Ölkəmizdə alternativ enerji mənbələrindən istifadə üçün hər cür imkanlar var

 

Prezident İlham Əliyev: Ancaq bu sahə - bərpa olunan enerji mənbələri həm ekologiyadır, həm iqtisadiyyatdır, həm müasirlikdir, həm texnoloji tərəqqidir, həm də inkişafdır

Məlumatlara görə, Avropa İttifaqında istehlak edilən elektrik enerjisinin yarısı 2050-ci ilədək küləyin köməyi ilə istehsal olunacaq. O da qeyd olunur ki, hazırda Avropa İttifaqı ərazisində istehsal edilən bütün elektrik enerjisinin 5,3 faizi külək parklarının payına düşür. 2020-ci ildə bu göstəricinin üç dəfəyədək artaraq 18,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Avropa Komissiyasının rəsmi sənədlərində deyilir ki, 2020-ci ildə küləyin köməyi ilə elektrik enerjisinin ümumi həcminin 14,2 faizi qədər enerji istehsal edilməlidir. Külək parkları 2030-cu ildə elektrik enerjisinin ümumi həcminin 28,5 faizini, 2050-ci ildə isə 50 faizini istehsal edəcək.

Alternativ enerji mənbələrindən olan külək enerjisi daha çox Almaniyada və İspaniyada inkişaf edib. Avropa İttifaqında istehsal olunan külək enerjisinin yarısı bu ölkələrin payına düşür. Böyük Britaniya, Fransa ve İtaliya külək enerjisinə keçməkdə gecikirlər.

Azərbaycanda da alternativ enerjinin bütün növlərindən istifadə etmək imkanları var və Prezident İlham Əliyev bu imkanlardan maksimum yararlanmaq haqqında göstəriş verib.

 

Dövlətin tələbi

 

Artıq ölkəmizdə bərpa olunan enerji mənbələrinin yaradılması sahəsində ilk addımlar atılıb. Belə ki, dağ çaylarında kiçik su elektrik stansiyaları quraşdırılır. Bütün su mənbələrimizin xəritəsi təsdiq olunub. 2010-cu ildə bir neçə stansiyasının təməlinin qoyulmasında şəxsən iştirak edən Prezident İlham Əliyev bərpa olunan digər enerji mənbələrindən istifadə üçün daha ciddi tədbirlərin görülməsi ilə bağlı müvafiq strukturların qarşısında vəzifə qoyub: “2011-ci ildə Azərbaycanda günəş batareyalarının quraşdırılması işinə mütləq başlanmalıdır. Mən bilirəm ki, Azərbaycanda günəş batareyaları istehsal edən müəssisələr də tikiləcək, özəl sektor da buna maraq göstərir. O müəssisələr tikilənə qədər biz xaricdən günəş batareyaları almalıyıq. Mən bir il bundan əvvəl göstəriş vermişdim ki, yerlər müəyyən edilməlidir. O torpaqlar ki, kənd təsərrüfatı üçün yararsızdır, orada biz bu qurğuları qurmalıyıq. O torpaqlar ki, elektrik xətlərinə yaxındır, çox da xərc tələb etməyəcəkdir. Ancaq əfsuslar olsun ki, 2010-cu ildə bu sahədə biz nəticəni görməmişik. Bu, dözülməz haldır”.

Prezident eyni zamanda bəyan edib ki: “Bizim neft, qaz ehtiyatlarımız var və ən azı 100 ilə bəs edəcəkdir. İndi elektrik enerjisinin istehsalında da yeni güclər yaradılıb, elektrik enerjisini ixrac da edirik. Yəni biz öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Ancaq bu sahə - bərpa olunan enerji mənbələri həm ekologiyadır, həm iqtisadiyyatdır, həm müasirlikdir, həm texnoloji tərəqqidir, həm də inkişafdır. Ona görə biz sürətlə bu işlərə başlamalıyıq”.

 

Azərbaycanın imkanları

 

Hesablamalara görə, ölkəmizdə alternativ enerji mənbələrindən, əsasən də kiçik su elektrik stansiyalarının imkanlarından istifadə edilsə, bir il ərzində 850 min ton mazuta qənaət olunar.

Külək mühərriklərinin işləməsi üçün küləyin sürətinin ən azı saniyədə 3 metr olması lazımdır. Azərbaycanın isə illik külək enerjisi ehtiyatı 800 meqavatdır. Xüsusən, Bakıətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Abşeron regionunda küləyin sənaye məqsədləri üçün istifadəsinə təbii şərait tam imkan verir. Ümumiyyətlə, Abşeronda həm külək, həm də Günəş enerjisinin istehsalı üçün geniş imkanlar var. Ölkəmizdə artıq 3 külək mühərriki quraşdırılıb. Artıq ilk Günəş enerjisi çeviricilərinin tikintisinə başlanılıb. Qeyd edək ki, külək enerjisinə nisbətən Günəş enerjisi daha böyük sərmayə tələb edir. Lakin bu amil ölkəmizdə alternativ enerjinin bu növündən istifadədə heç bir problem yaratmır. Əksinə, Günəş panellərinin istifadəsi üçün zavod da tikilir. Burada Almaniya keyfiyyət lisenziyası əsasında məhsul istehsal ediləcək. Həmin məhsulun yalnız Azərbaycan deyil, Avropa bazarlarına da çıxarılması nəzərdə tutulub. Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Qobustan rayonunda eksperimental poliqon və tədris mərkəzi yaradır. 30 hektar ərazidə salınan poliqonda 2,7 meqavat gücündə külək elektrik stansiyası, 1,6 meqavat gücündə bioqaz stansiyası, 0,75 meqavat gücündə geotermik-istilik stansiyası qurulacaq və xüsusi anqarlar tikiləcək. İşlərin avqust-sentyabr aylarında başa çatdırılması nəzərdə tutulub.

Qobustan eksperimental poliqonu və tədris mərkəzinin istifadəyə verilməsi nəinki rayonun ekoloji cəhətdən təmiz və dayanıqlı enerji ilə təmin olunmasına imkan yaradacaq, həmçinin, bölgənin sənaye potensialının yüksəlməsinə, sosial-iqtisadi inkişafına təsir göstərəcək.

 

 

RUHİYYƏ

 

Yeni Azərbaycan.- 2011.- 12 avqust.- S. 5.