələrinə
daha yaxından bələd olmalarına imkan verib.
Budəfəki musiqi marafonunun iştirakçıları arasında
dünya vokal sənətinin ulduzları
- Anna Samuil (soprano), Massimiliano
Pisapia (tenor, İtaliya),
Norveç təmsilçiləri
- Oydun İversen (bariton) və Liina Yonson (soprano), eləcə də həmvətənimiz, Londonun
“Kovent Qarden” Kral opera teatrının solisti, Rusiyanın Xalq Artisti, SSRİ Dövlət Mükafatı
laureatı Sergey Leyferkus
vardı.
Sergey Leyferkus: “Sözün düzü, Qəbələ kimi ecazkar təbiəti olan dağ rayonunda irimiqyaslı festivalın keçirilə biləcəyini təsəvvürümə gətirmirdim. Respublika hökumətindən tutmuş təşkilatçılaradək, yəni konsert proqramlarının tərtib olunmasında bilavasitə iştirak edən şəxslərədək ən müxtəlif insanların arzularının üst-üstə düşməsi gözəl haldır. Bu qollar axaraq ana çayda birləşmişdir, ona görə də bütün arzuları gerçəkləşdirmək mümkün olmuşdur. Xanımımla birlikdə Bakıda tez-tez oluruq, şəhərin görməli yerlərini gəzirik və həmişə azərbaycanlıların qonaqpərvərliyini hiss edirik. Lakin burada gördüklərimiz ən cəsarətli ümidlərimizi də üstələdi. Qəbələ festivalının uzunömürlü olacağına şübhə ola bilməz. Pianoçu Fərhad Bədəlbəyli ilə bu yaxınlarda tanış olmuşam. Ötən il vokalçıların Bülbül adına nüfuzlu müsabiqəsinin münsiflər heyətində birlikdə təmsil olunmuşduq. Onda Fərhad mənə bu cənnət guşəsindən söz açdı. Qəbələ festivalında iştirak etməyim məsələsini birlikdə müzakirə etdik. Fərhad mənə Raxmaninovun əsərlərindən ibarət kamera proqramı hazırlamağı təklif etdi. Ansamblda yeni tərəfdaşlarla işləmək həmişə xoşdur. Fərhadla yaradıcılıq birliyim ürəyimə yatır. Ümumiyyətlə, Azərbaycan böyük vokal və musiqi potensialı olan unikal ölkədir. Odur ki, festival haqqında tam təsəvvürə malik olmaq üçün mütləq burada olmaq, hər şeyi öz gözlərinlə görmək, köksündə təbiətin ruhunu hissi etmək və böyük musiqi dünyasına baş vurmaq lazımdır”.
Azərbaycan Dövlət Simfonik Orkestri ilə yanaşı, festivalın əsas iştirakçısı “Novaya Rossiya” simfonik orkestri (bədii rəhbəri və baş dirijoru Yuri Başmetdir) olub. Dünya şöhrətli altçalan və dirijor ikinci dəfədir, Qəbələdə konsertlər verir.
Yuri Başmet: “Aydın məsələdir ki, festival inkişaf edir və geniş vüsət alır. Əminəm ki, tezliklə o, Elba adasındakı festival kimi, Verbye festivalı kimi hamı tərəfindən tanınan beynəlxalq yay layihələri ilə bir sırada duracaqdır. Axı, Qəbələdə hər şey festival ideyasının fəal təcəssümünə rəvac verir: fantastik təbiət - mənzərəli dağlar, gözəl iqlim, Qəbələ rayonunun infrastrukturunun sürətli inkişafı, nəhayət, çoxlu sayda insanı - həm tamaşaçıları, həm də festival iştirakçılarını eyni vaxtda qəbul edə bilən əla mehmanxana kompleksi. Baxın, hər bir konsertdə nə qədər artist, tamaşaçı və mətbuat nümayəndələri (o cümlədən beynəlxalq) vardır! Bu, yalnız musiqi bayramına həqiqi maraqdan irəli gəlir”.
Moskva orkestrinin dirijor pultu arxasında Yuri Başmetdən başqa, Klaudio Vandelli (İtaliya), Rauf Abdullayev, Dmitri Yablonski və Terye Mikkelsen (Norveç) durublar. Azərbaycan torpağında çıxış etmək Terye Mikkelsenin çox xoşuna gəlib.
Terye Mikkelsen: “Dünyada festivalların sayı çoxdur. Bəzilərinin 50 və daha
çox yaşı vardır. Belə layihələr bir
gün ərzində görülmür. Birdən-birə çempion olmaq mümkün deyildir.
Bunun üçün vaxt lazımdır. Festivalın konsert
proqramlarında Azərbaycan
və Skandinaviya mədəniyyətləri arasında
çoxlu paralel gördüm. Axı,
insanlar dörd min il əvvəl
Skandinaviyaya Azərbaycandan
səyahət etmişlər.
4 min il insan
münasibətlərində uzun dövr olsa da, tarix
üçün qısa
müddətdir. Bakıya
gələndə görünməmiş
temperatur dəyişikliyi
hiss etdim, amma hər halda buradakı iqlimə uyğunlaşa bildim. Qəbələdə yeni yaradıcılıq
yüksəlişi və
enerjimin artdığını
duydum. Özümü
evdəki kimi hiss edirəm. Sensasiya! Burada açıq havada konsert vermək mümkündür. Norveçdə open-air konsertlər üçün
imkanımız yoxdur”.
Konsertin afişasında yerli və xarici ifaçılıq məktəblərinin
görkəmli nümayəndələrinin
- skripkaçılar Şlomo
Mints, Sergey Krılov və
Alyona Bayevanın, “Terem-kvartet” ansamblının,
habelə pianoçular
Denis Matsuyevin və
Boris Berezovskinin adları
yer alıb.
Ferens Listin anadan olmasının
200 illiyinə həsr
olunmuş qala-konsertdə
Boris Berezovski Dmitri Yablonskinin
dirijorluq etdiyi “Novaya Rossiya” Dövlət Simfonik Orkestrinin müşayiəti ilə
macar bəstəkarının
fortepiano üçün iki
konsertini ifa edib.
Boris Berezovski: “List yaradıcılığı
və həyatı qırılmaz tellərlə
bağlı olan çox az bəstəkarlardan
biridir. Fenomenal təxəyyülə malik Şumandan və misilsiz gözəlliyi ilə seçilən Şopendən
fərqli olaraq, onun bir insan
və sənətkar həyatı romantik musiqidə əksini tapmışdır. Listin həyatı
həqiqətən bir
çox hadisələrlə
zəngin olmuşdur.
Onun musiqisi romantik fantaziya kimi zərif olmasa da, hər halda
onu çox sevirəm. Bu il mən Ferens
Listin əsərlərini
bir çox ölkələrdə ifa
edirəm”.
Ümid edək ki, Qəbələdə
növbəti IV Beynəlxalq
Musiqi Festivalı klassik musiqinin daha çox dostu və xiridarını
bir araya gətirəcək, Azərbaycanın
dünya ölkələri
ilə tərəfdaşlıq
əlaqələrinin və
əməkdaşlığının inkişafına yeni təkan verəcək.
Yeni Azərbaycan.-
2011.- 12 avqust.- S. 3.